Aristokrat akademikin
acı aqibəti - Birinci Türkoloji Qurultay nümayəndələrinin
izi ilə
Qarşımda bir foto-şəkil var. Düz yüz il
əvvəl, 1925-ci ildə, o zaman yenicə Leninqrad kimi
tanınmağa başlayan keçmiş Sankt-Peterburqda çəkilib.
Üç görkəmli ziyalı, üç
tanınmış elm və mədəniyyət xadimi
xanımları ilə birlikdə poz verirlər. Heç birinin üzündə
qorxu, təlaş, həyəcan nişanəsi yoxdur. Çətinliklər
hələ çox olsa da, bolşevik rejiminin bəlkə də ən idillik
çağıdır. Vətəndaş müharibəsi, hərbi
kommunizm, ərzaq sapalağı arxada qalıb.
"Böyük terrora" isə hələ azı on il var.
Ölkə yeni iqtisadi siyasət dövrünə qədəm
qoyub. Sovet İttifaqının qürub çağında
meydana çıxan "Beryozkaların" sələfi
Torqsin bütün böyük
şəhərlərdə fəaliyyət göstərir.
Bahalı restoranlar qapılarını yenidən imkanlı
müştərilərin üzünə açıb. Hətta
mənfur kapitalist ölkələrinə getmək də nisbətən
asanlaşıb. Bir sözlə, pulun var, yaşa...
Şəkildə təsvir olunanlar da qətiyyən
proletar deyillər. Zəngin sayılmasalar da, normal
yaşayışlarını təmin etmək imkanları
var. Elmi-mədəni, hətta müəyyən mənada siyasi
mühitin tanınan və hələlik hörmətlə
yanaşılan nümayəndələridir.
Ən solda oturan Ukrayna əsilli rus türkoloqu,
Leninqrad Şərqşünaslıq İnstitutunun rektoru,
professor, SSRİ EA-nın müxbir üzvü (1929-cu ildə
həqiqi üzv seçiləcəkdi), Ukrayna
getmanlarının nəslindən olan Aleksandr Nikolayeviç
Samoyloviçlə (1880-1938) xanımı Raisa Qriqopyevna
Samoyloviçdir. Yəqin ki, ağsaqqal kimi iki nisbətən
cavan dostunun arasında qərar tutan
köklü-köməcli Qarabağ əsilzadəsi,
yazıçı-dramaturq Əbdürrəhim bəy
Haqverdiyevlə (1870-1933) xanımı, polyak əsilli
pianoçu Yevgeniya Osipovna Haçverdiyevadır. Sağda Bəkir
Vahaboviç Çobanzadə (1893-1938) və xanımı
Dilarə Əli qızı Bulqakova əyləşiblər.
Soyadından da
göründüyü kimi, Bəkir Çobanzadəni
aristokratlar sırasına daxil etmək çətindir. O, həqiqətən
də çoban ailəsində doğulmuşdu. Ağlı,
istedadı, zəhməti sayəsində elmi iyerarxiyanın
zirvəsinə yüksələ bilmişdi. Amma Dilarə
Bulqakovanın atası Əli İsmayıl Bulqakov (1849-1910)
Krımın bir neçə əsrlik tarixə malik zadəgan
(murza) ailəsindən çıxmışdı,
maarifçi və xeyriyyəçi kimi tanınırdı.
Yaltadakı evi indi də memarlıq abidəsi kimi qorunub
saxlanır. A.P.Çexovla məktublaşmış,
İsmayıl Qaspıralının yaxın
silahdaşı olmuşdu.
Şəkillər müxtəlif olur. Bəzən
biri-birini tanımayan, amma yan-yana dayanıb söhbətləşən
adamların gözlənilməz rakursdan çəkilmiş
foto-şəkillərinə də təsadüf edilir. Mobil
qurğular sayəsində bizim günlərdə hamı
fotoqrafdır, hamı çəkir. Ötən əsrin
60-70-ci illərinə qədər foto, xüsusən də
kollektiv foto isə ayrıca ritual idi. Adamlar bu məqsədlə
xüsusi hazırlaşıb foto-studiyalara gedirdilər. Ona
görə də 100 il əvvəlki dövrün fotoları
bir qayda olaraq rəsmi-təntənəli xarakter
daşıyır, birlikdə şəkil çəkdirən
adamların arasındakı bağlılığın dəlil-sübutu,
hətta gələcəyə mesaj kimi ortaya
çıxırdı. Çünki adətən biri-birini
yaxşı tanıyan, səmimi münasibəti olan şəxslər
həyatlarının bir anını bir yerdə əbədiləşdirməyə
qərar verirdilər.
Rusiya paytaxtında keçirdiyi yeddi illik tələbəlik
həyatından sonra özünü tam əsasla köhnə
peterburqlu saya bilən Əbdürrəhim bəylə Aleksandr
Samoyloviç ilk dəfə Bakıda tanış
olmuşdular. Rusiyalı alimin ATTC-nə qısa sədrliyi
dövründə Əbdürrəhim bəy onun müavin
idi. O qədər də uzun sürməyən birgə fəaliyyətləri
dövründə tam anlaşma şəraitində
çalışmışdılar. 1924-1925-ci illərdə
isə Ə.Haqverdiyev artıq elmi qurumun rəhbəri səlahiyyətini
daşıyırdı.
Budapeştdə əsaslı Avropa şərqşünaslıq
məktəbi keçmiş gənc Bəkir Çobanzadə
ilə peterburqlu həmkarının
tanışlığının isə cəmisi bir illik
tarixi vardı. Sonra dəfələrlə görüşəcək,
eyni şəhərdə həbs olunub eyni saxta ittihamlarla
üz-üzə gələcək, elmə həsr etmək
istədikləri həyatlarına qüvvə və enerjilərinin
aşıb-daşdığı vaxtda həbsxana zirzəmisində,
NKVD cəlladlarının gülləsi ilə son
qoyulacaqdı...
Bəkir Çobanzadənin, xüsusilə də
görkəmli yazıçı-dramaturq Əbdürrəhim
bəy Haqverdiyevin adı və fəaliyyəti oxuculara nisbətən
yaxşı tanış olduğundan bu yazıda görkəmli
türkoloq, akademik A.N.Samoyloviç haqqında söz
açılacaq. Birinci Türkoloji qurultayın 100-cü
ildönümünə hazırlıq getdiyi bir vaxtda bu
söhbətin daha çox yerinə düşəcəyini
güman edirik. Onun elmi, pedaqoji, ictimai fəaliyyəti haqda
geniş ədəbiyyat mövcud olduğu üçün
nisbətən az öyrənilmiş mövzuya - Azərbaycan elmi
mədəni fikri ilə əlaqələri məsələsinə
işıq salmağa çalışacağam.
Nijni-Novqorodda, gimnaziya direktoru ailəsində
doğulan gələcək alim atasının məsləhəti
ilə Peterburq universitetinin Şərq dilləri fakültəsinin
ərəb-fars-türk-tatar bölümündə təhsil
almışdı. Müəllimləri dövrünün
Şərq dilləri, ədəbiyyatı və mədəniyyəti
üzrə ən tanınmış mütəxəssisləri
- professorlar P.M.Melioranski, V.D.Smirnov, V.V.Bartold, N.İ.Veselovski,
K.Q.Zaleman və b. olmuşdu.
Həyatının 30 ildən çoxunu seçdiyi
elm sahəsinə - türkologiyaya həsr etmişdi. Əsl
alim kimi daim axtarışda olmuşdu. İri həcmli,
monoqrafik əsərlər müəllifi kimi tanınmasa da, sərrast
və aktual məqalələri ilə türk
xalqlarının dili, tarixi, mədəni irsi, mənşəyi,
türk dillərinin tipologiyası və b. məsələlərə
dəqiq, hətta konseptual münasibət bildirmişdi.
Çarizm və sovet dövründə velikorus şovinizmindən
uzaq olmuş, türk xalqlarının səmimi dostu, obyektiv
araşdırıcısı kimi tanınmışdı.
lll
N.A.Samoyloviç Azərbaycanla nisbətən intensiv əlaqələrə
malik, dəfələrlə
ölkəmizdə olan, azərbaycanlı həmkarları ilə
sıx əlaqə saxlayan və beynəlmiləl Bakı
mühitində yaxşı tanınan alimlərdən idi.
Bakıya ilk dəfə 1916-cı ildə gəlmişdi.
Türk dillərində qədim əlyazmalar, nadir kitablar və
etnolinqvistik material toplamaq məqsədi ilə
Petroqrad-Yaroslavl-Kostroma (Tatar
Slobodası)-Kazan-Samara-Orenburq-Daşkənd-Krasnovodsk-Tiflis-Vladiqafqaz-Krım
marşrutu ilə yola çıxan alimin səyahət
marşrutundakı mühüm məntəqələrdən
biri də hələlik Azərbaycanın yox, dünyanın
neft paytaxtı kimi tanınan Bakı olmuşdu. Maraqlı,
hadisə və təmaslarla zəngin səfərin nəticələri
"Türk millətinə mənsub Rusiya müsəlmanlarının
milli və say tərkibi haqda", "Rusiya türk-müsəlmanlarının
ümummilli və tayfa adları haqda", "Rusiya
türk-müsəlmanlarının ədəbi dilləri
haqda", "Rusiyanın müsəlman vilayətləri",
"Gənc buxaralıların ilk gizli cəmiyyəti",
"Əbülqazinin "Şəcəreyi-tərakimə"
əsərinin mətni" və s. məqalələrində
əksini tapmışdı.
İkinci səfər artıq Sovet Azərbaycanına
olmuşdu. Alim 1923-cü ilin payızında Bakı
universitetində və Ali Pedaqoji İnstitutda mühazirələr
oxumaq, eyni zamanda Azərbaycan MİK sədri Səmədağa
Ağamalıoğlunun rəhbərliyi ilə bir il əvvəl
yaradılan Yeni Əlifba Komitəsinin üzvləri ilə
görüşüb fəaliyyətləri ilə yerində
tanış olmaq, fikir mübadiləsi aparmaq üçün
Bakıya gəlmişdi. Latın qrafikası əsasında
hazırlanan, artıq bəzi mətbu orqanlarda istifadə edilən
yeni Azərbaycan əlifbası layihəsini nəzərdən
Samoyloviç azərbaycanlı həmkarlarının
gördüyü işdən məmnunluğunu gizlətməyərək
demişdi: "Üzərlərinə düşən vəzifəni
böyük fədakarlıq, sevgi və sədaqətlə
yerinə yetirən Komitə üzvləri ilə şəxsən
tanış olduqdan sonra onların inqilabi cəsurluğunu
alqışlamaya bilmirəm".
Akademik Samoyloviç haqqında
"Türkoloqiçeskiy sbornik" məcmuəsinin
1974-cü il buraxılışında geniş məqaləsi
çap olunan türkoloq F.D.Aşninin yazdığına
görə "...yerli alimlər, ictimai xadimlər bu
nüfuzlu elm adamının Bakıda olmasından istifadə
edib onun köməyi ilə Azərbaycanı tədqiq və
öyrənmə cəmiyyəti (Azərbaycan Tədqiq və
Tətəbbö Cəmiyyəti - V.Q.) yaratmağı qərara
aldılar. Qurum 1923-cü il noyabrın 2-də
A.N.Samoyloviçin sədrliyi altında təsis edildi və
sonrakı mərhələdə ölkənin təbii sərvətlərinin
aşkara çıxarılmasında, elmi qüvvələrin
səfərbərliyə alınmasında, gənc
respublikanın mədəni-mənəvi sərvətlərinin,
eləcə də folklor və canlı dialektlərinin öyrənilməsində
mühüm rol oynadı".
ATTC yaradılması təşəbbüsünün
Nəriman Nərimanova məxsus olduğu elmi qaynaqlarda əksini
tapıb. Təsis tarixinə və sədrliyə gəldikdə
isə son dövrlərdə Nizami adına Ədəbiyyat
İnstitutunun əməkdaşı, professor Asif Rüstəmlinin
AMEA arxivindən aşkara çıxardığı yeni və
mühüm bir sənəd məsələyə başqa
rakursdan yanaşmağa və aydınlıq gətirməyə
imkan verir. İclas protokollarından məlum olur ki, ATTC bir həftə
fərqlə iki dəfə təsis olunmuş, hər dəfə
də quruma yeni sədr seçilmişdi. Belə ki,
1923-cü il oktyabrın 26-da keçirilən ilk təsis
yığıncağında iştirakçıların
ümumi rəyi ilə partiya publisisti, "Kommunist" qəzetinin
baş redaktoru Həbib Cəbiyev (1897-1938) Cəmiyyətin rəhbərliyinə
gətirilmişdi. Lakin bir neçə gündən sonra
A.N.Samoyloviçin Bakıya gəlişi vəziyyəti dəyişmişdi.
Həmin dövrdə N.Nərimanov artıq Azərbaycanda
deyildi. Hakimiyyət S.M.Kirov başda olmaqla rus-erməni-yəhudi
siyasi elitasının əlində idi. Ona görə də
düşünmək mümkündür ki, ilk gündən
bolşevik rejiminə loyal yanaşan Samoyloviç yerli partiya
rəhbərliyinin "tövsiyəsi" ilə elmi quruma rəhbərlik
baxımından daha münasib namizəd
sayılmışdı. Nəticədə hətta
kağız üzərində olsa da, artıq bir həftədən
bəri mövcud olan ATTC yenidən təsis edilmiş, daha
doğrusu, rəhbərliyində kadr dəyişikliyi
aparılmışdı. Ola bilsin ki, gənc və təcrübəsiz
Həbib Cəbiyevlə müqayisədə rusiyalı
professor daha çox fayda gətirə bilərdi. Amma bu fakt
milli respublikaların çar Rusiyası dövründə
olduğu kimi yenə də ağır, hətta təhqiramiz əsarət
altında qalmasının başqa bir dəlil-sübutu idi.
A.N.Samoyloviçin ATTC-nə rəhbərliyi qısa
sürmüşdü. Cəmiyyətin iclas protokollarında
qurumun rəhbəri kimi adına sonuncu dəfə 1923-cü
il dekabrın 14-də təsadüf edilir. Həmin sənəddə Azərbaycan MİK sədri
S.Ağamalı oğlu ilə yanaşı, rusiyalı alimdən
də artıq "fəxri sədr" kimi söz
açılır. Bu da A.N.Samoyloviçin Azərbaycanda elmi-təşkilati
missiyasını başa vurduğunu söyləməyə əsas
verir. Əslində, "fəxri sədrlik" daha məqbul
və münasib variant idi. Çünki həmin dövrdə
o, yaranmasında yaxından
iştirak etdiyi, elmi-tədqiqat və təhsil müəssisəsinin
- Petroqrad Canlı Şərq Dilləri İnstitutunun rektoru və
professoru idi. Təbii ki, İnstitutu başsız qoya bilməzdi
və yəqin ki, bunu istəmirdi.
Amma Samoyloviçin Azərbaycana səfəri və
ATTC-nə qırx günlük rəhbərliyi üç il
sonra Bakıda baş tutacaq mühüm elmi-mədəni hadisəyə
- Birinci Ümumittifaq Türkoloji Qurultayın çağırılmasına
az və ya çox dərəcədə öz təsirini
göstərmişdi. 1920-ci illərin əvvəlində yeni əlifba
ideyası əslində hələ XIX əsrin ikinci
yarısından bu inqilabi təşəbbüsün
vətəninə çevrilmiş Azərbaycanla
yanaşı, Orta Asiya, hətta Sibir türkləri arasında
geniş müzakirə edilirdi. Moskva və Leninqradda da ideyaya
maraq göstərirdilər. Təbii ki, fərqli baxış
bucağından. Əgər türk xalqlarının
ziyalıları (hamısı yox!) soydaşlarının
kütləvi şəkildə, tez və asan
savadlanmasını istəyirdisə, bolşevik ideoloqları
onları "müsəlman keçmişdən" birdəfəlik
qoparıb ayırmağa, min illik ədəbi-mədəni irs
və tarixi yaddaşdan uzaq salmağa can atırdılar. Eyni
zamanda ərəb əlifbasını islama
bağlılığın, islam birliyi və panislamizmin təzahürü
elan edib siyasi təzyiq və terror alətinə çevirməklə
bağlı qəti fikir formalaşmışdı. Hökumətin,
yaxud türk ziyalılarının tərəfində
dayanmasından asılı olmayaraq N.A.Samoyloviç artıq
1923-cü ildə dil və əlifba məsələlərinin
geniş müzakirəsi üçün türkoloji qurultay
çağırılmasını zəruri sayırdı. Məsələ
ilə bağlı fikirlərini Azərbaycanda olarkən
yazıb "Maarif və mədəniyyət"
jurnalının 1923-cü il 10-cu sayında dərc etdirdiyi
"Türkoloji qurultay lazımdır!" adlı məqaləsində
açıq şəkildə bildirmişdi.
Leninqrada qayıdandan sonra isə 1924-cü il martın
14-də Canlı Şərq Dilləri İnstitutunun Elmi
Şurasında alimin "Türk dilli respublika və vilayətlərdə
maarifin, mədəniyyətin təxirəsalınmaz əməli
məsələlərini müzakirə və həll etmək
məqsədi ilə türkoloji qurultay
çağırılmasının zəruriliyi
haqqında" mövzusunda proqram səciyyəli məruzəsi
dinlənmişdi. Yeri gəlmişkən, Tiflisdə
çıxan "Yeni yol" qəzeti 6 iyun 1924-cü il
tarixli sayında həmin məruzənin
geniş icmalını Azərbaycan türkcəsində, həm
də latın əlifbası ilə dərc edib ictimai fikrin
müzakirəsinə vermişdi. Təxminən həmin vaxtda
Samoyloviç Petroqradda, Radlov dərnəyinin iclasında
latın əlifbasının türk dillərinə tətbiqi
problemləri və bu məqsədlə hazırlanmış
layihələrlə bağlı başqa bir prinsipial məruzə
etmişdi. Məruzədə irəli sürülən tezislər
əsasında Bakı, Daşkənd və Yakutsk
üçün müvafiq tövsiyələr
hazırlanmışdı.
1924-sü ilin sentyabrında professor Samoyloviçin də
iştirakı ilə Bakıda Birinci Ölkəşünaslıq
qurultayı keçirildi. Qurultay Azərbaycanda latın əlifbasına
keçidin təmin olunması ilə bağlı SSRİ
hökuməti qarşısında məsələ
qaldırdı. Həm də söhbət tək Azərbaycan
deyil, ərəb qrafikasından istifadə edən digər
türk-müsəlman xalqlardan da gedirdi. Analoji təklif
SSRİ EA və Ümumittifaq Şərqşünaslar
Assosiasiyası tərəfindən də irəli
sürülmüşdü. Təklifləri nəzərə
alan SSRİ Xalq Komissarları Soveti 1925-ci ilin mayın 30-da
Birinci Ümumittifaq Türkoloji qurultayın hazırlanması
və keçirilməsi üçün Təşkilat Komitəsi
yaratdı. S.Ağamalı oğlunun rəhbərlik etdiyi Komitənin
tərkibinə akademik V.V.Bartold, C.Korkmasov, H.Cəbiyev,
B.Çobanzadə, A.Zifeld-Simumyaqi, N.Aşmarin, N.Törəqulov
və b. alim və ictimai xadimlərlə bir sırada professor
A.Samoyloviç də daxil idi. O, 1925-ci ilin payızında
Bakıda qurultaya hazırlıq iclasında da iştirak
etmişdi. Profil institutun rəhbəri və geniş əlaqələrə
malik nüfuzlu türkoloq alim kimi elmi forumun yüksək səviyyədə
təşkili ilə bağlı lazım olan işləri
görməyə çalışmışdı.
Bir neçə dəfə təxirə salınandan
sonra nəhayət Bakıda öz işinə başlayan
Birinci Ümumittifaq Türkoloji qurultayın
açılış günü - 1926-cı il fevralın
25-də Azərbaycan, Türkmənistan və Qazaxıstan
nümayəndə heyətlərinin adından
çıxış edən Əbdül Cabbarovun təklifi
ilə N.A.Samoyloviç rəyasət heyətinə
seçilmişdi. Fevralın 28-də, Dağıstan nümayəndəsi
Cəlaləddin Korkmasovun sədrliyi altında keçirilən
5-ci iclasda isə "Türk dillərinin öyrənilməsinin
müasir vəziyyəti və yaxın vəzifələri
mövzusunda məruzə etmişdi. Bu qurultayda analoji
mövzuda edilən ilk məruzə idi. Professorlar N.Aşmarin
və S.Malov da öz məruzələrində türk dillərinin
tədqiqinə tarixiliyin və müasirliyin fərqli aspektlərindən
yanaşmışdılar.
Qurultayın əhəmiyyətini (maraqlıdır ki,
Samoyloviç rusca nitqində "qurultay" kəlməsini
"scezd" şəklində deyil, məhz türkcə
orijinalında olduğu kimi işlətmiş və bununla da
sanki sovet alimlərinin elmi forumunu qədim türklərin
demokratik ruhlu məşvərət toplantılarına bənzətməyə
çalışmışdı. İkinci mühüm cəhət
isə onun bütün çıxışı boyu
"türkdilli xalqlar" deyil, "türk xalqları"
ifadəsini işlətməsi sayıla bilər) xüsusi
vurğulayan alim demişdi: "Birinci Ümumittifaq
Türkoloji Qurultay məhz bizim (yəni sovet
dövrünün - V.Q.) türkologiya elmimizin
başlanğıc tarixinə təsadüf edir. Əvvəlki
dövrlərdə türk xalqlarını müxtəlif
yönlərdən öyrənmək üçün
toplanmış zəngin materiallar bir az natamam olsa da, artıq
elə miqyas alıb ki, onların öyrənilməsi
yalnız ayrı-ayrı elmi işçilərin deyil,
bütöv kollektivlərin sistemli, mütəşəkkil və
planauyğun fəaliyyətini hökmlü bir şəkildə
tələb etməkdə, vəzifə kimi
qarşımıza qoymaqdadır. Elmimizdə planlı şəkildə
həyata keçirilən bu kollegial yanaşma
türkologiyanın yeni dövrünün əsas tələbidir.
Yeni dövr türkologiyası üçün birinci ilə
müqayisədə bəlkə də daha vacib və daha səciyyəvi
olan digər fərqləndirici keyfiyyət isə bu elm sahəsinə
dair məsələlərin həllində keçmiş əməkdaşlarla
yanaşı, yeni qüvvələrin də daha fəal şəkildə
prosesə cəlb olunmasıdır. Elmi fəaliyyətimizin
yeni dövrü indiki Qurultayla sıx şəkildə əlaqəlidir".
lll
Rəsmi nümayəndələrinin yarıdan
çoxunun amansızcasına cəzalandırıldığı
Birinci Türkoloji Qurultayı haqlı olaraq bəzən
"repressiyaya uğrayanlar" qurultayı da
adlandırırlar. Sovet türkologiyasının banilərindən
biri sayılan akad. Samoyloviç də sovet cəza
maşının dişlərindən xilas ola bilməmişdi.
Həm də maraqlıdır ki, Leninqradda hələlik nisbətən
rahat həyatını yaşayan və SSRİ EA-nın Şərqşünaslıq
İnstitutuna rəhbərlik edən alimin dəbdə olan ifadə
ilə desək, "torbasının tikilməsinə"
1937-ci ilin iyulunda Bakıda başlanmışdı. Həmin
il yanvarın 29-na keçən gecə Kislovodskun
"Qornyak" sanatoriyasında həbs olunub Bakıya gətirilən
professor Bəkir Çobanzadə 13-14 iyul tarixlərində
istintaqa verdiyi ifadədə akademik Samoyloviçlə ilk dəfə
1924-cü ildə Bakıda, Ölkəşünasların
qurultayında tanış olduğunu, 1925-ci ildə Leninqradda
(şəkil də o zaman çəkilmişdi), eyni ilin
payızında isə Bakıda görüşdüklərini,
1926-cı ildə Birinci Türkoloji qurultay zamanı iki həftə
ərzində sıx ünsiyyət saxladıqlarını,
1928-ci ildə Orfoqrafiya qurultayında (Bakı), növbəti
il Səmərqənddə və Leninqradda türk
xalqlarının dili və ədəbiyyatı ilə bağlı
keçirilən elmi konfranslarda bir araya gəldiklərini, nəhayət,
sonuncu dəfə 1936-cı ildə yenə Leninqradda
görüşdüklərini bildirmişdi. O da
maraqlıdır ki, 1935-ci ildə Samoyloviç türkoloq həmkarının
SSRİ EA müxbir üzvlüyünə seçilməsi
üçün çalışsa da, müvəffəq ola
bilməmişdi.
Ümumiyyətlə, ilk gündən istintaqla fəal
əməkdaşlıq yolu tutan, müstəntiqlərin
suallarına yerli-yataqlı cavab verən Bəkir Çobanzadə
(təbii ki, alimi ittiham etmək fikrində deyiləm.
Yazıqlar olsun ki, bu üzüyolalıq və istintaqla
"iş birliyi" də ona haqsız cəzadan qurtarmaq
imkanı verməmişdi) adlı-sanlı həmkarı ilə
bağlı da gözlənəni,
yaxud tələb ediləni demişdi. Çoxsaylı
görüşləri zamanı Samoyloviçin onunla
pantürkist məzmunlu söhbətlər etdiyini, təxribatçılıq
fəaliyyəti üçün təlimat verdiyini, SSRİ EA
Şərqşünaslar Kollegiyasının çətiri
altında əksinqilabi təşkilat qurduğunu, bu yöndə
ardıcıl iş apardığını bildirmişdi.
Bakı universitetinin professoru, 1937-ci il martın 18-də
həbs olunan Qaziz Qubaydullin də Çobanzadə ilə demək
olar ki, eyni vaxtda - iyulun 13-də istintaqa verdiyi ifadədə
akad. Samoyloviçin V.V.Radlov və V.D.Smirnov kimi mürtəce
alimlərin tələbəsi olması, çar hökumətinin
bəzi məxfi tapşırıqlarını yerinə yetirməsi,
Türkiyəyə gizli məlumat ötürməsi, Xivə
xanı ilə şəxsi dostluğu, Kazanda tələbə
və müəllimlər qarşısında pantürkist
ruhlu mühazirələr oxuması, Yusif Akçura və
Köprülüzadə kimi türkçülərlə əlaqələri
və s. haqda danışmışdı.
Nəhayət, azərbaycanlı dilçi, Birinci
Türkoloji qurultayın iştirakçısı, Pedaqoji İnstitutun dillər
kafedrasının müdiri vəzifəsində
çalışmış repressiya qurbanı Abdulla
Tağızadə (1897-1938) də istintaq zamanı Leninqrad
Canlı Şərq Dilləri İnstitutunda Samolyloviçin tələbəsi
olduğu vaxt onun mühazirə və söhbətlər
zamanı tez-tez pantürkist təbliğatı
apardığını "xatırlamışdı".
Sual oluna bilər - niyə bu adamları hətta qorxunc 1937-ci
il şəraitində də müəyyən immunitetə
malik tanınmış akademik haqda sorğu-suala tuturdular?
Aydın məsələdir:
Samoyloviçin adı şərti olaraq "Moskva-Mərkəz"
adlı 163 nəfərlik "birinci dərəcəli"
(ölüm) siyahısında idi. Yəni məhvinə
hazırlıq görülür, "hüquqi baza"
yaradılırdı.
Bakıda alınmış ifadələri yada salmaqla
yanaşı, onların
Samoyloviçə böyük təhlükə törətmədiyini,
yaxud ağır zərbə vurmadığını da
ayrıca qeyd etmək lazımdır. Çünki hazır
ssenariyə görə cinayət
işində əsasən "yapon casusu" kimi keçirdi.
Pantürkizm ittihamı burada sadəcə əlavə dekor
rolunu oynamışdı.
Onu 1937-ci il oktyabrın 2-də, ailəsi ilə birlikdə
istirahət üçün gəldiyi kurort şəhəri
Kislovodskda həbs etmişdilər. Həmin gün DTK
serjantı Poqrebnyak mərkəzdən alınmış 27
sentyabr 1927-ci il tarixli teleqrama əsasən "Leninqrad şəhəri,
Ropşin küçəsi 23/17 ünvanda yaşayan, ixtisas
etibarı ilə linqvist, SSRİ EA-nın həqiqi
üzvü, ukraynalı, SSRİ vətəndaşı"
A.N.Samoyloviçin saxlanılaraq xüsusi mühafizə
altında Moskvaya göndərilməsi haqda qərar
vermişdi.
On gün sonra, oktyabrın 12-də SSRİ Ali Məhkəməsi
Hərbi kollegiyasının Bakıda keçirilən səyyar
plenumu 20 dəqiqəlik "məhkəmə dinləməsindən"
sonra Bəkir Çobanzadə, Qaziz Qubaydullin və Azərbaycan
humanitar elminin bir sıra digər tanınmış nümayəndələri
haqda güllələnmə hökmü
çıxarmışdı. Hökm ertəsi gün yerinə
yetirilmişdi. Təbii ki, bu səbəbdən də
moskvalı müstəntiqlər Samoyloviçi adı çəkilən
həmkarları ilə bağlı sorğu-suala çəkməyə
lüzum görməmişdilər.
Dörd aya yaxın davam edən istintaqdan sonra 1938-ci il
yanvarın 31-də SSRİ Baş prokuroru A.Y.Vışinskinin
(yeri gəlmişkən, keçmiş bakılı idi; məşhur
"mənə adam verin, ona cinayət maddəsi tapmaq
asandır" - ifadəsinin müəllifi, Pribaltika
xalqlarının latın əlifbasından rus qrafikasına
keçirilməsi ideyasının tərəfdarı kimi
tanınmışdı) imzası ilə alimə qarşı
rəsmi ittiham irəli sürülmüşdü.
İstintaq onu 1907-ci ildən yapon kəşfiyyatı ilə əməkdaşlıqda,
çarizm dövründə yapon tərəfin
tapşırığı ilə
ideoloji təxribatlar törətməkdə, 1917-ci ildən
sonra elmi-pedaqoji fəaliyyətini burjua millətçiliyinin təbliği
üzərində qurmaqda, 1935-1936-cı illərdə əksinqilabi
burjua-millətçi ruhlu terrorçu təşkilat
yaratmaqda, yapon xüsusi xidmət orqanlarına gizli məlumatlar
ötürməkdə, nüfuz və əlaqələri ilə
SSRİ-nin türk xalqları arasında mərkəzdənqaçma
və millətçilik əhval-ruhiyyəsi yaymaqda müqəssir
saymışdı. Görünür, NKVD-nin dəhşətli
cəza maşınına qarşı
çıxmağın səmərəsiz məşğuliyyət
olduğunu anlayan Samoyloviç hər hansı şəkildə
mübarizə aparmaqdan imtina edərək özünü
bütün maddələr üzrə təqsirli bilmişdi.
İstər Bəkir Çobanzadənin, istərsə
də akademik Samoyloviçin cinayət işlərində bir
maraqlı cəhət diqqəti cəlb edir. Krımlı alim
Budapeşt universitetində təhsil alsa da, beş ildən
çox Avstriya-Macarıstan imperiyasında yaşasa da, onu
macar, yaxud Avstriya casusu kimi ittiham etmək ümumiyyətlə
ağla gəlməmişdi. Yaxud buna lüzum görülməmişdi.
Eyni ilə Samoyloviçin "işində" də onu
getman ailəsinə mənsub şəxs kimi (1672-1687-ci illərdə
Zaporojye kazaklarının getmanı olmuş İvan
Samoyloviçin nəslindən idi - V.Q.) Ukrayna millətçiləri
ilə bağlamaq, Osmanlı imperiyası və Cümhuriyyət
Türkiyəsi ilə sıx əlaqələrinə, dəfələrlə
bu ölkədə olmasına görə "Türkiyə
casusu" elan etmək də nədənsə məqsədəuyğun
sayılmamışdı. Əvəzində
inandırıcı dəlil-sübut bazası olmayan "yapon
casusluğu" versiyasına üstünlük verilmişdi.
Rus-sovet türkoloqları F.D.Aşnin və V.M.Nasilov bunu
1937-ci ildə SSRİ EA-nın Leninqrad Şərqşünaslıq
İnstitutunda Uzaq Şərq (Çin, Yaponiya, Koreya,
Monqolustan, Mancuriya, Tibet) ölkələri üzrə
ixtisaslaşan bir qrup alimə divan tutulması ilə əlaqələndirirlər.
Onların fikrincə, istintaq ənənəvi üsuldan
yararlanıb "antisovet
bandanın" başında reqaliyalara malik "nüfuzlu bir
xadimin" olmasını istəmişdi. Axtarılan
"günah keçisi" isə hələ gənc müəllim
kimi Sankt Peterburq universitetində
çalışdığı 1907-ci ildə paytaxtdakı
Yaponiya Baş konsulluğunun Ueda soyadlı diplomatı ilə bir neçə
dəfə görüşən
N.A.Samoyloviçin şəxsində
tapılmışdı. Sovet ədliyyə maşını
devrilmiş çar "oxrankasının"
hazırladığı məlumatdan (əgər belə bir məlumat
ümumiyyətlə mövcud idisə!) yararlanıb həmin
dövrdə SSRİ EA-nın 89 həqiqi üzvündən
birini - görkəmli türkoloq alimi və elm təşkilatçısını
məhv etməkdə türklər demişkən, heç
bir "sakınca" görməmişdi.
RSFSR Cinayət Məcəlləsinin 58-1a (Vətənə
xəyanət) və 58-8 (terrorçuluq) maddələri ilə
təqsirli bilinən akademikin diviziya hərbi
hüquqşünası Nikitçenkonun (maraqlıdır ki,
1946-cı ildə yapon müharibə canilərinin mühakiməsini
də o aparmışdı!) sədrliyi altında cəmisi 15
dəqiqə sürən məhkəməsi 1938-ci il
fevralın 13-də, saat 12.45-də başlamış, saat
13.00-də yekunlaşmışdı.
"Üçlüyün" sovet ədliyyə sisteminə
xas "məhkəmə" imitasiyası həmişəki
qaydada - ittiham və müdafiə tərəfinin
iştirakı olmadan, şahidlər
çağırılmadan, qapalı şəraitdə,
1934-cü il dekabrın 1-də qəbul edilən qanun əsasında
keçirilmişdi. Müttəhimə artıq əvvəldən
bəlli hökm - özünə məxsus şəxsi əmlakı
müsadirə edilməklə, kassasiya şikayəti qəbul
olunmadan güllələnmə cəzası
çıxarılmışdı.
Günorta bitən məhkəmənin hökmü elə
həmin axşam yerinə yetirilmişdi. Ehtimali dəfn yeri
Moskva ətrafındakı Butovo qəsəbəsi, yaxud
"Kommunarka" sovxozunun ərazisi sayılır.
Xanımı Raisa Qriqoryevna ilə oğlu Platonun Stalin, Molotov,
Beriyaya və b. sovet rəhbərlərinə ünvanlanan məktubları
ya cavabsız qalmış, ya da bürokratik karuseldə
fırlanmışdı. Həqiqi ölüm səbəbi
yalnız XX partiya qurultayından sonra bilinmişdi. SSRİ Ali
Məhkəməsi Hərbi Kollegiyasının 25 avqust
1956-cı il tarixli qərarı ilə ona ölümündən
sonra bəraət verilmiş, 1938-ci il aprelin 13-də xaric edildiyi SSRİ EA həqiqi
üzvlüyünə bərpa olunmuşdu.
Akademik A.N.Samoyloviç elmi titul, nüfuz və vəzifələri
baxımından Birinci Türkoloji qurultayın repressiyaya
uğramış ən adlı-sanlı nümayəndəsi
idi...
Sarayevo, oktyabr 2025-ci il
Vilayət Quliyev