Özbəkistan -
qardaş ölkə, etibarlı müttəfiq
Azərbaycanla Özbəkistan arasında münasibətlər
hazırda yüksək səviyyəyə çatıb.
İki ölkənin əlaqələri müxtəlif sahələrdə
dinamik inkişaf edərək yeni istiqamətləri əhatə
etməklə genişlənir. Dövlət
başçıları arasındakı xüsusi münasibətlər,
mütəmadi yüksək səviyyəli
qarşılıqlı səfərlərin həyata
keçirilməsi Azərbaycan-Özbəkistan dostluğunu
daha da gücləndirir.
Prezident İlham Əliyev Özbəkistanın Milli
İnformasiya Agentliyinə (UzA) verdiyi müsahibədə iki
ölkə arasında münasibətləri xarakterizə edərkən
Özbəkistanı Azərbaycan üçün qardaş
ölkə və etibarlı müttəfiq adlandırıb.
Dövlət başçısı deyib ki, ölkələrimizi
ortaq köklər, mənəvi dəyərlər, dil, etnik
yaxınlıq, zəngin tarixi və mədəni irs birləşdirir:
"Əsrlər boyu qardaş xalqlarımız bir-birinə dərin
rəğbət və hörmət bəsləyiblər.
Sevindirici haldır ki, dövlətlərarası münasibətlərimiz
bu möhkəm təməl üzərində uğurla
inkişaf edir. Bu gün Azərbaycan ilə Özbəkistan
arasında münasibətlər ən yüksək - müttəfiqlik
səviyyəsindədir.
Münasibətlərimizin inkişafına təsir edən
digər, əhəmiyyəti heç də az olmayan amil
Özbəkistan Prezidenti Şavkat Miromonoviç Mirziyoyev ilə
aramızda yaranan şəxsi etimad və dostluq münasibətləridir.
Prezidentin dövlətlərarası münasibətlərimizin
inkişafına şəxsi töhfəsini, onun
çoxşaxəli əməkdaşlığımızın
ardıcıl olaraq gücləndirilməsinə daim diqqət
yetirməsini xüsusi vurğulamaq istərdim".
Prezident Şavkat Mirziyoyev son bir il yarım ərzində
Azərbaycana beş dəfə səfər edib. Bu faktın
özü münasibətlərin
yüksək səviyyəsini göstərir. Eyni zamanda,
ötən il Prezident İlham Əliyev Özbəkistanda
dövlət səfərində olub. Qarşılıqlı
səfərlər zamanı əməkdaşlığın daha
da gücləndirilməsi üçün müxtəlif sahələri
əhatə edən sənədlər, o cümlədən
Strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsi
haqqında Bəyannamə, Müttəfiqlik münasibətləri
haqqında Müqavilə, "Azərbaycan Respublikası ilə
Özbəkistan Respublikası arasında müttəfiqlik
münasibətləri haqqında Müqavilənin həyata
keçirilməsi üzrə 2025-2029-cu illər
üçün "Yol Xəritəsi" imzalanıb.
Prezidentin vurğuladığı kimi, Azərbaycan-Özbəkistan
münasibətləri həm ikitərəfli əsasda, həm
də Mərkəzi Asiya və Xəzər regionu da daxil
olmaqla, vahid coğrafi məkanda yeni tərəfdaşlıq
imkanlarının reallaşdırılması
baxımından bütün sahələrdə möhkəmləndirilməsinə
əhəmiyyətli təkan verib. Həmçinin 2023-cü
ilin avqustunda təsis edilmiş Ali Dövlətlərarası
Şura da münasibətlərin inkişaf strategiyasının
müəyyənləşdirilməsində xüsusi rol
oynayır.
Özbəkistan Azərbaycanın ərazi
bütövlüyünü hər zaman qətiyyətlə dəstəkləyib.
Qarabağın bərpasına öz töhfəsini verərək,
Füzulidə böyük özbək alimi Mirzə Uluqbəyin
adını daşıyan və hazırda təxminən 600
şagirdin təhsil aldığı məktəb tikərək
hədiyyə edib.
Azərbaycan lideri bildirib ki, Özbəkistan Qarabağ
bölgəsinin yenidən qurulmasına yardım göstərmək
təşəbbüsünü irəli sürən ilk
ölkə, Prezident Mirziyoyev isə dünyada ilk lider olub:
"Biz bunu həmişə xatırlayacaq, ölkələrimiz
və xalqlarımız arasında həmrəylik, dostluq və
qardaşlıq jesti kimi qəbul edəcəyik".
Dövlət başçısı eyni zamanda,
iqtisadi, tranzit və ticarət münasibətlərinə də
toxunaraq, iqtisadi-ticari əməkdaşlığının
dinamikasının tam məmnunluq doğurduğunu
vurğulayıb.
Qeyd edək ki, ötən il 2024-cü ildə əmtəə
dövriyyəsi 252 milyon ABŞ dolları təşkil edib və
2025-ci ilin yanvar-sentyabr aylarında bu göstərici keçən
ilin eyni dövrü ilə müqayisədə 87,5 faiz artaraq
319 milyon ABŞ dollarına çatıb.
Dövlət başçısı ölkələrimiz
arasında əməkdaşlığın əsas istiqamətlərindən
birinin şaxələndirilmiş nəqliyyat və logistika
infrastrukturunun inkişafı, tranzit imkanlarının
genişləndirilməsidir. Bu sahədə ölkələrimizin
Orta Dəhliz Beynəlxalq Nəqliyyat Marşrutunda iştirakı
xüsusi əhəmiyyətə malikdir və onun çərçivəsində
Azərbaycan Özbəkistan və Mərkəzi Asiya dövlətləri
üçün mühüm tranzit ölkə qismində
çıxış edir. Son illərdə Orta Dəhliz vasitəsilə
ixrac imkanlarının və daşımaların artması
xüsusi strateji əhəmiyyətə malikdir.
Ötən il iki ölkə arasında tranzit
daşımaların həcmi 2023-cü illə müqayisədə
18 faizdən çox artaraq 1,3 milyon tonu keçib. 2025-ci ilin
ilk doqquz ayında bu rəqəm təxminən bir milyon tona
çatıb ki, bu da nəqliyyat mübadilələrində
dinamik artımı nümayiş etdirir.
Milli Məclisin deputatı Hikmət Babaoğlu
mövzu ilə bağlı "525"ə deyib ki, Özbəkistan-Azərbaycan
münasibətləri son dövrlərdə çox sürətlə
və dinamik şəkildə inkişaf edir. Bu, təkcə
iqtisadi-siyasi münasibətlər deyil, həm də mənəvi-humanitar
sahələri əhatə edən münasibətlərdir:
"Özbəkistan Azərbaycanla daima sıx ünsiyyətdə
olub, hər iki ölkənin maraqları xüsusən indiki
tarixi mərhələdə üst-üstə
düşür. Biz Özbəkistan - Azərbaycan münasibətlərinə
tarixi perspektivdən baxsaq, görəcəyik ki, həm də
ortaq siyasi keçmişi paylaşacaq qədər yaxın
olmuşuq. Bu ənənə, bu doğmalıq elə sovet
dövründə də davam edib. Hazırda isə Azərbaycan
Prezidentinin həyata keçirdiyi Türküstan strateji siyasəti
kontekstində bu münasibətlər yeni bir keyfiyyət mərhələsi
əldə edib. Bu həm Türk Dövlətləri Təşkilatının
ümumi çətiri altında, həm də ikitərəfli
münasibətər kontekstində mühüm strateji əhəmiyyət
kəsb edir".
Deputat əlavə edib ki, münasibətlərimizin
çox böyük perspektivi var. Özbəkistan Orta
Asiyanın inkişaf edən, parlayan ölkəsidir: "Hələ
öz yeraltı və yerüstü resurslarını tam
realizə eləməmiş bir ölkədir. Böyük
potensiala malikdir. Biz bilirik ki, Azərbaycanın neft mütəxəssisləri
Özbəkistanda işlər aparırlar. Eyni zamanda, bilirik
ki, Xəzər dənizi vasitəsilə Özbəkistanla birbaşa
əlaqələr qurmaq üçün Özbəkistan-Türkmənistan-Azərbaycan
üçbucağı yaranıb. Bütün bunlar bu
münasibətlərin strateji xəttini təyin edir. Bu xətt
isə Azərbaycan üzərindən Özbəkistanın
Avropaya çıxması, Azərbaycanın isə
Türküstanın daha dərinliklərinə enməsi
üçün Özbəkistan ərazisindən istifadə
etməsini nəzərdə tutur. Bu, mühüm gələcək
vəd edir. Hər iki xalqın rifahı üçün
çox böyük iqtisadi, mədəni, humanitar
resursların olduğunu göstərir".
Milli Məclisin deputatı Vüqar Bayramov isə deyib
ki, Prezident İlham Əliyev Özbəkistanın Milli
İnformasiya Agentliyinə verdiyi müsahibəsində Azərbaycan
və Mərkəzi Asiya ölkələrinin artan strateji əhəmiyyətə
malik vahid tarixi, mədəni, coğrafi və geosiyasi məkanı
formalaşdırdığını bildirib. Son illər
Türk dövlətləri arasında strateji münasibətlərin
dərinləşməsi regionun geosiyası mövqeyini daha da
artırıb.
"Son 5 ildə Azərbaycan ilə Özbəkistan
arasındakı ticarət dövriyyəsi 3 dəfə artaraq
2024-ci ildə 252 milyon dollara çatıb. 2025-ci ilin
yanvar-sentyabr aylarında bu göstərici keçən ilin
eyni dövrü ilə müqayisədə 87,5 faiz artaraq 319
milyon ABŞ dollarına çatıb. Bu o deməkdir ki, bu
ilin ilk 9 ayında ölkələr arasındakı ticarət
dövriyyəsi bütövlükdə əvvəlki ilə
müqayisədə 27 faiz çoxdur. Deməli, bu ildə də
qarşılıqlı ticarət dövriyyəsində illik
artım qorunub saxlanılacaq. Bu da tərəflər
arasındakı strateji münasibətlərin inkişaf səviyyəsini
göstərən əsas meyarlardan hesab olunur. Türk Dövlətləri
Təşkilatının üzvləri olaraq tərəflər
həm qeyri-enerji, həm də enerji sahəsində yeni
starteji əməkdaşlıq potensialına malikdirlər, -
deputat bildirib.
Əlavə edib ki, Azərbaycan Özbəkistan ilə
eyni zamanda iqtisadiyyatın fərqli sahələrində əməkdaşlıq
edir: "Nəqliyyat, logistika, kənd təsərrüfatı
ilə yanaşı, birgə sərmayə qoyuluşları
da prioritetləşməkdədir. Hər iki ölkə
müxtəlif beynəlxalq qurumlarda, o cümlədən
Türk Dövlətləri Təşkilatında sıx və
məhsuldar əməkdaşlıq formalaşdırıb.
Özbəkistan Füzuli şəhərində müasir
standartlara uyğun orta məktəb inşa edib. Bu isə tərəflərin,
həmçinin humanitar və digər istiqamətlərdə
də əməkdaşlığından xəbər verir.
Dövlət başçılarının
qarşılıqlı rəsmi səfərləri ölkələr
arasında münasibətlərin inkişafına xüsusi təkan
verir.
Türk dövlətləri arasındakı strateji
münasibətlər inkişaf edir və daha da dərinləşir.
Bu Azərbaycan-Özbəkistan münasibətlərində
özünü bir daha təsdiq etməkdədir".
Pərvanə
525-ci qəzet .-2025.- 15 noyabr (№208).- S.5.