Zəfərimizin və
qürurumuzun simvolu
Əziz Şuşa, sən azadsan! Əziz Şuşa,
biz qayıtmışıq! Əziz Şuşa, biz səni
dirçəldəcəyik!
Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!
İlham Əliyev
Azərbaycan Prezidenti, Müzəffər Ali Baş
Komandan
Azərbaycan xalqının yaddaşına əbədi
həkk olunmuş 8 Noyabr tarixi – Zəfər Günü kimi –
eyni zamanda Şuşa şəhərinin azad olunduğu və
milli qürurumuzun bərpa olunduğu gündür. 2023-cü
ildə Prezident cənab İlham Əliyevin
imzaladığı Sərəncamla 8 noyabr “Şuşa Şəhəri
Günü” kimi də qeyd olunmağa
başlanmışdır. Bu qərar təkcə tarixi qələbənin
rəmzi deyil, həm də Azərbaycan xalqının mədəni
kimliyinin, mənəvi dirçəlişinin və dövlət
müstəqilliyinin təntənəsidir.
“Əziz Şuşa, sən azadsan! Əziz
Şuşa, biz qayıtmışıq!” – bu sözlər
Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham
Əliyevin 8 noyabr 2020-ci ildə söylədiyi və hər
bir azərbaycanlının qəlbində qürur hissi oyadan
tarixi bəyanat kimi yadda qalıb. Şuşanın azad edilməsi
ilə Azərbaycanın suverenliyi tam bərpa olunmuş,
ölkəmizin ərazi bütövlüyü uğrunda 30 il
davam edən mübarizə öz müdrik və ədalətli
sonluğunu tapmışdır.
Qarabağ Zəfərinin ən uca nöqtəsi
2020-ci il noyabrın 8-də baş vermiş Şuşa əməliyyatı
oldu. Azərbaycanın qəhrəman əsgərləri və
zabitləri sıldırım qayalardan, meşələrdən
keçərək Şuşa şəhərinə daxil oldu
və onu düşməndən azad etdilər. Bu əməliyyat
həm hərbi strategiyanın, həm də xalqın birliyinin
təntənəsi idi.
Prezident cənab İlham Əliyev dəfələrlə
qeyd etmişdir ki, “Şuşasız bizim işimiz yarımçıq
qalardı”. Bu, yalnız strateji hədəf deyil, həm də
mənəvi borc idi – Ulu öndər Heydər Əliyevin
arzusu və vəsiyyəti idi. Prezident cənab İlham
Əliyev atasının başladığı işi
uğurla başa çatdıraraq Azərbaycan tarixində əbədi
olaraq Müzəffər Ali Baş Komandan kimi öz yerini
aldı. Şuşanın azadlığı ilə ədalət
bərqərar oldu, Azərbaycanın əzəli torpaqları
üzərində dövlət suverenliyi tam təmin edildi. Bu
zəfərin nəticəsində Ermənistanın
işğalçı siyasətinə son qoyuldu və beynəlxalq
hüququn prinsipləri bərpa edildi.
İşğaldan azad edildiyi gündən etibarən
Şuşada bərpa-quruculuq işləri misilsiz miqyasda həyata
keçirilir. Prezident cənab İlham Əliyevin rəhbərliyi
ilə şəhərin infrastrukturunun yenidən qurulması,
tarixi abidələrin bərpası və müasir sosial
obyektlərin tikintisi böyük vüsət alıb. Bu illər
ərzində Şuşada yollar, körpülər, məktəblər,
xəstəxanalar, mehmanxanalar, mədəniyyət və turizm
obyektləri inşa olunmuşdur. Xüsusilə, “Zəfər
Yolu” – igid əsgərlərimizin Şuşaya
çatdığı tarixi cığırın yerində
salınmış avtomobil yolu – həm zəfərin, həm də
bərpa prosesinin simvoluna çevrilmişdir.
Prezidentin 2024-cü il oktyabrın 21-də təsdiqlədiyi
“Şuşa şəhərinin 2040-cı ilədək Baş
planı” şəhərin gələcək
inkişafını sistemli şəkildə təmin edəcək
sənəddir. Bu plan tarixi simanın qorunması ilə
müasir şəhərsalma prinsiplərinin və ekoloji
balansın vəhdətini əks etdirir. Şuşa şəhəri
əsrlər boyu Azərbaycanın mədəniyyət
beşiyi kimi tanınıb. Burada Üzeyir Hacıbəyli,
Bülbül, Xurşidbanu Natəvan kimi dahilər
yetişmiş, Şərqin musiqi və ədəbiyyat
tarixində unikal iz buraxmışlar. 2021-ci ildə Prezident cənab
İlham Əliyevin Sərəncamı ilə Şuşa
şəhəri Azərbaycanın mədəniyyət
paytaxtı elan edilmiş, elə həmin ilin mayında qəbul
edilən qanunla bu status hüquqi təsbitini
tapmışdır. Bu mühüm qərar Şuşanın
həm milli, həm də beynəlxalq miqyasda
tanıdılmasına böyük təkan verdi. Ardınca
2022-ci ildə Şuşa “Türk dünyasının mədəniyyət
paytaxtı”, 2024-cü ildə isə “İslam
dünyasının mədəniyyət paytaxtı” elan edildi.
2026-cı ildə isə şəhər İqtisadi Əməkdaşlıq
Təşkilatının turizm paytaxtı olacaq. Bu titullar
Şuşanın artıq regional deyil, qlobal mədəniyyət
mərkəzinə çevrildiyini təsdiqləyir.
Şuşa həm də Azərbaycanın diplomatik və
siyasi həmrəyliyinin rəmzidir. 2021-ci il iyunun 15-də
burada Azərbaycan və Türkiyə prezidentləri
arasında “Şuşa Bəyannaməsi”
imzalanmışdır. Bu sənəd iki qardaş ölkə
arasında müttəfiqlik münasibətlərini yeni mərhələyə
yüksəltmiş, regionda sülh və sabitliyin əsas təminatına
çevrilmişdir. Sonrakı illərdə Şuşa beynəlxalq
tədbirlərin, konfransların və zirvə
görüşlərinin mərkəzinə çevrildi.
Burada Türk Dövlətləri Təşkilatının
Zirvə görüşü, İSESCO-nun, TÜRKSOY-un və
digər nüfuzlu qurumların tədbirləri keçirildi.
Şuşa artıq diplomatik dialoqun və mədəniyyətin
qovuşduğu bir məkandır.
Şuşanın azad edilməsindən sonra şəhərin
bərpası istiqamətində aparılan işlər həm
dövlət, həm də Heydər Əliyev Fondunun dəstəyi
ilə geniş vüsət almışdır. Molla Pənah
Vaqifin muzey-məqbərəsi, Natəvanın sarayı,
Üzeyir Hacıbəylinin və Bülbülün ev-muzeyləri,
Yuxarı və Aşağı Gövhər Ağa məscidləri,
Saatlı və Mamayı məscidləri, Mehmandarovların
malikanəsi kimi abidələr bərpa edilərək əvvəlki
əzəmətinə qovuşdurulmuşdur.
Hər bir açılış mərasimində
Prezident cənab İlham Əliyev və birinci xanım Mehriban
Əliyeva şəxsən iştirak etmiş, bu işlərin
həm dövlət, həm də milli mənəviyyat
baxımından əhəmiyyətini
vurğulamışdır.
Bu gün Şuşada keçirilən
“Xarıbülbül” festivalı, Vaqif Poeziya Günləri,
Qlobal Media Forumu kimi tədbirlər şəhərin mədəni
dirçəlişinin real göstəricisidir.
Şuşa bu gün Azərbaycanın yeni inkişaf fəlsəfəsinin
təcəssümüdür. Şəhər artıq təkcə
Qarabağın deyil, bütün türk və islam
dünyasının mənəvi paytaxtına çevrilib.
Burada həyata keçirilən layihələr dövlətimizin
gücünü, xalqın iradəsini və birliyini
nümayiş etdirir.
Prezident cənab İlham Əliyevin sözləri ilə
desək: “Şuşa indi azaddır! Biz Şuşaya
qayıtmışıq! Biz bu tarixi qələbəni
döyüş meydanında qazandıq!”
8 Noyabr – Şuşa Şəhəri Günü
yalnız bir tarix deyil, həm də Azərbaycan
xalqının milli kimliyinin, döyüş əzminin, mədəni
irsinin və yenilməz ruhunun simvoludur.
Şuşa həm tarixin yaddaşı, həm də gələcəyin
bələdçisidir. Burada atılan hər addım,
salınan hər bina, ucaldılan hər abidə Azərbaycan
xalqının azadlıq, suverenlik və müstəqillik
ideallarının canlı təzahürüdür.
Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə
Şuşa bu gün Azərbaycanın qürur qalası,
türk birliyinin simvolu və mədəniyyətin parlayan incisi
kimi yenidən doğulur.
Mehdi Mehdiyev,
"Qarabağ müharibəsi əlilləri,
veteranları və şəhid ailələri" İctimai
Birliyinin sədri
525-ci
qəzet .- 2025.- 14 noyabr(¹207).-S.7.