Elçin Hüseynbəylinin
kitablarının təqdimatı və imza günü
keçirildi
Yazıçılar Birliyinin (AYB) Natəvan klubunda
tanınmış yazıçı, Əməkdar incəsənət
xadimi, AYB-nin katibi Elçin Hüseynbəylinin müəllifi
olduğu beş kitabın təqdimatı və müəllifin
imza günü keçirilib.
Təqdimatda müəllifin "Gültəkin xaqan",
"Pərixan", "Şah Abbas" (uşaqlar və
böyüklər üçün təkrar nəşr)
romanlarının, "Dənizin nağılları",
"Banuçiçəyin rəngli yuxuları"
kitabları oxuculara təqdim olunub.
Tanınmış yazıçı və şairlər,
millət vəkilləri, media nümayəndələri və
oxucuların iştirak etdiyi tədbirdı
çıxış edən Elçin Hüseynbəyli hər
bir nəşr barədə qısa məlumat verib, əsərlərin
sturukturu, mövzu və ideyasından bəhs edib.
AYB-nin sədri, Xalq yazıçısı Anar
Elçin Hüseynbəylinin yaradıcılığı barədə
fikirlərini ölüşüb: “Şübhəsiz,
Elçin yaxşı yazıçıdır və
sevindiricidir ki, o, yaradıcılıq məsələlərində
olduqca mütəhərrikdir. Elçin haqqında indiyə qədər
iki yazım çap olunub. Uğurlar arzu edirəm”.
AYB-nin birinci katibi, Xalq yazıçısı
Çingiz Abdullayev hazırkı kitabçılıq mənzərəsi
fonunda yeni nəşrlərin ərsəyə gətirilməsinin
çətinliyi, buna baxmayaraq Elçin Hüseynbəylinin
böyük şövqlə yeni kitablarını çap
etdirib təqdim etməsinin böyük iş olduğunu deyib:
“Mən Elçini çox maraqla oxuyuram. Onun yeni kitabları və
bu qədər adamın bir araya toplanması sevindirici
haldır. Onun həm katibliyin işləri ilə məşğul
olması, həm də yazı prosesi ilə mütəmadi məşğul
olması təqdirəlayiqdir”.
Azərbaycanda Atatürk Mərkəzinin müdiri,
akademik Nizami Cərərov Elçin Hüseynbəylinin
yazıçı kimi xüsusiyyətlərindən, əsərlərinin
ümumi məziyyətlərindən, vaxtilə qələmə
aldığı romanların üstün cəhətlərindən
söhbət açıb: “Elçin Hüseynbəyli tarixi
romanlarda detallarla məharətlə işləməyi
bacarır. O yazıçı təxəyyülünün vəhdəti
ilə təqdim etdiyi faktların üzərində
dayanmağı bacarır. Və bununla da mətnin
inandırıcılıq gücünü artırır”.
Millət vəkilləri Hikmət Babaoğlu və
Ceyhun Məmmədov müəllifin son çapdan
çıxmış “Gültəkin xaqan” romanı barədə
fikirlərini bölüşüblər, Türk dövlətlərinin
həmrəyliyinə bədii çağırış,
turançılıq ideologiyasının təbliği
baxımından bu romanı əlamətdar mətn hesab ediblər.
Professor Telman Vəlixanlı, “Ədəbiyyat qəzeti”nin
baş redaktoru, filologiya üzrə fəlsəfə doktoru Azər
Turan, AYB-nin Bədii Tərcümə və Ədəbi
Əlaqələr Mərkəzinin sədri, ədəbi tənqidçi
Əsəd Cahangir və digər qələm adamları
Elçin Hüseynbəylinin əsərlərinin bədii məziyyətləri
barədə söhbət açıblar.
Qeyd edək ki, yazıçı sonda
kitablarını oxucular üçün imzalayıb.
525-ci qəzet .- 2025.- 18 noyabr (¹209).- S.10.