Kamondo ailəsi
Bir nəslin çöküşü
Son günlər bütün diqqətim, marağım
Pera məhəlləsindədir. Demək olar, asudə
vaxtlarımı bu ərazidə keçirirəm.
İstanbulun sərvətdən, var-dövlətdən dəyərli yerlərinin həm də
buralar olduğu qənaətindəyəm. Hələ
binaları demirəm, fasadlarındakı naxışlar nəyə
desən, dəyər. Açığı, bu dəfə
planlaşdırılmış şəkildə yola
çıxdım, yəni "yaxınlıqdan keçirdim,
dedim bura da baş çəkim" məsələsi
olmadı. Bizimkilərdən biri dedi ki, "Adahan DeCamondo
Pera" adlı tarixi binada sərgi açılıb.
"Gedək" dedim. Bir az qəribə səslənə bilər,
amma etiraf edim ki, sərgi ilə bağlı bir cümlə də
yaza bilməyəcəyəm. Çünki sərgi hansı
sənətçiyə aid idi, necə idi, təşkilində
məqsəd nə idi, sənətçi qadın idi, yoxsa
kişi, bunlarla bağlı heç bir məlumatım yoxdur.
Çünki addım atdığım andan binanın sehrinə
elə qapıldım ki, məramımı unutdum.
Sən demə, ağlı başdan alan bu yer XIX əsrdə
İstanbulun Avropa üzü sayılan Bəyoğlunun ruhunu
daşıyan, Peranın danışan divarları sayılan
Kamondo oteli imiş. Binanın inşası 1870-1874-cü illəri
əhatə edir. Abidəni Osmanlı imperiyasının
nüfuzlu bankir nəsillərindən sayılan Kamondo ailəsi
özlərinə "şəhər köşkü"
adı altında tikdirib. O dövrdə Pera səfirliklərin,
konsulluqların, Levanten tacirlərin, varlı bankir ailələrin
yaşadığı, Paris üslubunda bulvarları və
Avropa tipli daş binaları ilə İstanbulun "Qərb"
hissəsi sayılırdı. Kamondoların da bu ərazidə
özlərinə malikanə tikmək üçün yer
seçmələri həm ailənin statusunu, həm də
Avropa ilə sıx bağlılıqlarını göstərirdi.
Nadir memarlıq
Bina memarlıq baxımından klassik Pera malikanəsi
tipinə uyğun formalaşdırılıb. Küçəyə
baxan fasadda nizamlı şəkildə düzülmüş
iri pəncərələr, hündür tavanlı salonlara
işıq salan geniş şüşələr, zərif
daş işləmələr, qalın daş divarlarla birləşən
taxta döşəmələr binaya həm möhkəmlik, həm
də sadəlik verir. Müasir təsvirlərdə
vurğulandığı kimi, interyerdə hündür
tavanlar, daş səthlər və ağac işləmələr
qorunub saxlanılıb. Demək olar, bu günün
özündə də otelin otaqlarını gəzərkən
XIX əsrin şəhər malikanəsinin atmosferini hiss etmək
olur. Otelin quruluşu tipik Pera yamac memarlığına
uyğundur: küçə səviyyəsində kafe,
dükan və restoran funksiyaları, üst mərtəbələrdə
qəbul üçün salon, kiçik idman zalı, daha
yuxarılarda isə otaqlar və suitlər yerləşir, ən
üst mərtəbədə də Bosfor və Galata mənzərəsinə
açılan damüstü restoran və bar mövcuddur.
Ev deməyə min şahid lazımdır
Bina tarixi boyu bina təkcə ev kimi qalmayıb, Pera
bölgəsinin dəyişən taleyi ilə birlikdə bu
tikili də, necə deyərlər, "çox badirələr
atlatıb". Kamondo ailəsinin İstanbuldan tədricən
Parisə köçməsi, Osmanlıdan Cümhuriyyət
dövrünə keçid, Bəyoğlunun bəzən
parlayıb, bəzən də baxımsızlığa məruz
qalması bu binadan da yan keçmir. Bir dönəm abidəyə
qarşı laqeydli hökm sürür, illər ərzində
istifadə forması dəyişir. Nəhayət, bəxt
üzünə gülür və son illərdə bu tarixi məkan
iddialı layihə ilə yenidən ayağa
qaldırılır. Əvvəlcə "Adahan
İstanbul" adı ilə butik-otel kimi fəaliyyətə
başlayır, daha sonra DeCamondo brendi altında yenidən
qurularaq beynəlxalq otel zənciri olan "Marriott"un
"Autograph Collection" portfelinə daxil edilir, indi isə
"Adahan DeCamondo Pera, Autograph Collection" adı ilə xidmət
göstərir. Artıq bina həm turistik, həm mədəni,
həm də simvolik ünvan sayılır. Təəssüf
ki, binanın memarının kim olduğu dəqiq bilinmir. Amma
adından da göründüyü kimi, tikilməsini istəyən
Abraham Salomon Kamondodur.
İlk bina, ilk ev, ilk ofis...
Peradakı bu möhtəşəm abidə Kamondo ailəsinin
tikdirdiyi ilk bina deyil. Hələ İstanbula gəlişlərinin
ilk illərində Qalatada, Sərdarı Əkrəm
küçəsində 1861-1868-ci illərdə bina inşa
etdiriblər. Təbii ki, Kamondo ailəsinin burada bina tikdirməsi
təsadüf deyildi. Qalata limanının sıx ticarət və
bank ərazilərində olduğunu nəzərə alaraq
özlərinə yaşayış və iş məkanları
yaratmaq üçün bu tikilinin inşasına qərar
vermişdilər. Bina sadəcə yaşayış məqsədilə
deyil, eyni zamanda ailənin bank və ticarət fəaliyyəti
ilə də sıx bağlı idi. Sonra elə olur ki, işlər
böyüyür, buranı daha çox ofis kimi istifadə etməyə
başlayırlar. Elə Peradakı malikanəni də buradan
daha böyük yerə köçmək üçün inşa
etdirirlər. Təqribən XIX əsrin axırlarında ailənin
Fransaya köçü, siyasi-ekonomik dəyişikliklər nəticəsində
binanın funksiyası yenidən formalaşır.
Neoklassika zərafəti
Binanın memarlıq üslubu neoklassik elementlərlə
zənginləşdirilib. Abidənin fasadındakı neoklassik
görkəm, simmetrik pəncərələr, üst qatlarda
taxta saçaqlı balkonvari çıxıntılar, daş
işləri və zarif bəzəklər xeyli diqqət
çəkir. Məkanın daxili yüksək tavanlı
salonları, geniş otaqları, böyük pəncərələri
elə həm o dövrün, həm də bu dövrün
malikanə ruhunu daşıyır. İçəridə
müxtəlif dövrlərdə dəyişikliklər olsa
da, binanın memarlığı əsas üslubunu qoruyub
saxlayır. Hazırda bina tam olaraq nə oteldir, nə də
şirkət. Bəzi mənzillər kirayə verilir, bəziləri
isə ofisə çevrilib.
Nəvə sevgisinin tarixə çevrilməsi
Kamondo ailəsi dövrünün ən güclü
bankir nəsillərindən biri kimi həm memarlıqda, həm
şəhər quruluşunda, həm də sosial həyatda dərin
iz qoyublar. Həmin izlərdən biri də məşhur
Kamondo pilləkənləridir. Hekayənin qəhrəmanı
isə bir adamdır: Abraham Salomon Kamondo. "Pulun
ağası" sayılan bu adamın ən həssas nöqtəsi
nəvələri idi. İlk illərdə ailə Qalata
yamacında, yuxarıda bəhs etdiyim binada
yaşayırmış, işləri isə aşağıda,
Banklar küçəsində - yəni bu günün
özündə də banklarla dolu olan o küçədəydi.
Hər gün bu dik yamacı enib-çıxmaq həm ailənin
böyükləri, həm də evdəki uşaqlar
üçün işgəncə kimiymiş. Abraham Kamondonun
bir neçə nəvəsi o dövrdə bugünkü
Sankt Georg Avstriya Liseyində oxuyurmuş. Məktəbə
gedib-gəlmək üçün evdən çıxıb əvvəl
bu dik yolu enmələri, sonra Qalatanın içindən
dolanıb yenidən yuxarı çıxmaları lazım gəlirmiş.
Uşaqlar hər gün bu yolda tənginəfəs olurmuş.
Abraham bu vəziyyətdən təngə gəlir, həm
öz evləri ilə iş yerləri arasında, həm də
nəvələrinin ev-məktəb yolu arasında daha
qısa, daha rahat, daha təhlükəsiz keçid olacaq
xüsusi pilləkan inşa etdirməyə qərar verir.
"Yıxılsalar da, burunları qanamasın"
Baba yaxşı bir memar tapır və memara sadə
pilləkən istəmədiyini deyir, beynindəki fikri ona belə
izah edir: "İki hissəli, ortası boşluq olan pilləkən
istəyirəm, elə dizayn et ki, uşaq büdrəsə də,
yumalanıb aşağıya qədər düşməsin,
arada bəndlər kimi yerlər olsun ki, yıxılanda həmin
bəndlər uşaqları tutsun". Baxan kimi başa
düşürsən ki, sırf bu istəyə görə,
pilləkən bu qədər əyri, dalğalı və iki
qollu formaya sahibdir. Pilləkənlərin inşa edildiyi
dönəmdə ora yalnız ailənin uşaqları
üçün deyil, bütün məhəllə
üçün önəmli keçid olur. Qalatada banklarda,
ofislərdə çalışan Levantenlər, yəni Avropa
köklü tacirlər və məmurlar, axşam Pera tərəfdəki
evlərinə gedərkən buranı istifadə etməyə
başlayırlar. Beləcə, sırf bir babanın nəvələrinə
sevgisindən doğan bu konstruksiya, bir anda Qalata ilə Pera
arasındakı ən praktik piyada xətlərindən birinə
çevrilir. İllər ərzində pilləkənlər təkcə
Kamondo ailəsinin deyil, bütün şəhərin gündəlik
həyatının parçası olur.
Üslubu da təsadüfi deyil. O dövrün
modası olan neo-barok və erkən art nouveau tərzlərindən
təsirlənmiş, sanki daşın içində dalğa
kimi burulan, yuxarıdan baxanda "saat kimi işləyən"
iki quyruqlu forma görsənir. Bu estetik xüsusiyyət ilk dəfə
foto ustadları tərəfindən çəkildikdən
sonra, bələdçi kitabçaları, romanlar, filmlər
üçün vizual simvola çevrilir. İşin sentimental
tərəfi isə odur ki, bu pilləkənlər haqqında
çox vaxt "Aşiqlər pilləkəni" bəhs
edirlər, amma hekayənin kökündə romantik
cütlüklər deyil, nəvə həssasiyəti
dayanır. Yəni bu əyri daşlar, əslində, ailəvi jestin
daşlaşmış vəziyyətidir.
Kamondo ailəsi bu gün haradadır?
Hekayənin ən ağrılı yeri də
buradır. "Yıxılmasınlar, burunları
qanamasın" deyilən o uşaqların heç birinin nəslinin
davamı gəlmir. Kamondo ailəsinin nəsli II Dünya
müharibəsində kəsilir. Bu gün "Kamondo ailəsi"
adı tarix səhifələrində mövcuddur, amma bioloji
olaraq varislər, yəni ailənin soyunu davam etdirən
heç kim yoxdur. Kamondolar XIX əsrin sonlarında -
Osmanlının siyasi həyatı qarışdığı
üçün Avropaya qayıdırlar. Nasist
işğalı zamanı Parisdə yaşayan Kamondo ailəsinin
varisləri deportasiya edilir, Auşvits ölüm düşərgəsinə
göndərilir və orada öldürülürlər. Ailənin
bütün üzvləri sonuncu nümayəndəsinə qədər,
uşaqlı-böyüklü məhv edilirlər.
Bu gün Kamondo adını yaşadan sadəcə
daşlar və sənət əsərləridir. Kamondo ailəsindən
qalan əşyalar Fransa dövlət muzeylərinə
bağışlanıb və hazırda orada sərgilənir.
Kamondonun Parisdəki evi hazırda ölkənin ən prestijli
dekorativ sənət muzeylərindən biridir.
İstanbuldakı mülkləri isə fərqli şəxslərə
satılıb və paylanıb. Doğrudur, Kamondo ailəsi bu
gün həyatda deyil, onların varisləri yoxdur, amma
qurduqları binalar, pilləkənlər, əşyalar, sənət
kolleksiyaları, tarixi mirasları dünya durduqca yaşayacaq.
Türkan TURAN
525-ci qəzet .- 2025.- 29 noyabr (№218).- S.21.