Böyük Zəfərin beşinci
ili
8 noyabr, 2020-ci il Azərbaycan tarixinin ən
şanlı, parlaq səhifəsi, qürur və şərəfli
günüdür. Bu gün xalqımız böyük və
möhtəşəm Zəfərimizin beşinci
ildönümünü eyni sevinc, fəxarət hissi ilə
qeyd edir.
Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham
Əliyevin rəhbərliyi ilə ordumuzun 44 günlük Vətən
müharibəsində əldə etdiyi möhtəşəm
qələbənin şərəfinə 8 noyabr ölkəmizdə
Zəfər Günü kimi qeyd edilir. 44 gündə qəhrəmanlıq
səlnaməsi yazan müzəffər ordumuz məhz həmin
gün alınmaz qala olan qədim və tarixi şəhərimizi,
hər bir azərbaycanlı üçün misilsiz mənəvi
dəyərə malik olan Şuşanı azad etdi. Azərbaycan
Prezidenti İlham Əliyevin 2020-ci il dekabrın 3-də
imzaladığı sərəncama əsasən 8 noyabr
ölkəmizdə Zəfər Günü kimi qeyd olunur.
2020-ci il sentyabrın 27-də Ermənistan silahlı
qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat
törətməsinə cavab olaraq Azərbaycan Ordusu sonradan
"Dəmir yumruq" adlandırılan əks-hücum əməliyyatına
başladı. 44 gün davam edən Vətən müharibəsi
torpaqlarımızın otuz ilə yaxın işğalına
son qoydu.
Azərbaycan Prezidenti 2020-ci il sentyabrın 27-də, Vətən
müharibəsinin birinci günündə xalqa ilk müraciətində
bütün cəmiyyəti qəti qələbəyə
köklədi: "Biz haqq yolundayıq. Bizim işimiz haqq
işidir. Biz zəfər çalacağıq! Qarabağ
bizimdir, Qarabağ Azərbaycandır!"
Müharibədə qələbəmizi şərtləndirən
əsas amillərdən biri Azərbaycan xalqının öz
dövləti, ordusu ətrafında bir yumruq kimi birləşməsi,
həmrəylik göstərməsi, insanlarımızın
yaşından asılı olmayaraq könüllü
döyüşə yollanmaq istəyi, mübarizə əzmi
oldu. Bütün bunlar qələbəmizi daha da
yaxınlaşdırırdı. Müharibənin ilk günlərindən
ordumuzun üstünlüyü ələ alması nəticəsində
4 oktyabrda Cəbrayıl, 17 oktyabrda Füzuli, 20 oktyabrda Zəngilan,
25 oktyabrda Qubadlı və 8 noyabrda Şuşa şəhəri
işğaldan azad edildi. Ali Baş Komandanın rəhbərliyi
ilə ordumuz düşmənin illərlə qurduğu və
keçilməz deyilən istehkamlarını yara bildi. Hər
bir kənd, şəhər, yaşayış məntəqəsi
uğrunda gedən döyüş ayrıca qəhrəmalıq
nümunəsinə çevrildi.
Hər bir azərbaycanlı üçün əziz
olan Qarabağın incisi Şuşa şəhərinin iyirmi
səkkiz illik əsarətdən qurtarılması müharibənin
taleyində həlledici rol oynadı, düşmənin siyasi-hərbi
rəhbərliyinin məğlubiyyəti etiraf etməsinə və
hərbi əməliyyatları dayandırmasına səbəb
oldu.
Azərbaycan liderinin hələ döyüş əməliyyatlarının
gedişində "Şuşasız bizim işimiz
yarımçıq olar" sözləri
xalqımızın Şuşa həsrətinə son
qoyulacağından xəbər verirdi.
Prezident İlham Əliyev Şuşanın
işğalda qalmasını qəbuledilməz hal kimi dəyərləndirirdi.
"Hər bir kəndin dəyəri, qiyməti o biri kəndlə
müqayisədə, o biri şəhərlə müqayisədə
eynidir, bərabərdir. Ancaq Şuşanın Azərbaycan
xalqının qəlbində xüsusi yeri var. Bu, bizim tarixi
şəhərimizdir, qədim mədəniyyət
ocağıdır. Şuşa Azərbaycan xalqına bir
çox istedadlı, dahi şəxslər bəxş edibdir.
Əlbəttə ki, Şuşasız bizim işimiz
yarımçıq olar", - Prezident bildirib.
Dövlət başçısı Şuşanın
azad olunması xəbərini xalqa noyabrın 8-də Şəhidlər
xiyabanından elan etdi: "Mən bu gün, eyni zamanda, Ulu
öndər Heydər Əliyevin məzarını ziyarət
etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə
dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə
yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir!
Şəhidlərimizin, Ulu öndərin ruhu şaddır bu
gün! Gözün aydın olsun, Azərbaycan!
Gözünüz aydın olsun, dünya azərbaycanlıları!
Bu gün Azərbaycan xalqı bir yumruq kimi birləşib! Həmişə
belə olacaq! Bu birlik əbədi olacaq! Bu birlik bizə gələcəkdə
də bütün vəzifələri icra etmək
üçün imkan yaradacaq. Əziz Şuşa, sən
azadsan! Əziz Şuşa, biz qayıtmışıq!
Əziz Şuşa, biz səni dirçəldəcəyik!"
Bir gün sonra isə müharibə başa
çatdı, Ermənistanın təslim olmaqdan başqa yolu
qalmamışdı. Noyabrın 10-da Azərbaycan Prezidenti, Ermənistanın
Baş naziri və Rusiya Prezidenti münaqişə
zonasında atəşin və bütün hərbi əməliyyatların
tam dayandırılması barədə bəyanat
imzaladılar. Bəyanata əsasən noyabrın 20-də
Ağdam, noyabrın 25-də Kəlbəcər, dekabrın 1-də
isə Laçın rayonları bir güllə atılmadan,
şəhid verilmədən azad edildi. Bəyanatda,
kommunikasiyaların açılması, qanunsuz erməni
silahlı birləşmələrinin Azərbaycan ərazisindən
çıxarılması və s. əksini
tapmışdı. 2022-ci il avqustun 26-da isə Laçın
şəhəri, Zabux və Sus kəndləri Azərbaycana təhvil
verildi.
Müharibədən üç ilə yaxın vaxt
keçməsinə baxmayaraq, Ermənistan rəhbərliyi
üçtərəfli bəyanatı yerinə yetirməkdən
imtina edir, müxtəlif hərbi, siyasi təxribatlara əl
atır, Azərbaycanın sülh, reinteqrasiya
çağırışlarına qarşılıq vermirdi.
Ermənistan tərəfi Qarabağdakı
separatçıları, qanunsuz silahlı dəstələri
maliyyələşdirməkdə, silah-sursatla təmin etməkdə
idi. 2022-ci ilin sonu 2023-cu ilin əvvəllərində Azərbaycanın
vətəndaş cəmiyyəti təşkilatları
Laçın yolu üzərində etiraz aksiyasına
başlayanda, müharibədən sonrakı dövrdə həmin
ərazilərdə qalan Ermənistan silahlı qüvvələrinin
qalıqlarının ardıcıl təxribatlarına Azərbaycan
Ordusu tərəfindən cavab tədbirləri görüləndə
bəzi region ölkələri və Qərb dairələrinin
məsələnin mahiyyətinə varmadan, heç bir
araşdırma aparmadan verdikləri bəyanatlar ölkəmizə
qarşı təzyiq cəhdindən başqa bir şey
deyildi. Həmin dairələr hazırda mövcud olmayan
ATƏT-in Minsk qrupu vasitəsilə yenidən uzun-uzadı, mənasız
danışıqlar prosesinə start verməyə
çalışırdılar. Onların məqsədi Azərbaycanın
öz ərazisi üzərində tam suverenliyini bərpa etməsinə
imkan verməmək, 2020-ci ilin nəticələri ilə
razılaşmağa məcbur etmək idi. Amma bütün bu
təzyiqlərin, cəhdlərin heç bir nəticəsi
olmadı.
Heç vaxt başladığı işləri
yarımçıq qoymayan və bütün fəaliyyəti
boyunca "nəyi, nə zaman və necə" etməyin ən
yaxşı nümunələrini göstərən Prezident
İlham Əliyevin suverenlik və ərazi
bütövlüyü anlayışı müharibənin nəticələri
ilə məhdudlaşmamış, sonrakı illərdə həyata
keçirilən siyasət və görülən
bütün işlər prosesin davamı oldu və 2023-cü
il sentyabrın 20-də öz məntiqi sonluğuna
çatdı. Prezident İlham Əliyev uzaqgörənliklə,
praqmatik şəkildə, barışmaz prinsipiallıq və
qəti iradə nümayiş etdirərək Xankəndində
və digər qalan ərazilərdə Azərbaycanın
dövlət bayrağının asılacağı
günü yaxınlaşdırdı.
Prezident İlham Əliyev həmişə gələcəyə
baxan, onilliklər sonranı düşünən və
bütün planlarını strateji məqsədlərə
uyğun quran liderdir. Dövlət başçısı
müharibədən sonrakı 3 il ərzində tarixi əhəmiyyət
kəsb edən bir proses reallaşdırdı və üzərinə
götürdüyü tarixi missiyanı başa
çatdırdı.
2023-cü il sentyabrın 19-da başladılan və cəmi
23 saat 43 dəqiqə davam edən antiterror tədbirləri nəticəsində
Ermənistan silahlı qüvvələrinin birləşmələri
təslim oldular, separatçı rejimin varlığına son
qoyuldu. Oktyabrın 15-də Xankəndində Azərbaycan
bayrağının ucaldılması öz tarixi əhəmiyyətinə
görə 44 günlük müharibə və 8 noyabr Zəfər
gününə bərabər və onu tamamlayan növbəti
parlaq qələbə, tarixi hadisə oldu. Bu qələbə
ilə ölkəmiz öz ərazi
bütövlüyünü və suverenliyini tam təmin etdi
və son 80 ildə tam qələbə qazanan yeganə ölkə
oldu.
Prezident İlham Əliyev bununla bağlı bildirib:
“Azərbaycan ləyaqətli ölkədir, güclü
ölkədir, heç kimə məsləhət
görmürük ki, nə vaxtsa bizə qarşı
hansısa bəd əməllər haqqında
düşünsün. Hər halda son 80 il ərzində
dünyada Azərbaycan qədər tam və mütləq qələbə
qazanan ikinci ölkə olmamışdır”.
Dövlətimizin başçısı bildirib ki,
indi dünyada gedən prosesləri görürsünüz:
“Müxtəlif yerlərdə toqquşmalar, müharibələr,
hərbi cinayətlər baş alıb gedir. Amma heç kim
tam qələbə qazanmayıb. Müharibələr davam
edir, daha böyük coğrafiyanı əhatə edir və yəqin
ki, davam edəcək. Tək yeganə ölkə bizik. Yeganə
xalq bizik ki, tam Qələbə qazandıq, mütləq Qələbə
qazandıq. Düşməni kapitulyasiya aktını
imzalamağa məcbur etdik və eyni zamanda, sülhün təminatçısı
da Azərbaycandır”.
Azərbaycan dövləti həm müharibəni, həm
də sülhü qazanmış ölkədir. Bu gün Ermənistanla
sülh istiqamətində əldə edilmiş
razılaşmalar məhz Bakının sayəsində
mümkün olub. 8 avqust Vaşinqton sammiti regionda
sülhün bərqərar olmasında yeni bir səhifə
açmış oldu. Tərəflər sammitdə sülh
sazişini parafladılar, Birgə Bəyannamə
imzaladılar. Eyni zamanda, ATƏT-in Minsk qrupunun ləğvi
üçün birgə müraciət edildi. Bu gün
artıq Azərbaycan və Ermənistan sülh gündəliyini
irəli aparır, praktiki addımlar atılır. Bakı
İrəvana qarşı tranzit məhdudiyyətini aradan
qaldırıb, Zəngəzur dəhlizinin
açılması istiqamətində də işlər
görülür.
Paralel olaraq Azərbaycan azad edilmiş ərazilərə
yeni nəfəs, yeni həyat bəxş edir, sürətli bərpa-quruculuq
işləri aparılır, insanlar öz doğma
torpaqlarına qayıdırlar.
Azərbaycan öz torpaqlarını azad etməsi ilə
həm də regionda yeni reallıqlar yaratmış oldu və
artıq bütün dünya həmin reallıqları qəbul
edir. Dövlətimiz bu gün qlobal miqyasda güclü,
nüfuzlu, söz sahibi olan aktora çevrilib. Ölkəmiz hələ
çox uğurlara imza atacaq, ancaq 2020-ci il noyabrın 8-i Azərbaycan
tarixində əbədi qalacaqdır.
Zəfər Gününün beşinci
ildönümü bu gün Bakıda möhtəşəm hərbi
paradla qeyd ediləcək.
Pərvanə