Gərəkli
yaşamağı bacarmaq
Memuar ədəbiyyatı haqqında müxtəlif
fikirlər ola bilər, amma memuaristika şəxsən mənim
çox sevdiyim janrdır. Müdrik sənət insanı,
aktyor Uill Smitin "Yaxşı insanlar sizə xoşbəxtlik
gətirər, pis insanlar təcrübə qazandırar, ən
pislər dərs verər, ən yaxşılarsa xatirələr
bəxş edər. Hər kəsi qiymətləndirin"
sözləri bu mənada mənim baxışımı və
yanaşmamı çox gözəl ifadə edir. Imkan olsa,
ömür vəfa eləsə, haçansa mən
özüm də uzun illərdir tutduğum gündəliyi
kitaba çevirməyi düşünürəm...
Bu günlərdə maraqla oxuduğum "Gərəkli
olmağı seçdim... Həyatım. Xatirələrim.
Düşüncələrim" kitabından
aldığım təəssüratı sizinlə
bölüşmək istəyirəm. Kitabda 85 il keşməkeşli,
mürəkkəb, gərgin hadisələrlə dolu
ömür yolu keçmiş, böyük həyat təcrübəsinə
malik bir şəxsin - Elxan Süleymanovun xatirələri və
düşüncələri əks olunur. "İnsandan nəsə
qalmalı, hansısa bir xatirə yaşamalıdır.
Çünki biz hamımız zamanı gələndə
Allahın əmri ilə bu dünyadan köçüb gedəcəyik.
Buna görə insan özündən sonra nəsə qoyub
getməlidir ki, onu xatırlatsın, yada salsın.
Yaddaşlarda yaşamaq isə insanın yenidən həyata
qayıdışıdır..." - müəllifin bu
sözləri ilə kitabın preambulası kimi qəbul oluna
bilər.
Xüsusən ictimai-siyasi fəaliyyətlə məşğul
olan şəxslərin memuarları daha geniş auditoriya
üçün əhəmiyyət kəsb edir. Belə
kitablar cəmiyyətin idarə olunması, parlament və
hökumət mexanizmləri, beynəlxalq münasibətlər
və ictimai təşəbbüslərin formalaşması
kimi sahələrdə "içəridən
baxış" imkanı yaradır. Bu, təkcə hadisələrin
təsviri deyil, qərarların necə qəbul olunduğu,
hansı çətinliklərin yaşandığı və
müəllifin bu proseslərdəki şəxsi mövqeyi
kimi incə məqamları da üzə çıxarır.
Elxan Süleymanovun bu kitabı dövrün
psixologiyasını, siyasi mühitini, cəmiyyətin
inkişaf ritmini və tarixi proseslərin daxili məntiqini
anlamaq üçün unikal material təqdim edir. Təsadüfi
deyil ki, bəzən bu tip əsərlər rəsmi sənədlərdən
və ya publisistik mənbələrdən daha etibarlı və
daha dərin təsir gücünə malik olur: çünki
burada hadisələr müəllifin şəxsi
müşahidələri, hissləri və düşüncələri
ilə işıqlandırılır. Sözügedən
kitab məhz bu kontekstdə xüsusi əhəmiyyət
daşıyır. Müəllif uzun illər ərzində həm
parlamentdə, həm beynəlxalq platformalarda, həm də
ictimai layihələrdə aktiv iştirak etmiş bir şəxs
kimi, təkcə xatirələrini deyil, həm də o
dövrün ictimai atmosferini, siyasi dinamikanı və vətəndaşlıq
mövqeyinin formalaşması məsələlərini oxucuya
çatdırır. Bu səbəbdən Süleymanovun
memuarları təkcə şəxsi həyat hekayəsi deyil,
son onilliklərin ictimai-siyasi panoramasını dərk etmək
üçün dəyərli bir mənbədir.
Tarix adətən böyük proseslər və
ümumi tendensiyalar üzərindən izah olunur.
Sözügedən kitabın maraqlı cəhətlərindən
biri isə ondan ibarətdir ki, bu proseslərin arxasında
dayanan insan seçimini, motivasiyanı, şübhələri
və daxili mübarizəni görməyə imkan yaradır.
Beləliklə, kitab həm tarixi faktları canlandırır,
həm də oxucunu insan xarakteri, iradə, məsuliyyət və
şəxsi prinsiplər mövzuları haqqında
düşündürür. Bu, müəllifin şəxsi təcrübəsi
ilə ictimai yaddaş arasında körpü yaratmaq
bacarığından irəli gəlir. Kitabın digər dəyərli
cəhətlərindən biri də müəllifin hadisələri
təkcə təsvir etməməsi, həm də təhlil
etməsidir. Parlamentdəki fəaliyyəti, beynəlxalq
strukturlardakı iştirakı, ictimai diplomatiya və digər
sahələrdə gördüyü işlər haqqında
verdiyi məlumatlar Azərbaycan siyasi həyatının daxili
məntiqini anlamaq istəyənlər üçün
yaxşı məxəzdir.
Kitabda müəllif sırf siyasətçi kimi deyil,
həyatın müxtəlif mərhələlərindən
keçmiş, axtarışları, tərəddüdləri,
qərarları və dəyərləri olan bir insan kimi təqdim
olunur. Onun seçdiyi yol dövlətə, cəmiyyətə,
insanlara xidmət yoludur və kitab boyu bu seçim xüsusi
vurğulanır. O, hadisələri quru rəqəmlərlə
və ya protokol dili ilə yox, real həyatdan gələn hiss
və müşahidələrlə təsvir edir. Bu isə
oxucuya həmin dövrün ab-havasını hiss etmək, qərarların
necə formalaşdığını görmək imkanı
yaradır.
Əsərin ideya nüvəsi müəllifin şəxsi
prinsipinə əsaslanır: gərəkli olmaq! Bu
anlayış kitabda təkcə şüar kimi yox, real həyat
davranışının, uzun illərə dayanan davamlı fəaliyyətin
əsası kimi təqdim olunur.
"Mən gərəkli olmağı seçdim"
kitabı yalnız keçmişi xatırlamaq
üçün yazılmış bir mətn deyil. Bu əsər
eyni zamanda gələcəyə mesaj verir. Müəllif
göstərir ki, şəxsi təşəbbüs, əqidə,
vicdan və ardıcıl zəhmət hər zaman dəyərini
qoruyur. Bu mesaj xüsusilə gənc oxucular üçün
motivasiya xarakteri daşıyır.
Kitab yığcam, təmiz və səmimi üslubla
yazılıb. Süleymanov hadisələri nə ağır
siyasi terminologiya ilə, nə də emosional şişirtmə
ilə təqdim edir. Onun dili sadə, anlaşılan və
eyni zamanda ziyalı üslubudur. Bu, kitabı həm gənclər,
həm də yaşlı oxucular üçün əlçatan
edir. Hadisələrin ardıcıllığı aydın
saxlanılır, müəllifin gənclik illərindən
tutmuş siyasi və ictimai fəaliyyətinin ən aktiv
dövrlərinə qədər bir xətt üzrə davam
edir. Mətn oxucunu yormur, əksinə, hər fəsildə
yeni bir baxış bucağı açır.
Elxan Süleymanovun "Mən gərəkli
olmağı seçdim" kitabı həm xatirə
janrının, həm də ictimai-siyasi publisistikanın
uğurlu nümunəsidir. Bu əsər insanın öz
ömrünü xalqa və dövlətə həsr etməsinin
nə demək olduğunu göstərir. Səmimi dili, analitik
baxışı və mənəvi yükü ilə bu,
müasir oxucuya həm bilgilər, həm də motivasiya verən
əsərlərdəndir.
E.MURADOV
525-ci qəzet .- 2025.- 29 noyabr (№218).- S.20.