Təhsilin idarə olunması: elmi əsaslar
və strateji yanaşmalar
Təhsilin idarə olunması müasir elmi diskursda
özünü müstəqil və strateji əhəmiyyətli
bir sahə kimi təsdiqləyib. XX əsrin ortalarından
başlayaraq, əsasən ABŞ və Avropada formalaşan bu
sahə, universitet proqramlarına sistemli şəkildə
inteqrasiya olunub və təhsil müəssisələrinin
effektiv idarə olunması üçün nəzəri əsasların
işlənməsinə imkan yaradıb. Təhsil menecmenti
yalnız idarəetmə prinsiplərinin tətbiqi ilə məhdudlaşmır;
eyni zamanda təhsil siyasəti, resursların
optimallaşdırılması, təhsil keyfiyyətinin qiymətləndirilməsi
və strateji planlaşdırma kimi kompleks sahələri əhatə
edən elmi tədqiqatlar vasitəsilə inkişaf edir. Bu sahədə
aparılan tədqiqatlar təhsil sistemlərinin səmərəliliyinin
artırılmasına, innovativ idarəetmə
yanaşmalarının tətbiqinə və elmi əsaslı
qərarvermənin gücləndirilməsinə xidmət edir,
həmçinin təhsilin sosial və iqtisadi dəyərinin
yüksəldilməsində əvəzsiz rol oynayır.
İnkişaf etmiş ölkələrdə təhsilin
idarə olunması yalnız institusional qaydalarla məhdudlaşmır,
eyni zamanda elmi əsaslarla qurulur. Bu sahədəki tədqiqatlar
təhsil siyasətinin formalaşdırılması,
resursların optimal idarə olunması, təhsil keyfiyyətinin
yüksəldilməsi, məktəb və universitetlərin
strateji inkişafının təmin olunması
üçün vacibdir. Effektiv təhsil menecmenti həm
dövlət səviyyəsində qərarvermə proseslərinə,
həm də təhsil müəssisələrinin səmərəli
fəaliyyətinə birbaşa təsir göstərir.
Dünya təcrübəsi göstərir ki, təhsilin idarə
olunmasında innovativ yanaşmalar və məlumat əsaslı
qərarvermə təhsil sistemlərinin inkişafını
sürətləndirir.
Türkiyədə isə təhsilin idarə
olunması sahəsi son onilliklərdə sürətlə
inkişaf edir. Bu sahədə çox sayda professorlar fəaliyyət
göstərir və ixtisaslaşmış tədris
proqramları mövcuddur. Burada akademik kadrların
hazırlanması, elmi-tədqiqat işlərinin
aparılması və peşəkar standartların tətbiqi
sistemli və davamlı şəkildə həyata
keçirilir.
Lakin Azərbaycanda təhsilin idarə olunması elm
sahəsi kimi, demək olar ki, formalaşmayıb. Sahədə
fəlsəfə doktoru elmi adını almış mütəxəssis
çox azdır. Bu vəziyyət burada sahənin elmi və
praktik inkişafı üçün ciddi çətinlik
yaradır və ixtisaslaşmış kadrların
hazırlanmasının sürətləndirilməsini vacib
edir. Bəzi universitetlərdə təhsilin idarə
olunması üzrə tədris aparılsa da, tələbələr
üçün ədəbiyyata çıxış məhduddur.
Bu sahədə əsas ədəbiyyat xarici dillərdədir.
Bu baxımdan, universitetlərin pedaqoji fakültələrində
Təhsil Menecmenti kafedralarının yaradılması və
sahəyə aid dərs vəsaitlərinin hazırlanması
ölkəmizdə təhsilin idarə olunması elminin
inkişafı üçün strateji addım hesab olunur.
Azərbaycan Dövlət Pedaqoji Universitetində 9 iyul
2021-ci il tarixli ADPU Elmi Şurasının qərarına əsasən
Təhsil Menecmenti kafedrası yaradılmışdır. Bu
kafedra ali təhsilin magistratura səviyyəsi üzrə MBA -
Biznesin idarə edilməsi (təhsilin təşkili və idarə
olunması), biznesin təşkili və idarə edilməsi (təhsil
üzrə marketinqin təşkili və idarə olunması),
menecment, təhsildə qiymətləndirmə və monitorinq,
tədrisin təşkili və metodikası (SABAH)
ixtisaslaşmaları üzrə baza kafedrasıdır.
Kafedrada idarəetmənin psixologiyası, rəqəmsal
təhsil və müasir təlim texnologiyaları, təhsil və
milli inkişaf, təhsil müəssisələrinin idarə
olunması, kommunikativ və akademik xarici dil, maliyyə idarəçiliyi,
inklüzivlik və bərabərlik, elmi tədqiqat
metodları, liderlik və peşəkar inkişaf, layihələrin
idarə olunması, strateji idarəetmə, statistik təhlil,
strateji marketinq, davamlı təhsil və insan resurslarının
inkişafı, məlumat əsaslı qərarvermə, beynəlxalq
təhsil modelləri və digər fənlər tədris
olunur.
Kafedrada fəlsəfə doktoru və elmlər doktoru
proqramı üzrə təhsilin təşkili və
planlaşdırılması ixtisasında kadr
hazırlığı həyata keçirilir. Kafedraya
universitetin elm və innovasiyalar üzrə prorektoru,
fizika-riyaziyyat elmləri doktoru, professor Asəf Zamanov rəhbərlik
edir. Bu təşəbbüs sahənin elmi inkişafı,
magistr və doktorantura səviyyəsində
ixtisaslaşmış kadrların hazırlanması
baxımından böyük əhəmiyyət kəsb edir.
Lakin mütəxəssislərlə birlikdə qurulmuş
xüsusi komissiyalar vasitəsilə xarici ədəbiyyatların
Azərbaycan dilinə tərcüməsi və istifadəyə
verilməsi də sahə
üçün son dərəcə vacibdir. Bu proses tələbələr
və praktik mütəxəssislər üçün ədəbiyyata
çıxışı təmin etməklə, elmi məlumatların
geniş yayılmasına və pedaqoji menecmentin
inkişafına xidmət edir. Sözsüz ki, dərs vəsaitlərinin
hazırlanması, tərcümələr və bu sahənin
mütəxəssisləri ilə əməkdaşlıq sahənin
Azərbaycanda elmi və praktik inkişafı üçün
strateji əhəmiyyət daşıyır.
Bu sahədə kitabların hazırlanması prosesində
məhz sahə mütəxəssislərinin
iştirakını təmin etmək onların elmi bilik və
praktiki təcrübələri əsərin keyfiyyətinə
mühüm töhfə verəcək. Belə yanaşma həm
dərs vəsaitlərinin sayı və çeşidinin
artırılmasına, həm də sahənin elmi
bazasının zənginləşdirilməsinə xidmət
etməsi baxımından böyük əhəmiyyət kəsb
edir.
Bu çərçivədə, yaxın günlərdə
çapdan çıxan professor Asəf Zamanovun təşəbbüsü
ilə hazırlanmış "Pedaqoji menecment" dərs vəsaiti
də sahə üçün faydalı və əhəmiyyətli
bir resurs kimi ortaya çıxıb.
"Pedaqoji menecment" dərs vəsaiti: elmi əsaslar,
strukturu və tətbiqi imkanlar
A.D.Zamanov və M.H.Nəzərovun
hazırladıqları "Pedaqoji menecment" dərs vəsaiti
pedaqoji idarəetmə sahəsində nəzəri bilikləri
praktik bacarıqlarla birləşdirən, elmi cəhətdən
zəngin bir mənbədir. "Elm" nəşriyyatının
2025-ci ildə çap etdiyi bu 640 səhifəlik əsər
pedaqoji menecmentin prinsiplərini, üsul və
metodlarını sistemli şəkildə təqdim edən, həm
tələbələr, həm də sahə mütəxəssisləri
üçün faydalı olacaq bir resurs kimi nəzərdə
tutulub. Kitabın elmi redaktoru professor Bəyalı Ataşov, rəyçiləri
isə professor Hikmət Əlizadə, professor Rəsmiyyə
Abdullayeva, pedaqogika üzrə fəlsəfə doktoru dosent
Polad Mədədov və professor Rüfət Hüseynzadədir
ki, onların elmi iştirakı əsərin keyfiyyətini və
elmi səviyyəsini daha da yüksəldir.
Dərs vəsaiti geniş mövzu spektrini əhatə
edir. Hər fəsil, pedaqoji menecmentin əsas nəzəri
anlayışlarını təqdim etməklə
yanaşı, onları real praktik nümunələrlə əlaqələndirir.
Kitabda pedaqoji idarəetmənin məqsəd və
funksiyaları, təşkilati struktur və qərarvermə
mexanizmləri, habelə müəllim və rəhbərlərin
fəaliyyətində idarəetmə strategiyaları ətraflı
şəkildə izah edilmişdir. Bu yanaşma oxucunun
mövzunu yalnız nəzəri səviyyədə öyrənməsinə
deyil, həm də praktiki tətbiqinə imkan yaradır.
XV fəsildən ibarət kitabda pedaqoji menecmentin
mürəkkəb və çətin aspektləri ətraflı
təhlil olunur. Həm klassik idarəetmə modelləri, həm
də müasir təcrübələr müqayisəli şəkildə
təqdim edilir, innovativ idarəetmə yanaşmaları və
müasir pedaqoji texnologiyalar oxucuya çatdırılır.
Bu, həm nəzəri biliklərin dərinləşdirilməsinə,
həm də praktik bacarıqların artırılmasına
imkan yaradır.
Kitabın terminologiyası elmi cəhətdən dəqiq
və müasir standartlara uyğundur. Müəlliflər
mövzunu sadə və anlaşılan üslubda təqdim edərək
oxucunun materialı rahat qavramasına şərait yaradır. Vəsaitin
güclü tərəflərindən biri onun strukturu və
sistematikliyidir. Mövzular məntiqli ardıcıllıqla təqdim
olunur ki, oxucu mövzunu mərhələli şəkildə mənimsəsin
və əldə etdiyi bilikləri praktik fəaliyyətdə
tətbiq edə bilsin.
Kitabda pedaqoji menecmentin elmi və nəzəri əsasları
geniş şəkildə təqdim edilmişdir. Hər fəsildə
sahənin müxtəlif aspektləri ətraflı izah olunur:
pedaqoji menecmentin strukturu, təhsil müəssisəsinin
konseptual əsasları, pedaqoji menecmentin əsas istiqamətləri,
pedaqoji kollektivin idarə olunması, idarəetmə
etikası, innovativ idarəetmə, idarəetmə mədəniyyəti,
təhsildə strateji idarəetmə, keyfiyyətin idarə
olunması, qərarvermə prosesləri və insan
resurslarının idarə olunması. Hər mövzu üzrə
nəzəri və elmi əsaslar təqdim olunmaqla
yanaşı, tətbiqi imkanlar da göstərilib. Bu
yanaşma oxucuya həm pedaqoji menecmentin əsas prinsiplərini
dərindən anlamağa, həm də onları praktik fəaliyyətdə
uğurla tətbiq etməyə imkan yaradır.
Ümumiyyətlə, "Pedaqoji menecment" dərs
vəsaiti sahədə fundamental və tətbiqi bilikləri
bir araya gətirən dəyərli bir mənbədir. Kitab həm
tələbələr, həm müəllimlər, həm də
pedaqoji menecment sahəsində çalışan praktik
mütəxəssislər üçün faydalıdır.
Onun geniş mövzu əhatəsi, elmi əsaslı təqdimatı
və zəngin praktiki nümunələri bu vəsaiti akademik
və praktik istifadədə önəmli edir. Bu əsərin
pedaqoji menecmentin tədris və tətbiqi prosesində
geniş şəkildə istifadə olunması tövsiyə
olunur.
Şəhla İBİŞOVA,
Təhsilin idarə olunması üzrə fəlsəfə
doktoru, Türkiyənin Qazi Universitetinin müəllimi
525-ci qəzet .- 2025.- 14 noyabr(№207).-S.12.