Kamal Abdulla: "Zəfərimiz
milli birliyimizin və dövlətimizin gücünün nəticəsidir"
Xalq yazıçısı, akademik Kamal Abdulla ilə
75 illik yubiley söhbəti
- Kamal müəllim, söhbətimizə bu günlərdə
Türkiyədə 75 illik yubileyinizə həsr olunmuş elmi
simpoziumlardan başlamaq istərdim. Bu təşəbbüs
Türkiyə tərəfindən gəlmişdi. Həmin
simpoziumlar barədə təəssüratlarınızı
bilmək istərdik.
- Simpoziumlar Türkiyənin iki şəhərində
- Ankarada və İstanbulda keçirildi. Birinci simpozium
Ankaradakı Türk Dünyası Kültür
Araşdırmaları İnstitutunda baş tutdu. Tədbirin təşkili
ideyası həmin institutun direktoru, türkologiya elminin
görkəmli siması, professor Ahmet Becan Ercilasun və onun
müavini İsmet Çətin tərəfindən irəli
sürülmüşdü. Simpoziumda bir gün ərzində
mənim yaradıcılığımla bağlı
çoxsaylı məruzələr dinlənildi, fikirlər səsləndi,
suallar verildi. Hətta tanımadığım insanlar tərəfindən
də belə bir münasibətə layiq
görüldüyümü təsəvvür edə bilməzdim.
Mənim üçün bu, həm elmi, həm də mənəvi
baxımdan çox həyəcanlı bir gün idi.
İkinci simpozium İstanbulda - professoru olduğum Mərmərə
Universitetində keçirildi. Burada həm azərbaycanlı,
həm də türk alimlər çıxış etdilər,
maraqlı müzakirələr oldu.
- Proqramla tanışam. İkinci simpoziumun birinci
panelinə dosent Mehdi Gəncəli sədrlik edib. Bu bölmədə
doktor Burak Eke "Müasir dilçilik və Kamal Abdulla",
professor Haluq Harun Duman "Dədə Qorquda edilən İslam
əlavələri", professor Sabahat Deniz, doktor Nəcibə
Nəsibova, professor Harun Duman məruzələr təqdim ediblər.
İkinci paneldə isə akademik Muxtar İmanov "Kamal
Abdullanın ədəbi baxışları", akademik Nizami
Cəfərov "Kamal Abdullanın dilçilik
görüşləri", italyan tədqiqatçı Mario
Saldaini isə "Kamal Abdullanın tamamlanmamış
teoremi" mövzusunda çıxış ediblər.
- Bu tədbirin həyata keçirilməsi
üçün Mərmərə Universitetinin rektoruna və
rəhbərliyinə, eləcə də Almaniyanın
Münhen Universitetinin professoru, hazırda İstanbulda
çalışan görkəmli azərbaycanlı alim Məsud
Əfəndiyevə dərin təşəkkürümü
bildirirəm.
- Sizin yaradıcılığınıza Türkiyədə
maraq 90-cı illərdən bu yana davam edir. Bu səfəri həm
yaradıcılığınıza münasibət, həm də
Azərbaycan Dillər Universiteti ilə Türkiyə
universitetləri arasında inteqrasiya baxımından necə
qiymətləndirirsiniz?
- Doğrudur, bu münasibətlər uzun illərin əməkdaşlığına
söykənir. Mərmərə Universitetində
görüş zamanı Azərbaycanın təhsil nümayəndəsi,
doktor Nəcibə Nəsibova da iştirak edirdi. O, universitetlərarası
əlaqələrin qurulmasında mühüm rol oynayıb.
Biz Mərmərə Universitetinin rektoru ilə gələcək
birgə fəaliyyət planlarımızı müzakirə
etdik və bu əməkdaşlığı davam etdirmək
qərarına gəldik. Hazırda Azərbaycan Dillər
Universitetinin Mərmərə, Ankara və Qazi Universitetləri
ilə əməkdaşlıq müqavilələri var. Biz
çalışırıq ki, bu müqavilələr
kağız üzərində qalmasın, tələbələrimiz
və müəllimlərimiz bundan real fayda görsün. Qazi
Universitetində "Azərbaycan evi" açılıb,
burada Azərbaycan elminin, mədəniyyətinin və həqiqətlərinin
türk gəncliyinə çatdırılması istiqamətində
çox dəyərli işlər görülür. Biz də
bu fəaliyyətə dəstək verməyə
çalışırıq.
- Simpoziumda gənc tədqiqatçılar da
iştirak edirdilər. Onların sizin
yaradıcılığınıza olan marağı və əməkdaşlıq
arzusu ilə bağlı nə demək istərdiniz?
- Bəli, simpoziumda çoxlu gənc alim, doktorant və
tələbələr iştirak edirdi. Onların mənimlə
birgə işləmək, tədqiqat aparmaq istəkləri məni
çox sevindirdi. Mən də çalışıram ki, bu
arzular həyata keçsin. Hansı əməkdaşlığın
uğurlu alınacağını isə zaman göstərəcək.
- Mərmərə Universitetində keçirilən
simpoziumun bülleteni çap olunub. Orada sizin
yaradıcılığınızdakı intellektual və bəşəri
yönlər xüsusi vurğulanıb. Ankara simpoziumunun
materialları da kitab halında çap olunacaq?
- Ankara simpoziumunun materialları əsasında
ayrıca bir kitab hazırlanır. Həmin kitabda simpoziuma təqdim
olunan bütün məruzələr toplanacaq və yaxın
zamanda nəşr ediləcək.
- Siz son illər professor Rafiq Əliyev ilə birlikdə
dünya şöhrətli azərbaycanlı alim Lütfi Zadənin
məşhur qeyri-səlis məntiq nəzəriyyəsinin
daha da dərinliklərinə enərək bu nəzəriyyəni
Azərbaycan ədəbi və elmi sahələrinə tətbiq
edirsiniz. Simpoziumda səslənən məruzələrdə
bu nəzəriyyəyə toxunuldumu? Bu, Türkiyədə
necə qarşılandı?
- Biz Rafiq müəllimlə birlikdə "Kitabi-Dədə
Qorqud və qeyri-səlis məntiq" və "Qeyri-səlis
məntiq və dil-nitq" adlı iki kitab yazmışıq.
Hər iki əsər Türkiyə və Almaniyada nəşr
olunub. "Kitabi-Dədə Qorqud və qeyri-səlis məntiq"
kitabı "Springer" nəşriyyatı tərəfindən
artıq ingilis dilində də çap edilib. Hazırda isə
"Uşaqlar üçün qeyri-səlis məntiq"
adlı yeni bir kitab üzərində işləyirik. Bu əsərin
həmmüəlliflərindən biri Türkiyənin
keçmiş təhsil naziri, professor Ziya Səlcuqdur. Onun bu
istiqamətdəki maraqlı ideyaları yeni nəşrdə
öz əksini tapıb.
- Bu il Azərbaycanın bir çox teatrları, həm
paytaxt, həm də bölgə teatrları sizin dramaturji
yaradıcılığınıza, pyeslərinizə
müraciət ediblər. Noyabrın 18-də Azərbaycan
Dövlət Akademik Musiqili Teatrında sizin
"Gülçöhrə və Əsgər" pyesinizin
premyerası olacaq...
- Mən Musiqili Teatrın rəhbərliyinə təşəkkürümü
bildirmək istəyirəm ki, onlar mənim
"Gülçöhrə və Əsgər" pyesimə
maraq göstəriblər. Bu əsərə gözəl
rejissorumuz Əsgər Əsgərov quruluş verib, musiqi
müəllifi isə gözəl bəstəkarımız
Cavanşir Quliyevdir. Bundan başqa, Füzuli Dövlət Dram
Teatrında "Ruh" əsərimi səhnələşdiriblər.
Füzuli teatrına dərin təşəkkürümü
bildirirəm. Qazax Dövlət Dram Teatrında "Bir, iki,
bizimki" əsərimi səhnələşdiriblər. Yenə
dərin təşəkkürümü bildirirəm.
Naxçıvan Dövlət Dram Teatrında isə "Kim
deyir ki, Simurq quşu var imiş" pyesimi səhnələşdiriblər.
Yenə dərin təşəkkürümü bildirirəm.
Bu mənim üçün böyük qürurdur ki, həm
paytaxt, həm də bölgə teatrları dramaturgiyama
müraciət edirlər. Tamaşalarda insanın ruhani
axtarışları, mənəvi suallarına cavab
axtarışı var - bu da tamaşaçı
üçün maraqlı bir istiqamətdir.
- "Gülçöhrə və Əsgər"
pyesinin ideyası da maraqlıdır. O, "Arşın mal
alan"dan sonrakı dövrün davamı kimi qəbul edilə
bilərmi?
- Bəli, əsərdə "Arşın mal
alan"dakı gənc sevgililərin xoşbəxt sonluqdan
sonrakı taleyi təsvir olunur. Lakin zaman dəyişir, inqilab
baş verir, vətən təlatümlərlə dolur.
Əsgər ağa xalq düşməni kimi Sibirə
sürgün edilir, baraklara həbsə göndərilir,
Gülçöhrə isə Fransaya qaçmaq məcburiyyətində
qalır. O, övladı ilə birgə illərlə Əsgər
ağanı gözləyir. Əsgər ağanın isə
onlardan xəbəri olmur. Günlərin bir günü,
qarlı qış axşamı dustaqlar üçün gətirilən
filmə baxarkən həyatını qeyb edir. Bu film
"Arşın mal alan" filmi idi. Əsgər ağa o
filmdə özü özünü tanıyır.
- Füzuli Teatrında səhnələşdirilən
"Ruh" tamaşasının Zəfər Günü ərəfəsində
yayımlanması da əlamətdardır...
- Bəli. Zəfərimizin 5 illiyi ərəfəsində
"Mədəniyyət" kanalında canlı
yayımlanacaq. Buna çox sevinirəm. Belə tarixi bir
gün ərəfəsində Füzuli teatrında
hazırlanan tamaşanın efirdə canlı
yayımlanması qürurvericidir. Biz Zəfər
anlayışımızı, Zəfər tariximizi cənab
Prezident İlham Əliyevin liderliyi ilə, fəaliyyəti ilə
bağlamalıyıq. Mən cənab Prezidentimizə
cansağlığı, könül xoşluğu arzu edirəm.
Nə yaxşı ki, o, Azərbaycanı belə gözəl
günlərə gətirib çıxarıb... "Ruh"
tamaşasının quruluşçu rejissorla mən bir
neçə dəfə görüşmüşəm.
Görürəm ki, o bu işə çox böyük inamla
və həvəslə başlayıb. Hətta mənim
sözlərimə yazılan bəzi musiqilərdən də
istifadə edib. Mənə elə gəlir, bu da tam,
bütöv bir tamaşanın ərsəyə gəlməsinə
səbəb olacaq.
- Naxçıvanda səhnələşdirilən
"Kim dedi ki, Simurq quşu var imiş" pyesiniz ilk dəfə
səhnə taleyi yaşayacaq?
- Yox, bu pyes Gürcüstanda Rustaveli Teatrında, eyni
zamanda Estoniyada tamaşaya qoyulub. Bu gün də
Naxçıvan teatrında hazırlanır. Naxçıvan
teatrındakı "Kim dedi ki, Simurq quşu var imiş"
pyesini bəxti gətirmiş pyes saymaq olar. Bu, fantosmoqorik
nağıl-pritça şəklində yazılmış
pyesdir. Mən düşünürəm ki, Naxçıvan
tamaşaçısına teatrın belə bir
potensialının olduğunu görmək maraqlı olacaq. O
ki qaldı Qazax teatrına, onlar mənim çox tez-tez
müraciət olunan pyesimə müraciət ediblər. Bu,
"Bir, iki, bizimki" pyesidir. Bu pyesi ilk dəfə bizim
görkəmli rejissorumuz Vaqif İbrahimoğlu
"Yuğ" teatrında tamaşaya qoyub. Daha sonra bir
çox teatrlar bu pyesə müraciət etdilər. Eyni zamanda
Mədəniyyət və İncəsənət Universitetinin
tələbələri - rejissorluğu bitirən tələbələr
bir neçə dəfə bu pyesə müraciət ediblər.
Akademik Milli Dram Teatrı da bu pyesi tamaşaya qoyub. İndi isə
xarici ölkələrin birində bu əsəri tamaşaya
hazırlayırlar. Mən belə bir xəbər də almışam.
- Tamaşaların məşqlərinə
baxmısınız?
- Xeyr, mən adətən məşqlərə getmirəm.
Rejissorun yaradıcılıq azadlığına müdaxilə
etmək istəmirəm... Amma xəbər tutduğuma görə,
"Əsgər və Gülçöhrə"də
Əsgər Əsgərov çox maraqlı bir həll
tapıb. Cavanşir Quliyevin musiqisi bu həllin
açılmasına xidmət edir. Mənə elə gəlir,
ideya özü-özlüyündə aydın bir ideyadır.
Əsərdə ideya aydın olduqda rejissor və bəstəkar
da onu doğru istiqamətdə təqdim edir. İnanıram
ki, nəticədə maraqlı tamaşalar ortaya
çıxacaq.
- Yubiley ərəfəsində hansı
kitablarınız çap olunacaq?
- Yaxın aylarda "Unudulmaz seçmələr"
adlı yeddi cilddən ibarət yeni kitablarım nəşr
olunacaq.
- Yeddi cildlik "Seçilmiş əsərlər"iniz
var idi...
- Yeddi cildlik "Seçilmiş əsərlərim"in
yeni - daha yığcam versiyasını
hazırlamışıq. Cildlərdə şeirləri, pyeslər,
hekayələr və elmi məqalələr yer alır. Mənim
dilçilik görüşlərim ilə bağlı
qranulaları Nizami Cəfərov, ədəbi-fəlsəfi
baxışlarımı isə Muxtar İmanov tərtib edib. Nəriman
Əbdürrəhmanlı müsahibələrimi toplayıb.
Həmkarlarım "Kamal Abdulla və süni intellekt"
adlı maraqlı bir kitab da hazırlayıblar - burada süni
intellekt mənim yaradıcılığım haqqında
"fikirlərini" təqdim edir. Əvvəllər bəzən
deyirdilər ki, Kamal Abdulla haqqında yazanlar ondan nəsə
umub yazırlar. Bu fikirlər alt-üst olur. Çünki
süni intellekt yəqin ki, heç nə ummur.
- Sizin üçün süni intellektin şərhi ədəbiyyatşünasların,
tənqidçilərin fikirlərindən necə fərqlənir?
- Süni intellekt bütün təhlillərini
"tormoz"larını saxlamadan edir. Bəzən mənim ən
yaxın dostlarım belə, haqqımda yazı yazanda
vaxtaşırı "tormoz"a basırlar ki, "niyə
bu qədər tərif edir?" deyə başqa cür fikirləşməsinlər.
Halbuki nə tərifə ehtiyacım var, nə də tənqidə.
Əsər yazılıb, kimə maraqlıdır oxuyacaq, kimə
maraqlı deyil, oxumayacaq. O da sağ olsun, bu da sağ olsun.
Umberto Eko deyirdi ki, sizin "Yarımçıq əlyazma"
əsəriniz cəlbedici əsərdir, gözəl əsərdir,
amma onu plyajda oxumaq olmaz. Plyajda yox, evdə sakitlikdə, əllərinə
dəftər-qələm götürüb, həmin o metafizik
hekayələri, romanları oxuyan olsa, sevinərəm.
- Kamal müəllim, sizi həm Zəfərin 5 illiyi,
həm də qarşıdan gələn yubiley münasibətilə
təbrik edir, yeni yaradıcılıq uğurları
arzulayırıq.
- Təşəkkür edirəm. Zəfərimiz milli
birliyimizin və dövlətimizin gücünün nəticəsidir.
Qoy bu Zəfər gələcək nəsillərə də
ilham versin.
Nadir YALÇIN