Mən bir gün təbəssüm
olmuşdum
"Yıxılmağı sevirdim"
kitabımdakı bir hekayədə polislərdən
qaçmaq məcburiyyətində qalan qatil, nəhayət,
gizlənməyə yer tapa bilir. Həmin məkan
kitabxanadır. Qatil - əslində isə, müəllif -
düşünür ki, onu orda heç kim tapa bilməyəcək.
Məlum məsələdir ki, kitabxanalara gedənlərin
sayı "yox" deyə biləcəyimiz qədər
azdır. Amma kitabxanada gizlənə biləcəyini
düşünən qatilin unutduğu bir məsələ də
var. Kitabxananın müdiri rayonun polis rəisinin həyat
yoldaşıdır.
Məni təəccübləndirən nədir bəs?
Hekayəni yazmağımın və bu hekayənin də daxil
olduğu "Yıxılmağı sevirdim" adlı
kitabımın çap olunmağının üstündən
bir neçə il keçəndən sonra Türkiyədən
sifarişlə gətirtdiyim "Ot" dərgisindən
öyrəndim ki, sən demə, 1948-ci ildə bir
yazısına görə haqqında həbs qərarı
çıxarılan Əziz Nesin düz altı ay ərzində
kitabxanada gizlənə bilibmiş.
Mənim hekayəmin qəhrəmanından fərqli
olaraq Əziz Nesinin bəxti onda gətirib ki, gizləndiyi
kitabxananın müdiri polis rəisinin həyat yoldaşı
olmayıb. Bu da mənim gəldiyim qənaətdir!
I KADR: PƏNCƏRƏ
2022-ci ilin fevralı. Rusiya-Ukrayna müharibəsinin ilk
günləri. Sosial şəbəkədə bir şəkil
çıxır rastıma. Adını unutduğum
ukraynalı bir yazıçı evinin küçəyə
baxan pəncərəsinə kitablar yığıb. Pəncərədən
evə işıq düşməsi üçün barmaq
boyda yer qalmayıb. Yazıçı özünə
sığınacaq düzəldib. Kitablardan
sığınacaq. Səhv başa düşməyin, bu,
müharibədən, düşmən işğalından
qorxub gizlənmək deyil. Bu, müharibələrlə dolu
iyrənc dünyanın üfunətindən qaçıb
kitablara sığınmaq, təsəlli tapmaqdır. Bir az da
çarəsizlik. Milyonlarla kitabın yazıldığı
dünyada hələ də müharibələr
qarşısında çarəsiz qalmağın portreti.
Və mən çox istəyirdim ki, o pəncərənin
şəklini sizinlə bölüşüm. Nə qədər
axtardımsa, tapa bilmədim. Əvəzinə, bir bənd
şeiri sizinlə paylaşmaq qərarına gəldim. Bu
şeiri oxuyanda kitablarla dolu bir pəncərə təsəvvür
edin. Türk şair Orxan Vəlinin şeiridir:
pəncərə
ən yaxşısı pəncərə
keçən quşları görərsən
heç olmasa
dörd divarı görəcəyinə
II KADR: QAPI
Təqribən 6 milyon yəhudinin ölümünə
səbəb olan Adolf Hitler və onun qucaqladığı yəhudi
qızcığaz Roza Nienaunun bu fotosu insanın necə təhlükəli
bir varlıq olduğunu bizə açıq-aydın göstərir.
Bu fotonu Hitlerin özü 16 iyun 1933-cü ildə imzalayıb
Roza Nienauya göndərilmişdi.
Fotoya baxarkən qızcığazın tərtəmiz,
Hitlerin isə saxta təbəssümü ilə üz-üzə
qalırıq. Milyonlarla insanın ölümünə səbəb
olan cəllad diktatorun üzündəki dırnaqarası təbəssümün
arxasında gizlənmiş nələr var, Allah bilir.
Bu fotoşəkilin çəkilməsindən təxminən
10 il keçəndən sonra - 10 sentyabr 1943-cü ildə
Niderlandda bir ofisdə, kitab şkafının
arxasındakı gizli otaqda işğalçı almanlardan
ailəsi və başqa dörd nəfərlə birgə gizlənən
Anna Frank gələcəkdə məşhur olacaq gündəliyinə
yazmışdı:
"Çərşənbə günü saat yeddidə
radionu qoşan kimi bunu eşitdik: "Müharibə
başlayan gündən ən şad xəbəri
çatdırırıq: İtaliya qeyd-şərtsiz təslim
oldu". Bu, ingilis radiosuydu..."
İki il ərzində almanlardan gizlənməyi
bacarmış Frank ailəsinin üzvləri, təəssüf
ki, bir gün aşkarlanaraq həbs edilir və əsir
düşərgəsinə göndərilirlər. Ailənin
sağ qalan yeganə üzvü Annanın atası Otto Frank
olur. Və o, iş yoldaşı Miep Giesin qoruyub
saxladığı gündəliyi 1947-ci ildə kitab kimi
çap etdirir.
Ailənin vaxtilə gizləndiyi ofis hazırda
"Anna Frank evi" adlı bir muzey kimi fəaliyyət
göstərir. Şəkildə bir zaman Frank ailəsinin və
digər dörd nəfərin sığındığı
gizli otağa açılan qapını
görürsünüz.
Yazı boyunca "kitabxana" və "gizlənmək"
sözlərinin neçə dəfə yan-yana gəldiyini
gördük. Belə nəticə çıxarmaq olar ki,
kitablar təkcə səhifələrində yazılı həqiqətlərin
ortaya çıxarılması üçün yox, həm də
bəzi gerçəklərin gizlədilməsi
üçündür. Çünki yalanın hegemonluq etdiyi
yerdə həqiqət gizlənmək məcburiyyətində
qalır.
Necə demişdi Vaqif Səmədoğlu?!
mən bir gün təbəssüm olmuşdum
nə oldu bilmədim
görünmədim
Furqan
525-ci qəzet .- 2025.- 15 noyabr (№208).- S.21.