Elmin və elm
adamlarının böyük himayədarı
Ümummilli lider Heydər
Əliyevin unudulmaz xatirəsinə
Milli Elmlər Akademiyasının 80 illik yubileyində
Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı və
dərin məzmunlu nitqi dövlətimizin
başçısının elmə, təhsilə və
ziyalılara göstərdiyi böyük qayğı və
ehtiramın növbəti bariz ifadəsi oldu. Dövlət
başçısı çıxışında Ulu öndər
Heydər Əliyevin dövlətçilik zəkası,
uzaqgörən siyasəti və milli düşüncəyə
əsaslanan yanaşması nəticəsində ölkəmizdə
elmin inkişafı üçün möhkəm ideoloji, maddi
və institusional baza formalaşdığını
vurğuladı. Ümummilli liderin elmimizə və alimlərimizə
tarixi qayğı və diqqətinin bu gün də davam
etdiyini, yaşadığını, yeni formalarla zənginləşdiyini
diqqətə çatdıran Prezident bildirdi ki, Ulu öndər
Heydər Əliyev Azərbaycan alimlərinə dəstəyini
heç zaman əsirgəmirdi.
Dövlət başçısının
çıxışındakı məqamlar həmin
dövrü gözlərim önündə canlandırdı
və o unudulmaz hadisələrin şahidi kimi xatirələrimi
bölüşmək istədim.
Öncə onu deyim ki, Azərbaycan tarixində bir epoxa
olan, xalqın tarixi müqəddəratında həlledici rol
oynayan, adı tariximizə qızıl hərflərlə
yazılan böyük dövlət xadimi Heydər Əliyev
bir qayda olaraq milli-mənəvi dəyərlərimizin
qorunmasına və təbliğinə xüsusi qayğı
göstərirdi.
Yaradan ona elə bir fitri istedad vermişdi ki, o, hər
sahəni mükəmməl bilirdi. Əvvəlcə
Ümummilli liderin bu sahələrdən birinə - folklora
münasibətindən söz açmaq istəyirəm. Ulu
öndərin folklor haqqında heyrətamiz bələdliklə
mülahizələr yürütməsi, məsələnin
kökünə nüfuz etməsi, onun fitri istedadından və
milli-mənəvi dəyərlərimizə tükənməz
məhəbbətindən qaynaqlanırdı.
Əminliklə deyə bilərik ki, şifahi və
yazılı ədəbiyyatımızın
başlanğıcı və tükənməz enerji mənbəyi
"Kitabi-Dədə Qorqud" o dahi şəxsiyyətin sayəsində
layiqli yerini tutdu. Yaşlı nəsil unutmayıb ki, keçən
əsrin 40-50-ci illərində "Kitabi-Dədə
Qorqud" yasaq edilmişdi. Həmid Araslı və Məmmədhüseyn
Təhmasib akademik V.Bartoldun ruscaya çevirdiyi "Kniqa moeqo
Deda Korkuda" kitabını 1950-ci ildə Bakıda Elmlər
Akademiyası nəşriyyatında çap etdirdiklərinə,
Əbüləzəl Dəmirçizadə uşaqlar
üçün "Dədə Qorqud" mövzuları əsasında
"Qaraca Çoban" pyesi yazdığına, Səməd
Vurğun şair fəhmi ilə bu ölməz abidənin
işıqlı gələcəyini görərək onu
"Gələcəyin toy-bayramı" şeirində tərənnüm
etdiyinə görə başları çox bəlalar çəkdi.
Əvvəlcə partiya yığıncağında kəskin
tənqid olundular, 1951-ci ilin may ayında isə
Yazıçılar İttifaqının iclasında "səhvlərini"
etiraf etsələr də, az qala onları pantürkist
damğası ilə həbs edəcəkdilər.
Ulu öndər "Kitabi-Dədə Qorqud"a
yazdığı "Ön söz"də göstərir
ki, o dövrdə elə bir iclas, elə bir qurultay, elə bir
konfrans olmazdı ki, orada "Dədə Qorqud" tənqid
olunmasın. Eposa qadağa damğası vurulmuşdu.
Eposun elmi-ədəbi fikir dövriyyəsinə daxil
olmasında Heydər Əliyevin xidmətləri
ölçüyəgəlməzdir. Tədqiqatçıların
qeyd etdiyi kimi, Ulu öndərimiz hakimiyyətə yenidən
qayıtdıqdan sonra milli düşüncənin
bütün sahələrindən daha çox ədəbiyyatda
coşqun "Kitabi-Dədə Qorqud" dövrü
başladı. Xalq şairi Zəlimxan Yaqub deyirdi ki,
"Manas"ın 1000 illik yubileyində Ulu öndərimiz də
iştirak edirdi.
Təntənəli yığıncaqdan sonra bizə
ayrılmış çadırlara yenicə gəlmişdik
ki, dedilər, Heydər Əliyev hamımızı öz
çadırına çağırır. Getdik. Onun ilk
sözü bu oldu: "Kitabi-Dədə Qorqud"un
başlanğıc cümləsi necədir? Şübhəmiz
yox idi ki, Ulu öndər onu bizdən də yaxşı
bilirdi. Bununla belə, dedik: "Rəsul Əleyhissəlamın
zamanına yaqın Bayat boyundan Qorqud Ata derlər, bir ər
qopdu". Sonra məlum oldu ki, öndərimiz o söhbəti
təsadüfi salmamışdı.
Bakıya qayıdandan sonra Heydər Əliyev
"Kitabi-Dədə Qorqud" eposunun 1300 illiyinin beynəlxalq
səviyyədə keçirilməsi barədə 20 aprel
1997-ci il tarixli fərman imzaladı. Dövlət səviyyəsində
tədbirlər planı tutuldu. Alimlərin 3 illik fəaliyyətinin
nəticəsində ikicildlik "Kitabi-Dədə Qorqud"
ensiklopediyası meydana gəldi.
Dövlət başçısı bu möhtəşəm
eposu "Ön söz"də yüksək dəyərləndirərək
yazırdı: "Dünya qorqudşünaslığı
"Kitabi-Dədə Qorqud"un istər etnik, mənşə,
istər tarixi-coğrafi, ərazi, istərsə də dil və
məfkurə baxımından Azərbaycan xalqına mənsub
olması fikrini qəti şəkildə təsdiq edir.
"Kitabi-Dədə Qorqud"un Azərbaycan tarixi
üçün ən böyük, ən əsas və ən
birinci xidməti bundan ibarətdir..."
Onu da deyim ki, "Kitabi-Dədə Qorqud"un 1300
illik yubileyinin ümumdünya miqyasında keçirilməsi
barədə UNESCO-nun qərarı vardı. 2000-ci ildə
keçirilən yubiley tədbirində Heydər Əliyev
geniş məruzə ilə çıxış etdi.
"Kitabi-Dədə Qorqud"un Azərbaycan xalqına məxsus
olmasının təsdiqi Ulu öndərimizin ən
böyük xidmətlərindən biri idi.
Unudulmaz şəxsiyyət Heydər Əliyevin əvəzsiz
xidmətlərindən biri də Novruz bayramının
dövlət səviyyəsində bayram edilməsinə rəvac
verməsi idi. 1979-cu ildə İçərişəhərin
Qoşa Qala Qapısı meydanında möhtəşəm
Novruz bayramı şənlikləri keçirildi. Ulu öndərimiz
dövlət rəsmiləri və cənab İlham Əliyevlə
meydandan keçib gedirdi. Onlar da dayanıb səsləndirilən
aşıq mahnısını axıra qədər dinlədilər.
Ümummilli lider Heydər Əliyev milli muğamı
da, klassik musiqini də, aşıq musiqisini də çox
sevirdi. Aşıq sənətini yüksək qiymətləndirirdi.
Təsadüfi deyildir ki, "Aşıqlar Birliyi" və
"Aşıq Pəri məclisi" onun xeyir-duası ilə
yaranıb. Aşıq Ələsgərin, Aşıq
Alının, Aşıq Şəmşirin yubileylərinin
keçirilməsi barədə sərəncamlar
imzalamışdı. Aşıq Ələsgərin 150
illiyinin Moskvada "Qurultaylar sarayı"nda keçirilməsi
əlamətdar hadisə idi. Aşığın poeziyası
Vladimir Qafarov tərəfindən rus dilinə tərcümə
edilərək kitab halında çap olundu və rus
oxucularına təqdim edildi.
Böyük rəhbər görkəmli şəxsiyyətlərin
yubileylərinin keçirilməsini zəruri sayırdı.
Xüsusi vurğulayırdı ki, yubileylərin keçirilməsi
bir tərəfdən onların xalq qarşısında xidmətlərinə
verilən qiymətdir, digər tərəfdən xalqın zənginliyini
nümayiş etdirməkdir. Ümumxalq məhəbbəti
qazanan, hamının intizarla gözlədiyi "Ozan" və
"Bulaq" verilişləri də Heydər Əliyevin
ölkəyə rəhbərliyi dövründə
yaranmışdı. "Ozan" televiziya verilişinin
Dövlət mükafatına təqdim edilməsi çox mətləblərdən
xəbər verirdi.
Ulu öndərin folklorumuza olan dərin məhəbbətinin
nəticəsi əvvəlcə "Folklor elm mərkəzi"nin
(1994), sonralar isə analoqu olmayan "Folklor İnstitutu"nun
yaradılması (2003) oldu. Folklor İnstitutunda "Dədə
Qorqud" şöbəsi yarandı və "Dədə
Qorqud" jurnalı nəşrə başladı. İndi institutda
"Aşıq yaradıcılığı", "Mərasim
folkloru", "Türk xalqları", "Folklor və
yazılı ədəbiyyat", "Cənubi Azərbaycan
folkloru" və başqa şöbələr fəaliyyət
göstərir və öndərimizin həmişə diqqət
mərkəzində olan milli-mənəvi dəyərlərimizin
qorunması və təbliği yolunda müstəsna işlər
görülür.
Ötən il dahi Füzulinin 530 illiyi ilə əlaqədar
möhtərəm Prezidentimizin verdiyi sərəncam Ulu öndərimiz
Heydər Əliyevin kursunun əbədiliyinin göstəricisidir.
İkinci xatirəm bununla bağlıdır. 1994-cü ildə
Füzulinin 500 illik yubileyi ərəfəsində qərb
dövlətləri İraq Respublikası nefti milliləşdirdiyinə
görə başqa ərəb ölkələrinə
görk olsun deyə onu cəzalandırmaq qərarına gəlmişdi.
Ölkə elə blokadaya alınmışdı ki, İraq
başqa ölkələrə hava-su kimi lazım olan neftini də
sata bilmirdi. Ölkə ağır maliyyə çətinlikləri
ilə üzləşmişdi. Bu səbəbdən bəzi
ölkələrdə, eləcə də Azərbaycanda səfirliyini
bağlamaq qərarına gəlmişdi...
Filarmoniyada yazıçıların
qurultayının keçirildiyi vaxt mərasimin
başlamasına az qalmış təəssüflə ürəyimdən
keçirdim: "Bu qurultayımız Heydər Əliyevsiz
keçirəcəyimiz yeganə qurultay olacaq". Elə bu
vaxt kimsə arxadan qışqırdı: "Heydər
Əliyev gəlir!" Hamı ayağa qalxıb sürəkli
alqışlarla həmişə yazıçıların
dayağı olmuş bu görkəmli şəxsiyyəti
layiq olduğu səviyyədə qarşıladı. Nəhayət
Heydər Əliyev əlini qaldıraraq sakitləşməyi
xahiş etdi. Yazıçılar Birliyinin sədri Anar Ulu
öndəri Rəyasət Heyətinə dəvət etdi.
Heydər Əliyev: "Anar, mən oradan zala çox
baxmışam. Bu dəfə zaldan Rəyasət Heyətinə
baxmaq istəyirəm" - deyib zalda əyləşdi.
Şair Məmməd Aslan başda olmaqla bir qrup
dayanmadan qışqırdı: "Heydər Əliyev Rəyasət
Heyətinə dəvət olunsun!" Anar müəllim dedi
ki, Məmməd, sakit olun! Qərar Heydər Əliyevindir.
Qurultayın gedişində son aylar Füzulinin
mavzoleyinin sökülməsi və qəbrin düzəldilməsi
barədə mətbuatda yer alan söz-söhbətə də
toxunuldu. Bəziləri tələb edirdi ki, Füzulinin nəşi
Azərbaycana gətirilsin. Onlar dövləti fəaliyyətsizlikdə
günahlandırırdı. Heydər Əliyev dedi ki, əvvəla,
bu, çox çətin məsələdir. Məlumdur ki,
Füzuli İraqda anadan olub, orada yaşayıb-yaradıb,
orada da dünyasını dəyişib. O, İraq şairi
kimi tanınır. Bu işə dövlətin
qarışması münasib deyil. Siz yazıçılar,
ziyalılar, alimlər müraciət edə bilərsiniz...
Müraciət forması üzərində
qızğın mübahisələr başladı. Hər
ağızdan bir avaz çıxırdı. Mübahisəyə
Heydər Əliyev qarışmalı oldu: "Bu işi Teymur
Əliyev (şair Teymur Elçin) yaxşı bilir. O
buradadırmı?" Teymur Əliyev ədəb-ərkanla
ayağa qalxıb: "Bəli, Heydər Əliyeviç,
burdayam!" - dedi. Teymur müəllim elə bir müraciət
forması irəli sürdü ki, kimsə etiraz etmədi.
Qurultay bitəndə Heydər Əliyevi uzun sürən
sürəkli alqışlarla yola saldıq. Mənə
görə, bu, ən yaxşı qədirşünaslıq əlaməti
idi.
Vaxt keçdi. Çox hadisələr baş verdi.
İraq səfirliyinin bağlanmasına görə də məsləhət
görüldü ki, İraq Prezidentinə ziyalılar
müraciət etsin. Səfirlik və ziyalılarımızla əlaqə
uzun müddət İraqda işləmiş bir adam kimi mənə
həvalə olundu. Müraciətimiz İraq Prezidentinin
çox xoşuna gəlmişdi. İraq səfirliyi Azərbaycanda
fəaliyyətini davam etdirdi.
Ulu öndər dəyirmanda un, tabaqda çörək,
xəzinədə pul çox az olan bir vaxtda, 1994-cü ilin
sentyabrında 128 nəfərdən ibarət nümayəndə
heyətinin Füzulinin 500 illik yubileyində iştirak etmək
üçün avtobuslarla İraqa getməyinə göstəriş
verdi. İraq tərəfi blokada şəraitində olsa da,
nümayəndə heyətini məmnuniyyətlə qəbul
etdi. Bizə hər cür şərait yaradıldı.
Noyabrın 2-də isə Ankaraya Füzulinin yubileyinə Heydər
Əliyevin təyyarəsində getdik.
Hər dəfə Ümummilli lider Heydər Əliyev
haqqında düşünəndə iftixar hissi keçirirəm
ki, mən də bu nadir tarixi şəxsiyyətin
soydaşıyam. Ulu öndərin ölkəyə rəhbərliyinin
hər iki dövründə onun titanik fəaliyyətini izləmək,
adı və əməlləri Azərbaycan tarixinə
qızıl hərflərlə yazılan bu dahi insanın
xalqımız qarşısında, dövlətçiliyimizin
dirçəldilməsi və möhkəmləndirilməsində
misilsiz xidmətlərinin şahidi olmaq kimi xoşbəxtliyi mən
də yaşamışam.
Möhtərəm Prezidentimiz İlham Əliyevin
xüsusi Sərəncamı ilə 2023-cü ilin "Heydər
Əliyev İli" elan edilməsinin də böyük əhəmiyyəti
var idi. Sərəncam bizə imkan verdi ki, ağır vaxtlarda
ölkəmizin taleyinə cavabdehlik missiyasını şərəflə,
sədaqətlə yerinə yetirən müstəqil Azərbaycan
dövlətinin memarı və qurucusu, həyat yolu ölkəmizin
çağdaş siyasi tarixi ilə ortaqlaşmış Heydər
Əliyevin gördüyü möhtəşəm işlərin
miqyasına bir daha nəzər salaq.
İlboyu davam edən yubiley ab-havasında ziyalılar,
qələm sahibləri, elm adamları, Ulu öndərin sədaqətli
silahdaşları, rəhbərliyi altında işləmiş
ağsaqqallar, bir daha bu dahi şəxsiyyət haqqında qədirşünaslıq
əlaməti olaraq söz demək, məqalələr,
kitablar, monoqrafiyalar yazmaq imkanı əldə etdilər. Bir
daha aydın oldu: Heydər Əliyev elə bir sahilsiz ümman,
elə bir möhtəşəm abidədir ki, onun miqyası,
çəkisi, önəmi zaman keçdikcə daha
yaxından görünəcək, daha dərindən dərk
ediləcək.
Azərbaycan Milli Elmlər Akademiyasında Ulu öndərin
100 illiyinə həsr olunmuş Elm günündə söylənənlər
zamanın Heydər Əliyev dühasına qiymətinin yeni
bir səhifəsi kimi yaddaşlarda qaldı.
Çıxış edən akademiklərdən İsa Həbibbəyli,
geoloq alim Akif Əlizadə, heykəltaraş Eldar Ömərov,
Respublika Ağsaqqallar Şurasının sədri Eldar Quliyev,
Milli Məclisin Mədəniyyət komitəsinin sədri Fazil
Mustafa, Elm və Təhsil Nazirliyinin şöbə müdiri
Turxan Süleyman Ulu öndərin gördüyü misilsiz
işlərdən, Prezident İlham Əliyevin Ümummilli
liderin kursunu sədaqətlə davam etdirməsinin uğurlu nəticələrindən
məhəbbətlə danışdılar.
Toy-bayrama çevrilən Elm günündə bir
çox alimlərimizin, xüsusən də akademiklərin
"Heydər Əliyev - 100" medalı və başqa
nominasiyalar üzrə təltif olunması mərasimə
ikiqat təntənə gətirdi. Mən isə əsərlərinə
ən çox istinad edilən alim kimi "İstinadda
rekord" diplomu ilə təltif olundum. "Heydər
Əliyev İli"ndə mükafat almağıma sevinirəm.
Bu yerdə bir xatirəmi də bölüşüm.
Az adam bilir ki, Ulu öndər mənim də taleyimdə
müstəsna rol oynayıb. Dillər İnstitutunun ingilis-Azərbaycan
dilləri fakültəsində IV kurs tələbəsi olarkən
xaricdə tərcüməçi işləmək
üçün sənəd hazırlamışdım.
İkinci Dünya müharibəsi vaxtı atam neytral dövlət
olan İsveçrəyə gedib çıxmışdı.
O, əsir düşməmişdi, bununla belə, sovet
quruluşunun belə hallara qarşı
amansızlığını göz önünə gətirəndə
şansımın az olduğunu düşünürdüm.
On iki il Ulu öndərin rəhbərliyi altında
işləmiş general və gözəl yazıçı
Yasif Nəsirli şahid idi ki, Heydər Əliyev mənim həmin
sənədlərimi diqqətlə oxuyub imzaladı və
dedi: "Gəncdir, qoy getsin, inkişaf etsin".
Ümummilli liderin şəxsiyyətinə və
gördüyü möhtəşəm işlərə dərin
hörmət və sonsuz məhəbbətimi əvvəllər
də, "Heydər Əliyev İli"ndə də etdiyim məruzələr,
yazdığım çoxsaylı məqalələr və
Ulu öndər epoxasına, İlham Əliyevin liderliyinə həsr
etdiyim, akademik İsa Həbibbəylinin "Xilaskardan
xilaskara" adlı ön sözü ilə çap olunan
"Xilaskarlar" kitabımda göstərməyə
çalışmışam. Mətbuatda yüksək qiymətləndirilən,
Milli Kitabxanada təqdimatı keçirilən
"Xilaskarlar" kitabım 2022-ci ildə Tehranda
"Naqus" nəşriyyatında da çap edildi.
"Heydər Əliyev İli"ndə Ulu öndər
haqqında Tovuz rayon ziyalıları və fəalları
qarşısında, AMEA-nın Ədəbiyyat İnstitutunda,
BDU-nun Ümummilli liderə həsr olunan
yığıncağında, BDU-nun informasiya və sənət
menecmenti fakültəsində, Azərbaycan Universitetində, Məhkəmə
Ekspertiza Mərkəzində, Milli Kitabxanada,
Yazıçılar Birliyində və başqa mötəbər
müəssisələrdə məruzələrlə
çıxış etmişəm. AMEA-da akademiyanın
müxbir üzvü, professor Misir Mərdanovun "Heydər
Əliyev: Xalqa həsr olunmuş ömür"
kitabının təqdimatında da məruzə etmişəm.
"Heydər Əliyev İli"ndə
Yazıçılar Birliyinin hazırladığı, Azərbaycanda
və Türkiyədə çap olunan "Ədəbi
ömrün yüz ili" və "Azərbaycan
reallığında Heydər Əliyev epoxası"
kitablarında məqalələrim çap olunub. Bundan əlavə,
professor Misir Mərdanovun "Heydər Əliyev: Xalqa həsr
olunmuş ömür" kitabı haqqında mətbuatda
"İbrətamiz və bənzərsiz əsər"
adlı məqaləm, "Heydər Əliyev və İlham
Əliyev Nostradamusun görücülüyündə"
adlı yazım işıq üzü görüb.
Ümummilli lider haqqında yazılarımı indi də davam
etdirirəm. "Ulu öndər və unudulmaz xatirələr"
məqaləm çap olunub.
Ulu öndərlə bağlı xatirələrim
çoxdur. Əsasən də doğma kəndim
Düzqırıxlıda (Tovuz rayonu) keçən əsrin
70-ci illərində Ulu öndərin 3 dəfə (1975, 1977,
1980) respublika üzümçülərinin zona
müşavirəsini keçirərkən baş verən
maraqlı hadisələr barədə "Xilaskarlar"
kitabımda ətraflı söhbət açmışam. Onu
da deyim ki, Ulu öndər yeni bir üzüm sortunu bizim kənddə
Xəlfəqulu oğlu Abbasın sahəsində əkmişd.
Ümummilli lider Abbas kişinin bol məhsullu
üzüm sahəsində olarkən demişdi: "Ağsaqqal,
biz Bakıdan gəlmişik, nəyə ehtiyacın var, arzun nədir?"
Abbas kişi demişdi: "Qadan alım, heç nəyə
ehtiyacım yoxdur. Arzum isə odur ki, gedək qonağım ol,
beş-altı toğlum var, birini kəsim. Siz gedəndən
sonra qürrələnim ki, böyük bir adam qonağım
olub". Heydər Əliyev ürəkdən gülərək
söyləmişdi: "Bizim böyük olduğumuzu haradan
bildin?" Cavab belə olmuşdu: "Qadan alım, bunu bilməyə
nə var ki? Yaşım 70-dən yuxarıdır,
ömrümdə bir kişinin başına bu qədər
adam yığışdığını görməmişəm".
Ulu öndər yenə ürəkdən gülmüş və
demişdi: "İndi tələsirik. Çalışaram,
gələn dəfə qonağın olum".
Kitabda əksini tapmayan ibrətamiz bir məsələdən
də danışmaq istərdim. Ulu öndər yüksək
vəzifədən kənarlaşandan sonra onun portretlərini
hər yandan kənarlaşdırırdılar. Kiçik
qardaşım Ələsgər müəllim Ulu öndərin
portretlərini iki kənd orta məktəbindən, sovxoz və
kənd soveti idarələrindən, xəstəxanadan, sənət
məktəbindən, Heydər Əliyevin Respublika
Üzümçülərinin Zona Müşavirəsini
keçirdiyi klubdan yığaraq evinə gətirmişdi.
Portretləri bir otağa yığmışdı.
Özü də o otaqda yatırdı. Maraqlıdır ki, Heydər
Əliyev xalqın istəyi ilə yenidən hakimiyyətə
gələndə həmin portretlər əvvəlki yerini bəzədi.
Onu da deyim ki, nəslimizdə Ulu öndərə məhəbbət
sahilsiz ümmana bənzəyir. Ələsgər müəllimin
qızı, mərhum deputat Qənirə Paşayeva belə
bir mühitdə böyümüşdü.
Mənim də başıma heç vaxt
unutmayacağım bir hadisə gəlib. BDU-nun tarix fakültəsində
dərs deyirdim. Ağır vaxtlar idi. Ölkə
çalxalanırdı. Milli-mənəvi dəyərlər
tapdanırdı. Bir gün 2 gənc tələbəm -
Müşfiq və Elnur sual verdilər: "Müəllim,
ölkədəki vəziyyətdən nicat yolunu nədə
görürsünüz?" Mən fikirləşmədən
dedim: "Ölkəni bu vəziyyətdən yalnız Heydər
Əliyev çıxara bilər". O vaxt Ulu öndər hələ
Naxçıvanda idi. Bu qənaətimə görə məni
təqib etdilər. Ünvanıma nalayiq sözlər
yağdırdılar, düz bir ay dərsimi pozdular...
Möhtərəm Prezidentimiz İlham Əliyevin
xüsusi sərəncamı ilə 2023-cü ilin "Heydər
Əliyev İli" elan edilməsi alimlərimizin ilhamla,
coşqunluqla yazıb-yaratmağına stimul oldu. Yubileyin səngiməyən
dalğası Ulu öndərin anadan olmasının 102-ci
ildönümü günlərinədək sonsuz
sevgi-sayğılarla davam etdi.
Ümummilli lider Heydər Əliyevi xalqımıza bəxş
etmiş tarixi günün bu il də coşqu və qədirbilənliklə
qeyd edilməsi xalqımızın öz əbədi liderinə
sevgi və ehtiramının növbəti ifadəsidir. Onun elm
adamlarına, dilimizə göstərdiyi müstəsna diqqət
və qayğı hər bir ziyalının yoluna işıq
tutub və bu işıq hələ uzun illər
xalqımızın, o cümlədən elm
adamlarımızın yolunu aydınladacaq.
Qəzənfər PAŞAYEV
Respublika Ağsaqqallar Şurası İdarə Heyətinin
üzvü, Əməkdar elm xadimi, professor
525-ci
qəzet .- 2025.- 14 noyabr(№207).-S.10;11.