"Mən
kiçik addımların gücünə inanıram"
POLŞADA YAŞAYIB FƏALİYYƏT
GÖSTƏRƏN SOSİAL İŞ ÜZRƏ
MÜTƏXƏSSİS SEVİNC ƏLİYEVA:
"UŞAQLARLA İŞLƏMƏK MƏNİM ƏN GÜCLÜ
TƏRƏFİMDİR"
Sevinc Əliyeva Türkiyənin Ondokuz Mayıs
Universitetində sosial iş ixtisası üzrə tam təqaüdlə
təhsil alıb. 10 ildən çoxdur sosial sahədə
uşaqlar, gənclər və ailələrlə iş
üzrə fərqli istiqamətlərdə fəaliyyət
göstərir. Fəaliyyəti əsasən uşaq və gənclərin
sosial rifahı, zorakılığa məruz qalmış ailələrin
reabilitasiyası, gənclərin inkişaf proqramlarının
təşkili üzərində qurulub. Türkiyədə
Çocuk Dəstək Mərkəzləri (ÇODEM),
Çocuk Hizmətləri Genel Müdürlüyü
(ÇOKİM) kimi dövlət qurumlarında sosial
işçi kimi çalışıb, "Pasha
Holding"in "Əlaçı" layihəsində 18-24
yaş arası gənclərlə mentor kimi fəaliyyət
göstərib, onların şəxsi inkişaf və peşə
bacarıqlarının gücləndirilməsi istiqamətində
təlimlər təşkil edib, Harvard Aspire Leadership
Programının qaliblərindən olub. Bir neçə il əvvəl
Polşaya gedən Sevinc Əliyeva Erasmus+ proqramının
qalibi olaraq Vrotslav şəhərində 10 ay uşaq
bağçasında ingilis dili müəllimi və müəllim
köməkçisi kimi çalışıb.
Sevinc Əliyeva ilə söhbəti təqdim edirik.
- Sevinc xanım, Azərbaycandan uzaqda yaşamağa qərar
vermək çətin olmadı ki?
- Əlbəttə, hər köçün öz
çətinliyi var. Mənim heç vaxt Avropada yaşamaq
arzum olmayıb. Amma həyat bəzən insanı gözləmədiyin
seçimlər qarşısında qoyur. Bu qərarı həm
öz inkişafım, həm də ailəmin gələcəyi
üçün vermişdim. Düşünürəm ki,
uzaqda olmaq bəzən insanı köklərinə daha da
yaxınlaşdırır.
- İlk dəfə Polşaya gələndə yad
mühit, yad dil, yad simalarla üzləşdiniz.
Özünüzü necə hiss edirdiniz?
- İlk dövrlər çox çətin idi. Demək
olar ki, bir il evdən çox az hallarda
çıxırdım. Dil, mədəniyyət, iqlim - hər
şey fərqli idi. Amma zaman-zaman
adaptasiya oldum. Bu müddətdə ən yaxşı
dostlarım uşaqlar oldu. Onların təmənnasız
sevgisi və işimə olan inamım bütün
qorxularımı yavaş-yavaş azaltdı.
- Uşaq bağçasında işləmək qərarını
necə verdiniz? Polşaya gələndə bu sahədə
işləməyi planlaşdırırdınızmı,
yoxsa təsadüfən yaranan fürsət idi?
- Əslində, bu qərar bir qədər təsadüfi
oldu. Amma sonra başa düşdüm ki, uşaqlarla işləmək
mənim ən güclü tərəfimdir. Mən
uşaqlarla sosial iş üzrə ixtisaslaşmışam,
buna görə də bu sahə mənim üçün həm
maraqlı, həm də inkişaf baxımdan önəmlidir.
- Polşada müəllim kimi işləmək
üçün hansı proseslərdən keçməli
oldunuz?
- Burada sistem fərqlidir. Əvvəlcə təcrübəçi
kimi fəaliyyət göstərdim, daha sonra diplomumu təqdim
etdim. Uşaqlarla işləmək üçün müəyyən
sertifikatlar tələb olunur. Dövlət
bağçalarında işləmək üçün
polyak dilini mütləq bilmək lazımdır, özəl və
beynəlxalq məktəblərdə isə ingilis dili ilə
yanaşı, rus və ya Ukrayna dillərinə
üstünlük verilir.
- Burada uşaq bağçasında tədris
metodikası Azərbaycandakından nə ilə fərqlənir?
- Polşada uşaqlara daha çox azadlıq verilir.
Uşağın fikri, qərarı və marağı öndə
olur. Biz burada demək olar ki, hər bir detalı uşaqlarla birgə
müzakirə edirik. Müəllimlər heç vaxt kobud və
aqressiv davranmırlar. Azərbaycanda isə daha çox
böyüklərin fikrinə önəm verilir. Məncə,
ideal sistem bu iki yanaşmanın balansında gizlidir.
- Əcnəbi bir ölkədə uşaqlarla işləmək
sizə hansı yeni bacarıqları qazandırdı?
- Belə deyə bilərəm: mən səbirli
olmağı, fərqli ailə və mədəniyyətlərdən
gələn uşaqlara qarşı daha empatik davranmağı
inkişaf etdirdim. Hər uşaq yeni bir dünya, yeni bir
baxış bucağıdır. Onlarla işləmək mənim
üçün həm iş, həm də maraqlı həyat
təcrübəsidir.
- Öyrəncilərinizlə Azərbaycan mədəniyyəti
haqqında danışmaq imkanınız olurmu?
- Bəli, tez-tez olur. Məsələn, Novruz
bayramı zamanı uşaqlarla birlikdə tədbirlər təşkil
etmişik. Onlara Azərbaycan nağıllarını
danışmaq, rəqslərimizi öyrətmək və
milli yeməklərimizi tanıtmaq mənim üçün
böyük zövq və qürurdur. Bir dəfə "Azərbaycan
həftəsi" keçirmişdik, uşaqlar
bayrağımızın rənglərini öyrənib
boyamışdılar, mən onlar üçün paxlava
bişirib aparmışdım.
- Uşaqlar, onların valideynləri fərqli millətdən
olan müəllimlərlə işləməyə necə
yanaşırlar?
- Öz təcrübəmə əsaslanıb deyirəm,
əvvəlcə maraqla, bəzən tərəddüdlə
qarşılayırlar, amma sonra inamlı, güvənli
olurlar. Mənim üçün ən böyük sevinc odur
ki, valideynlər uşaqlarının evdə məndən
danışdıqlarını, adımı çəkib mənim
kimi geyinmək istədiklərini söyləyirlər.
Uşaqlar üçün millət, din, dil fərqi yoxdur - əgər
sevgi görürlərsə, onlar həmin sevgini
qaytarırlar.
- Mədəniyyətlər arasındakı fərqlər
uşaqların tərbiyəsində hansı rol oynaya bilir?
- Öz təcrübəmdən deyəcəm. Bəzən
uşaqlar Azərbaycan adətləri ilə maraqlanırlar. Məsələn,
"Siz niyə bayramda tonqal qalayırsınız?" kimi
suallar verirlər. Mən belə məqamlardan bir körpü
kimi istifadə edirəm - həm öyrədirəm, həm
öyrənirəm.
- Polşada müəllim kimi fəaliyyət göstərməyin
hansı çətinlikləri var?
- Ən böyük çətinlik ilk illərdə
dil baryeri idi. Həmçinin, sistem fərqli olduğu
üçün uyğunlaşmaq vaxt alırdı. Amma hər
çətinlik özü ilə həm də yeni fürsətlər
də gətirir.
- Dil baryerini necə aşdınız?
- Səbir və gündəlik təcrübə ilə.
Uşaqlar mənim ən böyük dil müəllimlərim
oldular. Onların sevgisi və səmimiyyəti sayəsində
polyak dilində ünsiyyət qurmağı öyrəndim.
- Hansı anlar sizə "bəli, bu işi sevirəm"
dedirdib?
- Düzü, hansısa
bir anı seçmək çətindir, çünki
uşaqlarla işləmək hər gün o hissi
yaşadır. Amma elə anlar olur ki... Məsələn,
bağçada mətbəxdən çay götürməyə
gedəndə uşaqlar uzaqdan məni görüb qaçaraq
qucaqlayırlar. Ya da anaları ilə maşında yanımdan
keçərkən pəncərədən mənə əl
eləyirlər. Bəzən də kiçik bir
oyuncağı ciblərinindən çıxarıb "bu hədiyyə
sizin üçündür" deyirlər. Bax o anlarda
anlayıram ki, necə məsuliyyətli bir öhdəliyim
var.
- Gələcəkdə Azərbaycana qayıtmaq
planınız varmı?
- Düşünürəm ki, Azərbaycana
faydalı olmaq üçün mütləq orada yaşamaq
şərt deyil. Mənim yaratdığım "Uşaqlarla
sosial iş" kursunun artıq 100 nəfərdən çox
məzunu var. Kursumuz ölkədə bu istiqamətdə ilk və
yeganə praktiki proqramdır. Kursun əsas məqsədi
uşaqlarla çalışan mütəxəssislərə
praktik bacarıqlar qazandırmaq, real keyslərlə işləməyi
öyrətmək və bilikli, təcrübəli sosial
işçilər yetişdirməkdir. Məzunlarımızın
əksəriyyəti bu gün müxtəlif təhsil müəssisələrində,
QHT-lərdə və dövlət strukturlarında fəaliyyət
göstərirlər. Bu təşəbbüs mənim
üçün təkcə bir layihə deyil, sosial iş
peşəsinin inkişafına doğru atılmış
mühüm addımdır. Harada olmağımdan asılı
olmayaraq, bu işi davam etdirmək və Azərbaycanın
sosial iş gələcəyinə töhfə vermək mənim
üçün böyük vəzifələrimdəndir.
- Xaricdə müəllimlik etmək istəyən azərbaycanlılara
hansı tövsiyələr verərdiniz?
- Getmək istədikləri ölkənin dilini, mədəniyyətini
və sistemini yaxşı öyrənsinlər. Fərqli ola
bilər, amma əgər dəyər yaratmaq istəyirsənsə,
sənə hər yerdə yer var. Qorxmasınlar, addım
atsınlar və inansınlar.
- Günün sonunda sizi ən çox nə motivasiya
edir?
- Uşaqların həqiqətən xoşbəxt
olmağı və onların inkişafında az da olsa rolumun
olduğunu bilmək, dəyişib necə inkişaf etdiklərini
görmək, dəyişimin doğrudan da mümkün
olduğuna inanmaq. Mən kiçik addımların
gücünə inanıram.
- Əgər Polşada uşaqlara bir cümlə ilə
Azərbaycanı anlatmalı olsanız, nə deyərdiniz?
- Deyərdim ki, mənim ölkəmi qlobus üzərində
tapmaq istəsəniz, görərsiniz ki, o, su içən
qartala bənzəyir.
Günel BALAKİŞİ
525-ci qəzet .- 2025.- 13 noyabr(№206).-S.10.