Azərbaycan-Özbəkistan strateji
müttəfiqliyi yeni mərhələdə
Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin
Özbəkistanın Milli İnformasiya Agentliyinə (UzA)
verdiyi geniş və çoxşaxəli müsahibə iki
qardaş ölkə arasında münasibətlərin hazırkı
mərhələsini, strateji əməkdaşlığın
əsas istiqamətlərini, regional və qlobal miqyasda
qarşılıqlı əlaqələrin inkişaf
dinamikasını əhatə edən mühüm siyasi sənəd
xarakteri daşıyır. Müsahibə Mərkəzi Asiya-Cənubi
Qafqaz xəttində formalaşan yeni geosiyasi reallıqların,
Türk dünyasında inteqrasiyanın dərinləşməsinin,
iqtisadi, nəqliyyat, enerji və humanitar sahələrdə
çoxsəviyyəli tərəfdaşlığın
strateji əsaslarını açıq şəkildə ifadə
edir.
Prezident
cənab İlham Əliyevin fikirlərində Azərbaycan-Özbəkistan
münasibətlərinin tarixi kökləri,
qarşılıqlı etimadın mühüm rolu, dövlət
başçıları arasında şəxsi dostluq
münasibətlərinin yaratdığı əlavə
sinerji xüsusi yer tutur. Prezident cənab İlham Əliyev
müsahibəsində Azərbaycan və Mərkəzi Asiya
ölkələrinin təkcə coğrafi və mədəni
yaxınlığı deyil, həm də ortaq strateji məkan
kimi birləşdiyini vurğulayır. Xəzər dənizinin
fiziki sərhəddən daha çox birlik və əməkdaşlıq
rəmzi kimi təsvir olunması bu regionun təhlükəsizlik,
nəqliyyat, enerji və iqtisadi əməkdaşlıq
baxımından vahid platforma kimi
formalaşdığını göstərir.
Azərbaycanın
Mərkəzi Asiya Dövlət
Başçılarının Məşvərət
görüşlərinə dəvət olunması, bu formatda
artıq üçüncü dəfə iştirak etməsi
ölkəmizin regionun strateji siyasi arxitekturasında
mühüm aktora çevrildiyini təsdiqləyir. Məsələnin
siyasi mahiyyəti ondan ibarətdir ki, Azərbaycan Mərkəzi
Asiya ilə yeni inteqrasiya xəttinin körpüsü rolunu
oynayır və bu, Xəzər hövzəsi üzrə əməkdaşlığı
daha səmərəli edir. Prezident cənab İlham Əliyev
Azərbaycan və Mərkəzi Asiya ölkələrini birləşdirən
dəyərlər sisteminin ortaq tarixi yaddaş, mədəniyyət,
dil və dini yaxınlıqdan ibarət olduğunu
vurğulayır. Xüsusən Azərbaycan-Özbəkistan
münasibətlərində əsrlərdən gələn
qardaşlıq ənənəsinin müasir dövrdə
dövlət siyasətinin əsas elementlərindən birinə
çevrilməsi bu əməkdaşlığın möhkəm
təməl üzərində dayandığını
sübut edir.
Dövlət
başçısının qeyd etdiyi kimi, son illərdə
iki ölkə liderlərinin qarşılıqlı səfərləri
və yüksək səviyyəli təmasların intensivliyi
münasibətlərin dinamizmini göstərir: son
üç ildə Mərkəzi Asiya ölkələri tərəfindən
Azərbaycana təxminən 30 səfər, Prezident cənab
İlham Əliyevin isə region ölkələrinə 13 səfəri
baş tutub. Bu göstəricilər siyasi dialoq və
qarşılıqlı etimadın yüksək səviyyəsini
təsdiq edir.
Azərbaycan
ilə Özbəkistan arasında münasibətlər bu
gün ən yüksək – müttəfiqlik səviyyəsinə
çatıb. Prezident cənab İlham Əliyev Şavkat
Mirziyoyevlə arasında mövcud olan şəxsi dostluq və
etimad münasibətlərinin ikitərəfli əlaqələrin
inkişafına güclü təsir göstərdiyini
xüsusi vurğulayır. Bu faktor dövlətlərarası
münasibətlərin keyfiyyətinə birbaşa təsir edən
mühüm strateji üstünlükdür.
Son
bir il yarım ərzində dövlət
başçılarının qarşılıqlı beş
səfərinin keçirilməsi, Strateji tərəfdaşlığın
möhkəmləndirilməsi haqqında Bəyannamənin və
Müttəfiqlik münasibətləri haqqında Müqavilənin,
habelə 2025–2029-cu illər üçün “Yol xəritəsi”nin
imzalanması münasibətlərin institusional və
hüquqi çərçivəsini daha da gücləndirib.
Özbəkistanın
Azərbaycanın ərazi bütövlüyünü daima dəstəkləməsi
iki ölkə arasında qardaşlıq və siyasi həmrəyliyin
təzahürüdür. Xüsusən azad olunmuş
Füzuli şəhərində Mirzə Uluqbəy adına məktəbin
inşası Özbəkistanın Qarabağın bərpasına
verdiyi simvolik və strateji töhfə kimi qiymətləndirilir.
Prezident cənab İlham Əliyevin sözlərinə görə,
bu təşəbbüs ilk olaraq məhz Özbəkistan tərəfindən
irəli sürülüb və Azərbaycanda dərin minnətdarlıqla
qarşılanır. Bu jest ölkələrimiz arasında
sarsılmaz qardaşlığın və humanitar həmrəyliyin
bariz nümunəsi kimi tarixə düşür.
Azərbaycan
və Özbəkistan Türk Dövlətləri Təşkilatının
fəal üzvləri olaraq türk dünyasının siyasi,
iqtisadi və mədəni inteqrasiyasına mühüm
töhfə verirlər. Bundan əlavə, BMT, Qoşulmama Hərəkatı,
İƏT, ECO və digər təşkilatlar çərçivəsində
ortaq mövqelər ölkələrimiz arasında
qarşılıqlı etimadın yüksək səviyyəsini
nümayiş etdirir.
Bu
müstəvidə əməkdaşlıq yalnız regional
deyil, eyni zamanda qlobal təhlükəsizlik, multilateral
diplomatiya və beynəlxalq əməkdaşlıq
baxımından strateji əhəmiyyət kəsb edir.
Prezident cənab İlham Əliyevin müsahibəsində
iqtisadi-ticari əlaqələrin son illərdə ciddi
artım nümayiş etdirdiyi xüsusi vurğulanır.
2023-cü
ildə yaradılan Azərbaycan-Özbəkistan İnvestisiya
Şirkəti regiondaxili və üçüncü ölkələrdə
birgə sərmayə layihələri üçün
mühüm platformaya çevrilib. Xankəndidə
açılmış birgə tikiş fabrikinin fəaliyyəti
isə dostluq münasibətlərinin praktiki təzahürü,
iqtisadi əməkdaşlığın real nəticəsidir.
Orta Dəhliz Azərbaycan-Özbəkistan əməkdaşlığının
mühüm komponentidir. 2024-cü ildə ölkələr
arasında tranzit daşımaların həcmi 18 faiz artaraq 1,3
milyon tonu keçib. Ələt Beynəlxalq Ticarət
Limanı, Bakı-Tbilisi-Qars dəmir yolu, doqquz beynəlxalq
hava limanı və genişlənən ticarət donanması
Azərbaycanın regionun əsas tranzit qovşağına
çevrilməsini təmin edir. Zəngəzur dəhlizinin
açılması isə bütün Mərkəzi Asiya
ölkələri üçün yeni iqtisadi və nəqliyyat
imkanları yaradacaq strateji layihə kimi dəyərləndirilir.
Enerji sektorunda əməkdaşlıq həm ənənəvi
neft-qaz sahələrini, həm də bərpaolunan enerji istiqamətlərini
əhatə edir. SOCAR-ın Özbəkistana ixrac fəaliyyəti,
eləcə də “Neftegaztexnologiya” birgə müəssisəsinin
işi enerji sahəsində praktiki əməkdaşlığın
davamlılığını göstərir.
2024-cü
ildə Azərbaycan, Qazaxıstan və Özbəkistan
arasında enerji sistemlərinin inteqrasiyasına dair imzalanan sənədlər
region üzrə yaşıl enerji diplomatiyasının yeni mərhələsidir.
Mədəniyyət, elm, təhsil, regionlararası əlaqələr
və humanitar platformalarda əməkdaşlıq iki ölkə
arasında dostluğun cəmiyyət səviyyəsində
möhkəmlənməsinə xidmət edir. 2023 və
2024-cü illərdə keçirilən Mədəniyyət
və Elm Günləri, Şuşa və Xivə şəhərlərində
təşkil olunan tədbirlər xalqlar arasında
yaxınlığı daha da artırır.
Daşkənddə
Heydər Əliyev meydanının olması və Bakıda
"Özbəkistan" parkının salınması
dövlətlərarası dostluğun rəmzidir. Media forumları, QHT platformaları
və iki ölkənin futbol üzrə U-20 dünya
çempionatına birgə ev sahibliyi etməsi humanitar əlaqələrin
gücləndirilməsi baxımından mühüm rol
oynayır. Bu tədbirlər bir tərəfdən peşəkar
əməkdaşlıq imkanlarını genişləndirir,
digər tərəfdən isə ölkələr
arasında qarşılıqlı etimadı daha da möhkəmləndirir.
Prezident cənab İlham Əliyevin UzA-ya müsahibəsi Azərbaycan-Özbəkistan
münasibətlərinin strateji mahiyyətini, regional proseslərdə
iki ölkənin artan rolunu və qarşılıqlı əməkdaşlığın
çoxşaxəli istiqamətlərini əhatə edən
mühüm siyasi sənəddir. Müsahibədə ifadə
olunan fikirlər dövlətlərimiz arasında əlaqələrin
yeni mərhələyə yüksəldiyini,
qarşılıqlı etimadın, qardaşlığın və
dostluğun real nəticələrə çevrildiyini
sübut edir.
Azərbaycan
və Özbəkistanın müttəfiqlik münasibətləri
regionda sülhün, sabitliyin, iqtisadi inkişafın və
inteqrasiyanın dərinləşməsinə mühüm
töhfə verir. İki ölkə arasında formalaşan
strateji əməkdaşlıq modeli həm Türk
dünyasında, həm də daha geniş coğrafiyada yeni tərəfdaşlıq
arxitekturasının nümunəsi kimi çıxış
edir.
İradə
Rizazadə
Vətəndaşların
Sosial Rifahı Naminə İctimai Birliyinin sədri
525-ci qəzet .- 2025.- 18 noyabr (¹ 209).- S.7.