Şərəfli
ömür yolu
Yusif Məmmədəliyev-120
"Mən onu şəxsən tanıyırdım,
onunla dəfələrlə görüşmüşdüm
və buna görə də mənim bu sözlərim
kitablardan oxuduğum, yaxud kimdənsə eşitdiyim sözlər
deyildir. Bunlar onunla şəxsi təmasdan aldığım təəssüratlardır.
O, həddindən artıq mədəni və eyni zamanda
çox təvazökar bir insan idi, millətini, xalqını
həddindən artıq sevən bir adam idi, vətənpərvər
bir insan idi, Vətəni haqqında, milləti haqqında,
xalqı haqqında daim düşünən bir insan idi. Bu
insanın siması həm zahirdən, həm də daxildən
onun nə qədər yüksək keyfiyyətlərə
malik olduğunu nümayiş etdirirdi. O, sözün əsl mənasında
ziyalı idi".
Ümummilli lider Heydər ƏLİYEV
Azərbaycan çoxəsrlik tarixi boyu dünyaya bir
çox korifeylər və mütəfəkkirlər bəxş
edib. Azərbaycan alimləri, elm adamları
xalqımızın milli mənlik şüurunun
inkişafında, intellektual potensialının güclənməsində
parlaq izlər qoyublar. Onların hər biri öz tədqiqatları,
kəşfləri, Vətən qarşısında töhfələri
ilə milli elm tariximizin zirvəsinə yüksəliblər.
Bu inkişaf mərhələsində Azərbaycan elmini
inkişaf etdirən, dünya şöhrətli görkəmli
alimlərimiz arasında kimyaçı, maarifpərvər
alim, akademik Yusif Məmmədəliyev xüsusi yer tutur.
Kimya elmləri doktoru, Dövlət Mükafatı
laureatı, akademik Yusif Heydər oğlu Məmmədəliyev
1905-ci il dekabrın 31-də Ordubad şəhərində
tanınmış din xadimi Heydər kişinin ailəsində
dünyaya göz açıb. O, 1911-1917-ci illərdə
Ordubadda şəxsi məktəbdə təhsil alıb, sonra
orada yaradılan yeni tipli məktəbdə təhsilini davam
etdirib.
1918-1920-ci illər də Təbrizdə ingilis dilli məktəbdə
təhsil alıb. 1921-ci ildə Ordubadda gimnaziyanı "əla"
qiymətlərlə bitirib, ibtidai məktəbdə müəllim
işləyib. 1926-cı ildə Ali Pedaqoji İnstitutun təbiət
fakültəsini müvəffəqiyyətlə bitirib. Bu ali
təhsil ocağında Y.Məmmədəliyev görkəmli
kimyaçı professorlarımız S.Hüseynov və
M.Xanlarovdan dərs alıb.
1928-1930-cu illərdə Yusif Məmmədəliyev
İrəvan Pedaqoji Texnikumunda müəllim işləyib.
1929-cu ildə M.V.Lomonosov adına Moskva Dövlət
Universitetinin Kimya fakültəsinin ikinci kursuna qəbul olunub.
24 yaşlı gənc təhsil almaqla yanaşı, dünya
kimya elminin görkəmli alimlərindən olan akademik
N.Zelinskinin laboratoriyasında elmi-tədqiqat işləri
aparmağa başlayıb. Məşhur professorlar N.D.Zelinski və
A.A.Balandinin tələbələri olan Y.Məmmədəliyev
kimya fakültəsinin "Üzvi kataliz" ixtisası
üzrə ilk məzunlarından biri olub.
1932-ci ildə vətənə qayıdan alim
keçmiş Azərbaycan Kənd Təsərrüfatı
İnstitutunda Üzvi kimya kafedrasına müdir təyin
olunub. Bir ildən sonra Bakıdakı V. Kuybışev
adına Azərbaycan Neft Elmi-Tədqiqat İnstitutunda (indiki
AMEA Neft-Kimya Prosesləri İnstitutu) işə
başlayıb. Onun əsas elmi fəaliyyəti bu institutla
bağlı olub və böyük alim burada gənc tədqiqatçıdan
akademikliyədək şərəfli yol keçib. Yusif Məmmədəliyev
ilk dəfə neft qazlarının müxtəlif üsullarla
ayrılması, xlorlaşması, etilen və asetilenə
çevrilməsi, doymamış qazların bromlaşması,
onların hidratlaşması, hidrogen sulfidlə
qarşılıqlı təsiri və alınan halogenli birləşmələrin
xalq təsərrüfatında və tibdə istifadə
olunmasına dair müvəffəqiyyətli tədqiqat işləri
aparıb. Dünya alimlərinin öhdəsindən gələ
bilmədiyi, əsrlər boyu müəmmalı qalan problemləri
bu böyük alim həll edib - "qaynar lay" katalizator təbəqəsini
tətbiq etməklə halogenləşmə proseslərində
inqilabi dönüş yarada bilib.
1938-ci ildə Moskva Dövlət Universitetinin Elmi
Şurası azərbaycanlı alimin əsasən neft
qazlarının tədqiqi sahəsindəki yüksək əhəmiyyətli
işlərini, dərin nəzəri ümumiləşdirmələrini
nəzərə alaraq, ona dissertasiya müdafiə etmədən
kimya elmləri namizədi alimlik dərəcəsi verib. Bu da
onun artıq istedadlı alim kimi özünü təsdiq
etdiyini sübut edirdi.
Akademik Y.Məmmədəliyev dünyada ilk dəfə
Azərbaycan nefti və təbii qazlarının tədqiqinə
başlayıb, onların kimyəvi tərkibinin müəyyənləşdirilməsində
uğurlu nailiyyətlər qazanıb. Bu təbii sərvətlərin
yeni neft-kimya və neft emalı prosesləri üçün əvəzsiz
təbii mənbə olduğunu elmi cəhətdən əsaslandıraraq
sübut edib. Y.Məmmədəliyevin üsulu ilə Azərbaycanda
halogenli karbohidrogenlərin istehsalı üçün
böyük halogenləşmə sənaye və yarımsənaye
pilot qurğuları və zavodlar tikilib. Bu metod müxtəlif
ölkələrdə də tətbiq edilib. Bu üsul ilə
sənaye miqyasında müxtəlif sahələrdə
strateji əhəmiyyətə malik, həmçinin dərman
preparatları, həlledicilər, pestisidlər və digər
məhsullar alınıb. Həmin dərman preparatları minlərlə
insanı yoluxucu xəstəliklərdən qoruyub. Digər
birləşmələr isə xüsusilə aviasiya sənayesində
yüksək səmərəliliyə malik həlledicilər,
yanğınsöndürmə əleyhinə maddələr
kimi geniş istifadəsini tapıb.
Neft və təbii qazların hidrogenləşməsi,
dehidrogenləşməsi, hidratlaşması sahəsində
ilk dəfə yüksək nəticələr əldə edərək
bir sıra gərəkli maddələrin, o cümlədən
etil spirtinin, süni kauçukun, süni liflərin və sair
yeni alınma üsullarını işləyib
hazırlayıb. Bu metod ilə Azərbaycanda ilk dəfə
süni kauçukun istehsalına başlanılıb.
Akademik Yusif Məmmədəliyevin 1941-1945-ci illər
müharibəsi dövründə müstəsna xidmətləri
olub. Qələbənin yaxınlaşmasında əvəzsiz
xidmətləri olan Y.Məmmədəliyev bu dövrdə
neft kimyası və neft emalının vacib proseslərindən
olan alkilləşmə sahəsində misilsiz nailiyyətlər
əldə edib və yeni kəşflərə imza atıb. Nəticədə
onun üsulu ilə yüksək çıxımla alınan
və strateji əhəmiyyətli məhsullar olan alkilaromatik
birləşmələr cəbhənin məqsədləri
üçün geniş istifadə olunub, həmçinin
"Molotov kokteyli" yeni tərkibdə işlənib
hazırlanıb.
Top mərmilərinin və minaların
hazırlanmasında ən çox istifadə olunan
trinitrotoluol (trotil) partlayıcı maddəsinin əsas
komponenti olan toluolun yüksək çıxımla
alınması, təyyarələrin yüksək
uçuşunu təmin edə bilən yüksək
oktanlı və çox aşağı donma temperaturuna malik
yanacaqların hazırlanması onun adı ilə birbaşa
bağlıdır.
Alimin elmi ixtiralarına əsasən 1941-1944-cü illərdə
Bakı neftayıranları cəbhəyə milyon tonlarla
yüksək keyfiyyətli yanacaq veriblər. Görkəmli
akademikin Azərbaycan nefti əsasında aldığı
yüksək keyfiyyətli, oktan ədədi 120-yə bərabər
olan, aşağı donma temperaturuna malik bu qiymətli yanacaq
İkinci Dünya müharibəsində aviasiya yanacağı
kimi də istifadə olunaraq qələbəyə birbaşa
yol açıb. Y.Məmmədəliyev bu rəşadətlərinə
görə bir çox təltiflərə, o cümlədən
Dövlət mükafatına layiq görülüb.
O, aviasiya üçün yeni, yüksək keyfiyyətli
yanacaq icad etmişdi. Məhz bunun sayəsində İkinci
Dünya müharibəsi zamanı faşistlərlə gedən
döyüşlərdə sovet qırıcı təyyarələri
havada üstünlüyü ələ keçirmişdi.
Bununla əlaqədar o dövrün qəzetləri
yazırdı: "Sovet aviasiyasının məşhur qəhrəmanlarından,
igid qırıcı-təyyarəçilərdən
soruşun, havada ağalıq etməkdə sizə kim kömək
etdi? Bir ağızdan deyəcəklər: Məmmədəliyev.
Məhz o, sovet təyyarəçilərinə hamıdan
yüksəkdə, hamıdan uzağa uçmağa kömək
etdi".
Akademik Y.Məmmədəliyevin bu sahədə kəşfləri
nəinki səmaları, hətta kosmosu fəth etməyə
imkan verib. Akademikin hazırladığı metod ilə
alınan yüksək keyfiyyətli raket yanacaqlarından Yerin
ilk süni peykinin buraxılması və insanın kosmosa
uçuşunda istifadə edilib. Böyük alim haqlı
olaraq Qələbə Paradına və Yuri Qaqarinin kosmosa ilk
uçuşu münasibətilə təşkil olunan ali tədbirə
dəvət olunub və orada ölkəmizi layiqincə təmsil
edib.
Azərbaycanda Astrofizika Rəsədxanasının təşkilində
Yusif Məmmədəliyev müstəsna rol oynayıb. Onun
şəxsi nüfuzu və zəhməti bahasına Avropada ən
böyük teleskop bu rəsədxanaya Almaniyadan gətirilib.
Nəinki kimya sahəsinin, hətta humanitar elmlərin,
elm tarixinin mahir bilicisi olan akademik Y.Məmmədəliyev
yüksək vətənpərvərlik hissi ilə Azərbaycanda
hələ o dövrdə Əlyazmalar Fondunun
yaradılması, Qobustan abidələrinin qorunub
saxlanılmasına, qədim Azərbaycan eposu olan "Kitabi-Dədə
Qorqud" dastanının, Qafqaz Albaniyasının tarixinin tədqiqinə,
"Nizamişünaslıq" elminin əsasının
qoyulmasına, Böyük Şərq şairi və mütəfəkkiri
Nizami Gəncəvinin Bakıda abidəsinin ucaldılmasına
nail olub. Bununla yanaşı, alim o dövrdə Azərbaycan
dilinin dövlət dili kimi qəbul olunması və geniş
istifadə edilməsi üçün heç nədən
çəkinməyərək bütün qüvvəsi ilə
çalışıb və bu istiqamətdə müstəsna
rolu olub.
Akademik Yusif Məmmədəliyev tək tədqiqatçı
alim deyil, həm də böyük maarifçi olub. O, ilk əmək
fəaliyyətinə müəllimliklə başlayıb.
Ordubadda, Gəncədə, Bakıda, İrəvanda və
başqa yerlərdə müəllim işləyib. Onun
maarifçiliyi müəllimlik fəaliyyəti ilə bitmir.
O, Azərbaycan Dövlət Universitetində, Dövlət Neft
və Kimya İnstitutunda, başqa institutlarda da, Moskva ali məktəblərində
də müəllimlik edib. Azərbaycan maarifinin inkişaf
etdirilməsində onun böyük xidmətləri vardır.
Misilsiz və əvəzsiz xidmətlərinə görə
Y.Məmmədəliyev Azərbaycanın ilk kimyaçı
akademiki, Azərbaycan Dövlət Universitetinin (indiki Bakı
Dövlət Universiteti) rektoru, iki dəfə Azərbaycan
Milli Elmlər Akademiyasının prezidenti olub. Bu illər ərzində
elmimizin inkişafı və milli mədəni dəyərlərimizin
qorunması uğrunda yorulmadan çalışıb, onlarla
elmi-tədqiqat institutu, yeni istiqamətli laboratoriya, kafedra və
elm ocağının yaradılmasına nail olub.
Akademik Yusif Məmmədəliyev xüsusən də
böyük maarifçi kimi fəaliyyətinin ən parlaq səhifələri
Azərbaycan Dövlət Universitetinə rektorluq etdiyi dövrə
təsadüf edir. Görkəmli alim Azərbaycan Dövlət
Universitetinə rəhbərlik etdiyi zaman çox işlər
görüb, universitet daha da genişlənib, inkişaf edib,
yeni kafedralar açılıb. Böyük alim universitetin
elmi nüfuzunu yüksəldib. Dəqiq elmlər sahəsində
son nailiyyətləri əhatə edən yeni tədris
proqramları tərtib edib, universitetin keçmiş
İttifaqda və xaricdə tanınmış ali məktəblərlə
əlaqəsini möhkəmləndirib.
İkinci Dünya müharibəsinin qurtarması ərəfəsində
SSRİ Elmlər Akademiyasının prezidenti V.L.Komarov
Bakıya gəlir. İsmayiliyyə binasında Azərbaycan tarixində
ilk Elmlər Akademiyasının yığıncağı
keçirilir və həmin yığıncaqda
M.C.Bağırov da iştirak edirdi. 40 yaşlı Yusif Məmmədəliyevin
fəaliyyətini yüksək qiymətləndirən Komarov
deyir: "Təkcə Yusuf Məmmədəliyevə görə
Azərbaycanda Elmlər Akademiyası açılmalıdır".
Yusif Məmmədəliyevin Azərbaycan elminin təşkili,
dünya elminə inteqrasiyası sahəsində əvəzsiz
xidmətləri olub. O, heç də elmlə az məşğul
olmayıb. Y.Məmmədəliyev böyük nüfuza, fitri
təşkilatçılıq qabiliyyətinə malik alim
idi. O, 1945-ci ildə kimya elmləri sahəsində müstəsna
xidmətlərinə görə bu sahədə ilk akademik
seçilib. Y.Məmmədəliyevin istər akademiyanın,
istərsə də bir çox müəssisələrin
açılmasında, elmimizi ucaldan alimlərin
hazırlanmasında misilsiz xidmətləri olub.
Akademik Y.Məmmədəliyev neft kimyası, neft kimya
sənayesi, neft emalı, polimer kimyası elmləri üzrə
uğurlu kəşfləri ilə haqlı olaraq dünya
şöhrəti qazanıb və gələcək nəsillər
üçün zəngin irs qoyub. O, Azərbaycan
kimyaçılarının iftixar mənbəyi olan "Yusif
Məmmədəliyev məktəbi"ni yaradıb.
Bütün bunlar isə bir daha onu göstərir ki,
Yusif Məmmədəliyev dühası Azərbaycan elminin sərhədlərini
çoxdan aşaraq bu gün də dünya elminə öz
töhfələrini verməkdədir və xalqımız
haqlı olaraq bu cür şəxsiyyətləri ilə fəxr
edir. Ulu öndər Heydər Əliyevin dediyi kimi: "Yusif Məmmədəliyev
heç vaxt unudulmayacaq, zaman keçdikcə onun Azərbaycan
xalqının tarixindəki yeri daha da açıq
görünəcəkdir və insanlar, gələcək nəsillər
Azərbaycanın belə şəxsiyyətləri ilə fəxr
edəcəklər".
Güldanə MEHDİYEVA
525-ci qəzet.- 2025.- 19 noyabr (№210).- S.13.