Mərkəzi Asiya - Azərbaycan: əməkdaşlıq yeni mərhələdə  

 

 

Noyabrın 16-da Daşkənddə keçirilən Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşündə Azərbaycanın bu platformanın tamhüquqlu iştirakçısı olmasına dair qərar qəbul edildi. Bu tarixi qərar ölkəmizin Mərkəzi Asiya regionu ilə əməkdaşlığının daha da inkişafında mühüm bir addımdır. Azərbaycan lideri bundan əvvəl iki dəfə Mərkəzi Asiya sammitlərində qonaq qismində iştirak edib. İndi isə ölkəmiz  Mərkəzi Asiya dövlətlərinin birləşdiyi platformanın tamhüquqlu iştirakçısına çevrilib.

Prezident İlham Əliyev sammitdə çıxışı zamanı Azərbaycanla Mərkəzi Asiya dövlətləri arasında münasibətlərin xüsusi xarakter daşıdığını deyib: "Bizi çoxəsrlik ortaq tarix, mənəvi və mədəni irs, qardaşlıq, dostluq, həmrəylik birləşdirir. Biz bu əlaqələri nəinki qoruyub saxlamışıq, həm də onlara strateji tərəfdaşlıq xarakterinə malik olan yeni dinamika bəxş etmişik. Son illər yüksəksəviyyəli qarşılıqlı səfərlər müntəzəm xarakter alıb. Son üç ildə mən Mərkəzi Asiya ölkələrində 14 dəfə səfərdə olmuşam. Bu müddət ərzində həmkarlarım ölkəmizə 23 dəfə səfər ediblər. Azərbaycan Mərkəzi Asiya ölkələri ilə müttəfiqlik və strateji tərəfdaşlıq, o cümlədən birgə investisiya fondlarının yaradılması haqqında müqavilə və bəyannamələr imzalayıb. Mütəmadi olaraq keçirilən mədəniyyət günləri, sərgilər, konsertlər xalqlarımızı daha da yaxınlaşdırır, bizim yaxınlığımızı, dostluğumuza verdiyimiz dəyəri nümayiş etdirir".

Dövlət başçısı bildirib ki, Azərbaycan Cənubi Qafqazda yerləşsə də, bu gün fəal qarşılıqlı fəaliyyət sayəsində Mərkəzi Asiya və Azərbaycan artıq qlobal miqyasda nüfuzu əhəmiyyətli dərəcədə artan vahid geosiyasi və geoiqtisadi regiondur.

Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra azad olunmuş ərazilərin dirçəldilməsində Mərkəzi Asiya ölkələri tərəfindən qardaş dəstəyi göstərilib.

Prezident bununla bağlı sammitdə çıxışı zamanı deyib: "Biz bu məsələdə Mərkəzi Asiya ölkələrinin Azərbaycana göstərdiyi qardaş dəstəyini yüksək qiymətləndiririk. Xüsusilə qeyd edək ki, artıq Füzuli şəhərində Mirzə Uluqbəy adına məktəb və Kurmanqazı adına Uşaq İncəsənət Mərkəzi, Ağdamda isə Manas məktəbi fəaliyyət göstərir. Bu, özbək, qazax və qırğız qardaşlarımızın hədiyyələridir. Bu ilin oktyabrında Füzulidə Türkmənistanın qardaşlıq dəstəyinin rəmzinə çevriləcək məscidin təməli qoyulub. Bütün bunlar qardaşlığımızın və həmrəyliyimizin sübutu kimi qədirbilən Azərbaycan xalqının yaddaşında qalacaqdır. Bu gün Azərbaycan və Mərkəzi Asiya Şərqlə Qərb, Şimalla Cənub arasında birləşdirici bənd və körpüdür".

Dövlət başçısı Azərbaycanın Mərkəzi Asiya ölkələrinin əməkdaşlıq formatına qoşulması ilə bağlı qərara görə həmkarlarına təşəkkür edib. O deyib, bu qərarı münasibətlərimizin dostluq və qardaşlıq xarakterini bir daha təsdiqləyir, həmçinin geniş coğrafi məkanda əməkdaşlığın və qarşılıqlı fəaliyyətin möhkəmlənməsinə xidmət edir.

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycanla bağlı bu vacib qərarı qəbul etdiklərinə görə bütün həmkarlarına təşəkkürünü bildirib. Əlavə edib ki, həmrəyliyin gücləndirilməsi və birgə inkişafa can atmaq Mərkəzi Asiyanın beynəlxalq mövqeyinin möhkəmlənməsinə və qlobal rolunun artırılmasına töhfə verir: "Mərkəzi Asiya +" formatlarının qarşılıqlı fəaliyyəti güclənib. Region nüfuzlu beynəlxalq platformalarda vahid mövqedən çıxış edir. Şübhəsiz ki, Azərbaycanın bizim formata qoşulması ilə regionumuzun qlobal miqyasda səsi daha əhəmiyyətli olacaq".

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Azərbaycanın bu yeni formatda regional əməkdaşlığın möhkəmləndirilməsinə mühüm töhfə verəcəyinə əminliyini ifadə edib.

Qırğız Respublikasının Prezidenti Sadır Japarov isə deyib ki, qardaş Azərbaycanın iştirakı ilə formatımızın genişləndirilməsi Mərkəzi Asiyanın qarşısında xüsusilə beynəlxalq tranzit, logistika və energetika sahələrində yeni imkanlar, geniş əməkdaşlıq üfüqləri açacaq: "Bu gün regionun yeni nəqliyyat arteriyasının meydana çıxmasının şahidi oluruq. Strateji cəhətdən mühüm Çin-Qırğızıstan-Özbəkistan dəmir yolunun tikintisi logistikanı birləşdirməklə yanaşı, həm də formatını genişləndirəcək, ölkələrimizə Asiya və Avropanın çox böyük bazarlarına ən qısa yolu açacaq. Bu kontekstdə Zəngəzur dəhlizinin tikintisi layihəsi Çin-Qırğızıstan-Özbəkistan dəmir yolunun məntiqi və strateji davamı kimi görünür".

Tacikistan Prezidenti Emoməli Rəhmon da ölkəmizi Məşvərət görüşlərinə qoşulması münasibətilə təbrik edib: "Sevindirici haldır ki, məkanımız beynəlxalq və regional proseslərin mühüm iştirakçısının timsalında öz əhəmiyyətini inamla artırır. Bu, balanslaşdırılıb və region ölkələrinin artan maraqlarının inkişafına səyləri nümayiş etdirir".

Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov da Azərbaycanın tamhüquqlu iştirakçı qismində Məşvərət görüşlərinə qoşulması münasibətilə təbriklərini çatdırıb.

Milli Məclisin deputatı Naqif Həmzəyev mövzu ilə bağlı "525"ə deyib ki, Özbəkistanın paytaxtında keçirilən Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşündə tarixi qərar qəbul edildi: "Azərbaycan bu nüfuzlu platformanın tamhüquqlu iştirakçısı statusunu əldə etdi. Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan prezidentləri tərəfindən imzalanan bu qərar, regionda yeni geosiyasi və geoiqtisadi reallıqların formalaşdığını təsdiq edən mühüm addımdır. Bu qərar təsadüfi deyil. Azərbaycanın Mərkəzi Asiya sammitlərində üçüncü iştirakı olsa da, hər görüş münasibətlərin dərinləşməsinə, qarşılıqlı etimadın güclənməsinə xidmət edir. İlk dəfə 2023-cü ildə Düşənbədə, ikinci dəfə 2024-cü ildə Astanada qonaq statusunda iştirak edən Azərbaycan, indi formatın tamhüquqlu üzvü kimi Daşkənddən qayıtdı. Coğrafi baxımdan Cənubi Qafqazda yerləşən Azərbaycanın Mərkəzi Asiya ilə inteqrasiyası yalnız siyasi iradənin məhsulu deyil. Tarixi, mədəni və mənəvi köklər bu birliyin təməlində dayanır. Prezident Əliyevin Daşkənddə səsləndirdiyi fikirlər bu reallığı aydın ifadə edir: "İlk baxışda Azərbaycanı Mərkəzi Asiya ölkələrindən fiziki olaraq ayırsa da, Xəzər dənizi, əslində, mühüm birləşdirici amildir. Bu gün Xəzər dənizi sadəcə coğrafi anlayış deyil, o, hər şeydən əvvəl xalqlarımızın strateji birliyinin, iqtisadi potensialının və tarixi əməkdaşlığının rəmzidir".

Prezidentin "Azərbaycan və Mərkəzi Asiya ölkələri artan strateji əhəmiyyətə malik vahid tarixi, mədəni, coğrafi və geosiyasi məkanı formalaşdırır" - fikri əsas mövzu kimi səsləndi və altı ölkənin ortaq gələcək vizyonunu ifadə etdi".

Deputatın sözlərinə görə, son üç ilin statistikası münasibətlərin hansı dinamika ilə inkişaf etdiyini aydın göstərir. Yüksək səviyyəli qarşılıqlı səfərlər məhz bu yaxınlığın siyasi ifadəsidir: "Prezident İlham Əliyev Mərkəzi Asiya ölkələrinə 14 dəfə səfər edib. Mərkəzi Asiya liderlərinin isə Azərbaycana 23 səfəri baş tutub. Cəmi yüksək səviyyəli 37 görüş olub. Bu da ildə orta hesabla 12 səfər deməkdir. Bu intensivlik sadəcə protokol xarakteri daşımır. Hər səfər onlarla strateji sənədin imzalanması, milyonlarla dollarlıq layihələrə start verilməsi və mövcud əməkdaşlığın genişlənməsi ilə nəticələnir. Son üç ildə təxminən 200 ikitərəfli sənəd imzalanıb ki, bu da iqtisadi əməkdaşlıq üçün möhkəm hüquqi baza yaradıb".

Deputat söyləyib ki, Özbəkistanla münasibətlər Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığının ən uğurlu modelidir: "Son bir il yarım ərzində iki ölkə prezidentləri arasında beş qarşılıqlı səfər baş tutub ki, bu da münasibətlərin yüksək dinamikasını əyani şəkildə nümayiş etdirir".

N.Həmzəyev vurğulayıb ki, Azərbaycanın ərazi bütövlüyünün bərpası və işğaldan azad edilmiş ərazilərin yenidən qurulmasında Mərkəzi Asiya ölkələrinin göstərdiyi dəstək xüsusi qiymətə layiqdir. Prezident Əliyev bu dəstəyə görə minnətdarlığını bildirərək deyib ki, "Biz bunu həmişə xatırlayacaq, ölkələrimiz və xalqlarımız arasında həmrəylik, dostluq və qardaşlıq jesti kimi qəbul edəcəyik".

Deputat əlavə edib ki, Orta Dəhliz - Çin-Qazaxıstan-Xəzər dənizi-Azərbaycan-Gürcüstan-Türkiyə-Avropa marşrutu - regionun iqtisadi gələcəyinin açarıdır. Bu dəhlizdə Azərbaycan kritik rol oynayır və Mərkəzi Asiya ölkələri üçün Qərbə açılan pəncərəyə çevrilib.

Daşkənd sammitində Türkmənistan sədrliyi qəbul etdi. Prezident Sərdar Berdiməhəmmədovun rəhbərliyi altında əməkdaşlıq yeni mərhələyə qədəm qoyacaq: "Növbəti sammit Aşqabadda keçiriləcək və Azərbaycan artıq tam hüquqlu üzv qismində iştirak edəcək. Bu, formatın daha da genişlənməsi, yeni layihələrin müzakirəsi və mövcud əməkdaşlığın dərinləşməsi üçün platformadır. Daşkənddə qəbul edilən qərar sadəcə siyasi sənəd deyil. Bu, yeni geosiyasi reallığın rəsmiləşməsidir. "Mərkəzi Asiya+Azərbaycan" formatı altı ölkəni - Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistanı - vahid strategiya, vahid məqsəd ətrafında birləşdirib. Daşkənd sammiti tarixə düşdü. Altı qardaş ölkə indi vahid formatda, vahid məqsədlə gələcəyə addımlayır. Bu körpü artıq qurulub və onun üzərindən ölkələrimizin xalqlarını rifaha, əmin-amanlığa və tərəqqiyə aparan yol keçir".

 

Pərvanə  

525-ci qəzet .- 2025.- 18 noyabr (№209).- S.5.