"Üzeyirin ecazkar
dünyası"
GƏNC MUSİQİÇİLƏR
ÜÇÜN İNTELLEKTUAL OYUNLAR KİTABI HAQQINDA
QEYDLƏR
"Oyunun bir saatı ərzində insan haqqında bir
illik söhbətdən daha çox şey öyrənə
bilərsiniz"
Platon
2025-ci ildə Ü.Hacıbəyli adına Bakı
Musiqi Akademiyasının Orta İxtisas Musiqi Məktəb-Studiyası,
"Musiqi Dünyası" Elektron Nəşrlər Mərkəzi
və "Azərbaycan MMC" nəşriyyatının birgə
səyləri nəticəsində "Üzeyirin ecazkar
dünyası" - gənc musiqiçilər
üçün intellektual oyunlar kitabı (Bakı, "Azərbaycan"
nəşriyyatı, 2025. 150 s., Azərbaycan dilində)
işıq üzü görüb. Kitabın müəllif
kollektivinin başlıca məqsədi Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin
Üzeyir Hacıbəylinin 140 illiyinin qeyd edilməsi
haqqında 3 fevral 2025-ci il tarixli sərəncamından irəli
gələn çağırışa cavab olaraq Azərbaycan
mədəniyyəti tarixində silinməz iz qoymuş
qüdrətli şəxsiyyətin irsini müasir, interaktiv və
rəqəmsal formatda yeni nəslə sevdirmək və
tanıtmaqdır.
Dahi sənətkarın irsini onun böyük şəxsiyyətinə
məhəbbət, hörmət və məsuliyyət hissi ilə
tədqiq edən müsiqişünas-alim, sənətşünaslıq
doktoru, professor Fərəh Əliyevanın təbirincə desək,
"Üzeyir bəy Hacıbəyli musiqi həyatımızın
ayrılmaz parçasına, Azərbaycan musiqi rəmzinə
çevrilmiş əsərləri teatr səhnələrindən,
konsert salonlarından yenə də milyonlarla insanların
ruhuna, qəlbinə ünvanlanır".
Musiqili rebuslar, krosvordlar, sudoku, filvordlar,
çarxlı sözlər, anaqramlar və tapmacalar kimi
intellektual oyunlardan ibarət "Üzeyirin ecazkar
dünyası" toplusu qüdrətli sənətkarın həyat
və yaradıcılığının bələdçisi
olaraq gənclərə ünvanlanan intellektual biliklər
çeşməsidir.
Layihənin müəllifi Əməkdar incəsənət
xadimi, sənətşünaslıq doktoru, professor Tariyel Məmmədovun
rəhbərliyi ilə (intellektual oyunların tərtibçisi
sənətşünaslıq üzrə fəlsəfə
doktoru Günel Bəkirova, virtual muzeyin web tərtibçisi
Alina Cahangirova, elmi redaktor kulturologiya üzrə fəlsəfə
doktoru, dosent Yeganə Əliyevadır) hazırlanmış
"Üzeyirin sehrli dünyası" kitabı Azərbaycanda
bədii, xüsusilə də musiqi təmayüllü tədris
prosesinin qeymifikasiya təcrübəsinin həm real
(intellektual-əyləncəli-illustrativ), həm də virtual
(rəqəmsal) formatda orijinal təqdimatına nümunə
kimi dəyərləndirilə bilər.
Musiqisevər oxucunun diqqətinə təqdim olunan
kitab orta və yuxarı sinif şagirdləri, müəllimlər
və valideynlər üçün interaktiv şəkildə,
fərdi və kollektiv formatda tapşırıqların yerinə
yetirilməsini nəzərdə tutur. Virtual muzeyə, rəqəmsal
ensiklopediya və mediatekaya QR-kod tətbiqi vasitəsilə
mobil girişi təmin edən
kitabdan bütün yaş kateqoriyalardan olan musiqisevərlər
yararlana bilər. Gözoxşayan rəngarəng
illüstrasiyalarla müşahidə olunan musiqi terminlərinin
və tarixi faktların əyləncəli şəkildə mənimsənilməsinə
yönəlmiş bu kitabda müstəqil sərrast tədqiqatçı
səriştəsini tələb edən klassik rebuslardan
başlayaraq çoxmərhələli mürəkkəb
sudokularadək müxtəlif bağlama-tapmacalar yer alıb.
Onların məqsədi biliklərin genişləndirilməsini
və musiqi informasiyası ilə analitik işləmə
bacarıqlarını formalaşdırmaqdır. Təqdim
olunan intellektual oyunlar məcmusu olan kitabın özəlliyi
ondadır ki, dərsdənkənar və məktəbdənkənar
məşqələlərdə - istər fərdi şəkildə,
istər müəllim, istərsə də valideyn
müşayiəti ilə çalışmağa imkanlar
yaradır.
Kitabın ön sözünün həmmüəllifləri
professor T.Məmmədov və dosent Y.Əliyeva XXI əsrdə
biliklərin əldə olunmasına və ümumilikdə tədris
prosesinə yeni yanaşmaların və metodların tətbiqinin
zəruriliyi əsaslandırırlar. Xüsusilə
vurğulanır ki, tədris prosesində qeymifikasiyanın tətbiqi
- istənilən yaş dövründə yüksək
motivasiya, bilik və bacarıqların sürətlə mənimsənilməsi,
emosional rahatlıq, interaktivlik və operativ ikitərəfli
kommunikativ əlaqənin qurulmasını təmin edir.
Razılaşmaq olar ki, bu gün informasiya əsrinin
çağırışlarına cavab verən tədris
modeli üçün oyun yalnız əyləncə vasitəsi
deyil, eyni zamanda biliklərin əldə olunmasının
universal metodudur. İntellektual oyunlar təhsilalanlarda
yaddaşın, məntiqin, təxəyyülün, analitik və
tənqidi təfəkkürün inkişafına təsir
göstərir, əldə edilən biliklərin təcrübədə
tətbiqini təmin edir, XXI əsrin tələblərinə
uyğun kommunikativ və sosial vərdişləri
formalaşdırır. Tədrisin qeymifikasiyası təhsilalanları
səhv və ya yanlış cavab vermək qorxusundan azad edir,
emosional gərginliyi, uğursuzluq fobiyasını aradan qaldırır
və yeni biliklərin mənimsənilməsini
asanlaşdırır.
Kitabın ön söz hissəsində "oyun"
fenomeninə dair mövcud nəzəri yanaşmaların
formalaşma tarixinə qısa ekskurs edilir. "Oyun"
fenomenin adi düşüncə səviyyəsində yer tutan
əyləncə və qeyri-ciddi fəaliyyət növü
kimi assosiasiyalardan tutmuş XIX əsrin son rübündən
bu günə kimi ciddi fəlsəfi-kulturoloji təlimlərdə
universal hadisə kimi yüksək dəyər verilən
yanaşmalara qədər təkamül yolu izlənilir, arxaik
və arxetipik xarakter daşıyan həyat fəaliyyətinin
unikal forması kimi təqdim olunur. Söz yox ki, kitabın
müəllif kollektivi oyun fenomeninin nəzəri əsaslarının
bünövrəsini XX əsrin 30-cu illərində qoyan
Niderland filosofu və kulturoloqu Yoxan Heyzinqanın "Homo
Ludens" ("Oynayan İnsan") nəzəri təlimindən
impuls alaraq "Müasir dünya dəyişkəndir...
oyundan başqa" ifadəsinin sürətli transformasiyalara
uğrayan XXI əsrdə nə dərəcədə aktual
olduğunu dərk etmişlər.
Topluya didaktik oyunlar kateqoriyasına aid intellektual-idraki
oyunlar: musiqili rebuslar, krosvordlar, sudoku, filvordlar, anaqramlar və
tapmacalar daxil edilib. Kitabın müəllif kollektivi intellektual
oyunları hazırlayarkən musiqi təhsilində oyun
fenomenin əyləndirici funksiyasını yerinə yetirməklə
yanaşı, musiqi qavrayışını, yaradıcı təfəkkürü
və emosional reaksiyanı inkişaf etdirən mühüm pedaqoji və metodik alət
kimi çıxış etməsini göz önünə
almışlar. Musiqi sənəti ilk növbədə
yaradıcı fəaliyyət sahəsi olduğundan, oyun
yaradıcılıq və təxəyyülün
inkişafı üçün unikal bir mühit
formalaşdırır. İntellektual oyunlar vasitəsilə təhsilalanlar
musiqi əsərləri, bəstəkarlar və
ifaçılarla birbaşa "dialoq"a daxil olurlar ki, bu da
musiqinin dərindən qavranılmasına və
interpretasiyasına şərait yaradır. Musiqi təhsilində
oyun metodlarının tətbiqi tədris-idrak fəaliyyətinin
aktivləşdirilməsinə, musiqi obrazlarının və
musiqi qavrayışının çevikliyinin
inkişafına xidmət edir. İntellektual oyunlar hətta dərs
formatında pedaqoji prinsip və ya metodik vasitə kimi təqdim
oluna bilər.
Məlumdur ki, bu gün hər bir müəllimin əsas
məqsədi müasir cəmiyyətin tələblərinə
cavab verən şəxsiyyət formalaşdırmaqdır. Məktəblilərlə
aparılan fəaliyyətin əsas sahələrindən biri
idrakı-koqnitiv bacarıqların artırılmasıdır.
Məhz idrak prosesi uşaqların, yeniyetmələrin və gənclərin
biliklər aləminə, möcüzəvi kəşflərə
qapı açmasına imkan yaradır. Bu baxımdan,
kitabın müəllif heyəti dərsdənkənar məşğələləri
daha canlı, həvəsləndirici və effektiv etməkdə
dəstək olacaq intellektual oyunlarla işləmək
üçün aydın metodik və praktiki tövsiyələr
təklif edir. Belə ki, uğura aparan yol, müəllimin hər
bir oyunun mahiyyətini ilk növbədə özü tərəfindən
anlamasından, daha sonra şagirdlərə diqqətlə və
aydın şəkildə təqdim olunmasından, qaydaları
məharətlə izah etməsindən, həmçinin hər
bir uşağın dəstək və güvən hiss etdiyi əlverişli
mühitin yaratmasından başlayır. Müəllimin
arsenalında oyun, hər bir şagirdin şəxsiyyətinin
və yaradıcılıq potensialının inkişafı
üçün güclü pedaqoji vasitəyə çevrilə
bilər.
Kitabın müəllifləri həmçinin də
dərsdənkənar vaxtda intellektual oyun məşğələlərində
uşaqların valideynlərlə fəal ünsiyyətini nəzərdə
tutur, yaradıcılıq və şən ünsiyyət
üçün platforma təklif olunur. Toplu valideynlər və
uşaqlar üçün Üzeyir Hacıbəylinin zəngin
irsini və onun Azərbaycan musiqi mədəniyyətinin
inkişafında oynadığı əvəzsiz rolu birlikdə
öyrənmək imkanı yaradır.
Kitab Azərbaycanda ilk dəfə olaraq virtual muzeylə
müşayiət olunur. Nəşrdə təqdim edilən
QR-kod vasitəsilə oxucular Üzeyir Hacıbəylinin həyat
və yaradıcılığına həsr olunmuş virtual
muzeyə keçid etmək mümkündür. Rəqəmsal
tədris vasitəsi olaraq təhsilalanlarda idrak
motivasiyasının yüksəldilməsinə xidmət edən
virtual muzeyin yaradılmasında Azərbaycan Musiqi Mədəniyyəti
Dövlət Muzeyi, Üzəyir Hacıbəylinin ev-muzeyinin,
S.Mumtaz adına Ədəbiyyat və İncəsənət
Arxivinin fondunda, habelə "Musiqi Dünyası" Elektron Nəşrlər
Mərkəzinin arxivində olan fotomateriallardan istifadə
olunmuşdur. Burada rəqəmsal şəkildə sərgilənən
eksklüziv materiallar və eksponatlar mövzu üzrə bilikləri
genişləndirmək və kitabda verilən tapmaca və
suallara düzgün cavab tapmaq üçün geniş
imkanlar yaradır.
30 oktyabr 2025-ci il tarixində Qara Qarayev adına Mərkəzi
İncəsənət Məktəbində "Üzeyirin
ecazkar dünyası" kitabının təqdimatında
çıxış edən Ü.Hacıbəyli adına
Bakı Musiqi Akademiyasının rektoru, professor Fərhad Bədəlbəylinin
sözlərini xatırlatmaq yerinə düşər: "Bu
kitab dahi Üzeyir Hacıbəylinin zəngin irsinin gələcək
nəsillərə çatdırmaq üçün möhtəşəm
bir vasitədir. "Üzeyirin ecazkar dünyası"
yalnız bir kitab deyil, bu milli musiqi irsimizi qoruyub saxlamaq, onu gələcək
nəsillərə sevdirmək və Azərbaycan musiqi təhsilində
interaktiv, rəqəmsal yanaşmaların tətbiqinə yol
açmaqdır. Bu layihə müasir texnologiyanın köməyi
ilə musiqi dünyasının ecazkar melodiyalarını
bugünkü gənclərə çatdırır".
Şübhəsiz ki, Üzeyir Hacıbəylinin irsinə həsr
olunan topluda təqdim olunan asan, orta və çətin səviyyəli
tematik intellektual tapmacalar, QR-kod çıxışlı
virtual muzey gənclərdə musiqi sənətinə maraq
oyada, əqli-intellektual inkişafa, habelə tədris proqram
üzrə müxtəlif mövzuların mənimsənilməsinə,
musiqi əsərlərinin növ və janrlarının,
musiqi alətləri və musiqi terminlərinin yadda
saxlanılmasına kömək edə bilər.
Yeganə ƏLİYEVA
AMEA-nın Memarlıq və İncəsənət
İnstitutunun aparıcı elmi işçisi, kulturologiya
üzrə fəlsəfə doktoru, dosent
525-ci qəzet.-2025.- 13 noyabr (№ 206).- S.15.