Yadigar Muradovun xatirəsinə...
Azərbaycan incəsənətinin hüznlü yarpaq
tökümü davam edir. Noyabrın 18-də o qocaman,
köklü-köməcli ağacın ən hündür
zirvəsindən bir yarpaq da qopub düşdü
torpağın soyuq qoynuna. Torpaq daha bir sənətkarı
öz ağuşuna almaq üçün tələsdi.
Tanınmış aktyor, Şuşa Dövlət Musiqili Dram
Teatrının direktoru, Əməkdar artist Yadigar Muradov da
köçünü çəkdi bu fani dünyadan. Ondan
geriyə isə yarandığı ilk gündən rəhbərlik
etdiyi, köçkünlük illərində belə hər
zaman şərəflə yaşatdığı Teatr,
yaratdığı saysız-hesabsız obrazları və ailəsinin,
dostlarının, tamaşaçılarının, onu
tanıyan və sevən hər kəsin qəlbində əbədi
yaşayacaq xatirələri qaldı.
lll
1958-ci ilin soyuq qış günündə - 18 dekabrda
Ağdam rayonunun Novruzlu kəndində bir körpə
dünyaya gəldi. Mədəniyyət beşiyi, sənət
məbədi olan Qarabağımızın isti
qucağında dünyaya göz açan bu körpənin gələcəkdə
böyük bir xalqın sevimlisinə çevriləcək sənətkar
olacağı heç kimin ağlına gəlməmişdi.
Amma o körpə böyüdükcə Qarabağın
havası ilə, suyuyla birgə qanına, canına hopmuşdu
sənət sevgisi, görünməmiş istedadı.
Məhz bu istedad və sevgi gənc Yadigarın yolunu
İncəsənət İnstitutundan saldı. O, 1976-1980-ci
illərdə Azərbaycan Dövlət İncəsənət
İnstitutunun (indiki ADMİU) Dram və kino aktyoru fakültəsində
təhsil alaraq, gələcək həyat yolunu seçdi.
O, teatr dünyasına ilk addımlarını
Ağdam Dövlət Dram Teatrında atdı. Bir müddət
burada işlədikdən sonra taleyini Azərbaycan incəsənətinin
qəlbinin döyündüyü Şuşa ilə
bağladı. Bu bağlılıq öncə Şuşa Mədəni-Maarif
Texnikumu ilə başladı. Belə ki, o, aldığı dəvətlə
1983-1990-cı illərdə bu Texnikumda aktyorluq ixtisası və
səhnə danışığından dərs deyərək
gənc nəslə sənətin sirlərini öyrədib,
onların içində teatr eşqini alovlandırıb.
1990-cı ildən isə həm Yadigar Muradovun həyatında,
həm də Azərbaycan incəsənətində
mühüm bir hadisə yaşandı. Belə ki, həmin
ilin 11 may tarixində Şuşa Dövlət Musiqili Dram
Teatrı yarandı və yarandığı gündən
teatrın direktoru vəzifəsi Yadigar Muradova həvalə
olundu. Məhz onun rəhbərliyi altında teatr günbəgün
dirçəldi, inkişaf yoluna qədəm qoydu. Məhz
Yadigar Muradovun yorulmaz əməyi ilə teatr çox qısa
zamanda Azərbaycan mədəniyyətinin sənət məbədlərindən
birinə çevrildi. Təəssüf ki, 1992-ci ildə teatr
məlum Qarabağ hadisələri ilə bağlı
Bakıya köçdü. Bu köçkünlük
zamanında da Yadigar Muradov öz balası qədər sevdiyi,
qoruduğu teatrını bir gün belə tək
buraxmadı, hər zaman onun inkişafı üçün
çalışdı.
Bu dərdli ayrılığa baxmayaraq, Yadigar Muradov
onun ürəyində Şuşanın ruhunu yaşatdı.
Teatrın kollektivi Bakıda fəaliyyətini davam etdirdi, lakin
hər tamaşa, hər səs, hər melodiyada o qədim
şəhərin nəfəsi canlandı. Onun rəhbərliyi
ilə teatr təkcə milli səhnə deyil, həm də mədəni
köklərin dirçəlməsinin simvoluna çevrildi.
Onun üçün teatr yalnız tamaşa binası
deyildi, Şuşanın ruhuydu, bir mədəniyyət arxivi
idi. 1992-ci ilin çıxılmaz illərində,
Şuşanın işğalı zamanı, bəlkə
ümidsizliyə düçar olmuşdu, bəlkə ürəyi
titrəyirdi, bəlkə bacarmamaqdan qorxurdu, amma o yenə də
imtina etmədi. Teatrın varlığını, səhnəsini,
kollektivini qorudu. O, köçkün teatrda keçmişlə
gələcək, arzularla reallıq arasında sanki bir
körpü rolunu oynadı. O körpü, insanların mədəni
varlığını, yaddaşını, ümidini
bağlayırdı.
Amma xüsusi qeyd etməliyəm ki, Yadigar Muradov təkcə
bir teatr direktoru deyildi. Onun aktyorluğu da özünəməxsus
idi. O, Şuşa teatrının səhnəsində bir-birindən
fərqli, bir-birindən maraqlı obrazlar yaratdı. Bu rollar
onun istedadının müxtəlif palitralarını göstərirdi.
İstedadlı aktyor həm dramatik, həm musiqili, həm məzəli,
həm də mənəvi dərin obrazlarla
tamaşaçılarını hər zaman təəccübləndirməyi
və öz sənətini yaddaşlara yazmağı
yaxşı bacarırdı.
Onun rejissorluq bacarığı da diqqətəlayiq
idi. O, Üzeyir Hacıbəylinin "Arşın mal
alan"ını, Süleyman Ələsgərovun
"Özümüz bilərik"ini, S.Qənizadənin
"Ayının min bir oyunu"nu, Ə.Haqverdiyevin
"Dağılan tifaq"ını, A.Əliyevin "Cəhənnəmə
gedən yol"unu və X.Əliyevin "İki əsgər"ini
quraraq onlara yeni və uzunmüddətli səhnə həyatı
bəxş etmişdi. Hər tamaşa onun dərin estetik
zövqü, mədəniyyətə olan hörməti və
yenilik arzusu ilə boyanmışdı.
Bütün bunlarla yanaşı, Yadigar Muradov bizim və
bizdən öncəki bir neçə nəslin
yaddaşında həm də "Aşıq Yediyar" kimi
silinməz iz qoymuşdu. Kim idi Aşıq Yediyar? Aşıq
Yediyar Yadigar Muradovun mahir aktyorluğu sayəsində
1990-2000-ci illərdə xalqı həm güldürən, həm
düşündürən, həm tənqid edən, təm tərifləyən
unikal bir obraz idi. ANS TV-nin məşhur "Qulp" verilişinin
satirik obrazlarından olan Aşıq Yediyar onu yaradan aktyorun
yumor hissinin, xalq səsinə olan
bağlılığının güzgüsü idi.
Aşıq Yediyar, bəzən ciddiliyi, bəzən yumoru, bəzən
nostaljini bir araya gətirən bir personaj idi. O həm
güldürür, həm düşündürür, həm
də könüllərə toxunmağı bacarırdı.
Bu obrazla Yadigar Muradov, sadəcə bir aktyor
olmadığını göstərdi. O, xalqın içində
yaşayan, onun ruhuna toxunan, onun dərdindən, problemindən
çox yaxşı xəbərdar bir sənətçi idi.
O, xalqın dərdini satirik dillə özü də bizim ən
qədim sənətlərimizdən olan aşıq sənəti
ilə dilə gətirirdi. Bu da təsadüfi deyildi. Axı
aşıqlara tarix boyunca hər zaman "haqq
aşığı", "haqq aşiqi" deyiblər. Bəli,
Aşıq Yediyar satirik bir obraz olsa da, əslində, haqq
aşığı idi. O, hər bölümdə Qarabağ
dərdindən, siyasi məsələlərdən tutmuş
Azərbaycanın məişətini, gündəlik həyatın
kiçik, amma təsirli hekayələrini yumor dili ilə həm
danışır, həm də tənqid edirdi.
Onun özünəməxsus şəkildə ifa
etdiyi saz havaları, sözlərini dəyişərək
oxuduğu o məşhur mahnılar televizor ekranlarından
birbaşa insanların gündəlik həyatına sirayət
edirdi. Hər dəfə əmin olurduq ki, o, bir obraz deyil,
xalqın səsi, millətin danışan dilidir. Yadigar Muradov
bu obrazı ilə bizi təkcə güldürmürdü, həm
də bəlkə gözümüzə adi, sıradan
görünən mətləblər haqqında belə dərindən
düşünmək imkanı verirdi. Gülə-gülə,
oynaya-oynaya, oxuya-oxuya tənqid edirdi. Onun yumoru da öyrədirdi.
O, dövrünün problemlərini, insan münasibətlərinin
gülməli və ağrılı tərəflərini
ustalıqla işıqlandırırdı. Onun Yediyarı,
sazı ilə, sözü ilə, fikri ilə aşıq
ruhunu modern dünyaya gətirməyi bacarmışdı.
Yadigar Muradov "Aşıq Yediyar"dan sonra da
öz vəzifəsini, öz sənətini layiqincə davam
etdirdi. Uzun illər köçkün bir teatrı ayaqda
tutmağa, Azərbaycan incəsənətinin mühüm bir
parçasına çevirməyə çalışdı
və bacardı da.
Onun adı gələndə yadıma düşən
epizodlardan biri "Aşıq Yediyar"ın "Nə vaxta
qaldı?!" mahnısı idi:
Nə vaxtdır qalmışam yurduma həsrət,
Elimə, obama, evimə həsrət.
Hər günüm min əzab, hər günüm dəhşət,
Yurduma dönməyim nə vaxta qaldı,
Ay qağa, nə vaxta qaldı?!
Özü də Ağdamda doğulan, Şuşada illərlə
fəaliyyət göstərən biri olaraq Yadigar Muradov
Qarabağ həsrətini həm özü, həm də
Aşıq Yediyarın dili ilə dəfələrlə dilə
gətirir, yarızarafat-yarıciddi "Nə vaxta
qaldı?" deyirdi. Çox şükür ki, onun bu
haqlı və yanğılı sualları öz
cavabını tapdı. Minlərlə, milyonlarla Qarabağ həsrətli
insanımız kimi, Yadigar Muradov da 2020-ci ilin 44 günlük Vətən
müharibəsində qazandığımız şanlı zəfərimizin
şahidi oldu, o elləri yenidən görmək şansı
qazandı. Ömür heç olmasa, 5 il ona Qarabağın
azadlıq sevincini yaşamağa, Ağdamın,
Şuşanın doğma havasını öz ciyərlərinə
çəkməyə vəfa etdi.
Amma təəssüf ki, bu illərin sayı çox
olmadı. Görkəmli aktyor 2024-cü ildə tutulduğu xərçəng
xəstəliyi ilə uzun müddət mübarizə
aparmalı oldu. 2025-ci ilin oktyabrında vəziyyəti qəfildən
pisləşən sənətkar oktyabrın 4-də xəstəxanaya
yerləşdirildi. Daha sonra reanimasiya şöbəsinə
köçürüldü və süni nəfəs
aparatına qoşuldu. Onun ailəsi, teatr dostları, sənətsevərlər
hər an ümid edirdilər ki, o bu mübarizədən də
qalib ayrılacaq, çox sevdiyi səhnəyə, sevərək
yaratdığı obrazlarına geri dönəcək.
Lakin 18 noyabr 2025-ci ildə, ömrünün 67-ci ilində
sənətkar bizi tərk etdi. Aylardır ondan şad xəbər
gözləyən dostları, tamaşaçıları,
bütün mədəniyyət aləmi dərin hüznə
qərq oldu. İndi o, Şuşa Dövlət Musiqili Dram
Teatrının əzəmətli tarixində, səhnələşdirdiyi
tamaşalarda, yaratdığı obrazlarda və onu sevən
minlərlə, milyonlarla tamaşaçının qəlbində
əbədi yaşayacaq.
Fikrimcə, Yadigar Muradov öz ömrü ilə, sənəti,
mübarizəsi, arzuları ilə bizə həm də bir dərs
verdi. O öyrətdi ki, mədəniyyət yalnız səhnə
deyil, mədəniyyət, xalqın xatirəsini, ruhunu,
istedadını qoruyub saxlamağı bacarmaqdır. O, ən
çətin, ən ümidsiz anlarda belə teatrı qorudu,
Şuşanı qorudu, mədəni varlığı qorudu.
Yadigar Muradovun əbədi xatirəsi, onun obrazları,
onun zarafatları, onun sevgi dolu teatrı hələ çox
uzun illər bizi, sənətsevərləri və gələcək
nəsilləri ilhamlandıracaq, örnək olacaq. Gələcək
nəsillər üçün, sənətsevərlər
üçün, Şuşa teatrı üçün onun
irsi güclü, məğrur və canlı qalacaq. Onun xatirəsi
bizə hər dəfə xatırladacaq ki, sənət,
doğma torpaq, mədəniyyət və insan ruhu əbədi
dəyərdir.
Görkəmli sənətkarın xatirəsinə həsr
etdiyim bu yazının sonlarına yaxınlaşarkən
aldığım başqa bir xəbər yazımın ilk
cümləsini bir daha xatırlatdı: Azərbaycan incəsənətinin
hüznlü yarpaq tökümü davam edir. Bəli, biz 18
noyabrda Əməkdar artist Yadigar Muradovu, 19 noyabrda isə Milli
rəqslərimizin mahir ifaçısı, görkəmli
xoreoqraf-baletmeyster, pedaqoq, Xalq artisti Roza xanım Cəlilovanı
itirdik. Hər iki sənətkarımıza Allahdan rəhmət
diləyir, ruhları şad olsun deyirik! Sənətkar
ölmür, sənət əbədidir!
Şahanə Müşfiq
525-ci qəzet .- 2025.- 20 noyabr (№211).- S.11.