"Toy"
"Bir rəsmin dedikləri" rubrikasının budəfəki
qonağı sənətşünas Humay İslamovadır.
Onunla Azərbaycan rəssamlıq tarixində özünəməxsus
yeri olan Reyhan Topçubaşovanın "Toy" əsəri
haqqında danışmışıq.
Boyakarlıq sənətini öz
yaradıcılığı ilə zənginləşdirən
rəssamlarımızdan biri də Reyhan
Topçubaşovadır. Reyhan xanım 1905-ci ildə anadan
olub. Qeyri-adi istedada malik olan rəssamın həyat hekayəsi
olduqca maraqlıdır. O, ilk təhsilini Hacı Zeynalabdin
Tağıyevin yaratdığı Bakı Qızlar Məktəbində
alıb. Amma təəssüf ki, təhsilini başa vura bilməyib.
Özünəməxsus istedadına görə 1931-1935-ci illərdə
Əzim Əzimzadə adına Rəssamlıq Məktəbinin
3-cü kursuna qəbul olunub.
Yaradıcılığa 1935-ci ildən başlayan rəssam
1943-cü ildə qadın rəssamları arasında ilk
"Əməkdar incəsənət xadimi" fəxri
adına layiq görülüb. Reyhan xanımın ən məşhur
əsərləri haqqında danışarkən,
"Toy", "Qız qalası ", "Dəniz" kimi
işlərin adını qeyd edə bilərik.
- "Toy" rəssamın
yaradıcılığının hansı dövrünə
təsadüf edir?
- Əsər 1935-ci ildə çəkilib. 1936-cı
ildə sərgidə nümayiş etdirilib. Bu əsər
Reyhan xanımın diplom işi olub. Rəssam burada həyatiliyi
xüsusi incəliklə işləyib. Tablo
orijinallığı, məişətimizi tərənnüm
edən etnoqrafik dolğunluğu baxımından xüsusilə
maraq doğurur.
- Əsərin rəng həlli necədir?
- "Toy" bir neçə janrın bir-biri ilə
qarşılıqlı vəhdəti əsasında işlənib.
Bu əsər rəssamın yaradıcılığında
yeni dövrün xəbərçisidir. "Toy" zəngin
rəng həllinə malik tablodur. Burada soyuq və isti rənglər
vəhdətdə təqdim olunub ki, bu da tonların
keçidlərin mənzərəni daha ecazkar göstərməsinə
şərait yaradır. Açıq və tünd tonlar isə
hər bir geyimdə əks olunub. Tabloda məclisin getdiyi məkanın
rənglərinin ahəngi səma cisimlərinin koloritini əks
etdirir. Təsvir olunan bir neçə geyimin rənglərindəki
müxfəliflik gözdən qaçmır. Örnəklərin
koloriti, həm soyuq, həm də isti tonların vəhdət
yaratması da önəmli məqamdır.
- Bəs kompozisiya haqqında nə deyə bilərsiniz?
- Azərbaycanın milli-mənəvi dəyərləri,
adət-ənənələri tarixən rəssamların əsas
mövzularından biri olub. Reyhan Topçubaşova ilə
yanaşı, digər rəssamlar da öz əsərlərində
milli motivləri əks etdirərək
yaradıcılıqlarını bəzəyən silsilələlər
yaradıblar. Reyhan xanımın mürəkkəb quruluşa
məxsus olan "Toy" əsəri də belə
kompozisyalardandır. Əsərin süjet xəttinin mürəkkəb
olması və bir neçə obrazın müxtəlif
quruluşlu bölgülərdə yerləşdirilməsi
diqqət mərkəzindədir. Tablodan da
göründüyü kimi, toy ab-havasında xanımlar şən
və maraqlı vaxt keçirir. Mürəkkəb
quruluşlu olan əsərdə xanımların rəqs etməsi,
eyni zamanda ansambl heyətinin də əksi əsərin irihəcmli
olmasına dəlalət edir. Tabloda nəzərə
çarpan detallardan biri də xınayaxdı mərasimidir.
Çoxfiqurlu olan işdə qadınların iki-iki,
üç-üç qruplaşması da maraq yaradır.
Onların aralarında olan söhbətləri, gəlini rəqsə
dəvət etmələri göz oxşayır. Toy məclislərində
gəlinə şabaş verilməsi ənənəsi burada
da gözdən qaçmır. Fırça ustası hər
bir gəlin üçün simvolizə olunan kəlağayı
örnəyini çəhrayı rəngdə verərək əsərə
bir başqa gözəllik qatıb. Gəlin obrazının
yanında təsvir edilən uşaqların olması bizim adət-ənənələrimizdən
gəlir. Ümumiyyətlə, əsər bir neçə toy
ənənələrini özündə cəmləşdirir.
- Tablo hazırda harada saxlanılır?
- Əsər Milli İncəsənət Muzeyində
qorunur.
- Sizcə, bu rəsm bizə nə deyir?
- Rəssamın yaradıcılığında olan
müxtəlif işlərin hər biri özünəməxsus
xüsusiyyətlər ilə seçilir. "Toy" əsəri
sənətkarın əsərləri içərisində
irihəcmli olması ilə diqqət cəlb edir. Bu tabloda Azərbaycan
rəqs sənətinə dair önəmli detallar da təsvir
olunub. Yerə diqqətlə baxsaq, xalça sənətinə
xas motivlərə rast gəlirik. Bir sözlə, Reyhan
xanımın "Toy" əsərində qədimdən bu
günə qədər gələn toy ənənələrinin
gözəlliyini görürük.
Aytac SAHƏD
525-ci qəzet .- 2025.- 13 noyabr(№206).-S.11.