STEAM təhsili: yeni nəsil
üçün XXI əsrin
çağırışlarına hazırlıq
Elm və Təhsil Nazirliyinin dəstəyi və
"STEAM Azərbaycan" layihəsinin təşkilatçılığı
ilə Bakı Ekspo Mərkəzində Beynəlxalq STEAM Azərbaycan
Festivalı (SAF 2025) keçirilib. Festivala 18 yarış
kateqoriyası üzrə 20-dən artıq ölkədən
minlərlə şagird, tələbə, mentor və ekspert
qatılıb. Yarış kateqoriyaları robototexnika, süni
intellekt, bərpaolunan enerji, dron və peyk texnologiyaları, incəsənət,
innovativ layihələr və mühəndislik sahələrini
əhatə edib.
Qeyd edək ki, STEAM - 5 əsas sahənin birgə tədrisidir.
Belə ki, STEAM əsaslı tədris modeli elm (Science),
texnologiya (Technology), mühəndislik (Engineering), incəsənət
(Art), riyaziyyatı (Math) inteqrasiya olunmuş şəkildə
tədris etmək ideyası üzərində qurulub.
STEAM təhsili tənqidi düşüncə,
yaradıcılıq və əməkdaşlıq kimi
bacarıqları inkişaf etdirməklə şagirdləri
XXI əsrin çağırışlarına hazırlamaq məqsədi
daşıyır. O, bir çox real dünya
çağırışları və innovasiyaların fənlərarası
yanaşma tələb etdiyi reallığını əks
etdirərək dünyanın daha vahid və bir-biri ilə əlaqəli
dərkini təşviq edir. STEAM təhsil proqramı
şagirdlərin biliklərini praktiki şəkildə tətbiq
edə biləcəkləri layihə əsaslı öyrənmə
təcrübələrini ortaya qoyur. Bu yanaşma şagirdləri
öyrənməyə cəlb etməyə və öyrənmənin
onların həyatlarına, eləcə də gələcək
karyeralarına daha uyğun olmasına köməklik göstərir.
STEAM təhsil proqramının məqsədi təhsilalanlarda
XXI əsr bacarıqlarını formalaşdırmaq və
inkişaf etdirməklə real həyat problemlərinin həllinə
nail olmaqdır. Bir parçası olduğumuz rəqəmsal əsrin
tələblərinə uyğunlaşa bilmək
üçün XXI əsr bacarıqlarını özündə
formalaşdırmış mütəxəssislərə
ehtiyac duyulur. İstənilən ölkə inkişaf etmək,
öz regionunda liderlik edə bilmək üçün məhz
vətəndaşlarının XXI əsr
bacarıqlarının inkişaf etdirilməsinə önəm
verir. Bu baxımdan inkişaf etmiş ölkələr təhsil
sistemlərində STEAM, proqramlaşdırma, robotiks və sair
kimi innovativ istiqamətlərə üstünlük verməkdədirlər.
STEAM metodikası təhsilalanlara bilikləri nəzəri
olaraq deyil, məhz tətbiqi xüsusiyyətlərini
aşkarlayaraq çatdırmağı hədəfləyir.
Bu zaman şagirdlər riyaziyyat və təbiət fənlərində
araşdıraraq və tədqiq edərək mənimsədikləri
müxtəlif məlumatları gündəlik həyatlarında
qarşılarına çıxan müxtəlif problemlərə,
müxtəlif layihələrdə tətbiq etməklə
öz yaradıcılıqlarını, komanda şəklində
işləmək bacarıqlarını, məntiqi təfəkkürlərini,
problem həlletmə bacarıqlarını inkişaf etdirirlər.
Eyni zamanda öyrəndikləri məlumatları tətbiq
etdikləri üçün daha yaxşı mənimsəyir,
məlumat daha uzun müddət onların yaddaşında
qalır. Seçilən problem və icra olunan layihələrin
real həyatla əlaqəliliyinə, həmçinin
şagirdyönümlü olmasına xüsusi diqqət edilir.
Tənqidi düşüncə, problem həlli və
analitik bacarıqlar - STEAM dərsləri adətən praktik
layihələr və real dünya problemlərinin həlli fəaliyyətlərini
əhatə edir. Bu, şagirdləri tənqidi
düşünməyə, məlumatları təhlil etməyə
və mürəkkəb problemlərin effektiv həlli
yollarını inkişaf etdirməyə təşviq edir.
STEAM dərsləri çox vaxt tənqidi düşüncə
və analitik bacarıqlar tələb edən praktiki, layihəəsaslı
öyrənməni əhatə edir. Yaradıcılıq və
innovasiya - İncəsənətin STEAM-ə daxil edilməsi
yaradıcılıq və innovasiyaya təkan verir. Şagirdlər
"dar çərçivə" xaricində
düşünməyə, müxtəlif perspektivləri
araşdırmağa və problemlərə yaradıcı həll
yolları tapmağa təşviq edilir. Bu, sürətlə dəyişən
dünyada çox vacib olan innovativ təfəkkürün
inkişafına kömək edir. Bir çox STEAM layihələri
ümumi məqsədlərə nail olmaq üçün
müxtəlif komandaların əməkdaşlıq etdiyi real
dünya problemlərini, əməkdaşlıq
bacarıqlarını inkişaf etdirərək effektiv
ünsiyyət qurmağı, fikirləri bölüşməyi
və birlikdə işləməyi öyrənir. Robotun layihələndirilməsi
və proqramlaşdırılmasını əhatə edən
qrup layihələri - hər komanda üzvü əməkdaşlıq
və komanda işini təşviq edən proqramçı,
mühəndis və ya layihə meneceri kimi xüsusi bir rol
alır.
STEAM dərsləri texnologiya və elmi irəliləyişlərin
etik təsirlərinə toxunur. Bu, sosial məsuliyyət
hissini, elmi və texnoloji inkişaflarla bağlı etik
mülahizələrin dərk edilməsini təşviq edir.
Gen mühəndisliyi və ya süni intellekt kimi elmi nailiyyətlərin
sosial təsirləri və nəticələrinin müzakirəsi
şagirdlərin etik mülahizələri araşdıran
debatlar və ya layihələrdə iştirak etməsi buna
misal ola bilər. Bir çox STEAM layihələri şagirdləri
işlərinin daha geniş təsirini nəzərə
almağa təşviq edən qlobal perspektivə malikdir. Bu,
qlobal şüurun və bir-biri ilə əlaqəli problemlərin
anlaşılmasına kömək edir. Bir çox müasir
çağırışlar qlobal xarakter daşıyır.
STEAM təhsili qarşılıqlı əlaqəyə
vurğu edərək şagirdləri qlobal perspektivləri və
həll yollarını nəzərdən keçirməyə
təşviq edir. Bu da XXI əsrdə fərdləri qlobal vətəndaş
olmağa hazırlamaq üçün vacibdir. Fərqli region
və ya ölkələrdən olan şagirdlərlə ortaq
bir layihədə əməkdaşlıq etmək, şagirdləri
müxtəlif perspektivlərlə tanış etmək və
qlobal düşüncə tərzini inkişaf etdirmək buna
misal göstərilə bilər. STEAM təhsili öyrənmə
sevgisini və öyrənmənin davamlı, ömürboyu
davam edən bir proses olduğunu başa düşməyi təşviq
edir. Şagirdlər həyatları boyunca yeni informasiya və
texnologiyalara uyğunlaşmaq üçün lazımi
bacarıq və düşüncə tərzini inkişaf
etdirirlər.
"STEAM Azərbaycan" layihəsinin rəhbəri
İqrar Nəzərov bildirilib ki, "STEAM Azərbaycan"
layihəsi 300 mindən çox şagird və 400-dən
çox məktəbi əhatə edir. Hazırda STEAM dərsləri
III-IX siniflərdə tədris olunur. Ölkə üzrə
21 STEAM Mərkəzi fəaliyyət göstərir.
STEAM təhsili şagirdləri imkanları müəyyən
etməyə, risk götürməyə və innovativ
düşünməyə həvəsləndirərək
sahibkarlıq təfəkkürünü inkişaf etdirir. Bu
bacarıqlar təkcə sahibkarlıqla maraqlananlar
üçün deyil, həm də müxtəlif peşə
fəaliyyətlərində uğur qazanmaq üçün dəyərlidir
Elm və təhsil naziri Emin Əmrullayevin sözlərinə
görə, Azərbaycanda STEAM təhsilinin 5 il ərzində
böyük inkişaf yolu keçməsi, minlərlə
şagirdin bu prosesə qoşulması və innovativ
düşüncənin təhsil sistemində genişlənməsi
festivalın əhəmiyyətini daha da artırır.
STEAM təhsilinin əsas komponentlərinə toxunan
Emin Əmrullayev qeyd edib ki, artıq ilk illərlə
müqayisədə 50 dəfədən çox tədris
resursu, metodologiya və sistem modeli tətbiq olunur. Nazir
2027-2030-cu illərdə STEAM-ın Azərbaycan təhsilinin əsas
aparıcı məzmununa çevriləcəyini
vurğulayıb: "Riyaziyyat, mühəndislik,
yaradıcı və zövqlü yanaşma, incəsənət
- bütün bunlar STEAM təhsilinin əsas komponentləridir.
Ən vacib məsələ fənləri ayrıca öyrətmək
deyil, layihə əsaslı öyrənmə yolu ilə
uşaqları və məktəbləri real nəticələrə
yönəltməkdir. Bu təşəbbüs artıq
eksperimental layihə xarakteri daşımır və ölkədə
300 mindən artıq şagird bu təhsil proqramından
yararlanır. Bu isə ölkə üzrə şagirdlərin
təxminən beşdə birinin, 3-9-cu siniflərdə isə
dörddə birinin STEAM təhsilinə cəlb olunması deməkdir.
Bu gün yeni məktəblərdə də STEAM
laboratoriyaları fəaliyyət göstərir və bu proses
hər il tədricən genişlənir. 2027-2030-cu illərdə
STEAM təhsili Azərbaycan təhsilinin əsas aparıcı
məzmununa çevriləcək. STEAM dünyadakı müsbət
dinamikalı modellərdən biridir. Onun Azərbaycanda
genişlənməsi çox
müsbət haldır. Xüsusən
də, Bakıdan kənarda bu modelin tətbiqi və onun
genişlənməsi təqdirə layiq addımdır. Sadəcə
STEAM-ın təlim-tədris prosesinin tərkib hissəsi
olmasını arzu edərdim. Model məktəblər
açmaq olar, amma onun əhəmiyyəti o zaman
özünü göstərər ki, o təcrübəyə
sızır və tədrisin bir parçası olar. Mən
istəyərdim ki, STEAM da ölkəmizdə bu şəkildə
tətbiq edilsin. Lakin bunun nə dərəcədə
mümkün və real olduğunu dəqiq deyə bilmərəm.
Belə ki, STEAM bahalı modeldir və ətrafda olan məktəblər
də ondan yararlana bilər. Bu modeli metodiki nöqteyi-nəzərdən
genişləndirmək lazımdır".
Təhsil eksperti Rasim Həsənzadənin sözlərinə
görə, hazırda STEAM dərsləri bütün məktəblərdə
keçirilməsə də, yaxın illərdə ölkə
üzrə tam tətbiqi planlaşdırılır: "Layihənin
genişləndirilməsi ilə bağlı bir sıra
çətinliklər mövcuddur. Bunlara bəzi region məktəblərində
maddi-texniki bazanın məhdudluğu, müəllim
hazırlığının tam yetərli olmaması və ənənəvi
tədris metodlarından uzaqlaşma çətinlikləri
daxildir. Elm və Təhsil Nazirliyi bu istiqamətdə müəllimlərin
ixtisasartırma təlimlərini, yeni STEAM
laboratoriyalarının qurulmasını və regionlar üzrə
imkanların bərabərləşdirilməsini prioritet kimi
müəyyən edib.Ümumilikdə, deyə bilərəm
ki, STEAM dərsləri Azərbaycan təhsilinin modernləşməsi,
gənclərin innovativ düşüncə tərzinin və
gələcək peşə bacarıqlarının
formalaşması baxımından strateji əhəmiyyət
daşıyır".
Sevinc QARAYEVA
525-ci qəzet .- 2025.- 21 noyabr (№212).- S.13.