Bir ömürlük Vətən
andı
44 günlük Vətən müharibəsində
adını Azərbaycanın qəhrəmanlıq salnaməsinə
yazdıran igidlərimizdən biri də gizir Saleh Nəriman
oğlu Məcidzadədir. O, torpağına, millətinə və
dövlətinə sonsuz məhəbbəti ilə seçilən,
həyatını Vətənə həsr edən mərd bir
oğul idi. 16 iyul 1994-cü ildə Biləsuvar rayonunun Nəsimikənd
kəndində dünyaya göz açan Saleh halal zəhmətlə
yaşayan bir ailədə böyüyüb. Uşaqlıqdan
xeyirxahlığı, səmimiyyəti, vətənpərvərliyi
ilə tanınıb, məktəb illərində həm
müəllimlərinin, həm də dostlarının sevimlisi
olub. Gənc yaşlarından universal idman növü ilə məşğul
olan Saleh qatıldığı yarışlarda dəfələrlə
qalib adını qazanıb, ordu idman növləri üzrə
yüksək nəticələr göstərərək
öz əzmkarlığı və iradəsi ilə fərqlənib.
Doğma torpaqların düşmən tapdağı
altında qalması onu narahat edirdi. Bu hiss Saleh Məcidzadəni
hərb yoluna aparan əsas səbəb oldu. O, hərbi xidmətə
cəbhə bölgəsində başlayıb, qısa zamanda
nizam-intizamı, cəsarəti və mərdliyi ilə
seçilərək nümunəvi əsgərə
çevrilib. Daha sonra Xüsusi Təyinatlı Qüvvələrin
sıralarına qəbul olunub, təlimlərdə yüksək
göstəricilər əldə edib və gizir rütbəsinə
layiq görülüb. Döyüş yoldaşlarının
sözlərinə görə, Saleh Məcidzadə tez-tez belə
deyərdi: "Mən Vətən torpaqlarının
azadlığı uğrunda şəhid olmağa belə
hazıram. Qarabağımızı azad etmək hər bir gəncin
borcudur".
O, ilk dəfə Aprel döyüşlərində
igidlik göstərib, Lələtəpə yüksəkliyi
uğrunda savaşda mərdliyi ilə seçilib. Daha sonra
Tovuz döyüşlərində düşmən diversiya qruplarının
məhv edilməsində xüsusi xidmət göstərib və
təltif olunub.
Saleh Məcidzadə 2020-ci ildə başlayan Vətən
müharibəsinin ilk günlərindən ön cəbhədə
olub, döyüşlərdə düşmənə
ağır zərbələr endirib, bir neçə
uğurlu əməliyyata rəhbərlik edib. 11 oktyabr 2020-ci
ildə Cəbrayıl istiqamətində gedən
döyüşdə qəhrəmancasına şəhidlik
zirvəsinə ucalıb.
Saleh Məcidzadənin qəhrəmanlığı
dövlət tərəfindən yüksək qiymətləndirilib.
O, ölümündən sonra "Vətən
uğrunda", "Cəbrayılın azad olunmasına
görə", "Füzulinin azad olunmasına görə",
"Kəlbəcərin azad olunmasına görə"
medalları, "Azərbaycan Bayrağı" ordeni ilə təltif
edilib. Onun adı bu gün də qürurla, hörmətlə
çəkilir. Saleh kimi oğullar sayəsində
üçrəngli bayrağımız azad
torpaqlarımızda dalğalanır.
Torpaq şəhid qanı ilə Vətən olur. Saleh
Məcidzadə bu həqiqəti öz həyatı ilə
sübut etdi. O, vətən sevgisinin, mərdliyin və
igidliyin simvoluna çevrildi - ruhu daim azad Azərbaycanın
üzərində ucalır.
Zəfər ORUCOĞLU
525-ci qəzet .- 2025.- 13 noyabr(№206).-S.14.