Türkdilli
dövlətlərin ali təhsil müəssisələrinin
rəhbərlərinin iştirakı ilə Rektorlar
Şurasının ilk iclası keçirilib
Azərbaycan Respublikası Elm və Təhsil
Nazirliyinin dəstəyi və Azərbaycan Rəssamlıq
Akademiyasının təşkilatçılığı ilə
Türkdilli dövlətlərin ali təhsil müəssisələrinin
rəhbərlərini bir araya gətirən Rektorlar
Şurasının ilk iclası keçirilib.
Akademiyadan AZƏRTAC-a bildirilib ki, tədbir Azərbaycan
Rəssamlıq Akademiyasının yaranmasının 25 illiyinə
həsr olunmuş tədbirlər planı çərçivəsində
baş tutub.
Azərbaycan Rəssamlıq Akademiyasının rektoru,
Xalq rəssamı, professor Natiq Əliyev Akademiyanın yaranma
tarixini, təsviri sənət məktəbinin ənənələrini
və üç dildə aparılan tədris sistemini ətraflı
təqdim edib. O bildirib ki, Ulu Öndər Heydər Əliyevin
13 iyun 2000-ci il tarixli Sərəncamı ilə Akademiyanın
yaradılması ölkəmizdə təsviri incəsənət
təhsilinin inkişafında mühüm mərhələ
olub.
Natiq Əliyev həmçinin qeyd edib ki, Sərəncam
nəticəsində rəssamların yaradıcı fəaliyyətinə
xüsusi şərait yaradılıb, bir çox tanınmış
sənətkarlara dövlət tərəfindən emalatxanalar
hədiyyə olunub.
Türkiyənin Mimar Sinan Gözəl İncəsənət
Universitetinin Ənənəvi Türk İncəsənəti
üzrə mütəxəssisi Mehmet İşcan ənənəvi
türk sənətlərinin tədrisi və müasir tətbiq
sahələri haqqında məlumat verib.
Özbəkistan Rəssamlıq Akademiyasının sədr
müavini, fəlsəfə elmləri namizədi Feruza
Abıdjanova ali təhsil ocağının fəaliyyəti və
əməkdaşlıq imkanları barədə söz
açıb. Qırğız Respublikasının Turqunbay
Sadıkov adına Milli İncəsənət
Akademiyasının rektoru, professor Usukeev Aidarbek tədris ənənələri
və sənət təhsilinin regional əhəmiyyətini
qeyd edib. Macarıstan Rəssamlıq Universitetinin rektoru,
professor İstvan Eros Avropa incəsənət təhsilində
mövcud tendensiyalar və universitetin beynəlxalq əlaqələri
barədə məlumat verib. Temirbek Yorqenov adına Qazax Milli
İncəsənət Akademiyasının rektoru Arman Zhudebayev
akademiyanın tədris istiqamətləri və beynəlxalq
layihələri barədə danışıb. Şimali Kipr
Türk Respublikasının Arkin Yaradıcı İncəsənət
və Dizayn Universitetinin rektoru, professor Asım Vehbi isə
universitetdə tətbiq olunan Amerika təhsil modelinin
xüsusiyyətləri haqqında çıxış edib.
Tədbirin sonunda Azərbaycan Rəssamlıq
Akademiyasının Beynəlxalq əlaqələr üzrə
prorektoru, Xalq rəssamı, professor Səlhab Məmmədov
Rektorlar Şurasının yaradılması, onun fəaliyyət
istiqamətləri və gələcək əməkdaşlıq
planları barədə məlumat verib. O, həmçinin sənət
təhsili sahəsində institusional tərəfdaşlığın
vacibliyini vurğulayıb.
İclasın qərarı ilə Azərbaycan,
Türkiyə, Özbəkistan, Qazaxıstan,
Qırğızıstan, Şimali Kipr və
Macarıstanın ali təhsil müəssisələrinin rəhbərlərini
bir araya gətirən Rektorlar Şurası yaradılıb.
Şuraya ilk olaraq 2 il müddətinə Azərbaycan Rəssamlıq
Akademiyasının rektoru, Xalq rəssamı, professor Natiq
Əliyev sədrlik edəcək.
Rektorlar Şurasının koordinatoru Azərbaycan Rəssamlıq
Akademiyasının Beynəlxalq əlaqələr üzrə
prorektoru, Xalq rəssamı, professor Səlhab Məmmədovdur.
525-ci qəzet .- 2025.- 22 noyabr (№ 213). - S.13.