Beynəlxalq Muğam Mərkəzini
ziyarət edənlərin sayı artıb
Paytaxt Bakının mədəni həyatında
xüsusi yer tutan Beynəlxalq Muğam Mərkəzi (BMM) həm
yerləşdiyi ərazi, həm də özünəməxsus
memarlıq üslubu ilə şəhərimizin simvoluna
çevrilib. Bu mədəniyyət ocağına gələn
yerli və xarici turistlər burada həm milli musiqimizin incəlikləri
ilə tanış olur, həm də Azərbaycanın zəngin
folklor irsinin canlı nümunələrinə şahidlik edirlər.
Mərkəzin foyesində daimi fəaliyyət göstərən
milli musiqi alətləri sərgisi də turistlərin diqqətindən
yayınmır. Burada tar, kamança, balaban, qaval kimi qədim
alətlər nümayiş olunur. BMM rəhbərinin sözlərinə
görə, gələcəkdə bu sərginin muzey
ekspozisiyası kimi fəaliyyətə başlaması
planlaşdırılır. Bu isə, şübhəsiz, həm
turist axınının artmasına, həm də xarici
qonaqların Azərbaycan musiqi mədəniyyəti ilə daha
yaxından tanış olmasına şərait yaradacaq. Mərkəzin
mətbuat xidmətindən SİA-ya verilən məlumata
görə, bu il ərzində muğam və etnokonsertlərə
maraq göstərən turistlərin sayında artım
müşahidə olunur.
Bildirilib ki, IX “Muğam” Televiziya Müsabiqəsi
zamanı mərkəzdə keçirilən konsertlərdə
çoxsaylı turistlərin iştirakı müşahidə
olunub. Ay ərzində burada həm musiqi mütəxəssisləri,
həm də sıravi ziyarətçilər
üçün müxtəlif tədbirlər keçirilir.
Turistlərin marağını artırmaq məqsədilə
mərkəzin qarşısında reklam banerləri
quraşdırılıb. Axşam saatlarında təşkil
olunan konsertlərə hazırlıq zamanı gündüz ərazidən
keçən turistlər mərkəzin memarlığına
və atmosferinə xüsusi maraq göstərirlər.
Bu marağın daha bir bariz nümunəsi Formula 1 Azərbaycan
Qran Prisi ərəfəsində özünü göstərib.
Yarış üçün Bakıya gələn
çoxsaylı azarkeşlər və qonaqlar da BMM-də təşkil
olunan musiqi tədbirlərinin tamaşaçıları
sırasında olublar.
Dövlət Turizm Agentliyinin təşəbbüsü
ilə ölkəmizə səfər edən müxtəlif
xarici televiziya kanalları da zaman-zaman BMM haqqında geniş reportajlar
hazırlayır. Bu da Azərbaycan muğamının beynəlxalq
səviyyədə təbliğinə mühüm töhfə
verir.
Beynəlxalq Muğam Mərkəzinin əsas məqsədi
təkcə konsertlər keçirmək deyil, həm də Azərbaycanın
milli musiqisini dünyaya tanıtmaqdır. Bu baxımdan, BMM
paytaxtımıza gələn hər bir turist
üçün milli ruhu hiss etmək və musiqimizin sehrini
yaşamaq üçün əvəzolunmaz məkandır.
525-ci
qəzet .- 2025.- 14 noyabr(№207).-S.9.