"Spiral" - Susdurulmuş səslərin
zülmətdən ucalan sədası
Siz heç "tamaşaya baxmağa" getdiyiniz
teatrda özünüzü "bir quyunun dibində
tapdınızmı?" Hə, olur, belə də olur. Bəzən
teatr səhnəsi səhnə olmaqdan çıxır,
iç-içə keçmiş talelərin susdurulduğu,
boğulduğu quyuya çevrilir. O quyu ki, orada səslər
çırpınır, sözlər çabalayır,
çarəsizlik tüğyan edir. Sən isə o çarəsizliyi
gah qəlbinin ən dərinində, gah boğazının
düyünündə, gah da kirpiklərinin ucunda hiss edirsən.
Həmin gecə mən də Azərbaycan Teatr Xadimləri
İttifaqının yolunu tutarkən, "Spiral" adlı
yeni bir tamaşanı izləyəcəyimi
düşünmüşdüm, amma qəfildən çarəsizlik
dolu quyunun içərisində tapdım özümü...
Pərvin Ünalpın müəllifi olduğu,
Könül Şahbazovanın səhnələşdirdiyi əsər
tamaşaçıya hansısa hadisəni danışmaq
üçün yox, bir zülm dövrəsini, bir susqunluq
mexanizmini, bir neçə nəsil acısını göstərmək
üçün yaranıb. Bu tamaşada dialoqlar elə kəskin
səslənir, elə bir yaranı açır ki, insan sanki
sözləri eşitmir, onları qapalı bir otağın
soyuq divarlarında əks-səda kimi hiss edir.
Səhnə əsəri üçün
seçilmiş "Spiral" adı əbəs deyil. Bu,
zamanın içində təkrarlanan
zorakılığın simvoludur. Qadın taleləri bir xətt
üzrə yürümür, onlar dövr edir,
büzüşür, daralır, genişlənir, yenidən
daralır. Hər nəsildə eyni ağrı, eyni səssizlik,
eyni qorxu başqa adla, başqa simayla geri dönür. Sanki cəmiyyət
elə bu spiralın içində əsrlərdir dolanır və
çıxa bilmir.
"Spiral"ın mərkəzində ana və
qızın illər sonra baş tutan dialoqu bir növ üzləşməsi
dayanır. Bu dialoq sadəcə iki qadının söhbəti
deyil, bir ölkənin, hətta bir dünyanın çarəsiz
qadınlarının qaranlıqdan hayqırtı ilə
çıxmağa çalışan, amma bəzən öz
səslərinin içində boğulan hekayəsidir.
Sevilən aktrisa Gülər Ləzgiyeva ana
obrazını elə bir həssaslıqla, elə bir psixoloji dəqiqliklə
yaradır ki, tamaşaçı onun baxışlarında
yalnız bir qadının yox, onlarla qadının taleyini
görür, o talelələri tək-tək yaşayır.
Aktrisa ananı qurban obrazına çevirmədən,
melodramın ucuz göz yaşına qatmadan, məhz həyatın
sərt reallığından doğan bir dərinliklə təqdim
edir.
Ana 13 yaşında zorla ərə verilib. Bəli, bu
yaş uşaq üçün oyunun, məktəbin,
dünyanın kəşf olunduğu dövrdür. Amma onun
uşaqlığının üzünə qapı
çırpılıb. O qapının arxasında isə
qaranlıq bir otaq, zalım ər, nalə qoxuyan bir ev var.
Aktrisa bu taleni sözlərdən daha çox, bədən
yaddaşı ilə göstərir. Çiyinlərindəki
daimi gərginlik, gözlərinin kənarındakı
bitib-tükənməyən qorxu, danışarkən nəfəsinin
sanki yarıda ilişməsi, barmaqların sanki bu dünyada tənhalığa
tərk edilən sahibindən fərqli olaraq bir-birinə həyan
olmaq istəyirmiş kimi, bir-birinə keçməsi zorakılığın
yalnız keçmişdə yox, indidə də onun bədənindən,
ən əsası isə ruhundan çıxa bilmədiyini
göstərir.
Aktrisa ananı həm zavallı, həm də çox
güclü bir obraz kimi təqdim edir. Çünki o,
başına gələn bütün zülmlərə
baxmayaraq, iki qızını tərk etməyib. Zalım ər
onu iki övladı ilə birgə çölə atanda,
öz doğmaca ailəsi "qayıt, amma uşaqları gətirmə"
deyəndə belə, o, ana instinktinin müqəddəs
inadkarlığına sığınıb. Lakin bu güc
heç də qarşısına işıq kimi
doğmayıb, onu yenidən başqa bir zorakılıq dairəsinə
gətirib çıxarıb. İşsiz, gücsüz, təhsilsiz,
iki uşaqlı ana ikinci dəfə ərə gedəndə,
bu, xoşbəxtlikdən yox, kiməsə
sığınmağa məcbur edilmiş bir qadının
çarəsizliyindən doğan addımı idi. Amma nə
yazıq ki, bu da öz növbəsində fəlakətin
başqa, bəlkə də ən dəhşətli, ən
vahiməli qapısını açır.
Ana zamanında o qədər çox susub ki, indi
danışmaq onun üçün bir növ ağrıya
çevrilib. Dialoqun hər cümləsində
keçmişin tozu var, hər baxışında dibsiz bir
qaranlıq. Bu obraz təkcə bir qadının faciəsi
deyil, qadınların susdurulmuş, görünməzliyə
məruz qalmış talelərinin səhnədəki əksidir.
lll
Səhnədəki ikinci obraz onun qızıdır.
Aktrisa Zeynəb Kəngərlinin yaratdığı bu qız
da acılardan, fəlakətlərdən, dəhşətlərdən
keçib, hətta keçməkdədir. Onun iztirabları
heç də anasının əzablarından az deyil.
Çünki o, ata bildiyi, ata yerinə qoyduğu kişi tərəfindən
çox kiçik yaşda təcavüzə məruz qalan,
sırf anası və bacısının yaşaması
uğruna özünü fəda edən biridir. Aktrisa bu
obrazı o qədər çılpaq və
sarsıdıcı bir enerji ilə təqdim edir ki, o, danışmağa
başlayanda tamaşanın ritmi dəyişir, hava
sıxlaşır, sanki otağın oksigeni azalır.
Çünki bu qız artıq uşaq deyil, qadın deyil,
uşaqlıq travmalarının nəfəs alan, bədənləşən
halıdır.
O, anasının ikinci ərinin hər gecə təcavüzünə
məruz qalanda heç kim onu eşitmir, heç kim ondakı
çöküşü, sönən işığı,
getdikcə saralan varlığını görmür. Uşaq
qışqırır, amma səsi divarların arasında
itib-batır. O, artıq etiraz da edə bilmir. Çünki
anasının və kiçik bacısının həyatı
ilə təhdid olunur. Körpəcə bir qızın tək
dayağı, tək varlığı anasının
ölümü ilə təhdid edilməsi nə deməkdir?!
Faciə... Ona görə də o, bədənini, ruhunu
onların həyatları naminə fəda edir. Amma bir gün
necəsə dözmür və anasına "sənin ərin
məni başqa cür sevir" deməyə özündə
cəsarət tapır. Təəssüf ki, özü də
uşaq ikən qadın olan, daim susdurulan, heç nədən
başı çıxmayan cahil qadın onun bu sözlərinin
arxasındakı fəlakəti görmür, onu "uşaq
səfsəfəsi" zənn edir. Bəlkə də bir evi,
bir həyatı bölüşdüyü adama, ümumiyyətlə,
heç bir insana bu boyda böyük alçaqlığı
yaraşdırmır, yaraşdıra bilmir. Beləcə,
qızın son ümidi də ölür, eşidilməyi
uman son pıçıltısı da havaya qarışır.
Sonra eyni taleyi kiçik bacı yaşayır və bu dəfə
o, dözə bilmir, zülmkarı öldürür.
Böyük bacı isə bu cinayəti öz üzərinə
götürür və həbsə düşür.
Bu hekayənin içində "qız"
sözü təkcə yaş kateqoriyası deyil, cəmiyyətin
sahib çıxmadığı bir varlığın
adıdır.
Z.Kəngərli bu ağır yükü elə bir
peşəkarlıqla daşıyır ki, obraz bir an belə zəifləmədən
tamaşanın düz mərkəzində qala bilir. Onun
sükutu belə qırılmış bir
uşaqlığın xarabalıq səsləri kimi
danışır.
Onun anasına yönəlmiş qəzəbi
yalnız bir insana, onun səsini eşitməyən son
dayağına deyil, zamanın bütün qadın
susqunluğuna, qorxunu "namus" adıyla örtənlərə,
zorakılığı "ailə məsələsi"
sayanlara qarşıdır.
Aktrisa obrazın üsyanını sadəcə
yüksək tonlarla deyil, pıçıltının
içində gizlənmiş soyuqluqla, qulaqbatıran
pauzalarla, gözlərində gərginləşən
ağrıyla çatdırır. Onun monoloqları nə əzbərlənmiş
söz təsiri bağışlayır, nə də səhnələşdirilmiş
qəzəb. Hər cümlədə
yaşanmışlıq, hər sükutda boğulmuş bir
"kömək edin" var.
lll
Pərvin Ünalpın mətni sırf hadisə
üzərində qurulmayıb. O, zərif, incə, amma kəsici
bir psixoloji axına malikdir. Dramın hər anı bir sual kimi
səslənir: Qadınlar niyə susur? Niyə
danışanda inanmırlar? Uşaqlar niyə qorxudan, ana niyə
çarəsizlikdən, cəmiyyət niyə laqeydlikdən
ibarətdir?
Bu suallar tamaşanın alt qatında o qədər
güclüdür ki, dialoq bəzən sosial esse təsiri bağışlayır.
Dramın ən təsirli tərəflərindən biri də
ana ilə qızın qarşıdurmasının "kim
haqlıdır?" sualından çox, "kim daha az
zülmə məruz qalıb?" sualına çevrilməsidir.
Burada haqlı olmaq deyil, sağ qala bilmək mübarizəsi
var.
Ünalpın mətni həm də göstərir ki,
zorakılıq heç vaxt təkbaşına gəlmir. O,
sistem yarasıdır:
- uşaq yaşda qızların ərə verilməsi,
- qadınların döyüldüyünü
"evdaxili məsələ" kimi qəbul edən
çevrə,
- "gəlinliklə girdin, kəfənlə
çıxarsan" psixologiyası,
- təcavüz qurbanını dinləməyən ailə,
- sığınacaq-aidiyyətsizlik boşluğu,
-ən acısı isə "özün döz"
sindromu.
Bu dramatik spiral hər döngədə yeni bir faciə
yaradır.
lll
Könül Şahbazova tamaşanı sözün
gücü üzərində qurmaqla çox çətin,
amma dəqiq bir teatr qərarı verib. Çünki belə mətnlərdə
dramatik gərginlik vizual səs-küyə qurban getməməlidir.
Rejissorun səhnə həlli minimalistdir: iki qadın, iki stul və
şəffaf pərdə. Amma bu sadəlik tamaşanın
emosional yükünü yalnız daha da artırmağa xidmət
edir.
Səhnənin hər küncündə boğucu bir
reallıq var. İşıq daima sanki dar çərçivələr
yaradır. İki qadın içində ilişib
qaldıqları dairədən çıxa bilmirlər. Səhnədə
qaçmaq yeri, gizlənmək bucağı yoxdur. Bu,
zorakılıqdan qaça bilməyən qadın talelərinin
vizual metaforudur.
Niyaz İlyasoğlunun tərtibatındakı
dekorasiysa həm qaranlıq, həm də hipnotik təsir
yaradır. İnsan ona baxdıqca sanki içə çəkilir,
bildiyin bütün qadın taleləri gözünün
önündən keçir.
Qurban Əhmədovun musiqi tərtibatı minimal səslərə
söykənir. Musiqi bəzən heç yoxdur, bəzən
yalnız nəfəs qədər zəifdir. Bu səssizlik
sinirə işləyir, çünki
zorakılığın ən təhlükəli tərəfi
onun səs salmadan da davam edə bilməsidir.
Tamaşa dünən, bugünün qadın
zorakılığından bəhs edir. Amma bu, təkcə bir
hadisənin hekayəsi deyil, sistematik bir problemin bədii
anatomiyasıdır.
Bu gün ölkəmizdə və dünyada qadın
zorakılığı halları artdığı kimi, onun
formaları da daha gizli, daha incə şəkildə təzahür
edir. Erkən nikahlar, uşaqların susdurulması, iqtisadi
asılılıq, "qadın ərinə tabedir"
düşüncəsi, "qız uşağının səsi
çıxmaz" psixologiyası və sair kimi cəmiyyətin
irinləmiş yaraları öz üfunətini bütün
talelələrə yayır.
Bütün bu faktlar "Spiral"ın yalnız səhnə
gücünü yox, həm də sosial missiya
yükünü artırır. Tamaşa qadın səsini
yalnız teatr divarları arasında deyil, cəmiyyətin
içində də eşitdirir. Bəli, bir tamaşa bir
qanuna təsir edə bilməz, amma bir insanın
düşüncəsinə təsir edə bilər. Bu isə
dəyişimin başlanğıcı deməkdir.
Səhnə əsəri göstərir ki,
zorakılıq yalnız bir kişinin yumruğu deyil. Bu,
bütün bir sistemin qurduğu spiral mexanizmdir. Ana da, qız
da, "bütün bu fəlakətlər bədən
üçündürsə, qoy bu da onların olsun" deyib
fahişəliklə öz ömrünü puç edən
bacı da fərqli formalarda, amma eyni dairədə bu mexanizmin
qurbanlarıdır.
Gülər Ləzgiyeva və Zeynəb Kəngərli
səhnədə elə bir enerji yaradırlar ki, tamaşa
sanki iki aktyorla deyil, böyük bir kollektiv ruhla
oynanılır təsiri bağışlayır. G.Ləzgiyevanın
ağrısı dərin və səssizdir. Z.Kəngərlinin
ağrısı kəskin və hayqırtılı. Bu iki
tonun rəqsi tamaşanın əsas psixoloji dinamizmidir.
Onların dialoqunda nə bircə artıq jest, nə də
lazımsız emosional reaksiya var. Hər şey
ölçülü, amma o qədər
yandırıcıdır ki, tamaşaçı monoloqlar
zamanı nəfəsini tutub gözləyir. Tamaşadakı
pauzalar belə söz kimi çıxış edir. Axı bəzən
bir sükut min cümlədən daha dəqiq
danışır.
"Spiral" psixoloji dram olaraq həm sənət, həm
mesaj, həm də sosial təsir baxımından güclü
və yaddaqalan işdir. Əsər tamaşaçıdan
yalnız izləməyi deyil, düşünməyi,
xatırlamağı və mövqe tutmağı tələb
edir. O, qadın zorakılığını yalnız fakt kimi
deyil, ruha hopan, nəsillər boyunca daşınan bir spiral
ağrı kimi göstərir.
Bu tamaşa hər qadının içində bir dəfə
olsun səslənən "məni eşidin"
nidasının səhnəyə daşınmış
halıdır. O həm çağırışdır, həm
etiraf, həm xəbərdarlıq... və ən əsası
zülmətdən ucalan bir səsdir.
İnanıram ki, "Spiral"
tamaşaçının yaddaşında yalnız sənət
hadisəsi olaraq yox, həm də bir vicdan səsi kimi qalacaq.
Şahanə MÜŞFİQ
525-ci qəzet .- 2025.- 29 noyabr (№218).- S.16.