Azərbaycan UNESCO-nun
Ümumdünya İrs Komitəsinin üzvü seçilib
Paris şəhərində Ümumdünya Mədəni
və Təbii İrsin Qorunması üzrə 1972-ci il
Konvensiyasına Tərəf Ölkələrin Baş
Assambleyasının 25-ci sessiyası çərçivəsində
UNESCO-nun Ümumdünya İrs Komitəsinin (ÜİK)
2025-2029-cu illər üzrə üzvlüyünə
keçirilmiş seçkilərdə Azərbaycan
Respublikası Komitənin üzvü seçilib.
525.az-a Azərbaycan Xarici İşlər Nazirliyindən
verilən məlumata görə, ciddi rəqabət şəraitində
baş tutmuş seçkilərdə Şərqi Avropa regionu
üçün ayrılmış 1 yer uğrunda ölkəmizlə
birgə 5 ölkə mübarizə aparıb.
Bildirilib ki, Azərbaycan səsvermənin ilk mərhələsində
160 ölkədən 92-nin dəstəyini təmin edərək
Komitəyə üzv seçilib.
"21 üzv ölkədən ibarət olan Komitə
UNESCO-nun Ümumdünya İrs Konvensiyasının həyata
keçirilməsinə nəzarəti həyata keçirən
əsas icra orqanıdır. Komitənin başlıca vəzifəsi
UNESCO Ümumdünya İrs Siyahısının
formalaşdırılması, dünya əhəmiyyətli mədəni
və təbii irsin tanınması, qorunması və gələcək
nəsillərə ötürülməsi üzrə fəaliyyətləri
tənzimləməkdir.
Komitə həmçinin Ümumdünya İrs
Fondunun vəsaitlərinin istifadə istiqamətlərini
müəyyən edir və tərəflərin müraciəti
əsasında layihələrə maliyyə dəstəyi
ayırır.
Bu dəstək konservasiya işlərindən
tutmuş idarəetmə planlarının hazırlanmasına,
fövqəladə hallarda yardım və müvafiq
strukturların potensialının gücləndirilməsi kimi
önəmli sahələri əhatə edir.
Azərbaycan 2015-2019-cu illərdə də Komitənin
üzvü olub və onun fəaliyyətlərinə əhəmiyyətli
töhfələr verib.
2019-cu ilin iyul ayında Komitənin 43-cü
sessiyasına ölkəmiz ev sahibliyi edib.
Azərbaycanın UNESCO Komitəsinə seçkilərdə
qalibiyyəti ölkəmizin regional və beynəlxalq miqyasda
artan nüfuzunun bariz nümunəsidir".
525-ci qəzet .- 2025.- 26 noyabr (№215).- S.4.