Mirzə İbrahimov "Azərbaycan" qəzetində (1945-1946-cı illər)

 

 

(Əvvəli ötən sayımızda)

 

Güzəştlərin Pişəvəri ilə müzakirə olunduğu birinci - 4 aprel iclasında Mirzə İbrahimov Pişəvərinin "sizinlə dalaşacağam" replikasına belə cavab verir: "Biz pis nə iş etmişik ki, dalaşaq da... Çox ciddi vəziyyət yaranıb. Bundan çıxış yolu tapılmalıdır".

Pişəvəri ona cavab verir: "Gəl mənə təbliğat aparma, mən kifayət qədər acı təcrübəyə malikəm. 1921-ci il təkrar olunur. Qəvvam sizi aldatdı. O, Milli Hökuməti ləğv etmək, bütün fəalları məhv etmək istiqamətində tədbirlər görür. Biz inqilab etmişik, öz dövlətimizi yaratmışıq, İran mərkəzi hökuməti əleyhinə iş aparmışıq, İran Konstitusiyasının nöqteyi-nəzərindən biz cinayət törətmişik, heç vaxt indiki İran hökuməti bunu bizə bağışlamaz. Biz hamımız edama məhkum olunacağıq".

Burada Pişəvəri "biz" deyəndə Mirzə İbrahimovu sovetlər tərəfə aid edir və bu, onların arasındakı soyuqluqdan xəbər verir. Görünür, Mirzə İbrahimov çox rahatlıqla Moskva tərəfə keçmişdi və bu, Pişəvəriyə ağır gəlirdi, elə buna görə də Hərəkata xəyanət barədə ən sərt sözlərini ona üz tutaraq deyir. Axı "Üçlüy"ün sədri kimi Mirzə İbrahimov da Hərəkatın zəfər və faciəsi üçün tam həcmdə məsuliyyət daşıyırdı. Lakin Mirzə İbrahimovun cibində sovet pasportu vardı, o, İran hökumətindən çox, İ.Stalinin qanlı rejimindən qorxurdu.

Güman edirik ki, "Üçlüy"ün missiyasının formalaşma prosesində Mirzə İbrahimov şəxsən İ.Stalinlə görüşməyib, Molotov və Moskva MK-sındakı xarici Kommunist partiyaları ilə işləyən katiblə görüşüb. Pişəvəri isə, yəqin ki, heç Molotovla da görüşməyib. Xarici partiyalara işləyən katiblə görüşüb. Onun 1929-cu ildə İran Kommunist partiyasının birinci katibi seçilməsi göstərir ki, Moskva MK-sının xarici şöbəsi üçün o, təzə adam deyildi. Lakin Milli Hökumət layihəsində Pişəvərinin siyasi çəkisi Mirzə İbrahimovdan ağır olsa da, formal hərbi intizam baxımından ona tabe idi. Yuxarı rəhbərliyə çıxış baxımından da Mirzə İbrahimov daha mühüm səlahiyyətlərə malik idi. Amma Pişəvəriyə bəzi qarantiyaları əsaslandırmaq, görünür, onun öhdəsinə düşürdü. Buna görə də Pişəvəri aldadıldığını anlayanda bunda əli olanlardan birincisi kimi, məhz Mirzə İbrahimovla dalaşmaq istəyir.

Lakin İ.Stalin də böyük usta idi. Hərəkatın Moskvaya bağlılığını pərdələmək üçün məhz M.C.Bağırovu kurator təyin etmişdi. Hərəkatın Qızıl Ordu ilə əlaqələrində ancaq onun səlahiyyəti vardı. İ.Stalinin iradəsini məhz o təmsil edirdi, çətin vaxtlarda Pişəvəriyə və Mirzə İbrahimova "yoldaş İ.Stalinin qərarıdır, göstərişidir", deyirdi.

Tehranla Milli Hökumətin ləğvi barədə Müqavilənin imzalanmasından 5 gün qabaq, 8 iyunda hərəkat liderləri ilə Naxçıvanda M.C.Bağırovun tarixi görüşü və tövsiyələri olub. Bu görüşdə Pişəvəri, Şəbüstəri, Padeqan, Cavid iştirak edib. Burada hərəkatın yeni siyasi taktikası tövsiyə olunub: 1. İran parlamentinə seçkilərdə çoxlu yer qazanmağa çalışmaq. 2. İran Xalq partiyasının rəhbəri orqanlarına mümkün qədər daxil olmaq, bu partiyanın yeni MK-sını və liderini seçmək. 3. Milli Hökumətin məxfi Arxivini Sovetlərə gətirmək. 4. Pişəvəri bütün İran Kommunist hərəkatının əsas lideri kimi səlahiyyətlər alırdı. Bu sonuncu Pişəvəriyə anlatmalı idi ki, Tehrana güzəştləri imzalamaqla, Milli Hökumət dövrünün Azərbaycan Əncüməni dövrü əvəzlənməsi ilə onun Moskva üçün şəxsi siyasi gərəkliliyi bitmir, qurtarmır.

İclasın Cəmil Həsənli tərəfindən verilən ətraflı icmalından görünür ki, artıq hərəkat rəhbərlərində Milli Hökumətin ləğvi ilə bağlı heç bir mübahisə və fikir ayrılığı yoxdur. Görünür, Pişəvəri özü də İ.Stalinin məktubundan sonra dünya Kommunist hərəkatı maraqlarını milli maraqlardan yuxarı tutmaq barədə qənaətə üstünlük vermiş, digər liderlər, o sıradan Mirzə İbrahimov da vicdanlarını bu arqumentlə susdurmuşlar. Ona görə bəzi təəssübkeş tarix publisistlərinin M.C.Pişəvərinin zorla Bakıya gətirilməsi barədə uydurmaları əsassızdır. 1946-cı ilin 13 iyunundan sonra Hərəkatın "Azərbaycan Əncüməni" dövründə də, azı dekabrın 11-nə qədər Pişəvəri onun şəriksiz rəhbəri kimi qaldı.

Artıq qeyd etmişdik ki, "Üçlüy"ün üzvləri hələ 28 apreldə Bakıya qaytarıldı. Bu, sovet qoşunlarının İrandan çıxıb qurtarmasına 40 gün qalmış baş verdi. İ.Stalinin bu qərarında iki əsas səbəb vardı: o başa düşdü ki, sovetlərin İranı tam öz təsirinə almaq planlarında Ordunun orada olmasından istifadə limiti qurtardı, bunu İranın şikayətlərinin BMT-də müzakirələri ortaya qoydu. Bu müzakirələr SSRİ-nin kasıb dövlətlərin himayədarı olması barədə mifi dağıdırdı, buna isə yol vermək olmazdı, çünki sovetlərin bütün xarici siyasəti bu mifə əsaslanırdı.

İkincisi, "Üçlük" Milli Hökumətin yaradılması üçün təşkil olunmuşdu, lakin 13 iyun müqaviləsi Azərbaycanın Muxtariyyəti layihəsini bağladı. "Azərbaycan Əncüməni" layihəsi isə İranda Moskvanın yeni xarici siyasət taktikası idi. Bu taktika ənənəvi idi, İran dövləti üzərində Rusiya təsirini saxlamaq üçün Azərbaycandakı milli hərəkatdan istifadə etmək. "Üçlük" bu iş üçün yaramırdı və ləğv olundu. İran Kommunist hərəkatında çalışmaq isə M.C.Pişəvərinin həyatının əsas işi idi.

Nəhayət, iyunun 13-də Pişəvəri Moskvadan əmr edilən "Tehranla müqavilə"ni imzaladı və elə həmin gün Milli Hökumətin Baş naziri vəzifəsindən istefa verdiyini elan etdi. Əslində, o, müqaviləyə imza atan kimi Milli Hökumətin Baş naziri vəzifəsi hüquqi baxımdan mövcudluğunu itirirdi. Müqavilə Təbrizdə, axşam 7.30-da M.C.Pişəvəri və İran Baş nazirinin müavini Müzəffər Firuz tərəfindən imzalandı. Onun rəsmi adı belə idi: "Dövlət və Azərbaycan nümayəndələri arasında müvafiq olunmuş Qərardad".

Həmin gün Pişəvəri Təbriz radiosuyla çıxış edib Qərardadı Azərbaycan xalqının böyük tarixi qələbəsi adlandırdı, onun bütün İran üçün əhəmiyyətindən danışdı. Lakin sonrakı hadisələr bu optimizmi təsdiqləmədi. Milli Hökumət sözü aradan getsə də, Pişəvəri Təbrizdə Əncümən binasında siyasi lider kimi oturur, Milli ordu və jandarm qurumlarını qoruyur, onlar üzərində nəzarəti öz əlində saxlayırdı. Üstəlik, İran rejiminin əsaslarını dağıdan torpaq islahatlarını davam etdirməyə çalışırdı. Təbrizdə universitet quruculuğu və digər mədəni tədbirlər hətta Tehranın müəyyən iştirakı ilə davam edirdi. Təbrizdə ADF-nin orqanı "Azərbaycan" qəzeti də çıxırdı. Yəni əslində İranda ikihakimiyyətlik qalırdı. Bunu İngiltərə-ABŞ cütlüyü də, şah sarayı da başa düşürdü. Bütün qatı antiazərbaycan partiyalar isə İngiltərə təsirində idi. ABŞ-nin bank və ticarətə qayğısı İranda burjuaziyanın yuxarı hissəsini tam qane edirdi. Elə şah özü və ailəsi də ABŞ-nin təsirində idi.

Lakin rusiyameylli sayılan Qəvvamın "Demokrat" adlı yeni partiya yaratması, bunun ardınca öz kabinetinə "Tudə"dən 4 nazir daxil etməsi, öz xəttini himayə edən qəzetlərə qayğı göstərməsi onun düşmənlərini şübhələndirdi. Şahın ailəsi də iri İran burjuaziyasının bir hissəsi idi və hakimiyyəti itirməkdən qorxurdu. Bunu Şahın bacısı Əşrəf xanım İ.Stalinlə görüşündə açıq demişdi. Şahı devirib İranda respublika qurmaq mövzusu İran cəmiyyətində açıq müzakirə olunurdu. Çox güman ki, bu, İ.Stalinin Qızıl Ordu İrandan çıxandan sonrakı dövr taktikasının əsas hədəfi idi. İranın cənub ərazilərindəki siyasi çəkişmələr və tətillər ölkədəki qeyri-sabitliyi daha da artırdı, həmin yerlərdə milli məsələ başqa bir formada ortaya gəldi. Bu da Moskvanın və onun bütün dünyada himayə etdiyi sol hərəkatların hakimiyyətə gəlmək üçün əsas alətlərdən biri idi.

Hadisələri diqqətlə izləyən ABŞ diplomatik nümayəndələri İ.Stalini qabaqladılar, onun İranda tətbiq edilən yeni taktikasını heçə endirən prinsipial qərar qəbul etdilər: İranda davam edən qeyri-sabitlik ABŞ-ın strateji mənafelərinə ziddir.

Bu qərardan çıxış edən prezident Trümen İrandakı qeyri-sabitliyi aradan götürmək üçün əməli tədbirlər barədə qəti göstərişlər verdi. Ona görə demək olar ki, Milli Hökuməti İ.Stalin ləğv etdi, Milli Əncüməni isə Trümenlə qaniçən şahın ittifaqı. Amerikanın ürəkləndirdiyi Şah oktyabrın əvvəlində tələb etdi ki, Qəvvam istefa versin. Sonuncu çox yalvarandan sonra şah şərt qoydu: "Azərbaycan qiyamçıları ilə danışıqlar kəsilir, bu əyalət üzərində suverenlik bərpa edilir, qiyamçılarla müqavilə imzalayan Firuz İrandan qovulur, dekabr seçkilərində Şaha lazım olan qələbə təmin edilir". Sovet səfiri Sadçikov gecə Qəvvamla görüşüb onu sovet qoşunlarının İrana təzədən girməsi ilə hədələdi. Səhəri gün, 18 oktyabrda Qəvvam təzədən Şahın yanına gəlib səfirin hədələrini ona çatdırıb, amma Şah öz qərarının qəti olduğunu bildirib. Tərkibində tudəçilər olmayan təzə kabineti Şah öz otağında həmin gün formalaşdırıb və 19 oktyabrda elan etdirib. Beləliklə, ABŞ İranda rus təsirinə son qoyan istədiyi qərarların qəbuluna nail oldu.

Çox güman ki, ABŞ kəşfiyyatı İ.Stalinin İrandakı yeni siyasi taktikası barədə dəqiq və konkret məlumatları Şaha ötürüb onu qorxutmuş və qəti addımlar atmağa yönəltmişdi. Cəmil Həsənli ABŞ tarixçilərinin birindən bu mühüm sitatı verir: "...indi artıq Moskva Pişəvərini özünə yük olaraq görməyə başlamışdı və onun gördüyü işin müdafiə edilməyə dəymədiyini düşünürdü. Bundan başqa, Sovetlər hələ Şərqi Avropa üzərində nəzarətlərini möhkəmləndirməklə məşğul idi. Sovet İttifaqı heç vaxt İrandakı məqsədlərinə çatmaq üçün müharibə riskinə getməzdi. Müharibədəki itkilər onları çox zəif salmışdı və onlar iki cəbhədə silahlı müqavimət göstərə bilməzdi". Şahı məhz bu doğru nəticələrə inandırmışdılar və qəti hərəkətə gəlmişdi.

Təbrizdə oktyabr-noyabr hadisələrində bir şey də nəzəri cəlb edir. Cəmil Həsənli məxfi sənədlərə əsasən yazır: "Mir Cəfər Bağırov noyabrın 16-da Nurməmməd Quliyev, Ağasəlim Atakişiyev, Mirzə İbrahimova tapşırdı ki, Pişəvərinin təhlükəsizliyini təmin etsinlər". Bu qeyddən görünür ki, Moskva hərəkatı ləğv etmək üçün də yeni "Üçlük" təşkil edib. Bu, Məxfi Dövlət Təhlükəsizliyinə aid qurumdur və Bağırov onu yarada bilməzdi. Bu məsələ Mirzə İbrahimovun bioqrafiyası baxımından da maraqlıdır və onun oktyabr-noyabrda Təbrizdə olduğunu sübut edir. "Üçlüy"ün təzəliyi bir Həsən Həsənovun Təbriz vitse-konsulu Nurməmməd Quliyevlə əvəz edilməsidir. Həsən Həsənov Kürd Demokrat Firqəsinin kuratoru idi başlanğıcda, lakin 1946-cı ilin payızında kürd Kommunist qurumu dağılmış, Moskvanın nəzarətindən çıxmışdı və artıq heç bir kurasiyadan söhbət gedə bilməzdi. İkinci "Üçlük" haqda məlumat, demək olar ki, yoxdur. Çünki Həsən Həsənovun "Gündəliklər"i unikal və hərəkatın tarixi üçün ən mötəbər və xalqımıza gərək olan mənbədir. Allah ona rəhmət eləsin. "Üçlüy"ün digər üzvləri tarixi həqiqətə yox, xidməti məxfilik və partiyaya sədaqət prinsipinə əməl edib, karyeralarını qoruyublar.

Nurməmməd Quliyev SSRİ Xarici İşlər Nazirliyinin əməkdaşı idi və bu qurum da həmin vaxt İ.Stalinin təlimatlarına əsasən Təbrizdəki Milli hərəkatın ləğvini icra edirdi. "Üçlük" də yeni üzvün məhz bu qurumdan olması təbii idi. Ləğvetmə prosesində partiya xəttindən istifadə etmək olmazdı, bu xətt müqəddəs və günahsız saxlanmalı idi. Nurməmməd Quliyevi isə İ.Stalinin poçtalyonu kimi görürük: birinci dəfə rəhbərin gizli məktubunu Pişəvəriyə məhz o oxudu, ikinci dəfə isə Pişəvəriyə Təbrizi tərk etmək, vəzifələrini təhvil vermək əmrinin mətnini Pişəvəriyə o təqdim edəcəkdi. Mirzə İbrahimovun ləğvetmə prosesində iştirakı da onun həyatının ən tragik məqamlarından biri idi.

Buna paralel olaraq Moskvaya tabe olan İrandakı sovet səfirliyi və konsulları oktyabr-noyabr aylarında Pişəvərinin nüfuzunu qıran işlər görürdülər. Bunlar əslində hərəkatı 1946-cı ilin 11 dekabr plenumuna və Bakıya köçə hazırlayırdılar və bu barədə Moskvadan məxfi təlimat almışdılar. Lakin M.C.Bağırov bunları anlamır və İ.Stalinə onun "gözlərini açan" arayışlar yollamağa çalışırdı. Amma İ.Stalin bütün hərəkatçılar kimi Bağırovdan da siyasi alət kimi istifadə etmişdi. Milli Hökumət layihəsi Moskva üçün bitmişdi, indi bir iş qalırdı: onu siyasi qalmaqalsız və ziyansız aradan çıxarmaq. Bunun üçün isə onu əvvəlcə maksimum zəiflətmək lazım idi və İrandakı sovet qurumları bunu Qəvvamla əl-ələ edirdilər.

"Əncümən dövrü"nün ən böyük səhvi Zəncanın Qəvvama təhvil verilməsi idi. Tehran bunu müqaviləyə salmışdı. Bu, əslində Milli Hökumətin hərbi-siyasi qüvvələrini İran ordusunun yox, Zülfüqari kimi böyük feodalların təşkil edəcəyi vətəndaş müharibəsi kimi ləğvini nəzərdə tuturdu. Zülfüqarinin 300 kəndi vardı, onların hər birindən iki-üç silahlı səfərbər ediləndə nə qədər böyük qüvvə yarandığı aydın olur. Torpaq islahatı isə Pişəvərinin İran feodallarının birinci düşməni etmişdi. Şahın özü də belə feodalların biri idi.

Nəhayət, 1946-cı ilin 21 noyabrında Qəvvam hökumətinin Bəyanatı çıxdı: 7 dekabr seçkiləri günü üçün İranın təhlükəsizlik qüvvələri ölkənin bütün məntəqələrində, yəni həm də Təbrizdə yerləşdiriləcək. ADF isə seçkiyə qoşulmuşdu və açıq etiraz da edə bilmirdi. Bu, açıq ultimatum, həm də Milli hərəkata düşmən feodalların vətəndaş qırğınına hazırlaşmaq göstərişi idi. Bu mərhələdə artıq hadisələrə Qəvvam deyil, ABŞ səfirliyi, Şah və İran ordusu rəhbərlik edirdi.

Zəncan hadisələri ilə İran Ordusu "Milli Əncümən"i də hərbi yolla ləğv etməyə başladı. Moskva mətbuatı və diplomatiyası sözdə Azərbaycan Milli hərəkatını müdafiə etdi, amma hərbi vasitələrə əl atmadı, fədailərə bir dənə patron da vermədi. Hətta dekabrın 11-də Təbrizdəki vitse-konsul, ikinci təslim "Üçlüy"ünün üzvü Nurməmməd Quliyev hərəkatın təslim ssenarisini İ.Stalinin adından Pişəvəriyə təqdim etdi. Niyə məhz İ.Stalinin adından? Çünki Moskva qorxurdu ki, rəhbərin ABŞ-yə verdiyi hərəkatın dinc təslim vədi pozula bilərdi. Moskva ADF-yə Qızıl Ordunun hərbi partizan qurumu kimi baxırdı və onu hərbi əmrlərlə idarə edirdi. İ.Stalinin gizli təslim əmrində deyilirdi:

"Qəvvam Baş nazir kimi formal olaraq İranın hər yerinə, o cümlədən Azərbaycana ordu göndərmək hüququna malikdir. Ona görə silahlı müqavimətin davam etdirilməsi məqsədəuyğun, gərəkli və faydalı deyildir. Elan edin ki, siz seçkilər zamanı sakitliyi təmin etmək üçün Hökumət qüvvələrinin Azərbaycana daxil olmasının əleyhinə deyilsiniz. Siz bu addımı İran xalqının birliyi, onun azadlığı və müstəqilliyi naminə atdığınızla əlaqələndirin. Bütün bunları Qəvvamın Cavidə göndərdiyi son teleqrama cavab kimi sənədləşdirin, baş vali Cavidin və əncümən sədri Şəbüstərinin imzası ilə təcili olaraq Şaha və Qəvvama göndərin". Əmri alan kimi, "Milli Əncümən" İran Ordusunu Təbrizə buraxmaq haqda qərar qəbul edib və Şəbüstəri bu qərarı imzalayıb. Üstəlik, müqaviməti dayandırmaq əmrini əhaliyə çatdırmaq üçün təbliğat dəstələri yaradıb yerlərə yollayıblar.

M.C.Pişəvəri hələ 11 dekabrdan əvvəl M.C.Bağırovdan başqa bir belə məxfi əmr almışdı:

1. Sovet ərazisinə keçəcək ilk 176 nəfərin siyahısını tutub 11 dekabra qədər Nurməmməd Quliyevə vermək. 2. Dekabrın 11-də axşam ADF-nin plenumunu keçirib, Sovetlər tərəfə keçən adamları vəzifələrdən azad edib, əvəzlərinə başqalarını seçmək. İranda ADF-nin rəhbəri yerini Məhəmməd Biriyanın tutması tövsiyə olunmuşdu. Bu məxfi əmri də yəqin İ.Stalinin adından Nurməmməd Quliyev hərəkatın rəhbəri Pişəvəriyə şifahi oxumuşdu. Sovet tərəfə keçəcək ilk 176 hərəkatçının siyahısını da 6-8 dekabrda Pişəvəri özü hazırlamışdı və bu barədə məlumatı o günlərdə yazıb-danışdıqlarından çox idi. Sərhədçilərə yuxarıda təsdiq edilmiş siyahı təqdim olunmasaydı, Culfadan Sovet-İran sərhədini quş da keçə bilməzdi, nəinki 176 sayda çoxlu yükü olan adam, Pişəvərinin xidməti maşını, bəzi qohumları... Bu baxımdan Cəmil Həsənlinin kitabının on birinci - "1946-cı ilin dekabrı: Təbriz qan içində" - fəslində mübahisəli şeylər vardır. Bu xüsusilə 11-12 dekabr hadisələri ilə bağlıdır. Müəllifin S.Cavid kimi İran mənbələrindən verdiyi sitatlar obyektiv rəsmi sənədlərə ziddir. Məsələn, S.Caviddən gətirilən "Pişəvərini Təbrizdən apardılar" kimi ifadələr tarixin təhrifidir. Pişəvəri Bakıya gələn birinci 176 nəfərlik qrupun təşkilatçısı və rəhbəri olub.

Bütün hallarda olduğu kimi, ABŞ kəşfiyyatı və diplomatiyası Milli Hökumətin ləğvi prosesində də Sovetləri qabaqlamışdı. Hələ noyabrın axırlarından ABŞ kəşfiyyatı İ.Stalinin İran barədə, təslim haqqında bütün gedişlərini və qərarlarını bilirdi. İ.Stalinin 11 dekabr əmri də əvvəlcədən Tehrandakı ABŞ səfirinə məlum idi. İranlı xəmiri sirr saxlayan deyil. Ona görə qarşı tərəfin qabaqlayıcı tədbirləri nəticəsində "Milli Əncümən"in qansız təslim olması planı da baş tutmadı. Dekabrın 11-də Pişəvəri qaçanların yerinə təzə adamlar təyin etdiyi vaxt, plenum zamanı Təbrizdə atışma gedirdi, yerli azərbaycanlı irtica artıq azadxahların ofis və mənzillərinə silahlı basqınlar edirdi. Ordunun Təbrizdə "qiyamçıları" qırmasına ehtiyac qalmadı. ABŞ və Şahın planı üzrə Milli Hökumətin ləğvi vətəndaş müharibəsi formasında icra olundu. Milliyyətcə azərbaycanlı olan feodallar öz nəzarətlərindəki kəndlərin xırda inzibati məmurlarından silahlı cəza dəstələri düzəltmişdilər. İran ordusu Şah sarayından alınmış təlimatı icra edərək dörd gün - 15 dekabracan Təbrizə girmədi. Bu, əvvəlcədən düşünülmüş plan idi, Milli Hökumətin binalarını və tərəfdarlarını, onların evlərini mülki geyimli cəza dəstələri qanlı şəkildə dağıtdı. Tehran qəzetləri və şahpərəst tarixçilər baş verənləri Azərbaycan xalqının özünün Milli Hökumətə qarşı üsyanı kimi qələmə verdi. Ləğvetmə orta əsr vəhşiliyi və İran ənənələri ilə icra olundu. Azadxahların əl-ayağını bağlayıb sıra ilə boğazlarını kəsdilər və sair. Azərbaycan dili qadağan edildi, ana dilində olan dərsliklər, kitab və qəzetlər tonqallarda yandırıldı. 13 iyunda Milli Hökumətin Tehranla bağladığı Qərardadın bütün şərtləri pozuldu və bununla şah rejiminin faşist mahiyyəti bir də nümayiş olundu.

Yəqin, Pişəvəri də təcrübəli siyasətçi kimi 11 dekabr ərəfəsində hadisələrin hara getdiyini anlayırdı. Amma Kominternin nizamnaməsinə uyğun olan çıxışlar edirdi. Moskvadan digər əmr gəlmədiyi üçün son damla qana qədər vuruşmağa çağırırdı. Şübhəsiz, özü də yaxşı başa düşürdü ki, bunlar mənasızdır. Çünki Milli Hökumətin Xalq Qoşunu hələ aprel-may aylarında Moskvadan gələn əmrlərlə tərk-silah edilmişdi. İran ordusuna müqavimət söhbətləri şablon inqilabi ritorika idi. Təəssüf ki, M.C.Bağırov da vəziyyəti anlamır, Milli Hökuməti tərk-silah etmiş İ.Stalinə xahiş məktubları yazırdı ki, "Milli Əncümən"ə müəyyən miqdar silahlar verilsin. Amma bunlar ADF fəallarının Moskvadan üz döndərməməsi, onun xəyanətlərinə dözməsi üçün İ.Stalinə lazım idi. Vəziyyəti anlamaq üçün M.C.Bağırovun savadı və fəhmi çatmırdı. Ondan fərqli olaraq Mirzə İbrahimov tərəfindən Moskvaya müqavimət yönündə heç bir hərəkət görmürük. O, M.C.Bağırovdan fəhmli idi və hadisələrdən sağ çıxdı. İkinci "Üçlüy"ün Bakıya qayıtdığı vaxt məlum deyil.

Milli Hökumət liderlərinin Tehranla separat əlaqələri barədə şübhələr var idi və qalır. Bu barədə onu demək olar ki, Tehranla separat əlaqəsi olanlar SSRİ-yə qaçmadı, ifşa olmaqdan qorxub İranda qaldılar. Bunlar, ilk növbədə, Salamullah Cavid və Əli Şəbüstəri idi. SSRİ-yə keçənlərin tam əksəriyyəti isə Tehranla separat əlaqəsi olmayanlar idi. Onlar da Sovetlərlə separat əlaqələrinin olmadığını sübut etmək ehtimalından canlarını qurtardılar.

 

Mart-avqust, 2025.

 

Rəhim ƏLİYEV

525-ci qəzet .- 2025.- 29 noyabr (№218).- S.18-19.