Buzlu Yakutiyadan Bakıya
türklük sevdası ilə
Birinci Türkoloji
Qurultay nümayəndələrinin izi ilə
YAKUT-SAXA NÜMAYƏNDƏ HEYƏTİ
BİRİNCİ TÜRKOLOJİ QURULTAYDA
Yakutskla Bakı arasında məsafə nə qədərdir?
Bütün suallara anında cavab verən google.com
sorğumu cavabsız
buraxmadı: 8 854 kilometr. Bəs bu məsafəni qatarla nə
qədər vaxta qət etmək olar? 118 saat 9 dəqiqəyə.
Yəni 4 gün 22 saat 9 dəqiqəyə. Bir şərtlə
ki, 1980-ci illərdə tikilmiş Baykal-Amur magistralı ilə
hərəkət edib Qazaxıstan ərazisindən keçməklə
Azərbaycana daxil olasan. Bu, bizim günlər üçün
mümkün sayılan ən qısa
və optimal hərəkət cədvəlidir.
Məni isə hava nəqliyyatının geniş
yayılmadığı, BAM-ın istifadəyə verilmədiyi
yüz il əvvəlki dövrdə Şimal qütbü ilə
Bakı arasındakı dəmiryolu marşrutlarının
qrafiki maraqlandırırdı. O zaman Yakutskdan Bakıya
yalnız Moskvadan keçməklə gəlmək
mümkün idi. Bu belə! Sonrakı
araşdırmalarıdan məlum oldu ki, hətta indinin
özündə də Saxa Respublikasının paytaxtında dəmiryol
vağzalı yoxdur və harasa getmək üçün
mütləq şəhərin 30 km-də yerləşən
Nijni Bestyax stansiyasına yollanmaq lazımdır. Oradan isə
Ulan-Udedə mütləq qatarı dəyişmək şərti
ilə Moskvaya yalnız 6 günə çatmaq olar. Bir də
təkrar edirəm: bu, bizim günlərdə belədir.
Amma fikrən yüz il əvvələ qayıtsaq,
Yakutskdan Bakıya gəlmək üçün yola ən
azı 10-12 gün, bəlkə də daha artıq sərf etmək
lazım olduğu aşkara çıxar. google.com-dan Yakutiyada
yüz il əvvəl qış mövsümünün hava
şəraiti haqda da soruşdum. Cavab gəldi ki, sinoptiklərin
bütün illər üzrə məlumatları mühafizə
olunmayıb. Amma son yüz ilin müşahidələri
yanvar-fevral aylarında burada havanın orta temperaturunun heç
vaxt mənfi 40 dərəcədən aşağı
düşmədiyini göstərir.
Oxucu sual edə bilər: Uzaq Sibirin yolları və
hava şəraiti ilə bağlı bir əsrlik tarixə
malik bütün bu araşdırmalar, təfərrüat nəyimə
lazımdır?
Məsələ belədir ki, 1926-cı il fevralın
26-da Bakıda öz işinə başlayan Birinci
Ümumittifaq Türkoloji qurultay qarşısına ən
azı keçmiş Sovet İttifaqının bütün
türk xalqları nümayəndələrini bir
çatı altına toplamaq vəzifəsi qoymuşdu.
Yüz il əvvəlki dövrün nəqliyyat çətinliklərinə
baxmayaraq, məqsədə nail olunmuşdu.
Qurultayda iştirak etmək üçün buzlu
Şimal qütbündən də dörd nəfər
yakut-Saxa türkü uzun, əziyyətli, sadəcə gedib-qayıtması
bir ay çəkən yola çıxmışdı.
Aralarında ən yaşlısı şair,
yazıçı, yakut ədəbiyyatının klassiki,
maarifçi, filosof-humanist, milli tarix və mədəniyyətin
tədqiqatçısı kimi tanınan Aleksey Yeliseyeviç
Kulakovski (1877-1926) idi. Heyətə yakut dövlət xadimi,
vur-tut 28 yaşı olmasına baxmayaraq, Yakutiya XKS sədri,
Yakutiya MİK sədri kimi mühüm vəzifələrdə
çalışmış, həmin vaxt isə Yakutiya vilayət
partiya komitəsinin birinci katibi İsidor Nikiforoviç Baraxov
(1898-1938) rəhbərlik edirdi. İxtisas etibarı ilə təsərrüfat
sahəsinin adamı, iqtisadçı olsa da, elmə və ədəbiyyata
da yad deyildi. 1920-ci illərin əvvəlində yakut dili və
yazısının inkişafı, ikidillilik problemi, yeni
siyasi-tarixi şəraitdə ana dilinin yeri və rolu məsələləri
ilə yaxından maraqlanmışdı. Rus və yakut dilində
çıxan nəşrlərdə "Dillərin bərabərliyi",
"Yakutlaşma - ən yaxın vəzifəmizdir",
"Yakut əlifbasına dair", "Rus dili və
yakutlaşma" və s. məqalələri çap
olunmuşdu.
Digər iki üzv yaradıcı sahənin təmsilçiləri
idi. Yakutlar arasında Alampa
adı ilə tanınan Anempodist İvanoviç Sofronov
(1886-1935) da vur-tut 40 yaşı olmasına baxmayaraq, az öncə
adını çəkdiyim Kulakovski ilə birlikdə milli ədəbiyyatın
klassiki hesab edilirdi. Təbii ki, yakut ədəbiyyatı yeni ərsəyə
gəldiyi üçün onun klassikləri də 30-35
yaşlı gənclər idi. Alampa şair,
yazıçı, dramaturq kimi doğma ədəbiyyatın uğurlu nümunələrinə
imza atmışdı. Pyeslərinin milli teatr sənətinin
yaranmasında mühüm rolu vardı. Konde təxəllüslü
şair, dramaturq, tənqidçi Aleksey Andreyeviç
İvanov ( 1898-1934) heyət üzvləri arasında
qurultayın tələblərinə qismən də olsa cavab
verən yeganə şəxs sayıla bilərdi. O, ədəbi-bədii
yaradıcılıqla bir sırada dilçilik sahəsində
elmi araşdırmalarla məşğul olurdu. Yakut məktəbləri
üçün əlifba dərsliyinin, yakut dili
qrammatikasının, digər dərslik və dərs vəsaitlərinin
müəllifi idi.
Rus ad-soyadları daşısalar da, qonaqlar
hamısı xalis yakut türkləri idilər. Həm də hər
birinin rus ad və soyadlarının tələffüzü
müəyyən qədər fərqli olan milli variantı
vardı. Məsələn, Aleksey Kulakovskinin adı yakutcada
Öksöküleex Ölöksöy kimi səslənirdi.
Şəxs adlarının ruslaşma səbəbi ənənəvi
şaman inanclarına etiqad bəsləyən yakut türklərinin
rus işğalından sonra pravoslav kilsəsi və missionerlərin
təzyiqi altında hətta zahirən də olsa, xaçpərəstliyi
qəbul etmələri ilə bağlı idi. İsidor Baraxov
qurultaydakı çıxışında tarixi gerçəklərdən
xəbərdar olmayanlarda çaşqınlıq yaranmasın
deyə bu məqam üzərində dayanmağı, məsələyə aydınlıq gətirməyi zəruri
saymışdı.
Orta əsrlərdə uzaq ölkələrə
göndərilən diplomatik heyətlər mənzil
başına çatana qədər
məhrumiyyət, xəstəliklər, qətl-qarət,
yaxud quldur basqınları nəticəsində bəzən
qaçılmaz itkilər verir, sıraları seyrəlirdi.
Uzaq səfərə XX əsrdə çıxmasına rəğmən,
Bakıya gələn yakut heyəti də müəyyən mənada
oxşar vəziyyətlə üzləşmişdi.
A.Kulakovski yolda ağır xəstələndiyindən həmkarlarından
ayrılıb Moskvada qalmalı olmuşdu. Bir müddətdən
sonra isə burada canını tapşırmışdı.
Yakut heyəti uzun yolçuluqdan (inandırıcı
görünməsə də, bəzi mənbələrdə
onların 1925-ci il dekabrın sonlarında Yakutskdan
çıxdıqları iddia olunur - V.Q.) Bakıya fevralın
23-də gəlmişdi. Qurultay günlərində gündəliyində
qısa qeydlər aparan A.Sofronov bu barədə yazırdı:
"Saat 2-də Bakıya çatdıq. Vağzalda bizi
qarşıladılar. Maşınla 1-ci Sovetlər Evinin
mehmanxanasına getdik. Dörd nəfər bir otaqda yerləşdik.
Baraxovla şəhər gəzintisinə çıxdıq.
Kinoya getdik. "Potyomkin zirehlisi" filminə baxdıq.
Darısqallıqdır. İstidir". Qonaqların
görünür, tələsiklik, yaxud təşkilatsızlıqdanirəli
gələn mehmanxana problemi ertəsi gün aradan
qaldırılmışdı. Bunu gündəlikdəki
aşağıdakı qeyddən də görmək
mümkündür: "Axşam "Şərq"
mehmanxanasına köçdük. Üç nəfərə
iki otaq ayrılıb. Rahat və yaxşıdır".
Bakıda keçirdiyi ilk günün təəssüratlarını
Anempodist Sofronov Azərbaycan
ithaf olunan və sətri tərcüməsini
aşağıda verdiyim şeirdə belə əks
etdirmişdi:
Parovoza qoşulmuş vaqona oturub
Moskvadan çox sürətlə
Zənginliyi göz qamaşdıran
Bakı şəhərinə gəldim.
Gördüyüm adamları
Diqqətlə gözdən keçirdim.
Başa düşdüm ki, bura
Heç zaman donmayan
Xəzərin sahilində
Çox böyük bir şəhərdir.
Sonsuz sayda tatar var,
Sonsuz sayda qırğız var.
Neçə xalq bir aradadır.
Hər yerdə meyvə alveri gedir,
Hər yerdə şərab satılır.
Birinci Türkoloji qurultay fevralın 26-da, axşam saat
7-də tarixi "İsmailiyyə" sarayında təntənəli
şəkildə açılmışdı. Yakut nümayəndə
heyətinin rəhbəri İsidor Baraxov rəyasət heyətinə
və qurultayın qətnaməsini hazırlayan komissiyanın
tərkibinə seçilmişdi. Yaddaqalan günün
biri-birindən maraqlı anları yakut şairinin fevralın
27-də qələmə aldığı növbəti
şeirdə öz əksini belə tapmışdı:
Yakut xalqı adından
Onun təmsilçisi kimi
Çeşidli tatar tayfalarının
Müxtəlif nümayəndələrinin
Bir yerə toplanaraq
Xalqlarının böyük məsələlərini
Məşvərət yolu ilə həll etdiyi
Bu qurultaya gəldik.
Onlarla bir yerdə oturub
Bizə qohum olan tayfalara
Diqqətlə baxmağa başladım.
Fevralın 27-də yakut heyətinin üzvləri də
daxil bütün qonaqlar Opera teatrına, qurultay münasibəti
ilə təşkil olunmuş bayram konsertinə dəvət
edilmişdi. Fərqli bir dünyanın elçisi kimi Azərbaycan
paytaxtında gördükləri A.Sofronovun gündəliyində
bu maraqlı sətirlərin yazılması ilə nəticələnmişdi:
"Dövlət Opera Teatrında olduq. Orada
dağıstanlı tələbələr qurultay
iştirakçıları üçün milli gecə təşkil
etmişdi. Müxtəlif xalqların musiqi və
mahnıları səsləndi, rəqsləri nümayiş
olundu. Sən demə, şərqlilərin, xüsusən də
Şərq qadınlarının oynamaqları çox lirik,
axıcı imiş. Sanki rəqs eləmirdilər, elə bil
"üzürdülər", ya da havada
"uçurdular". Paltarlarının uzunluğundan
ayaqları görünmürdü. Şərq motivləri
üzərində köklənmiş ifa çox eybəcərdir,
əslində oxumaq deyil, öküz böyürtüsü
kimi bir şeydir (Bu sətirləri ixtisar da edə bilərdim.
Lakin uzaq şimal qütbündən gələn, üstəlik
də, subyektiv düşüncələrini gündəliyinə
etibar edən bir şəxsin dərhal muğam bilicisinə
çevriləcəyini gözləmək sadəlövhlük
olardı - V.Q.). Bir ləzgi qavalla çıxış edirdi.
Çalğısı eyni ilə bizim şamanlarınkı
kimi idi. Başqa bir yerli artist Arjibeycan (yəni Azərbaycan, mətndə
belədir. Yəqin keçmiş SSRİ liderləri də
ölkəmizin adının oxşar tələffüzünü
yakut qardaşlarımızdan öyrənibmiş!!! - V.Q.)
motivləri səsləndirdi. Maraqlıdır ki, bizim yakut
milli "dee-e-buo-o" (çox güman, muğamlardakı
uzun eeey yaar" tipli zəngulə nəzərdə tutulur -
V.Q.) təranəsinə çox bənzəri var. Bir fərqlə
ki, onun ifası bizdəkindən daha kədərli və
ağır idi. Həm də keçidlər çox kəskindir.
Əgər belə olmasaydı, əsl yakut "dee-e
buo-o"su eşidərdik. Musiqi alətləri çox
orijinaldır. Bəziləri bizim
"kırıımpa"-ya (skripkanı xatırladan yakut
simli musiqi aləti - V.Q.) bənzəyirlər. Amma səsləri
daha gur çıxır. Teatr binası olduqca gözəldir,
Şərq üslubunda tikilib".
Görünür, qurultay günlərində qonaqlar
üçün zəngin maarifləndirici proqram
hazırlanıbmış. Çünki gündəlik müəllifi
fevralın 28-də dram teatrında Azərbaycan türkcəsində
tamaşaya baxdığını və heç nə
başa düşmədiyini, martın 3-də opera dinlədiyini,
martın 6-da isə "tarixi təsəvvür əldə
etmək baxımından çox maraqlı"
saydığı Şirvanşahlar qoruq-muzeyində
olduğunu yazmışdı.
Yakut heyətinin başçısı İsidor
Baraxov qurultayın martın 4-də, Həbib Cəbiyevin sədrliyi
ilə keçən 12-ci iclasında türk xalqları
üçün latın əlifbasına keçidin
aktuallığı, inqilabdan əvvəlki yakut əlifbaları,
yakut dilinin tədqiq tarixi və müasir mərhələdə
milli dilçilik elmi qarşısında dayanan vəzifələr
haqda məruzə etmişdi.
lll
Şübhəsiz, yakutların türkoloji qurultayda
iştirak etməyə daha çox mənəvi haqları, eləcə
də forumda deməyə sözləri, bölüşməyə
təcrübə və fikirləri vardı. Əksər
linqvist alimlərin fikrincə, türk dillərinin qədim izlərini
özündə əks etdirən yakut dili dünyanın ən
qədim dilləri sırasına daxildir. Digər tərəfdən
yakut dili türk ailəsinə mənsub dillər arasında
daha çox və əsaslı elmi prinsiplərlə öyrənilmişi
sayıla bilər. Alman əsilli rus alimi, akademik Otto fon
Betlinqin 47 çap vərəqi həcmində, qrammatika,
müntəxəbat və yakut-alman lüğətindən
ibarət 3 cildlik "Yakutların dili haqda" əsəri
1851-ci ildə Sankt-Peterburqda çap olunmuşdu. Yeri gəlmişkən,
bənzər metodoloji yanaşma Betlinqdən əvvəl
türk dili üzrə tam tədris vəsaiti yaratmaq fikrinə
düşən professor Mirzə Kazımbəyin üç
hissəli natamam əsəri üçün də səciyyəvi
idi.
Mitropolit İnnokenti, polyak əsilli rus alimi, Rusiya
EA-nın fəxri üzvü K.E.Pekarski də yakut dilinin
öyrənilməsinə böyük töhfə vermişdilər.
Pekarskinin 13 cildlik "Yakut sözlüyü" (Peterburq,
1917-1930) əsəri Atatürkün tövsiyəsi ilə
türk dilinə tərcümə olunmuşdu. Tərcümə
heyətinin əsas üzvlərindən biri isə azərbaycanlı
mühacir alim, İstanbul universitetinin dosenti Əhməd Cəfəroğlu
idi. Müasir dövrdə yakut alimləri "Saxa dilinin
izahlı lüğəti"ni 15 iri həcmli cilddə
çap ediblər.
Məlum olduğu kimi, qurultayda əsas müzakirə
mövzularından biri də ərəb əlifbasından
latın qrafikasına keçid məsələsi idi. Yakutlar
heç şübhəsiz, bu sahədə türk dünyasının
öncülü sayıla bilərdilər. Bəlli səbəblərə
görə ərəb əlifbasından istifadə etməsələr
də, rus missionerləri vasitəsi ilə doğma dilin
fonetikasına uyğun gəlməyən kiril əlifbasına
keçmişdilər. 1917-si ildə yakut alimi S.A.Novqorodov
(1892-1924) latın qrafikası əsasında yakut əlifbası
yaratmış, ilk ana dili dərsliyini - "Saxalıı
suruk-biçik" ("Saxa əlifbası")
kitabını çap etdirmişdi. Qısa müddət ərzində
kiril əlifbasının işləndiyi yarım əsrlik
dövrlə müqayisədə yeni əlifba sayəsində
daha çox adam savad əldə edə bilmişdi.
Maraqlıdır ki, Novqorodov əlifbasının surəti yeni
Türkiyənin qurucusu Atatürkün iş otağından
asılmışdı. Ölkəsinin latın əlifbasına
keçidi üzərində düşünən
Atatürkün nəzərində yakut təcrübəsi
uğurlu nümunələrdən biri idi. Bu mənada, yakut
heyəti görkəmli mütəxəssislərlə təmsil
olunmasa da, ən uzaqdan və
"əli dolu" gələn qonaqlar kimi maraq və ehtiramla
qarşılanmışdı. Şərqşünasların
ümumrusiya elmi assosiasiyasının sədri M.P.Pavloviç
də öz çıxışında istər
keçmiş, istərsə də müasir Yakutiyanın
türkoloji tədqiqatlara töhfə verdiyini
vurğulamışdı.
Türkoloqların ali məclisinə
hazırlıqsız gəldiklərini etiraf etməsinə
baxmayaraq, İsidor Baraxov qıısa
çıxışı zamanı müzakirə olunan məsələlərə
düzgün, obyektiv münasibət bildirmişdi. Bunu yakut
natiqin aşağıdakı sözlərindən də
görmək mümkündür: "Dilimiz digər türk
dillərindən uzaq düşdüyü üçün fərqli
səslənsə də, Azərbaycan türkcəsini anlaya
bilməsək də, dillərimizin kökü birdir. Ona
görə də bu qurultaya marağımız çox
böyükdür. Orfoqrafiya, terminologiya, ən
başlıcası isə əlifba məsələsi türk
ailəsinə daxil olan bütün dillər, eyni zamanda
başqa türk dilləri ilə eyni qaydalara tabe olan yakut dili
üçün də böyük əhəmiyyətə
malikdir".
Qurultayda bəzən kəskin xarakter alan "ərəbçilərlə"
"latınçıların" mübarizəsində
(tam tərkibdə tatar heyəti, Qazaxıstandan isə
Baytursınov türk xalqlarının qədim mədəni
irslə əlaqələrinin itmək təhlükəsini əsas
gətirərək ərəb əlifbasının modifikasiya
olunmuş variantı məsələsində israr edirdilər)
yakut heyəti birmənalı şəkildə latın əlifbasına
keçid tərəfdarlarının mövqeyində
dayanmışdı: Baraxov bu münasibətlə
yoldaşlarının da fikrini ifadə edərək
demişdi: "Qurultay yeni latın əlifbalarının həyata
tətbiqi baxımından Azərbaycanda, Şimali Qafqaz muxtar
vilayətlərində, bizim Yakutiyada, eləcə də digər
sovet respublikalarında (məsələn,
Başqırdıstan və b), habelə xaricdə (Türkiyə)
mövcud olan zəngin təcrübə əsasında
tanınmış professorları, dilçi alimləri cəlb
etməklə bütün türk ləhcələri
üçün yararlı olan, qarşılıqlı şəkildə
razılaşdırılmış vahid türk əlifbası
yaratmağın yolunu göstərə bilər".
Bu prinsipial mövqeyə münasibət bildirən
"Bakinski raboçi" qəzeti 7 mart 1926-cı il tarixli
sayında yazırdı: "Sonrakı müzakirələrdə
yakut nümayəndəsi yoldaş Baraxov
çıxış etdi. Latın əlifbasından istifadə
ilə bağlı yakutların təcrübəsini
bölüşən qonaq mənsub olduğu xalqın
coğrafi baxımdan digər türk xalqlarından xeyli uzaqda
yerləşməsinə rəğmən, qurultayın
gedişi ilə yaxından maraqlandığını,
aralarında heç bir fərq qoyulmadan bütün
türk-tatar xalqlarını düşündürən məsələlərin
həlli nöqteyi-nəzərindən bu toplantıya
böyük ümid bəslədiyini xüsusi qeyd etdi".
Qurultayın işçi dilləri rus və şərti
olaraq ortaq türkcə adlandırıla biləcək sintetik
ünsiyyət vasitəsi idi. Yəni
türk cümhuriyyətlərindən gəlmiş nümayəndələrin
bəziləri hamının bələd olduğu
terminologiyadan, müştərək Azərbaycan, yaxud
Osmanlı türkcəsi ünsürlərindən istifadə
etməklə öz dillərində
danışırdılar. Təbii ki, bu nitq çuvaşlar,
yaxud yakutlar üçün anlaşıqlı deyildi. Ona
görə də İsidor Baraxov qurultayın gedişini,
müzakirəyə çıxarılan məsələləri əsasən kuluarlardakı söhbətlər,
rusdilli natiqlərin çıxışları və
"Bakinski raboçi" qəzetinin dərc etdiyi hesabatlar əsasında
izləməyə çalışmışdı.
Özünün də yazdığı kimi, forumla
bağlı tam təsəvvür əldə etmək
üçün stenoqrafik hesabatın nəşrini səbirsizliklə
gözləyirdi.
Vətənə qayıdandan sonra o, "Yakutiya təsərrüfatı"
("Xozyaystvo Yakutii")
jurnalının 1926-cı ildə çıxan 5-ci sayında
(səh. 37-50) "Birinci Ümumittifaq Türkoloji qurultayın
nəticələri" adlı iri həcmli analitik məqalə
çap etdirmişdi.
Akademik üslubda yazılmış, qısa müqəddimə
və altı hissədən ibarət məqalədə
türk xalqlarının mədəni həyatında, tarixi
taleyində müstəsna yeri olan Türkoloji qurultayı
bütün yönləri, aparıcı simaları və
başlıca məsələləri ilə ilk dəfə
elmi-populyar şəkildə işıqlandırmaq təşəbbüsü
göstərilmişdi. Məqsəd bu elmi forumla bağlı
həqiqətləri heç bir siyasi-ideoloji bəzək
vurmadan yakut elmi ictimaiyyətinə çatdırmaq idi. Baraxov
bunu özünün alimlik və vətəndaşlıq borcu
saymışdı.
Müəllif həmin məsələləri
aşağıdakı şəkildə
sıralamışdı: a) türk xalqlarının tarixinin
öyrənilməsi sahəsində mövcud vəziyyət və
qarşıda duran vəzifələr; b) türk xalqları
etnoqrafiyası ilə bağlı tədqiqat işlərinin
mövcud vəziyyəti və yaxın vəzifələri;
c) türk dillərinin öz aralarında, eləcə də
monqol, tunqus, fin-uqor və yafəti dillərlə qohumluq əlaqələri;
d) türk dillərinin öyrənilməsinin indiki vəziyyəti
və təxirəsalınmaz vəzifələri; e) türk
dillərində terminologiya və elmi terminologiya məsələləri;
ə) orfoqrafiyanın ümumi əsasları və türk
dillərinin orfoqrafiyası; f) linqvistik və texniki
nöqteyi-nəzərdən əlifba
yaradıcılığının əsasları və
türk xalqlarının əlifbaları; q) türk
xalqlarında ədəbi dilin inkişafı; ğ) ana dilinin
tədrisi metodikasında ən yeni təmayüllər və
türk dillərinin tədrisi; h) türk ədəbi dillərinin
tədqiq nəticələri və perspektivləri; x)
SSRİ-dəki türkoloji elmi müəssisələrin
mövcud vəziyyəti, yaxın vəzifələri və təşkilati
quruluşu; ı) türk xalqları arasında ölkəşünaslıq
işlərinin metodikası; i) türk xalqlarının son mədəni
nailiyyətləri.
Göründüyü kimi, müəllif ilkin sənəd
və materiallar əsasında təxminən 8 gün ərzində
dinlənən 40-a yaxın məruzənin aparıcı xətlərini,
istiqamət və mövzularını tam əks etdirə
bilmişdi. Məqalənin "Orfoqrafiya",
"Terminologiya", "Əlifba", "Təşkilatı
məsələlər", "Qurultayın əhəmiyyəti"
bölmələrində isə konkret
çıxışlara əsasən mövzularla
bağlı irəli sürülmüş təklif və
mülahizələrin ümumi icmalı verilmişdi.
İsidor Baraxovun geniş, əhatəli təqdimatı
yalnız elmi-informativ deyil, həm də təbliğat və
maarifçilik xarakteri daşıyırdı. Məqsəd
edilən çağırışların, irəli
sürülən ideyaların yalnız akademik dairədə
deyil, daha geniş bir arealda yayılmasına xidmət idi.
Bakıda bir araya gələn beynəlxalq
türkoloqlar ailəsi 1928-ci ildə
Özbəkistanın o vaxtkı paytaxtı Səmərqənddə
özlərinin II qurultayına toplaşmaq haqda qərar qəbul
etmişdilər. Amma nə iki il, nə on iki il sonra, nə də
sonrakı onilliklərdə türkoloji forum keçirmək
mümkün oldu. Əksinə, Bakı qurultayı başa
çatandan az sonra bütün keçmiş Sovet
İttifaqı miqyasında əsl "türkoloq ovu"
başlandı.
İştirakçıların çoxu kimi yakut heyətinin
üzvləri də sadəcə bu qurultaya qatılmaları
ilə "türkçülük və millətçilik"
ittihamı ilə repressiyaya uğradılar. Heyət
başçısı, həbs edildiyi vaxt Sov.İK(b)P Mərkəzi Komitəsinin Şərqi
Sibir və Uzaq Şərq üzrə kənd təsərrüfatı
sektorunun müdiri vəzifəsində çalışan
keçmiş SSRİ MİK üzvü, partiyanın X, XII və
XV qurultaylarının nümayəndəsi, M.Ammosov və
P.Oysunski ilə birlikdə Yakutiya Muxtar Respublikasının
üç qurucusundan biri İsidor Barakov 1938-ci il sentyabrın
15-də saxta ittihamlar əsasında güllələnmişdi.
Millətçilikdə təqsirləndirilən
A.Sofronov-Alampa 1934-cü ildə həbs olunub çar
Rusiyasının sürgün yeri kimi istifadə etdiyi Yakutiyadan
yaşam şərtləri daha dözülməz olan dalda bir
guşəyə sürgünə göndərilmiş,
növbəti il isə aclıq, xəstəlik və səfalət
içində ölmüşdü. Müasir
qırğız alimi Baybolot Abitov "Türkoloqların ilk
qurultayı - repressiya olunan və güllələnənlər
qurultayı" adlı yazısında Sofronov-Alampanın
ölüm cəzasına məhkum edildiyini yazır. Amma bu, həqiqətə
uyğun deyil. İvanov-Kondenin bəxti müəyyən qədər
gətirmişdi. 1934-cü ildə, 36 yaşında həyatla
vidalaşması onu həmkarlarının acı taleyindən
- qurama ittihamlardan və "üçlüyün"
labüd ölüm hökmündən xilas etmişdi.
Bəzən vaxtında ölmək də xilas yoluna,
yaxud xoşbəxt sonluğa çevrilə bilir.
lll
Əlamətdar haldır ki, təmsilçiləri
Bakı qurultayında iştirak edən ölkələr
arasında Yakutiya birincilər sırasında elmi-siyasi forumun
tarixi və nümayəndələrinin orada iştirakı ilə maraqlanmışdı. İsidor
Baraxovun 100 illik yubileyinin keçiriliyi 1998-ci ildə onun Azərbaycan
elmi-ədəbi ictimaiyyəti ilə qısa, lakin məhsuldar
əlaqələrini araşdırmaq məqsədi ilə
türkoloq-alim və yazıçı Yuri İvanoviç
Vasilyev həm Moskvada, həm də Bakıda olmuşdu.
1926-cı ildə çəkilmiş və forumun son
günü nümayiş etdirilmiş "Birinci Türkoloji
qurultay" sənədli kino-xronikasının izinə
düşən yakut alimi səfər zamanı Moskvada ekran əsərinin
müxtəsər, Bakıda isə tam versiyası ilə
tanış ola bilmişdi. Y.İ.Vasilyev bu münasibətlə
yazırdı: "Kino-xronikanın tam, necə deyərlər,
qayçı dəyməmiş variantını yalnız
Bakıda tapa bildim. Kadrlarda dörd yerdə yakut heyəti də
bütün üzvləri ilə əks olunmuşdu. Həmin
gün mən uzaq cənub şəhərində, indi isə
xarici ölkənin paytaxtına çevrilən Bakıda qismətinə
doğma xalqın üç sevimli oğlunu, Yakutiyanın
üç görkəmli ictimai-siyasi xadimini canlı insanlar
kimi görmək səadəti yazılan ilk yakut oldum. Qətiyyən
mübaliğəyə yol vermədən o günü həyatımın
ən bəxtiyar günlərindən biri sayıram".
İ.Y.Vasilyev paytaxtımıza ikinci dəfə 2006-cı ildə, Türkoloji
qurultayın 80 illiyi ərəfəsində, yakut nümayəndə
heyətinin forumda iştirakı ilə bağlı ortaya
çıxan sualları aydınlaşdırmaq məqsədilə
gəlmişdi. Bakıda olduğu günlərdə
Yazıçılar Birliyinin sədri, Xalq
yazıçısı Anar, Azərbaycan alimlərindən
Adil Babayev, Buludxan Xəlilov, Tamella Əliyeva ilə
görüşüb fikir mübadiləsi
aparmışdı. Azərbaycan Milli Arxiv İdarəsinin rəisi
mərhum Ataxan Paşayevin köməyi sayəsində Türkoloji qurultayın arxiv sənədləri
ilə tanış olmuşdu. Topladığı materiallar əsasında
elə həmin il Yakutskda
"Yakut nümayəndə heyəti 1926-cı il Birinci
Bakı Ümumittifaq Türkoloji qurultayında" adlı
broşüra nəşr etdirmiş, kino-xronikanın yakut
variantını hazırlamışdı.
Səmərəli keçən Bakı səfəri
ilə bağlı Y.İ.Vasilyev yazmışdı:
"Bakı qurultayı yakut-Saxa xalqının dilinin,
yazısının, ədəbiyyatının, mədəniyyətinin,
nəhayət ölkəmizdə türkologiya elminin
inkişafında, dost və qardaş xalqlarla
qarşılıqlı əlaqələr qurulmasında
mühüm rol oynadı, bizim gənc respublikanın geniş
ümumittifaq və beynəlxalq arenaya ilk rəsmi
çıxışına çevrildi".
Bu qiymətlə razılaşmamaq
qeyri-mümkündür.
P.S. Nəhayət, yüz il əvvəl ölkəmizə
qonaq gəlmiş ilk yakut heyətinin nağıl kimi yaddaşa
hopan Bakı səfəri başa çatdı. Qurultayın
bağlanış mərasimi martın 6-da keçirildi. İştirakçıların
şərəfinə vida ziyafəti verildi. Ertəsi gün
axşam yola düşən yakut qonaqlar üçünsə
şəhər turu təşkil edildi. "Bizim gözəl
avtomobilimiz gəldi və üçlükdə Bakı gəzintisinə
çıxdıq", - deyə A.Sofronov gündəliyində
yazmışdı. - Qara şəhərə (Xara kuorat)
baxdıq. Burada binalar yastı-yapalaq, küçələr
çirklidir. Sonra neft mədənlərinə apardılar. Nəhəng
maşınlar. Durmadan işləyən adamlar. Yerin təkindən
neft çıxarırlar. Kerosin iyi. Bir sözlə, çox
şey gördük. Amma yalnız bayır tərəfdən.
Uca hasarların bu tayında heç nə haqda təsəvvürümüz
olmadan yaşayırıq. Bakı fevralın 3-dən
martın 7-si, axşamüstü saat 18.10-a qədər
qaldıq".
Şəhər öz yerində. Bakı
qurultayında iştirak nəticəsində isə yakutlar
bağlı qapıları açmış, hasardan
keçib türkoloqlar sırasında haqq etdikləri yeri
tutmuşdular.
Oktyabr, 2025-ci il. Sarayevo
Vilayət Quliyev
525-ci qəzet .-2025.- 15 noyabr (¹208).- S.12-13.