Pensiya sisteminin əsas problemi -
qeyri-formal məşğulluq
QEYRİ-RƏSMİ İŞLƏYƏN
VƏTƏNDAŞ PENSİYA YAŞINA ÇATANDA
MİNİMAL SOSİAL TƏMİNATA MÖHTAC QALIR
Pensiya sisteminin dayanıqlılığı
üçün əlavə islahatlara ehtiyac var. Bu barədə
Hesablama Palatasının 2026-cı ilin dövlət büdcəsi
üzrə rəyində qeyd olunub. Bildirilib ki, aparılan təhlillər
pensiya təminatı sisteminin
dayanıqlılığını qiymətləndirmək
üçün istifadə edilən əsas göstəricilərə,
xüsusilə də asılılıq əmsalına diqqətin
artırılmasının vacibliyini göstərir.
Asılılıq əmsalı-sosial sığorta haqqı
ödəyən şəxslərin sayının məşğul
əhalinin sayına nisbəti kimi hesablanır. Bu göstərici
2024-cü ilin əvvəlinə 54,2 faiz, ilin sonuna isə 51,7
faiz təşkil edib. Palatadan qeyd edilib ki, bu göstəricidə
müəyyən müsbət meyl müşahidə olunsa da,
pensiya sisteminin maliyyə sabitliyini təmin etmək
üçün əlavə hüquqi baza və mexanizmlərin
yaradılması zəruridir. Qurumun strateqlərinin
yanaşmasına görə, əmək bazarının rəsmləşdirilməsi
və sosial sığorta ödənişlərinin
artırılması pensiya sisteminin gəlirlərini sabitləşdirmək
baxımından əsas istiqamətlərdən biri
olmalıdır.
Əmək qanunvericiliyinə əməl olunması
başlıca şərtlərdən biridir
İqtisadçı ekspert Razi Abasbəyli deyir ki,
dünya təcrübəsində pensiya sisteminin
dayanıqlılığının təmin edilməsi birinci
növbədə işəgötürənlə iş
axtaranlar arasında münasibətlərin şəffaf formada
təşkil edilməsidir. Xüsusilə də əmək
qanunvericiliyinə əməl olunması ən başlıca
şərtlərdən biridir. Başlıca şərt
işəgötürənlərin vergi
hesabatlılığını şəffaf şəkildə
təmin etməsidir: "Bununla yanaşı, işəgötürənlərin
üzərinə düşən ən böyük öhdəliklərdən
birincisi əmək müqavilələrinin düzgün tərtib
olunmasıdır. Xüsusilə də bu məqamlarla
bağlı inkişaf etmiş ölkələrdə
çox sərt qanunlar qəbul edilib. Bu qanunları pozanlar
ağır şəkildə cəzalandırılırlar. Məhz
pensiya sisteminin dayanıqlılığı real iş
sektorunda işəgötürənlərin qanunlara necə
riayət etməsindən asılıdır. Digər tərəfdən
özəl pensiya fondlarının
formalaşdırılması, pensiya yığımları
üzrə müvafiq sektorda rəqabət qabiliyyətinin təşkil
edilməsi vacib amillərdən biridir. Bu baxımdan da hesab
edirəm ki, məhz bu istiqamətdə vacib addımlar
atılan zaman pensiya sistemi daha dayanıqlı, şəffaf və
etibarlı olur".
Azərbaycanda pensiya sisteminin
dayanıqlılığı qarşısında yeni
çağırışlar meydana çıxır.
Demoqrafik dəyişikliklər, iqtisadi dalğalanmalar, qeyri-rəsmi
məşğulluq və maliyyə sabitliyinin qorunması kimi
amillər bu sistemin uzunmüddətli sabitliyini təmin etməyi
vacib edir.
Pensiya sistemində ədalətin bərpa olunması
İqtisadçı-ekspert Akif Nəsirli hesab edir ki,
pensiya sistemində dayanıqlığı təmin etmək,
yəni davamlı olaraq 20-30 il bu fondun pensiya təminatını
reallaşdırmaq üçün ciddi islahatlara ehtiyac var:
"Bu islahatlardan ən önəmlisi pensiya sistemində ədalətin
bərpa olunmasıdır. Hazırda əksər pensiyaçılar 400 manat ətrafında
pensiya alır. Ancaq 10-15 min manat məbləğində pensiya
alanlar da var. Həmin 10 min manatla 400 manatı toplayıb
yarı böldükdə hər bir pensiyaçıya 5200
manat düşür. Ancaq məsələ
burasındadır ki, orta rəqəm reallığı əks
etdirmir. Mövcud pensiya məbləğindəki fərq
problemini aradan qaldırmaq və ədalətli bölgü
sistemi formalaşdırmaq üçün hər il əmək
pensiyasının indeksləşdirilməsi zamanı
indeksasiya rəqəmi hamıya eyni məbləğdə
şamil edilməməlidir. Məsələn, indeksasiya faizi
10 faizdirsə, 400 manat pensiya alanın pensiyasını 20 faiz,
10 min manat pensiya alanın pensiyasını 2 faiz artıraq. Rəqəmlər
şərtidir. Ancaq təklifin mahiyyəti ondan ibarətdir ki,
getdikcə təzadlı fərqlər həm aradan qalxsın,
həm də pensiya sisteminin yükü azalsın. Bu istiqamətdə
nəzərdə tuturlar ki, addımlar atsınlar".
Ekspertin dediyinə görə, əhalinin qocalması,
əmək bazarında qeyri-rəsmi məşğulluğun
payının yüksək olması gələcəkdə
pensiya fonduna daxilolmalarla öhdəliklər arasında
balansın pozulması riskini artırır. Bu səbəbdən
də pensiya yığım mexanizmlərinin gücləndirilməsi
və əlavə könüllü yığım sistemlərinin
stimullaşdırılması vacibdir. Əhalinin işləyən
hissəsinin pensiyaçıları maliyyələşdirmək
gücü tədricən zəifləyir. Bu səbəbdən
islahatların əsas hədəfi pensiya fondunun öhdəlikləri
ilə gəlirləri arasındakı uzunmüddətli
balansın qorunması olmalıdır. Əhalinin şəxsi
yığım alətlərinə marağının
artması dövlət büdcəsinə düşən
yükü azaldar və pensiya təminatında daha çox fərdi
məsuliyyət yaradar. Paralel olaraq, qeyri-rəsmi məşğulluğun
azaldılması və sosial sığorta ödənişlərinin
tam yığımı üçün nəzarət və
stimullar gücləndirilməlidir. İkinci istiqamət pensiya
yaşının tədricən yenidən nəzərdən
keçirilməsi və əmək bazarında yaşlı
insanların iş fəaliyyəti üçün daha əlverişli
şəraitin yaradılmasıdır. Bu, həm pensiya fondunun
ödəniş yükünü azaldar, həm də əmək
resurslarının effektiv istifadəsinə şərait
yaradar. Nəhayət, pensiya hesablamalarında şəffaflığın
artırılması, indeksasiya mexanizmlərinin daha proqnozlaşdırıla
bilən və inflyasiya ilə uyğunlaşdırılan
modelə keçirilməsi vacibdir. Bu, həm sistemə ictimai
inamı gücləndirər, həm də sosial sabitliyin
qorunmasına kömək edər.
Əmək bazarında qeyri-formal məşğulluğun
geniş yayılması
İqtisadçı-ekspert Rəşad Həsənovun
sözlərinə görə, pensiya fondunun vəsaitlərinin
gəlirli və təhlükəsiz investisiyalarda yerləşdirilməsi
əlavə gəlir mənbəyi yaradır. Yalnız
dövlət tərəfindən maliyyələşən
paylayıcı sistem uzunmüddətli perspektivdə
dayanıqlı deyil. Buna görə də fərdi
yığım prinsiplərinə əsaslanan çoxpilləli
modelə keçilməsi məqsədəuyğundur: "Bu
gün əmək bazarında qeyri-formal məşğulluğun
geniş yayılması bu sahədə əsas problemlərdən
biridir. Azərbaycanda məşğul əhalinin yalnız
30-35 faizi rəsmidir. Qeyri-rəsmi işləyən şəxslərin
sosial sığorta haqları ödənilmədiyi
üçün pensiya fonduna daxilolmalar azalır. Nəticədə
həm hazırkı, həm də gələcək pensiya
öhdəliklərinin maliyyələşdirilməsi çətinləşir.
Bu da həm dövlət büdcəsinə əlavə
yük formalaşdırır, həm də gələcək
nəsillərin pensiya təminatında risk yaradır.
Qeyri-formal məşğulluq yalnız iqtisadi deyil, həm də
sosial nəticələrə səbəb olur. Belə ki,
qeyri-rəsmi işləyən vətəndaşların
pensiya hüquqları tam formalaşmır və onlar yaşa
çatdıqda minimal sosial təminata möhtac qalırlar. Bu
isə uzunmüddətli dövrdə sosial
narazılığın artmasına və dövlətin
sosial müdafiə xərclərinin genişlənməsinə
gətirib çıxara bilər".
İqtisadçının fikrincə, məcburi
dövlət sosial sığorta haqqı ödəyən
şəxslərin sayı artmalıdır. Çünki
hazırda bu ödəyicilərlə məşğul əhali
arasında çox ciddi fərq var: "Bənzər
iqtisadiyyatlarda məşğul əhalinin təxminən 70-80
faizi muzdlu çalışandır. Əmək müqaviləsi
ilə rəsmiləşdirilmiş şəxslərdən
ibarət olur. Azərbaycanda isə bu göstərici cəmi
30-35 faiz ətrafında dəyişir. Məşğul şəxslərin
əhəmiyyətli bir hissəsinin əmək münasibətləri
qanuniləşmir".
Onun dediyinə görə, bu gün bir çox özəl
sahibkarlıq subyektləri əmək münasibətlərini
yalnız minimum əməkhaqqı tələbi çərçivəsində
rəsmiləşdirirlər. Bu zaman da formal olaraq əmək
münasibətləri rəsmiləşdirilmiş kimi
görünür. Real əməkhaqqı məbləğinin
düzgün göstərilməməsi səbəbindən məcburi
dövlət sosial sığorta yığımlarının
həcminin əhəmiyyətli dərəcədə
azalmasına səbəb olur: "Bu istiqamətdə də
müvafiq addımlar atılmalıdır".
Dünyanın əksər inkişaf etmiş ölkələri
kimi, Azərbaycanda da uzunmüddətli perspektivdə dövlət
tərəfindən təmin edilən yalnız baza
pensiyası ilə kifayətlənmək çətindir.
Ekspertlərin fikrincə, məcburi dövlət pensiyası
ilə yanaşı, gücləndirilmiş könüllü
və fərdi yığım sistemlərinin tətbiqi
sistemin dayanıqlığını artırar və vətəndaşların
daha yüksək pensiya almasına imkan verər.
Qanunvericiliyin təkmilləşdirilməsi əsas
prioritetlərdəndir
Millət vəkili Vüqar Bayramov bildirib ki, hazırda
daha çox özəl pensiya fondlarının
yaradılması, sığorta sistemini daha da təkmilləşdirilməsi
əsas hədəflərdəndir: "Növbəti illərdən
addımların atılması gözlənilir. Əmək və
Əhalinin Sosial Müdafiə Nazirliyi və Maliyyə Nazirliyi
mövcud fiskal imkan nəzərə almaqla bu istiqamətdə
fəaliyyətləri planlaşdırıb, sistemləşdirməyə
çalışır. Ümumiyyətlə, pensiya
islahatlarının dərinləşdirilməsi, pensiya
qanunvericiliyinin təkmilləşdirilməsi əsas prioritetlərdəndir.
Burada özəl pensiya fondlarının yaradılması,
sığrorta pensiya münasibətlərinin tənzimlənməsi
də çox vacib istiqamətlərdən hesab olunur. Bu
istiqamətlərdə islahatların dərinləşməsi,
yeni qərarların qəbul edilməsi gözləniləndir.
Strategiyada qeyd etməsələr də, bunlar daha uzunmüddətli
dövr üçün nəzərdə tutulan məsələlərdir.
Bu dövrdə xüsusilə əhalinin yaşı,
sığorta ödənişləri nəzərə
alınmaqla qərarların veriləcəyi gözlənilir".
Sevinc QARAYEVA
525-ci qəzet .- 2025.- 15 noyabr (№208).- S.10.