Tarixilik və müasirliyin vəhdətində
iki yaradıcı şəxsiyyət
Ömür fraqmentlərdən ibarət bir
kitabdır. İnsanın müxtəlif yaş mərhələlərini
əhatə edən bu kitabda gənclik illəri gələcəyin
qurulmasında təsdiq pafosunu gözləyən hadisələrlə
zəngindir. Bədirxan Əhmədlinin "Nəriman
Əbdülrəhmanlının nəsri: tarixilik və
müasirliyin vəhdəti" kitabı mənə təhsilimin
magistratura pilləsində pedaqoji ustalığı ilə
seçilən Bədirxan müəllimi xatırlatdı. Bədirxan
müəlliminin tədqiqatçı kimliyini xarakterizə edən
cəhət Azərbaycan ədəbiyyatşünaslığında
mərhələlər və istiqamətlər üzrə
problematik məsələlərə aydınlıq gətirməsidir.
Bu yaxınlarda "XX əsr Azərbaycan ədəbiyyatı
tarixi" (3 cilddə), "Zamanın yaddaşı: ədəbi
diskurslar", "Bir ömrün missiyası"
kitablarının nəşri yaradıcı şəxsiyyətin
elmi zəkasının çoxşaxəliyini göstərən
mətnlərdir. Tədqiqatlarında klassik irsə səyahəti
üstün tutan professorun yaradıcılığının
yetkin çağlarında müasir dövrün ədəbi
prosesinə diqqəti artırması təcrübənin
üzərində biliklərini nümayiş etdirməsinə
şərait yaradır. 2023-cü ildə nəşr olunan
çağdaş zamanla tarixiliyin dialektik vəhdətində
təhlil edilən Nəriman Əbdülrəhmanlının
yaradıcılığına həsr etdiyi kitabına diqqət
yetirməyimizin bir çox səbəbləri vardır.
İlk səbəb yazıçının
yaradıcılığının müəllim səriştəsinə
bağlı izahlı və sistemli şəkildə verilməsidir.
Digər tərəfdən isə həm yazıçı
yaradıcılığının əsas məziyyətləri,
həm də tədqiqatçının
araşdırmasının obyektivliyi üzə
çıxır. Bu tədqiqat Bədirxan Əhmədlinin və
Nəriman Əbdülrəhmanlının
yaradıcılıqları üçün səciyyəvi
olan keçmişə qayıdışı müasir prosesə
bağlı olaraq xarakterizə edir.
Bədirxan Əhmədlinin Sabit Rəhmandan başlayan
yolda müasir nəsrə yönəlməsi həm
yazıçı ilə ədəbiyyatşünasın gənclik
illərindən tanışlığı, həm də ədəbiyyatşünasın yazıçının nəsr
yaradıcılığına dərindən hakim olması ilə
bağlıdır. 80-ci illərdə başlayan dostluq
münasibətləri bu yaradıcılığın
hansı istiqamətlərdə inkişafını mərhələli
şəkildə izləməyə imkan verib. Kitab Nəriman
Əbdülrəhmanlının həyatı və
yaradıcılığı haqqında sistemli bir tədqiqat əsəri
xarakteri daşıyır və onun yaradıcı
dünyasını hərtərəfli tanıdır. Bədrixan
Əhmədlinin qələmində həyati gerçəkliyə
sadiq, emosional və obyektiv Nəriman Əbdülrəhmanlı
obrazı yaranır. Publisistikadan nəsrə yönələn
yolda bədii düşüncə onun fəaliyyətində əsas
element kimi qiymətləndirilib. Kitab portret-oçerk mahiyyətlidir.
"Kimdir Nəriman Əbdülrəhmanlı?"
sualının cavabı tədqiqatda tam
aydınlığı ilə həllini tapır. Bədirxan
Əhmədli yazıçının
yaradıcılığına 3 aspektdən yanaşır:
- Tarixi konsepsiya baxımından faktın nəsrə
uyğunlaşdırılmasında roman janrının əhəmiyyətinə
diqqət çəkmək;
- Sadədən mürəkkəbə gedən yolda
hekayəçi kimi xarakterik yaradıcı şəxsiyyəti
üzə çıxarmaq;
- Hekayədən romana doğru inkişaf edən
yazıçı qələmində yeni nəsr
texnologiyasının işlənməsinə nəzər
yetirmək.
Bütün bunlar məhsuldar bir yazıçı
modelini xarakterizə edir. İlkin başlanğıcdan təkamülə,
yetkinlik mərhələsinə qədər izlənən bu
tədqiqatda hekayə yaradıcılığına 3 mərhələdə
nəzər salınmışdır:
1. Axtarışlar mərhələsi: "Məktub",
"Bayrama üç gün qalırdı", "Çəpər",
"Çıxış", "Dönüm", "Gecələmə".
2. Ənənəvi təhkiyədən uzaqlaşma mərhələsi:
"Yelçəkən",
"İşıqsızlıq", "Kişi
qırığı", "Kəpənək",
"Cümə axşamı", "Şeytan
mövsümü".
3. Üslubun sabitləşməsi mərhələsi:
"Gözəl kişi", "Ağ bayraq",
"Qapı", "Təsadüfi adam",
"Yarımçıq gün", "Qardaşımın
ölümü", "Səsindən yıxılan",
"Təkan".
Bədirxan Əhmədli onun
yaradıcılığını səciyyələndirən
cəhəti sosial gerçəklikdə
düşündürmək və insan psixologiyasını məşğul
etməklə əlaqələndirib. Tədqiqatçı dərk
prosesində sarsıntı keçirən, bəxti gətirməyən
qəhrəmanlar silsiləsinə diqqəti yönəldib.
Xüsusilə, "Göy adamı" və "Dönəlgə"
povestləri bu mövqedən təhlil edilib.
Yazıçının hekayələrində hadisələrin
təsvirinin psixoloji məqamlarla müqayisədə arxa plana
keçməsi tədqiqatçının diqqətini cəlb
edən cəhətdir. "Gözəl kişi",
"Ağ bayraq", "Qapı" hekayələrində
qapalı çevrə modeli, "Təsadüfi adam" hekayəsində
geridönmə effekti, "Təkan" hekayəsində
güman modeli, "Yarımçıq gün" hekayəsində
assosiativ yanaşma üzərində təhlilini aparan ədəbiyyatşünas
yazıçının üslubunda özünü göstərən
keçmişə səyahət, başlanğıc nöqtəyə
qayıdış, montaj elementlərindən istifadə, qəhrəmanlarını
idarə edən müəllifin görünməsi, oxucunun əsərin
daxilinə sirayət etməsinə şərait yaradan
yönləndirmə yazı stili, obrazın fərdi deyil,
ümumi mahiyyətinə önəm verilməsi və sosyo-mədəni
toplumu təmsil etməsi məsələlərinə
toxunub.
Bu kitabda iki obraz aydın seçilir: Nəriman
Əbdülrəhmanlı və Bədirxan Əhmədli. Bir
tərəfdən ədəbiyyatda yazıçının
yeri, digər tərəfdən isə ədəbiyyatşünaslıqda
tədqiqatçının mövqeyi bir-biri ilə
uzlaşdırılır. Az tədqiqat əsəri tapmaq olar
ki, bu yaxınlıq təmin edilir. Ya tədqiqata cəlb edilən
subyekt qabarıq üzə çıxır, ya da tədqiqatçının
kimliyi mühüm rol oynayır. Bədirxan Əhmədlinin
kitabı isə yazıçının məharətini və
tədqiqatçının üslubunu göstərən mənbədir.
Ədəbiyyatşünasın şərh üsulunu "niyə?"
və "necə?" suallarına cavabı əsasında
qurması tədqiqatın elmi dəyərini artırır
Tarixi mövzuya müraciət keçmiş dəyərlərin
və millilik faktorunun tarixi hadisə və şəxsiyyət
timsalında gələcəyə ötürülməsində
mühüm amildir. Tarixi mövzuda yazılan əsərlərin
ədəbi prosesdə əsas rolu tarixi şəxsiyyətləri
daha çox tanıtması ilə bağlıdır. Həm
də tarixi mövzu müasir həyatı dərk etmək,
keçmişin çağdaş dövrə təsirini
müəyyənləşdirməyə xidmət edir. Gələcəyin
proqnozlaşdırılması keçmişdə gizlənir.
Ədəbiyyatşünas yazıçının
romanlarında tarixə qayıdışı ənənəvi
meyllərlə və yeniliklə bağlayır. Tarixi xronotop
bacarığını diqqətə çatdırmaq istəyən
müəllif "zamanı tarixdə yaşatmaq" və
"tarixi zamanı yaşatmaq" anlayışlarını
qarşı-qarşıya qoyur. Söz, bədii qələmin
gücü tarixi faktları daha yadda qalan və əlçatan
edir. Bu zaman obyektivlik və müəllif niyyəti də əsasdır.
Çünki yazıçı mövcud quruluşun və
ideologiyanın təsirinə də düşə bilər,
xalqın tarixi yaddaşına da söykənməyi
üstün tuta bilər, öz düşüncə tərzində
seçdiyi mövzuya yanaşmasını da ifadə edə
bilər. Bu cəhətdən Nəriman Əbdülrəhmanlının
romanlarında tarixin işlənmə səciyyəsi
haqqında Bədirxan Əhmədlinin tədqiqatı geniş
imkanlar açır. "Könül elçisi, yaxud Don Xuan
de Persia - Oruc bəy Bayatın hekayəti", "Qurban.
Yüzilin "Əli və Nino" əfsanəsi",
"Yolçu", "Taclı", "Şəms"
romanlarında "keçmiş - bu gün - gələcək"
üçbucağının qurulmasında mədəniyyətə
diqqəti yönəldir. Bu romanların təhlilləri
zamanı, tarixi keçmişi bədii təxəyyüllə
zənginləşdirən yazıçının tədqiqində
Bədirxan Əhmədlinin nəzəri
dünyagörüşü üzə çıxır. Janr
baxımından "Yalqız"ın roman-assosiyasiya,
"Yolsuz"un roman-psixo, "Könül elçisi, yaxud
Don Xuan de Persia - Oruc bəy Bayatın hekayəti"nin
roman-macəra, "Yolçu"nun roman-salnamə, "Qurban.
Yüzilin "Əli və Nino" əfsanəsi"nin
roman-xronika, "Taclı"nın roman-triptix, "Şəms"in
roman-qeybnamə adlandırılmasını məzmun
xüsusiyyətləri ilə əlaqələndirməkdə
haqlıdır. Çünki bu əsərlərdə ruhi
dünyaya eniş, insan hisslərinə daxili müdaxilə, qəhrəmanların
sərgüzəştləri, tarixi hadisələrin əhatəli
mənzərəsi, hadisələrin ardıcıllıqla təsviri
əsasdır. "Şəms"də XII-XII əsrlər,
"Taclı"da XV-XVI əsrlər, "Könül
elçisi, yaxud Don Xuan de Persia - Oruc bəy Bayatın hekayəti"ndə
XVI-XVII əsrlər, "Yolçu"da XVII-XVIII əsrlər,
"Qurban. Yüzilin "Əli və Nino" əfsanəsi"də
XIX-XX əsrlərdə baş verən hadisələrin
oxucuya təqdiminin yazıçı intuisiyası ilə əlaqələndirilməsi
zamanı millilik məfhumu novatorluqla
uzlaşdırılır. Bu əsərlərdə fakt və
təxəyyül bir-biri ilə mübarizə aparır. Bədirxan
Əhmədlinin "Mətndə yazıçının
dili, təhkiyəçinin dili və sənədlərin dili
də son dərəcə üzvi şəkildə
çulğaşıb, bütöv bir üslub yaradır. Hətta
romanda hansı detalın tarix, hansı detalın isə bədii
təxəyyülün məhsulu olduğunu söyləmək
o qədər də asan deyil" fikri təsdiq edir ki, oxucu əsəri
tarixin əvəzedicisi kimi qəbul edir. Həqiqi tarixi və
yaradılan tarixi aydınlaşdırmaq çətinləşir.
Bu üslub təsvir edilən məlumatların
doğruluğunu sorğulamaq məsələsini arxa plana
keçirir.
Nəriman Əbdülrəhmanlı romanlarının
tarixi şəxsiyyətləri ətrafında baş verən
hadisələrə münasibət bildirir, uydurma qəhrəman
olmadıqlarını və əsərlərin sənədli
material olduğunu sübut edir. Onun əsərlərində sərhəd
anlayışı itir, tarix, avtiboqrafiya, fantastika kimi elementlər
bir-birini tamamlayır. Bədirxan Əhmədli
"Yalqız" və "Yolçu" romanlarında
modernist düşüncədən, "Könül
elçisi, yaxud Don Xuan de Persia - Oruc bəy Bayatın hekayəti",
"Yolsuz", "Qurban. Yüzilin "Əli və
Nino" əfsanəsi" romanlarında postmodernist tələblərdən
bəhs etməklə yazıçının üslubunun
polifonikliyi məsələsini qabartmışdır.
"Əlahəzrət bədii mətn"
kriteriyasını işlədən Bədirxan Əhmədlinin
"yazıçı yaşadığı dünyanın
gerçəkliklərini qəlbinin və ağlının
süzgəcindən keçirərək, yeni dünya
yaradır" ifadəsi dünyanın mətndən görsənən
üzünə diqqəti cəlb edir. Belə ki, bədii mətnin
dünya ilə münasibətində təhkiyə daxili aləmdən
oxucunun cəlb edilməsinə yönəldilir.
Bədirxan Əhmədli elə bir tədqiqat əsəri
ortaya qoyub ki, sistemliliyi və hərtərəfliliyi etibarilə
Nəriman Əbdülrəhmanlı haqqında yazılacaq tədqiqatlara
həm istiqamət verir, həm də tədqiqatçıların
işini çətinləşdirir. Çünki bu kitab
yazıçının ədəbi prosesdə yerini tam
aydınlaşdırır. Kitab yalnız ədəbiyyatşünaslıq
üçün tarixi əhəmiyyəti ilə
seçilmir, eyni zamanda ədəbiyyatşünasın
özünün mütəxəssis roluna yenidən
baxmağa şərait yaradır.
Nurlanə MƏMMƏDOVA
Filologiya üzrə fəlsəfə doktoru
525-ci qəzet .- 2025.- 20 noyabr (№211).- S.15.