Professor Rafiq Əliyevə məxsus
material və şəxsi əşyalar Milli Azərbaycan Tarixi
Muzeyinə təqdim olunub
Milli Azərbaycan Tarixi Muzeyində dünya şöhrətli
alim, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir
üzvü, ABŞ-ın Corciya Universitetinin professoru, Zadə
İrsi Süni İntellekt Assosiasiyasının prezidenti
professor Rafiq Əliyevə məxsus elmi materialların və
şəxsi əşyaların muzeyə təqdim olunması
mərasimi keçirilib.
Versus.Az xəbər verir ki, tədbiri giriş
sözü ilə Milli Azərbaycan Tarixi Muzeyinin direktoru,
akademik Nailə Vəlixanlı açaraq, dahi alim Rafiq
Əliyevin elmi irsinin Azərbaycan elminin qızıl səhifələrindən
biri olduğunu qeyd edib. Akademik N.Vəlixanlı muzeyə təqdim
edilən dəyərli materialların gələcək nəsillər
üçün mühüm elmi və mədəni əhəmiyyət
daşıdığını qeyd edib. N.Vəlixanlı
professor Rafiq Əliyevin ailəsinə və elmi irsinin
qorunmasına dəstək göstərən hər kəsə
təşəkkürünü bildirib.
Sonra muzeyin baş mühafizi, t.ü.f.d., dosent Məhfuzə
Zeynalova, Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal
Abdulla, xalq şairi Ramiz Rövşən və şair,
publisist, tərcüməçi Rəfail Tağızadə,
Azərbaycan Mətbuat Şurasının sədri Rəşad
Məcid və digər qonaqlar çıxış edərək,
Rafiq Əliyevin həm elm, həm də mədəniyyət
sahəsində Azərbaycanı beynəlxalq aləmdə
layiqincə təmsil etdiyini diqqətə
çatdırıblar. Tədbir iştirakçıları
professor Rafiq Əliyevin elmi fəaliyyətini, onun dünya
elminə və süni intellekt sahəsinə verdiyi böyük
töhfələri yüksək qiymətləndiriblər.
Tədbir çərçivəsində alimin həyat
və fəaliyyətini əks etdirən videoçarx
nümayiş olunub.
Tədbirin bədii hissəsində Əməkdar
artist, xanəndə Sevinc Sarıyeva, II Televiziya Muğam
müsabiqəsinin qalibi, Asəf Zeynallı adına Musiqi
Kollecinin müəllimi Güllü Muradova, kamança
ifaçısı Mahir Quliyev,
tarzən muğam bilicisi və tədqiqatçı
Mehman Mikayılov müxtəlif
musiqi nömrələri ifa ediblər.
Sonda professor Rafiq Əliyev çıxış edərək,
onun elmi irsinin qorunmasına göstərilən diqqət və
dəstəyə görə Milli Azərbaycan Tarixi Muzeyinin
direktoru, akademik Nailə Vəlixanlıya və muzeyin
kollektivinə dərin minnətdarlığını bildirib.
525-ci qəzet .- 2025.- 18 noyabr (№209).- S.10.