8 Noyabr - Şanlı
Zəfər Günü
Azərbaycanın müasir tarixində 8 Noyabr – Zəfər
Günü milli qürurun, xalq birliyinin, ədalətin və
dövlətin gücünün təntənəsidir. Bu
gün xalqımızın 30 illik həsrətinə son qoyan,
əzəli torpaqlarımızın azadlığı
uğrunda aparılan Vətən müharibəsində
qazanılmış möhtəşəm Qələbəni
simvolizə edir. Prezident, Müzəffər Ali Baş Komandan cənab
İlham Əliyevin dediyi kimi: “Mən işğal
dövründə deyirdim, hər birimiz azadlıq
gününü, bu müqəddəs günü öz
işimizlə yaxınlaşdırmalıyıq,
yaxınlaşdırırdıq və
yaxınlaşdırdıq.”
1988-ci ildə başlayan erməni təcavüzü nəticəsində
Azərbaycan torpaqlarının 20 faizi işğal edilmiş,
bir milyondan çox soydaşımız qaçqın və məcburi
köçkün həyatı yaşamış, yüzlərlə
şəhər və kənd yerlə-yeksan edilmişdir.
İşğal təkcə ərazilərimizin deyil, həm də
mədəni irsimizin, iqtisadi potensialımızın məhv
edilməsi ilə nəticələnmişdir. Lakin Azərbaycan
xalqı bu illər ərzində azadlıq idealına sadiq
qaldı, Vətənə bağlılığını və
müstəqillik iradəsini qorudu.
Ulu Öndər Heydər Əliyev tərəfindən
əsası qoyulan müstəqil dövlətçilik xətti,
Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə məqsədyönlü,
sistemli və prinsipial siyasət kimi davam etdirildi. Dövlətin
bütün strateji resursları – diplomatik, iqtisadi, hərbi və
ideoloji istiqamətlər – Vətən torpaqlarının
azadlığı məqsədinə yönəldildi.
Güclü ordu quruculuğu, müasir hərbi sənaye
kompleksinin yaradılması, beynəlxalq arenada balanslı və
fəal siyasət aparılması, eləcə də xalq-ordu
birliyinin möhkəmlənməsi bu zəfərin təməlini
qoydu.
Azərbaycan Ordusu Prezident cənab İlham Əliyevin
rəhbərliyi altında dünyanın ən güclü
ordularından birinə çevrildi. Ölkəmiz öz hərbi
texnologiyasını istehsal etməyə, ordusunu müasir
texnika və silahlarla təchiz etməyə başladı. Azərbaycanın
iqtisadi gücü, enerji layihələri, nəqliyyat və
logistika infrastrukturu onu regionun lider dövlətinə
çevirdi.
2020-ci il 27 sentyabr tarixində Ermənistanın
növbəti hərbi təxribatına cavab olaraq Azərbaycan
Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin
“İrəli!” əmri ilə əks-hücum əməliyyatlarına
başladı. 44 gün ərzində Ordumuz hər gün irəliləyərək
tarixi ədaləti bərpa etdi. “Dəmir yumruq” əməliyyatı
nəticəsində 5 şəhər, 4 qəsəbə və
286 kənd işğaldan azad olundu. Şuşa şəhərinin
azad edilməsi isə müharibənin taleyini həll edən əsas
mərhələ oldu.
Prezident cənab İlham Əliyev Şuşanın
azad edilməsi barədə xalqa müraciətində dedi:
“Şuşasız bizim işimiz yarımçıq
qalardı. Şuşa azaddır! Qarabağ Azərbaycandır!”
Bu tarixi sözlər azərbaycanlıların
yaddaşında əbədi həkk olundu.
Vətən müharibəsi təkcə
döyüş meydanında deyil, diplomatik və informasiya
müstəvisində də qazanılmış Zəfər
idi. Prezident İlham Əliyev 44 gün ərzində dünya
ictimaiyyətinə 30-dan çox beynəlxalq müsahibə
verərək Azərbaycanın haqq səsini, müharibənin
ədalətli səbəblərini və beynəlxalq
hüququn prinsipial mövqeyini dünyaya çatdırdı.
Bu dövrdə Türkiyə Prezidenti Rəcəb Tayyib
Ərdoğanın “Azərbaycan tək deyil” bəyanatı və
iki qardaş dövlət arasında imzalanmış
Şuşa Bəyannaməsi müttəfiqlik münasibətlərini
ən yüksək zirvəyə qaldırdı.
Azərbaycan xalqı “Dəmir yumruq” altında birləşərək,
etnik və dini fərqlərdən asılı olmayaraq
sarsılmaz həmrəylik nümayiş etdirdi. Bu birlik Azərbaycanın
dövlətçilik tarixində yeni mərhələnin əsasını
qoydu.
Vətən müharibəsində Qələbə
xalqımızın minlərlə şəhidinin qanı,
qazilərimizin fədakarlığı hesabına əldə
edildi. Prezident cənab İlham Əliyevin təşəbbüsü
ilə “Vətən Müharibəsi Qəhrəmanı”
adı, “Zəfər” və “Qarabağ” ordenləri, onlarla
medallar təsis olundu. 2020-ci il 3 dekabr tarixli Sərəncamla hər
il 8 Noyabrın “Zəfər Günü” kimi qeyd edilməsi qərara
alındı.
Bakıda inşa edilən Vətən Müharibəsi
Memorial Kompleksi və Zəfər Muzeyi, eləcə də Zəfər
Parkı bu qəhrəmanlıq tarixinin əbədiləşdirilməsi
məqsədi daşıyır. Zəfər Parkında
ucaldılan 44 metrlik “Zəfər Tağı” 44 günün
simvoluna çevrilib. Hərbi Qənimətlər Parkı isə
işğalın acı gerçəkliklərini və Qələbənin
dəyərini gələcək nəsillərə
çatdıran canlı muzeydir. Vətən müharibəsindən
sonra Prezident İlham Əliyevin rəhbərliyi ilə azad
edilmiş torpaqlarda genişmiqyaslı bərpa və yenidənqurma
işləri aparılır. 2022-ci ildə təsdiqlənmiş
“Böyük Qayıdışa dair Dövlət Proqramı”
çərçivəsində artıq minlərlə ailə
öz doğma yurdlarına qayıdıb. Azad edilmiş ərazilərdə
müasir infrastruktur, yollar, məktəblər, xəstəxanalar,
hava limanları və sənaye parkları inşa edilir.
Qarabağ və Şərqi Zəngəzurda sosial
layihələrin icrası, “DOST” mərkəzlərinin fəaliyyətə
başlaması, şəhid ailələri və qazilərin
sosial müdafiəsi istiqamətində həyata keçirilən
tədbirlər dövlətin öz vətəndaşına
olan qayğısını göstərir. Prezident İlham
Əliyevin dediyi kimi: “Vətən uğrunda canlarını fəda
etmiş qəhrəmanlarımızın ailələri
dövlət tərəfindən daim qayğı ilə əhatə
olunmalıdır və biz bunu təmin edirik.” Azərbaycan
2023-cü ilin sentyabrında həyata keçirdiyi lokal
antiterror əməliyyatı ilə Qarabağda dövlət
suverenliyini tam bərpa etdi. 15 oktyabr 2023-cü ildə Prezident
cənab İlham Əliyevin Xankəndidə Azərbaycan
Bayrağını ucaldaraq dediyi sözlər bu tarixi mərhələnin
yekunu idi: “Bu şanlı tarix bizimlə əbədi olacaq.”
Prezident İlham Əliyevin 2024-cü il Sərəncamı
ilə Dövlət Suverenliyi Günü təsis edilmiş,
2025-ci il isə “Konstitusiya və Suverenlik İli” elan
olunmuşdur. Bu qərarlar Azərbaycanın ərazi
bütövlüyünün və dövlət müstəqilliyinin
dönməzliyinin simvoludur. Zəfər Günü təkcə
hərbi Qələbə deyil, həm də milli ruhun, dövlətin
gücünün, xalqın birliyinin və ədalətin təntənəsidir.
Bu gün bizi sabaha inamla aparan milli həmrəyliyin, lider-xalq
birliyinin rəmzidir.
Azərbaycan xalqı bu Zəfəri yaradan qəhrəman
oğul və qızları ilə, Müzəffər Ali
Baş Komandanı ilə, azad Qarabağ və Zəngəzurla
qürur duyur. Tarixi Qələbəmizlə bərpa
olunmuş ədalət gələcək nəsillərə
azadlıq, müstəqillik və vətən sevgisi dərsi
kimi əbədi qalacaq.
Həsən Bayramov
Pedaqogika üzrə elmlər doktoru, professor
525-ci qəzet .- 2025.- 13 noyabr(¹206).-S.6.