Adı hünər
salnaməmizdə parlayan şəhid
Hər Vətən torpağı bir adla ucalır. Hər
yurd yeri bir ömrün izini daşıyır. Azərbaycanın
cənubundan - Masallının Çaxırlı kəndindən
boylanan bir ömür vardı: sakit, mərd, təmənnasız
bir igidin ömrü. Bu ömrün sahibi Namiq Nürəddin
oğlu Bağırov idi. Onun həyatı kənardan çox
sadə, hamı kimi görünə bilərdi. Amma onu
tanıyan, sevən hər kəs bilirdi ki, Namiqin qəlbində
çox böyük bir Vətən sevgisi var. Elə bir sevgi
ki, onu sonda şəhidlik zirvəsinə ucaltdı.
lll
1984-cü ilin 30 avqustunda Masallının
Çaxırlı kəndində anadan olub Namiq.
Uşaqlığı ölkəmizin ən qaynar, ən
keşməkeşli, ən acılarla dolu zamanına təsadüf
edib. Paytaxtdan uzaqda yaşasa da, hər gün televiziya ekranından
uşaq sadəliyi, amma bir yetkin ciddiyyəti ilə izləyirdi
baş verənləri. 20 Yanvar qırğını,
Qarabağ savaşı onun uşaq yaddaşının ən
kövrək və ən ağrılı yerində əbədi
iz salmışdı. Bu ağrı onda torpağına sahib
çıxan, vətəninə sipər olan bir əsgər
olmaq kimi böyük arzuya çevrildi.
İllər keçdi. Çaxırlının torpaq
qoxusu, kəndin səhər dumanı, məktəbin səsi,
buz bulaqların coşğun suları onu böyütdü.
2001-ci ildə hərbi xidmətə gedəndə artıq
Namiq öz seçimini çoxdan etmişdi. Bu seçimlə
o, uşaqlığından sevdiyi, seçdiyi sənəti -
hərb sənətini davam etdirəcəkdi.
Naxçıvanın sərt dağları, sərhəd
küləkləri gənc oğlanın xarakterini möhkəmlətdi,
iradəsini bərkitdi və onu Vətənə şərəflə
xidmət edəcək hərbçiyə sevirdi.
Həqiqi xidmət bitdikdən sonra Namiq ordudan
ayrılmadı. Həyatını MAHHXQ kimi davam etdirdi, layiqli
bir hərbçi oldu. Ailəsini qurdu, bir qız atası oldu.
Amma hər addımında Vətən sevgisi, xidmətdə
qazandığı fəxri fərmanlar, medallar ona əsl məqsədini,
ən ali arzusunu xatırlatdı. Qarabağın
işğaldan azad olunmasını və bu azadlıq
mücadiləsində özünün də
iştirakını arzulayırdı Namiq.
Ailəsinin dediyinə görə, Namiq çox az
danışardı, ancaq hər dediyi söz yerini tapardı.
Gülüşü sakit, davranışı təmkinli idi.
Eyni zamanda onda bir hərbçi qətiyyəti vardı. Hərbçi
üçün isə dünya ailədən, kənddən,
gündəlik qayğılardan daha böyük, daha geniş
olur axı. Onlar təkcə özlərinin, ailələrinin,
sevdiklərinin deyil, bütöv bir xalqın, geniş mənada
isə dünyanın yükünü öz çiyinlərində
daşımağa könüllü olurlar. Namiq də
xalqının ən böyük problemi ilə yükləmişdi
qəlbini.
Nəhayət, hamı kimi onun da gözlədiyi
gün gəlib çıxdı. 2020-ci ilin 27 sentyabrında
günəşin doğuşu ilə birlikdə
xalqımız ayağa qalxdı. O gün Vətən öz
doğma övladlarını çağırırdı. Bu
çağırışa Namiq kimi igidlər dərhal və
böyük sevinclə, qürurla səs verdilər.
Onun döyüş yolu Füzuli istiqamətindən
başladı. Hər addımda minlərlə igidin nəfəsi,
illərlə həsrətində olduğumuz torpaqların
qoxusu var idi. Namiq silahdaşları ilə birgə Füzuliyə
doğru irəlilədikcə ürəyində tək bir duyğu
vardı: "Gedirik ki, torpaqlarımızı azad edək,
oralarda azan səsi yenidən eşidilsin!"
O, döyüşlərdə xüsusi igidlik göstərdi.
Komandirləri və əsgər yoldaşları bu gün də
danışırlar ki, Namiq heç zaman geri çəkilmədi,
ən öndə gedənlərdən oldu. Oktyabrın 6-sı
isə onu sonuncu döyüş gözləyirdi. Namiq həmin
gün də yalnız torpaqların azadlığını
düşünərək, bu amal, bu niyyətlə Füzuli
uğrunda gedən ağır döyüşlərdən
növbətisinə qatıldı. Həmin döyüş də
onun son döyüşü oldu. Çavuş Namiq
Bağırov Vətənin azadlığı uğrunda
döyüş tapşırığını yerinə
yetirərkən qəhrəmancasına şəhadətə
ucaldı.
Şəhidlik dünyanın ən ali məqamıdır.
Bu, yalnız Tanrı tərəfindən seçilənlərə
nəsib olur. Namiq həmin seçilmişlərdən idi.
Onun mübarək nəşi doğma kəndində,
Çaxırlıda son mənzilə yola salındı.
Onun bu şücaəti təkcə xalqın əbədi
sevgisini deyil, həm də dövlətimizin diqqət və
ehtiramını qazandı. Azərbaycanın ərazi
bütövlüyünün təmin edilməsi uğrunda
göstərdiyi yüksək fədakarlığa və
şücaətə görə, Azərbaycan Prezidenti
İlham Əliyevin Sərəncamlarına əsasən Namiq
Bağırov şəhadətindən sonra "Vətən
uğrunda", "Füzulinin azad olunmasına görə"
və "Cəsur döyüşçü"
medalları ilə təltif edildi.
Sinəsindən heç zaman asılmayacaq bu medallar
onun adını Azərbaycanımızın qəhrəmanlıq
salnaməsinə əbədi həkk etdi. Bəli, şəhidlər
ölmürlər! Doğma kəndində, eləcə də
müxtəlif məkanlarda keçirilən anım mərasimləri,
hər il xatırlanan doğum günü, qızının
atasını fəxrlə anması bir ömrün davamı
deməkdir. Şəhidlərin cismi torpağa, ruhu və
ölməz xatirəsi isə bütöv bir xalqın qəlbinə,
mənliyinə köçür.
Namiqin həyatı göstərdi ki, qəhrəman
olmaq üçün böyük səhnələrə
ehtiyac yoxdur. Kənddən çıxan bir gəncin, sakit təbiətli
bir uşağın da ürəyində bir Vətən
yatmış ola bilər. O Vətən ki, hər
çağırışı bir haray, hər harayı bir
ayrı qəhrəmanlıq dastanıdır. Bu dastanı
yazan isə o səsə səs verən igidlərimizdir. Namiq
o səslərdən biri, millətin igidlik nümunəsi idi.
Namiq kimi oğullar təkcə doğulduqları
kiçik bir kəndin, rayonun deyil, böyük bir millətin
övladlarıdır. Bu gün onunla təkcə Çaxırlı
kəndi, Masallı rayonu yox, böyük və ulu Azərbaycan
fəxr edir.
Şahanə MÜŞFİQ
525-ci qəzet .- 2025.- 21 noyabr (№212).- S.14.