Mirzə İbrahimov "Azərbaycan " qəzetində (1945-1946-cı illər)

 

 

(Əvvəli ötən sayımızda)

 

İkinci mühüm səbəb şahın 30 dekabrda Əhməd Qəvvama yeni Nazirlər Kabineti təşkil etməyi tapşırması idi. Moskva onu öz adamı sayırdı, Qəvvam isə üçüzlü agent idi, Moskvanı aldadırdı. Qəvvam Baş nazir təyin olunandan 3 gün sonra M.C.Bağırov rəhbəri İ.Stalinin adından "Üçlüy"ün üzvü Həsən Həsənovdan (o, Bakıya Təzə İlə gəlmişdi) bu məzmunda iki arayış istədi: Azərbaycan və Kürdüstan Demokrat firqələri İrandan ayrılmaq istərdilər, yoxsa yox? İkinci bir sual da vardı: Kürdüstan Firqəsi gələcəkdə Azərbaycanla bir dövlətdə olmaq istərdi, ya yox? Sənəd Həsən Həsənovdan istəndi, çünki o, "Üçlük"də Kürd Demokrat Firqəsinin kuratoru idi, Mirzə İbrahimov da müvafiq olaraq Azərbaycanın, general Ağasəlim Atakişiyev isə Çekanın nümayəndəsi idi.

Milli Hökumət elan olunandan üç həftə sonra belə bir fitnəkar arayışın Moskva tərəfindən tələb edilməsi açıq-aşkar yeni bir oyunun başlamasını əks edirdi. İki gün sonra, yanvarın 5-də Tehranda yeni təyin olunmuş Baş nazir Əhməd Qəvvamın Moskvaya səfəri barədə məlumat dərc edildi. Qəvvam cavan şaha söz vermişdi ki, Moskvaya gedib İran neftini ruslara vəd edərək Milli Hökumətin diplomatik yolla ləğvinə nail olacaq, bu barədə Tehranda hamı danışırdı. Fitnəkar arayışlar da Qəvvama təqdim olundu və o, bunları şaha və ABŞ-a ötürdü. M.C.Bağırov isə hər imkan düşəndə M.C.Pişəvəriyə tövsiyə edirdi ki, Qəvvamla görüşsün. Şeyx Məhəmməd Xiyabani faciəsi haqqında 22 məqalə yazmış M.C.Pişəvəri gözəl bilirdi ki, Tehrana gələn kimi onu həbs edib öldürəcəklər - Şeyx kimi. Ona görə Pişəvəri sona qədər Tehranla münasibət qurmaqdan qəti imtina etdi. Ancaq Tehrandakı sovet səfiri Sadçikov onu aldadandan sonra - guya Qəvvam Milli Hökumətin hərbi qüvvələrinin saxlanmasına razılıq verib - Pişəvəri 1946-cı ilin 29 aprel - 13 may tarixlərində Tehrana danışıqlara uçdu. Danışıqlar nəticə vermədi və Pişəvəri Moskvanın ondan gizlin Qəvvamla sövdələşib ona tələ qurduğunu anladı və bu barədə Təbrizdə açıq danışmağa başladı. Məsələ böyük qalmaqala çevrildi: bu, milli Kommunist partiyasının Moskvaya qarşı qiyamı idi və İ.Stalinin dünyanın hər yerində süni şəkildə qurmaqda olduğu Kommunist partiyaları ilə münasibətlərdə çox böyük problemlərə səbəb ola bilərdi. İ.Stalin qorxdu, Təbrizdəki yanğını söndürmək və M.C.Pişəvərini öz imzası ilə Milli Hökuməti ləğv etməyə vadar eləmək üçün ona məktub yazdı. Məktubu Pişəvəriyə təqdim etmədilər, Moskvanın adamı onu Pişəvəriyə oxudu. Bu məktub 50 il məxfi qaldı, ancaq 1994-cü ildə SSRİ dağılandan sonra tarixçi Nataliya Yeqorovanın "İran böhranı" adlı "Yeni və ən yeni tarix" jurnalında dərc olunan məqaləsində tam həcmdə ortaya çıxdı, tezliklə ingilis dilində də çap edildi. Çünki bu məktub Milli Hökumət layihəsində İ.Stalinin birbaşa iştirakının təkzibolunmaz dəlili idi.

Bütün təzyiqlərə məhəl qoymayan Pişəvəri də İ.Stalindən qorxdu: o, iki od arasında idi, Milli Hökumətin ləğvi barədə müqaviləni imzalamasa idi, onu ya İ.Stalin, ya da İran irticası öldürəcəkdi. Dəfələrlə "vuruşub ölməyə hazır olduğunu" desə də, həyatı seçdi. Milli Hökuməti ləğv edən müqaviləni 13 iyunda imzaladı və istefa verdiyini elan etdi. Amma Milli Hökumətin ləğvi prosesi 1946-cı ilin 11 dekabrına can uzandı.

Milli Hökumətin ölümə məhkumluğu Qəvvamın Moskvaya səfəri baş tutandan və onun yekun sənədlərindən aydın idi. Bunu Şəbüstəri, Cavid və başqaları da anlayırdı. Görünür, onların Tehran hökuməti ilə hansı formadasa separat əlaqələri vardı və bu onları ölümdən xilas etdi. Amma belə əlaqələri olmayan liderlərin İranda qalan qismi öldürüldü. Tehranda danışıqlar üçün yayda Pişəvəri uşaqlıq dostu, Milli Hökumətin daxili işlər naziri Salamullah Cavidi ora göndərdi. Nəticədə hərəkatın Əncümən dövründə Cavid Tehran hökumətindən qubernator təyinatı aldı. Onun M.C.Pişəvəri ilə münasibətləri əsəbi xarakter aldı. İranda siyasətin cəllad zorakılığından ibarət olduğunu hamı bilirdi, çox yaxşı bilirdi.

İndi qayıdaq 1946-cı ilin yanvarına, fitnəkar arayış məsələsinə. Cəmil Həsənli "Təbriz. 1946-cı il. Milli Hökumətin zəfər və faciəsi" kitabında xüsusi olaraq qeyd edir ki, İrandan ayrılmaq versiyası azərbaycanlıların arayışını yazan M.C.Pişəvəriyə Bakının və Moskvanın tövsiyəsi kimi təqdim olunmuşdu. O da məsələni Hökumətin əsas rəhbərləri ilə tələsik müzakirə edib ayrılma seçimi haqda rəsmi qərarı yazıb bu iş üçün Təbrizə gəlmiş Mir Teymur Yaqubova vermişdi.

Kürd Demokrat Firqəsinin məsələyə münasibəti dramatik oldu. Kürd partiyasının rəhbəri Qazi Məhəmməd və onun ətrafı Mirzə İbrahimov və M.C.Pişəvəridən fərqli olaraq elə bildilər ki, Moskva doğrudan da İran kürdləri üçün ayrıca dövlət qurmaq istəyir. Onlar müzakirələrdə və yazılı arayışlarında gələcək müstəqil Azərbaycan Demokratik Respublikası tərkibində olmaq istəmədiklərini, özlərinə müstəqil demokratik dövlət qıracaqlarını bildirdilər. Hətta öz arayışlarını Yaqubova yox, Moskvanın nümayəndəsinə təqdim etdilər. Halbuki Kürdüstan Demokrat Firqəsi Mirzə İbrahimovun rəhbərlik etdiyi "Üçlüy"ün ümumi planı tərkibində yaradılmışdı və onların İ.Stalin tərəfindən təyin olunmuş kuratorları da Həsən Həsənov idi - Azərbaycan K(b)P MK katibi! Belə faktlar İran Kommunist partiyasının və hərəkatının nə qədər süni və butaforik olduğunu göstərirdi.

Lakin Qazi Məhəmməddən fərqli olaraq Mirzə İbrahimov və M.C.Pişəvəri siyasi cəhətdən həssas və savadlı adamlar idilər. Anqlosakslar tərəfindən idarə olunan Tehran mətbuatı da qazdan ayıq idi. İranda çoxları başa düşürdü ki, Moskva Milli Hökumət layihəsində Azərbaycan xalqının tale maraqlarından yox, öz dünya Kommunist hərəkatının genişlənməsi maraqlarından çıxış edir. O biri tərəfdən rəsmi Moskva diplomatik münasibətlərdə Təbrizdəki Milli Hökumətdə əli olmadığı üstündə təkid edirdi. Üstəlik Qəvvam Baş nazir olan kimi M.C.Pişəvəridən tələb edilirdi ki, onunla rəsmi münasibətlər yaratsın. M.C.Pişəvəri isə Qəvvamı və İran siyasətçilərini Moskva diplomatlarından yaxşı tanıyırdı. Onlar M.C.Pişəvərinin qanına yerikləyirdilər.

Yanvarın əvvəllərində Milli Hökumətin ordusunu yaratmaq söhbətləri atıldı ortaya - Bakı tərəfindən. Halbuki 12 dekabrda Xalq Qoşunu Vəzirliyi yaradılmışdı və nazir təyin olunmuşdu. Bunlar M.C.Pişəvərini və Mirzə İbrahimovu şübhələndirməyə bilməzdi və şübhələndirdi. Bunlar Qəvvamın Moskvaya səfəri ərəfəsində Tehrana təzyiqin formalarından biri idi. Moskvanın təhriki ilə yanvar, fevral aylarında ordu və konstitusiya yaratmaq, Bakı müəssisələrinin filiallarını yaratmaq və sair barədə tozanaq və hay-küy real nəticəsiz qaldı. Tehranın əleyhinə M.C.Pişəvərinin hərbi-siyasi hədələrinin gurultusu altında Qəvvam Moskvaya iki həftəlik səfərə getdi və bu, səfər vaxtı İrandan ayrılmaq barədə Arayışların yaratdığı şübhələr "Üçlüy"ün içində belə məyusluq və ümidsizlik yaratdı. H.Həsənov "İran gündəliyi"ndə bunun çoxlu detallarını göstərir. Həmin günlərdə ortaya çıxan "Qızıl səhifələr" toplusu ideyası da M.C.Pişəvərinin Mirzə İbrahimovun bada getməkdə olan Milli Hökumətin tarix üçün hazırlanan vəsiyyətnaməsi idi. Pişəvərinin Tehrana qarşı hədələri, mart ayında Təbrizə yeni Qızıl Ordu qüvvələrinin gətirilməsi isə İ.Stalinin İran və Türkiyə planlarının iflasa uğramasını pərdələmək ücün dişsiz güc nümayişi idi.

Lakin İ.Stalini məğlub saymaq böyük səhv olardı: II Dünya müharibəsi nəticəsində o, dünyanın yarısını tutmuşdu. U.Çörçilin "Fulton nitqi" də bunu bəyan etdi. Dünənki müttəfiqlər xəbər tutdu ki, İ.Stalin dünyanın yarısını tutub, öz nəzarətinə alıb. Biz əvvəlki yazılarımızda Milli Hökumətin ABŞ-la İ.Stalin arasında razılıq və işgüzar müqavilə əsasında aradan getdiyinə işarə etmişik. İndi səhv düşündüyümüzü etiraf edirik. Cəmil Həsənlinin "Təbriz.1946. Milli Hökumətin zəfər və faciəsi" kitabında tarixi faktların tam mənzərəsi ilə tanış olanda aydın olur: İ.Stalinin 24 mart 1946-cı ildə Qızıl Ordunu İrandan çıxarmaq barədə Bəyanatı xalis siyasi bir qərar idi. İranda anqlosakslarla dirəşmək İ.Stalinə dünyada tutduğu qalan ölkələri sosialistləşdirmək üçün böyük hərbi və diplomatik problemlər yaradırdı. Rəhbər bunu Pişəvəriyə 8 may tarixli görünməmiş məktubunun birinci abzasında özü göstərdi. Sayırıq ki, İran nefti bu qərarda əsas arqument olmayıb. İ.Stalin yazırdi: "...Biz onları (qoşunları - R.Ə.) daha İranda saxlaya bilmərik, başlıca olaraq ona görə ki, sovet qoşunlarının İranda olması Avropa və Asiyada bizim xilaskarlıq siyasətimizin əsaslarını sarsıdır. İngilislər və amerikalılar bizə deyirlər ki, əgər sovet qoşunları İranda qala bilirsə, onda nəyə görə ingilis qoşunları Misir, Suriya, İndoneziya və Yunanıstanda, həmçinin Amerika qoşunları Çin, İslandiya və Danimarkada qalmasın?"

İkincisi, nizami hərbi qüvvənin əhəmiyyətini M.C.Pişəvəriyə izah etməyə ehtiyac yox idi. O, Şeyx Xiyabani haqda, axır hissələri "Azərbaycan" qəzetinin dekabr saylarının ilk on günündə çıxan məqaləsində Şeyxin məğlubiyyətinin əsas səbəbini nizami hərbi qüvvə yarada bilməməsi ilə bağlayırdı. Bilirdi ki, hökumət yaratmaq asandır, onu qoruyub saxlamaq çətindir.

1946-cı il aprelin 28-də Milli Hökumət quruculuğuna Təbrizdə məxfi rəhbərlik edən "Üçlük" tam heyətdə Bakıya qayıtmışdı və yəqin ki, Moskvadan gələn əmrlə öz fəaliyyətini dayandırmış və bitirmişdi. Bunun əsas səbəbi odur ki, may ayında İrandakı Qızıl Ordu hissələri İngiltərə-ABŞ cütlüyü ilə müqaviləyə əsasən ölkədən çıxarılırdı. Mirzə İbrahimov bu "Üçlüy"ün rəhbəri idi. Sovet ordusu İrandan çıxandan sonra "Üçlüy"ün orada qalması təhlükəli idi. O biri tərəfdən, ordunun getməsi Milli Hökumətin taleyini də həll edirdi.

İkinci tərəfdən, Moskva və şəxsən İ.Stalin Milli Hökumətin fəaliyyətini məhdudlaşdırmaq, sonra isə tam dayandırmaq və Pişəvəriyə hər hansı yardımı kəsmək haqda hələ fevral ayında qərar qəbul etmişdi. Ona görə Qəvvam martın əvvəllərində Moskvadan Tehrana qayıdanda onu aparan sovet təyyarəsində SSRİ-nin İrandakı yeni səfiri İvan Sadçikov da uçurdu. Onu Yuqoslaviyadan geri çağırmışdılar və İran məsələlərindən uzaq idi, amma İ.Stalinə də bu lazım idi: İranda tam yeni bir siyasət yeritmək üçün əmrləri tərəddüdsüz icra edən alət.

 

(Ardı var)

Rəhim ƏLİYEV

525-ci qəzet .- 2025.- 27 noyabr(№216).-S.11