Yaponiya - böyük
transformasiyalar ölkəsi
(Əvvəli ötən şənbə
saylarımızda)
Ölkədəki ilkin bitkilərin çoxunu
"yerli" kənd təsərrüfatında becərilən
növlər və ya adalara gətirilən xarici mənşəli
bitkilər tutmuşdur. Dəfnə meşəsi zolağı
həmişəyaşıl olmaqla, cənub adalarından
şimala doğru genişlənir. İri yarpaqlı ağac
meşələri dəfnə meşələri
zonasının yüksəkliyinə və şimal tərəfdəki
bölmələrə qədər gedib
çatmışdır. Dağlarda isə şam
ağacları və kriptomeriya bitir. Yabanı albalının
çiçəklənməsi bayrama çevrilir və bu
növ bitki ölkənin bütün ərazilərində
becərilir. Sakuranın çiçəklənməsi bəzi
regionlarda yazın ilk günü kimi qəbul olunur.
Faunaya gəldikdə, Yaponiyanın məməli
heyvanları qonşu Asiya qitəsində olanlardan bir qədər
fərqlidir. Əvvəllər çox sayda olan vəhşi
heyvanların sayı son əsr ərzində
azalmışdır. Yapon adalarını əhatə edən
sularda balinalar, delfinlər, qızıl balıq növləri
məskunlaşmışdır. Tunets balığı,
qızıl balıq, forel, siyənək, xərçəng,
krevetka və ilbiz yaponlar üçün əsas qida maddəsi
rolunu oynayır. Forelə isə çaylarda və göllərdə
daha çox rast gəlinir.
Yaponiyada region konsepsiyası inzibati birliklərin tarixi
inkişafından ayrı qaydada mövcud deyildir. Coğrafi
birliklər həm də regionun fiziki cəhətlərinə
əsaslanır.
Ölkənin tarixinə gəldikdə, VII əsrdə
Tayka islahatı Yaponiya regionlarının
konsolidasiyasını yaratmışdı. VIII-XII əsrlərdəki
Nara və Heyan dövrləri ərzində Honsyu regionu
üç böyük dağ sərhədindən şərqə
dönməklə, vahid ərazidə müəyyən edilmişdi.
1868-ci il Meydzi bərpasından sonra Hokkaydo adası 19
bölməyə parçalanmışdı. 1871-ci ildə
feodalizm sistemi ləğv edilmiş, prefektura sistemi
qurulmuşdu, XX əsrdə isə daha böyük regional
bölünmələrin aparılmasına ehtiyac
yaranmışdı.
Ayni istisna olmaqla, Hokkaydoda olan yerli xalq dirçəlmişdi,
buradakı adamların 1 milyona qədəri Koreya və
Çin mənşəli idi. Fiziki cəhətdən yaponlar
monqol irqi kimi klassifikasiya edilir və Şərqi Asiya
xalqlarına qohumluqları ilə seçilir. Ölkədə
milli dil yapon dilidir və o Ural-Altay linqvistik qrupuna daxildir. Bu
dil daha çox koreyalıların dilinə qohumdur. IV əsrdə
Çin yazısının və ədəbiyyatının tətbiqi
yapon dili leksikonunu xeyli zənginləşdirmişdir.
İngilislər öz dillərinə 1,5 min fransız
sözü əlavə etdiyi kimi, yaponlar da çinlilərin
han dilindən faydalanmışlar. Yapon dili, praktiki olaraq
yalnız ölkənin ərazisi ilə məhdudlaşır,
bu dildə Tayvanda və Koreyada ikinci ünsiyyət vasitəsi
kimi danışılır.
Ölkənin 144 min kvadratmil olan ərazisində 120
milyon adam yaşayır, sıx əhaliyə malik olan ölkədə
bir kvadratmil əraziyə 700 adam düşür. Əhali
sıxlığına görə, Yaponiya yalnız Şimali
Koreya, Niderland və Belçika kimi bir neçə ölkədən
geri qalır. Ölkənin sənaye
şəhərlərində və mədən
regionlarında əhali daha sürətlə artırdı.
1940-cı ildə əhalinin sayı 72 milyon nəfər
olmaqla, 1868-ci ildə olduğundan iki dəfədən də
çox idi. 1945-ci ildən sonra 9 milyona qədər adam
repatriant kimi vətəninə dönmüşdü.
"Yapon möcüzəsi" illərində
Yaponiya qeyri-adi iqtisadi artım sürəti ilə
seçilmişdi. 1960-cı illərdə illik artım 12
faizi təşkil edirdi, bu isə dünyanın digər sənaye
ölkələrinə nisbətən yüksək göstərici
hesab olunurdu. 1971-ci ilədək olan doqquz il ərzində sənaye
məhsulu 300 faiz artmışdı. Manufaktura mallarının
istehsalına görə Yaponiya ən böyük iqtisadiyyata
malik idi, yalnız ABŞ-dan və SSRİ-dən geri
qalırdı. 1970-ci ildə, əvvəlki 10 ilə nisbətən
manufaktura mallarının ixracı 4,5 dəfə
artmışdı.
Təbii sərvətlərinə görə, Yaponiya
dünyanın kasıb ölkələrindən biri hesab
olunur, bu sahədə İtaliyaya və Türkiyəyə bənzəyir.
Burada istehsal edilən mineralların keyfiyyəti də
aşağı idi. Dağlıq əraziyə malik
olduğundan, ölkədə kənd təsərrüfatına
yararlı torpaqlar da məhduddur. Həm də torpaqlar əsasən
qeyri-münbitdir, özünə xüsusi qulluq tələb
edir. Kənd təsərrüfatı məhsullarına meşəçilik
və balıqçılıq məhsulları da daxildir.
İşləyən əhalinin yalnız 17 faizi kənd təsərrüfatı
əməyi ilə məşğul olurdu, indi isə bu rəqəm
daha da azalmışdır.
Sənayenin və şəhərlərin
inkişafı dəmir yolu nəqliyyatının da əhəmiyyətini
artırırdı. Sərnişin daşınmasında bu nəqliyyat
növü daha böyük əhəmiyyət kəsb
etmişdi. Dəmir yollarının demək olar ki,
hamısı elektrikləşdirilmişdir. Yaponiya
qatarların hərəkətinin saatda 400 km-dən artıq
sürətlə gedən elektrovozlara keçildiyi ilk ölkədir.
Yaponiya dənizçiliklə ciddi məşğul
olan mühüm millətlərdən biridir. 1600 liman
Çinlə və Cənubi Şərqi Asiya ilə ticarət
aparılmasında daha da inkişaf etmişdir. Feodal rejim
xarici ticarəti məhdudlaşdırdığı,
izolyasiya siyasəti 250 il ərzində həyata
keçirildiyi bir vaxtda, Naqasaki limanı istisna olmaqla,
yalnız az sayda limanlar Çin və Niderland tacirləri
üçün açıq idi. 1858-ci ildə isə,
Yaponiya xarici ticarət üçün qapılarını
geniş açdı. Yüz il sonra, 1971-ci ildə Yaponiya
dünyada ikinci böyük ticarət donanmasına malik idi.
Yapon tacirləri, 10 minə qədər iri gəmilərdə
üzürdü.
Yaponiyanın tarixi barədə düşüncələr
Yapon arxipelaqının nə vaxt insanlar tərəfindən
məskunlaşdığı məlum deyildir.
Qazıntılar vasitəsilə tapılan alətlərdən
vaxtilə istifadə edən yaponlar buraya Asiya qitəsindən
köçmüşdülər. Onların Koreya yarımadasından buraya gəldiyi
güman edilir.
Yaponiya ilk dəfə Çin xronikalarında meydana
çıxmışdı, bu vaxt ölkə "Uo"
adlanırdı. Çinin Han tarixçilərinə görə,
bu adalarda 100-ə qədər dövlət var idi və Uo
xalqı artıq yüksək dərəcəli sivilizasiyaya
çatmışdı. Yaponiyanın birləşməsi və
onun mərkəzində Yamato sarayının əmələ
gəlməsi mühüm hadisə idi. Saraya Tenno
(Göyün imperatoru) başçılıq edirdi. Yamato
hökmdarı 607-ci ildə Çinə səfirlik göndərdikdə
Çin imperatoruna yazmışdı: "Günəşin
çıxdığı ölkənin Göy Oğlu,
Günəşin batdığı ölkənin Göy
Oğluna müraciət edir". O, özünü Tan
sülaləsinin imperatoru ilə bərabər sayırdı.
Sonrakı dövrlərdə Yamatonun süqutu və
onun yerində birləşmiş millətin doğulması
baş verdi. VIII əsrdə yazılan Nuhon şoki
("Yaponiya xronikaları") Yaponiyanın qədim tarixi
hesab olunur.
Yamato sarayı V əsrin başlanğıcında
öz zirvəsinə çatmışdı. Lakin sonra o,
sürətlə tənəzzülə uğradı.
Yaponiyanın xarici işlərindəki çətinlikləri,
daxili sahədəki problemlərlə paralel gedirdi. Yamato
sarayına irsi imperator başçılıq edirdi. Bura
Koreyanın Pençe dövlətindən V əsrdə
Buddizm daxil oldu və ölkədə bu dinin məbədləri
yarandı.
Yapon imperatoruna o vaxtlar bütün ölkəni idarə
edən mütləq monarx kimi hörmət bəslənirdi.
Azad adamlardan və qullardan ibarət olan xalq iki başlıca
sinfə bölünmüşdü. Qullar hökumətə
və kübarlara məxsus idi, nəhayətsiz
ölçüdə işləməyə borclu idi və
ölkə əhalisinin 10 faizini təşkil edirdi. Azad
adamların əksəriyyəti fermerlər idi. Hətta 5-6
yaşlı oğlan uşağı öz həyatını
təmin etmək üçün, tarlanı becərməyə
məcbur edilirdi.
Bütün torpaqlar, güman edildiyi kimi, dövlətin
mülkiyyəti idi. Torpaqların çoxu adamlar arasında bərabər
qaydada bölünmüşdü. İllik məhsulun bir hissəsi
Sintoizm dini kilsələrinə və Buddizm məbədlərinə
verilirdi. Yaponiyada qədimdən xüsusi qiymətləndirilən
əcdadların kultu təkamül edərək, bu gün də
mövcud olan Sintoizm dininə keçmişdi.
VIII əsrin başlanğıcında imperial paytaxt
Ficuvaradan Naraya köçürüldü.
Yapon mədəniyyəti Çinin Tan sülaləsindən
götürülməklə, Nara dövrü beynəlmiləl
inkişafa çevrildi. Əsrin sonunda isə imperator Kammu
paytaxtı Heyana (indiki Kiotoya) keçirdi və hökumətlə
buddizm arasındakı bağları kəsdi. Bu dinin dövlət
işlərinə müdaxilə etməsi qadağan edildi. Cəmiyyət
150 il ərzində sülh şəraitində yaşadı.
X-XI əsrlərdə Fucivara ailəsi milli hökumətə
başçılıq etdi. Bu vaxt kübarlar və məbədlər
malikanələrdən gələn gəlirlər hesabına
dəbdəbəli həyat sürürdülər.
X əsr, yapon mədəniyyətindəki
inkişafın şahidi oldu, doğma yazının meydana gəlməsi
bu sahədə mühüm amilə çevrildi. Buna qədər,
Yaponiya özünə məxsus olan heç bir yazıya malik
deyildi, şeir yaradıcılığında Çin heroqliflərindən
istifadə olunurdu. Lakin yapon dili, Çin dilindən fərqli
idi. Təhsil görmüş adamlar öz doğma
yazısından istifadə edirdi, bu məqsədlə bəzi
Çin heroqliflərini özlərininkinə
uyğunlaşdırırdılar. Kana adlanan bu yazı, milli
dildə yazılı mübadilə aparılmasına köməklik
göstərdi və onun hesabına yapon dilində çox
sayda şeir və nəsr əsərləri meydana gəldi.
Buddizmə bəslənilən nominal hörmət
dinin dünyəviləşməsinə şərait
yaratdı.
Bu eranın digər cəhəti
döyüşçü sinfinin cəmiyyət həyatında
yüksəlməsi idi. Hökumətin inkişafı ilə
yanaşı daha qüdrətli samuraylar əyalətlərdə
öz hakimiyyətlərini qurdular. Onlar tədricən
paytaxtın yaxınlığında yığıldılar
və bu məkanda onlar hərbi polis kimi hərəkət
edirdilər. Saray əyanları onların timsalında dayaq
nöqtəsinə sahib oldular. Samuraylar arasında ən
görkəmli sayılanı imperator Seyuanın törəmələri
olan Minamoto ailəsi idi. Fucivaranın favoritləri kimi
Minamotolar əvvəldən paytaxtda görkəmli bir ailəyə
çevrildilər, onların şöhrəti XI əsrin
ortalarında daha da artdı. Onların bir nümayəndəsi
12 il davam edən döyüşlərdə mühüm rol
oynadığına görə, millətin daha məşhur
döyüşçüsü şöhrətinə yiyələnmişdi.
Paytaxt dəyişdirildikdən sonra həmin
Minamotoların (1185-1333-cü illər) törəmələri
əyalətlərdə tam öz qüvvələrini qurdular.
Onların iki ailəsindən olan qardaşlar Kiotoya hücum
etdilər. Yoritomo ilk dəfə hərbi hökumət və
ya syoqunat yaratdı və bu, samuray sinfinin feodal sistemə
arxalandığını göstərdi. Syoqunat və ya
hökumətin qərargahının adından
götürülən Bakufu Yaponiyada siyasi nəzarəti səmərəli
qaydada həyata keçirməli idi və bu vəziyyət
1867-ci ildəki imperial hakimiyyətin bərpasına qədər
davam etdi.
Minamotolara məxsus olan Yoritomo tərəfindən
syoqunatın qurulması XII əsrin sonunda baş verməklə,
döyüşçülər sinfi tərəfindən yeni
və müstəqil hökumətin, mülki
kübarlığın hakimiyyətinə qarşı olan bir
başlanğıcın əlaməti idi.
Yoritomo Kamakurada ali qərargah (Bakufu) yaratdı. Bakufu təşkilatı
tədricən yeni institutlar hesabına böyüdü.
1192-ci ildə Yoritomo paytaxt Kiotoya yollandı və syoqun təyin
edildi. Onun özünə syoqun - baş komandan titulunu təltif
etməsi ilə hərbi idarəetmə növü olan
syoqunat epoxasının bünövrəsi qoyuldu. Bu,
döyüşçü üçün ən yüksək
şərəf nişanəsi idi. Əsrin sonunda Yoritomo
öləndən sonra
Bakufuda real hakimiyyət, onun arvadının nəslindən
olan Hoco ailəsinin əlinə keçdi. 1333-cü ilə qədər
syoqun idarəçiliyinin ofisi Hoco ailəsinin uğurlu
üzvlərinin əlində oldu. Bakufu ordusu Kiotonu
işğal etdi və imperator II Toba həbs edilərək,
Oni adasına göndərildi. İmperial saraya nəzarət
etmək üçün Bakufu bu vaxt öz qərargahını
Kiotoda qurdu. İmperatorun malikanələri müsadirə
edildi və syoqunun vassallarına mükafat kimi paylandı.
Bakufunun siyasi hakimiyyəti, bütün ölkə üzərinə
yayıldı.
1185-ci ildən sonra gələn və 150 il davam edən
Kamakura dövrü çox sayda vətəndaş müharibələrinin
getməsi ilə əlamətdar oldu və
döyüşçü sinfinin inkişafına səbəb
oldu. Nəticədə, müharibələr ədəbiyyata
da öz təsirini göstərdi, müharibə hekayətləri,
tarixçələri və onlarla bağlı olan əhvalatlar
meydana gəldi. Bu vaxtlar, tutqun tonu ilə seçilən əsərlərdə
həyat və ölüm, sadə həyat tərzi və qətl
vasitəsilə girova yiyələnmə mövzuları daha
çox qələmə alınırdı.
Ondan əvvəlki Heyan (indiki Kioto şəhəri belə
adlanırdı) dövrü (794-1185-ci illər) isə incəsənətdə
və ədəbiyyatda qızıl era hesab olunur. Bu dövrdə
ədəbiyyat kübarların mədəni elitası və
rahiblər arasında mərkəzləşmişdi.
İmperial sarayı da şairlərə xüsusi himayə
göstərirdi. Avropada bu proses yalnız XV əsrdə
baş verdi, Florensiya hersoqu Lorento Mediçi rəssamlara,
arxitektorlara, yazıçılara sifariş verməklə həm
özünü yüksəltmişdi, həm də bu
dövrdə əsl sənət inciləri yaranmasına səbəb
olmuşdu.
(Ardı var)
Telman ORUCOV
525-ci qəzet .- 2025.- 29 noyabr (№218).- S.22.