"525-ci..." ucalıq və 33
ilin işığı
Esse
Biz günləri təqvimlə sıralayırıq,
təqvimlə ölçürük. Amma tarixin
yaddaşında, hər insanın könül evində elə
günlər var ki, illər keçdikcə o günün
işığı çoxalır, böyüyür, boy
atır, sanki zamanın özünə çevrilir. 1992-ci
ilin 17 noyabrı həm Azərbaycan mətbuatı, həm də
o gündən sonrakı neçə nəsillər
üçün məhz o günlərdən biri oldu. Hələ
müstəqilliyin nəfəsi təzə-tər olduğu
çağlarda, ölkənin taleyi mürəkkəbin
sükutuna, sözün mübarizəsinə
tapşırıldığı bir vaxtda "525-ci qəzet"
"hamının qəzeti" kimi ilk dəfə oxucusunun
qarşısına çıxdı. Həmin gün o
böyük meydanda insanların əllərində gəzən
sadə kağız parçasından, adi qəzet səhifəsindən
daha çoxu idi. O, çətinliklər içində
öz sözünü qorumağın cəsarəti idi.
O gün bu gündür - üç onillikdən
çoxdur ki, bu qəzet ölkənin düşüncə
ritmini ölçən bir barometr, ictimai fikrin nəfəsini
eşidən bir kürsü, ədəbiyyatın, siyasətin,
mədəniyyətin gündəlik salnaməsidir. Onun hər
nömrəsi sanki yaddaşımıza yazılmış bir
tarix cümləsidir. Bu cümlənin içində
müharibə illəri, sülh ümidləri var, azadlıq
arzuları, gənc dövlətin formalaşma ehtirası, məhrumiyyətlərin
acısı, itirdiklərimizin dərdi, qələbəmizin
sevinci, yenidən dirçələn həyatın həyəcanı
var.
Bu 33 il ərzində "525" adi qəzetdən
daha çoxu olub, bir məktəbə çevrilib.
Sözün məktəbi. Qələmin məktəbi. Məsuliyyətin
məktəbi. Bəzən qaynar xəbərlərin
içində çırpınan bir nəfəs, bəzən
ədəbiyyatın sükutuna çəkilmiş bir
düşüncə, bəzən də toplumun qəlb ritmini
oxucuya çatdıran güzgü olub.
Mənim üçün isə "525" həm də
həyatımın fövqəladə təsadüfüdür.
17 noyabrdan başlayaraq, o həftə ərzində həmin
meydanda insanlar yenicə çapdan çıxan bir qəzetin
səhifələrini vərəqləyərkən heç fərqində
də deyildilər ki, cəmi bir neçə kilometr uzaqda bir
körpə doğulur. O körpə ki, tale elə o günlərdən
onun qədərini bu qəzetlə bağlayıb. O körpə
ki, gələcəkdə özündən 4 gün
böyük bu qəzetə öncə könlünü,
sonra illərini verəcək. Bu qəzet onun
arzularının, xəyallarının, etirazlarının,
ağrılarının, sevinclərinin ilk şahidinə
çevriləcək. Onun danışan dili olacaq. Sanki tale bu
dörd günün arasına bir körpü saldı. O
körpü ilə bir-birinə bağladı bir qəzeti bir
körpənin ömrünə... Qəzet böyüdükcə
o körpə də böyüdü. O öz oxucusunu
tapdıqca həmin körpə də öz həyat yolunu
çizdi. Hər ikimizin doğumunda eyni ilin nəfəsi var.
Eyni havanın, eyni çağın işığı.
Aradan illər keçib... Artıq mən 8 ildir ki, bu
qəzetin ailəsinin bir üzvüyəm. Bu səkkiz il mənim
üçün sadəcə iş deyil, qələmlə nəfəs
aldığım illər, sözlə
böyüdüyüm, düşüncəylə yetkinləşdiyim
yol olub. Hərdən "525-ci qəzet"lə yolumuzun harada,
necə kəsişdiyini düşünürəm və hiss
edirəm ki, mən qəzetə gəlmədim, qəzet
özü yaşıdı olan bir qələmi yanına almaq
istədi.
"525-ci qəzet" cəmiyyətin
özünüdərk məkanıdır. Burada hər
yazı bir ümidin, bir sualın, bir səssizliyin, bir fəryadın
səsi kimi doğulur. Bu qəzetin redaksiyası bəzən
bir kitabxana səssizliyində olur, bəzən bir meydan
ab-havasında. Bəzən bir şairin nəfəsi
dolaşır burada, bəzən bir müxbirin yorulmaz
addımı.
33 il... Söz üçün az deyil, qəzet
üçün isə bütöv bir ömürdür. Bu
illər ərzində qəzet yüzlərlə yazar
yetişdirib, minlərlə yazıya nəfəs verib,
saysız-hesab fikrə inam qatıb. Bəzən bir məqalə
cəmiyyətin nəbzini dəyişib, bəzən bir
müsahibə gündəmi alt-üst edib. Bəzən bir səhifə
yeni bir ədəbi nəslin başlanğıcına
çevrilib.
Bugün isə "525" yenə eyni ideallarla
yaşayır:
- Sözə sədaqətlə...
- Oxucuya hörmətlə...
- Cəmiyyətə xidmət niyyəti ilə...
- Həqiqəti qorumaq əzmi ilə...
33 yaşına çatmış bir söz
tribunası olmaq həm məsuliyyət, həm fədakarlıq,
həm də böyük əməklərin bəhrəsidir.
Mən isə taleyimlə həmyaşıd olan bu qəzetin
hər yaşında özümü də bir az
böyümüş görürəm.
Arzu edirəm ki, "525-ci qəzet" 33 il əvvəl
olduğu kimi bundan sonra da ölkənin söz
işığını yandırsın. Çap mediası
üçün çətin, ağır, tərəddüdlü
bir dövrü yaşadığımız bu günlərdə
mən yenə də inanıram ki, qələm
dostlarının, oxucularının, müəlliflərinin
bir araya gəldiyi bu böyük söz ailəsi daim
yaşayacaq. Çünki "525-ci qəzet" təkcə
kağız səhifələrdə yox, insanların
düşüncəsində, yaddaşında, ruhunda,
ömür səhifələrində yaşayır.
33 yaşın mübarək, 525!
Sözün yaşını artıran illərin bol
olsun!
Şahanə MÜŞFİQ
525-ci qəzet .- 2025.- 18 noyabr (№ 209).- S.9.