"Suya qənaət
üçün yeni suvarma texnologiyalarına keçid
labüddür"
"SU ÇATIŞMAZLIĞI HƏM
MÖVSÜMİ ƏKİNLƏRİN, HƏM DƏ
ÇOXİLLİK BİTKİLƏRİN
İNKİŞAFINDA PROBLEMLƏR YARADARAQ FERMERLƏRİN
XƏRCLƏRİNİ ARTIRIR"
Yağıntının azalması əsasən
atmosfer sirkulyasiyasındakı dəyişikliklər,
havanın temperaturunun normadan yüksək olması və
uzunmüddətli antitsiklonların hakimliyi ilə izah olunur.
Qlobal iqlim dəyişikliyi fonunda bu cür anomaliyaların daha
tez-tez baş verməsi gözlənilən haldır. Havada
rütubət səviyyəsinin azalması, buxarlanmanın
artması və yağış buludlarının
formalaşmasına mane olan hava axınları
yağıntının məhdudlaşmasına gətirib
çıxarıb.
Quraqlıqdan ən çox zərər çəkən
sahələrdən biri kənd təsərrüfatıdır.
Aran bölgələrində suvarma üçün istifadə
olunan çaylarda və kanallarda suyun azalması nəticəsində
bir çox əkin sahələrinin məhsuldarlığı
aşağı düşüb. Dağətəyi rayonlarda
isə otlaq sahələrinin quruması
heyvandarlığın inkişafına mənfi təsir
göstərmişdir. Su çatışmazlığı həm
mövsümi əkinlərin, həm də çoxillik bitkilərin
inkişafında problemlər yaradaraq fermerlərin xərclərini
artırır.
Su anbarlarında suyun səviyyəsinin enməsi həm
kənd təsərrüfatına, həm də içməli
su təminatına təsir göstərir. Çayların
qidalanma mənbələrinin zəifləməsi bəzi
bölgələrdə su qıtlığını daha da kəskinləşdirir.
Bu hal həmçinin hidroenerji istehsalının azalmasına
da səbəb ola bilər. Uzunmüddətli quraqlıq
dövrləri ölkənin su resurslarının idarə
edilməsi strategiyasının yenilənməsini zəruri
edir.
Quraqlıq təbii ekosistemlərdə balansın
pozulmasına gətirib çıxarır. Bitkilərin
rütubət çatışmazlığından
quruması torpaq eroziyasını sürətləndirir, torpağın
münbitliyini azaldır və səhralaşma riskini
artırır. Su hövzələrinin səviyyəsinin enməsi
orada yaşayan flora və fauna növlərinin həyatını
təhlükə altına alır. Bəzi heyvan növləri
yaşayış mühitini dəyişməyə məcbur
olur ki, bu da biomüxtəlifliyin azalmasına səbəb ola
bilər.
Belə şəraitdə təbii resursların
düzgün idarə olunması, suya qənaət
texnologiyalarının tətbiqi və ətraf mühitin
qorunması istiqamətində kompleks tədbirlərin həyata
keçirilməsi mühüm əhəmiyyət
daşıyır.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi
yanında İctimai Şuranın üzvü, ətraf
mühit məsələləri üzrə ekspert Rövşən
Abbasov deyir ki, 2025-ci ilin payız ayları əvvəlki illərlə
müqayisədə ölkədə bir çox bölgələrdə
kifayət qədər quraq keçib. Xüsusilə Aran və
dağətəyi ərazilərdə
yağıntının azlığı özünü daha
qabarıq şəkildə göstərib. Onun sözlərinə
görə, uzun müddət müşahidə olunan
yağıntı çatışmazlığı
qış otlaqlarının vəziyyətinə ciddi təsir
edib, bitki örtüyü xeyli zəifləyib: "Aran
rayonlarının düzənlik ərazilərində də
eyni proses müşahidə olunur. Bu isə qış
mövsümündə heyvanların təbii yem
bazasının azalmasına gətirib çıxaracaq. Fermerlər
artıq əvvəlcədən tədbirlər görməlidirlər".
R.Abbasov bildirib ki, quraqlıq kənd təsərrüfatında
digər problemlərə də səbəb olub. Həyətyanı
sahələrin suvarılmasında çətinliklər
yaranıb, əkinlərin vaxtında aparılması
üçün torpağın rütubət tələbi
artıb: "Bu il havanın qeyri-müəyyən və
uzunmüddətli quraqlıqla keçməsi arzuolunmaz
haldır. Artıq qış mövsümünə daxil
oluruq və bu dövrdə vegetasiya prosesi zəiflədiyindən,
indi yağacaq yağışların əvvəlki dövrlə
müqayisədə effekti çox az olacaq".
Quraqlığın şəhər mühitinə təsirlərindən
danışan mütəxəssis qeyd edib ki,
yağışsız günlərin uzun çəkməsi
atmosfer havasını pisləşdirir: "Xüsusilə
Bakıda, Sumqayıtda və havadakı bərk hissəciklərin
miqdarı artır, tozlanma güclənir. Yerli və transsərhəd
tozların şəhər havasından təmizlənməsi
üçün yağıntıların olması son dərəcə
vacibdir".
Ekspertlər hesab edirlər ki, yaxın dövrdə
müşahidə olunacaq yağıntılar ümumi ekoloji vəziyyətin
sabitləşməsi üçün mühüm rol oynaya
bilər. 2025-ci ilin payızında müşahidə olunan
quraqlıq təsadüfi hava hadisəsi deyil, uzun illərdir
davam edən iqlim dəyişmələrinin daha aydın təzahürüdür.
Mütəxəssislər bildirirlər ki, Aran və dağətəyi
ərazilərdə yağıntının normadan kəskin
az düşməsi bir neçə əsas amillə
bağlıdır.
Ekspertlər vurğulayır ki, payız
mövsümündə ölkə ərazisinin böyük
hissəsində uzunmüddətli antitsiklonların hökm
sürməsi yağış buludlarının
formalaşmasını məhdudlaşdırıb. Bu tip hava
kütlələri rəqəmsal iqlim modellərində də
son illərdə daha çox qeydə alınır. İqlim dəyişmələri
fonunda regionda orta temperaturun yüksəlməsi buxarlanmanı
artırır, torpağın rütubətini azaldır və
yağıntının yaratdığı səmərəni
minimuma endirir. Mütəxəssisə görə, "təkcə
yağıntının azalması deyil, həm də
mövcud rütubətin daha sürətlə itməsi
quraqlıq indeksini gücləndirir".
Ekspertlər xəbərdarlıq edirlər ki,
payız aylarında su anbarlarında səviyyənin enməsi
növbəti ilin yaz və yay mövsümlərində də
su çatışmazlığının dərinləşməsi
ilə nəticələnə bilər. Bu isə həm kənd
təsərrüfatı, həm də içməli su təchizatı
üçün əlavə risklər yaradır.
Ekoloqların fikrincə, quraqlıq bitki
örtüyünün zəifləməsinə,
torpağın sərtləşməsinə və eroziyaya səbəb
olur. Dağətəyi zonalarda otlaq sahələrinin
sıradan çıxması heyvandarlıq təsərrüfatlarına
da birbaşa təsir göstərir: "Uzunmüddətli
quraqlıq biomüxtəliflik üçün təhlükə
yaradır və bəzi növlərin yayıldığı
əraziləri dəyişməyə məcbur edir".
Rövşən Abbasov isə ölkəmizdə su
qıtlığı ilə bağlı vəziyyət və
görülə biləcək tədbirlər haqqında
danışıb. O, hazırda Azərbaycanda su
ehtiyatlarının azalmasına bir neçə amilin təsir
göstərdiyini, bunun əsas səbəblərindən
birinin qlobal miqyasda baş verən iqlim dəyişmələri
olduğunu deyib. Mütəxəssis bildirib: "İqlim dəyişmələri
ölkəmizin ərazisində əsasən uzunmüddətli
dövr üçün temperaturun artması və
yağıntıların azalması ilə müşahidə
olunur. Bu da ona gətirib çıxarır ki, yerli
çaylarımızın sululuğu azalır. Bununla bərabər,
eyni proseslər qonşu ölkələrdə də gedir. Bu
da bizim ölkəyə gələn transsərhəd
çaylarının sululuğunun azalmasına səbəb
olur. Azərbaycanın su ehtiyatlarının 70 faizdən
çoxunun Türkiyə, Gürcüstan, Ermənistan və
İran ərazisində formalaşdığını nəzərə
alsaq, buradan belə nəticə çıxarmaq olar ki,
ölkəmiz çox yüksək transsərhəd iqlim risklərinin
olduğu bir regiona təsadüf edir. Yəni təkcə Azərbaycanda
yox, Türkiyə, Ermənistan, Gürcüstan və
İranda atmosfer yağıntılarının paralel olaraq
azalması baş verir. Buna görə də su
ehtiyatlarımız həm transsərhəd, həm də yerli
miqyasda azalmağa doğru gedir".
Rövşən Abbasov qeyd edib ki, Azərbaycan
Respublikası Ekologiya və Təbii Sərvətlər
Nazirliyinin 3-cü milli məlumatlarına görə, ölkəmizin
ərazisində 2040-cı ilə kimi çayların
sululuğunun orta hesabla 15-25 faiz azalma ehtimalı var. 2070-ci ilə
qədər isə, həmin göstəricinin 20-25 faiz
olması gözlənilir. Ölkəmizdə su
qıtlığını yaradan digər bir amil isə suya
olan tələbatın getdikcə artmasıdır. Belə ki,
Kənd Təsərrüfatında 2010-cu ildə əgər
bir milyon hektar ərazi əkilirdisə, 2020-ci ildə bu rəqəm
bir milyon 700 min hektara çatıb. Başqa sözlə desək,
suvarma üçün əkilən ərazilərin sahəsi
ümumiyyətlə 70 faizdən çox artıb. Başqa
bir amil isə su itkiləridir. Çox təəssüf ki,
götürdüyümüz suyun istifadəsi zamanı 50 faizə
yaxını itkiyə gedir. Buna görə də suya qənaət
edən yeni suvarma texnologiyalarına keçməyimiz
labüddür. Bununla kənd təsərrüfatında ən
az 50 faizə çatan su itkilərinin qarşısını
ala bilərik. Eyni zamanda, getdikcə daha az su tələb edən
bitkilərin əkilməsinə şərait
yaratmalıyıq. Bu, kənd təsərrüfatında həyata
keçirilməli olan əsas adaptasiya tədbirləridir. Bu
gün su kanallarımız əsasən torpaq məcralı
olduğundan orada su sızmaları çox olur. Bununla
yanaşı, suvarma metodlarımız da köhnədir.
Bütün bunları dəyişməklə, yeni
texnologiyalar tətbiq etməklə, torpaq kanalları beton
kanallara çevirməklə su itkilərini azalda bilərik.
Əgər su itkilərini azaltsaq, əlavə olaraq xeyli
miqdarda su əldə etmiş olarıq. Bu da su qıtlığı
ilə mübarizədə effektiv nəticə verə bilər.
Onun sözlərinə görə, su
qıtlığı ilə mübarizənin əsas yolu ona
uyğunlaşmaqdır. Bundan ötrü müxtəlif
ölkələr milli səviyyədə uyğunlaşma
strategiyaları, milli adaptasiya planları hazırlayırlar. Azərbaycanda
da tədricən bu istiqamətdə işlər görülməsinə
başlanılıb: "Belə ki, Azərbaycanda kənd təsərrüfatı,
su sektoru və sahil ərazilərin idarə olunması istiqamətində
hazırda milli adaptasiya planının işlənilməsinə
geniş bir hazırlıq prosesi gedir. Su sektorunda milli adaptasiya
planı nədir? Hazırda Azərbaycanda milli su
strategiyası işlənilməkdədir. Bir mütəxəssis
kimi həmin strategiyadan gözləntilərim
böyükdür. İnanıram ki, milli su strategiyası
yaxın onilliklər ərzində Azərbaycanda su sektorunda
baş verəcək dəyişikliklərə yol
açacaq".
Sevinc QARAYEVA
525-ci qəzet .- 2025.- 29 noyabr (№218).- S.23.