"Ləyaqətlə
yaşamağa çalışmışam"
XALQ YAZIÇISI, AKADEMİK KAMAL ABDULLA: "HANSI
İŞİ GÖRÜRƏMSƏ, ÖZÜMÜ
TAMAMİLƏ O İŞƏ HƏSR EDƏ
BİLİRƏM"
Azərbaycan Dillər Universitetinin rektoru, akademik, Xalq
yazıçısı Kamal Abdulla ilə 75 illik yubiley
söhbəti
- Nar yetişəcək, qar yağacaq... Sizi oxuyanda həmişə
nikbinlik duyuram. Bu, təbiətinizin təzahürüdür,
yoxsa ovqatın diktəsi?
- Əslində, məni çox bədbin bir
yazıçı kimi tanıyırlar. Hər əsərimdə
ya kimsə ölür, ya da öldürürlər. Ancaq kiməsə
nikbinlik aşılaya bilirəmsə, nə gözəl.
- Bilirəm ki, ad günlərini sevmirsiniz. Bu
münasibət yubiley yaşı üçün də
keçərlidirmi?
- Adam var ki, ad günü keçirməyə
xüsusi həvəs göstərir, hətta bunun
üçün xeyli hazırlaşır da. Mən o adamlardan
deyiləm. Ad günüm yaxınlaşdıqca ayrı-ayrı
teatrlar, təşkilatların xüsusi diqqətini hiss etdim və
bu, məni çox sevindirdi. Amma bu işlərə sevə-sevə
getdiyimi desəm, yalan olar. Səhnəyə çıxıb
insanlara təşəkkür edəndə də sevincdən
daha çox minnətdarlıq hissi duyurdum.
- Təbrik mövzusunda Azərbaycan Dövlət
Akademik Musiqili Teatrı xüsusilə fərqləndi. Bu
yaxınlarda "Gülçöhrə və Əsgər"
pyesi əsasında hazırlanan eyniadlı tamaşanın
premyerası oldu. Bir müəllif kimi səhnədə
gördüyünüz sizi qane etdimi?
- Mənim çox xoşuma gəldi. Tamaşanın
rejissoru Əsgər Əsgərov bundan öncə bir dəfə
də "Hərdən mənə mələk də deyirlər"
pyesimi səhnələşdirmişdi. O da yaxşı
alınmışdı.
- Bilirik ki, "Gülçöhrə və Əsgər"də
sözügedən damdabaca sizə uşaqlıq illərinizin
xatirəsidir. "Unutmağa kimsə var"da
yazdığınız xatirələri oxuyanda, maraqlı
uşaqlıq keçirdiyiniz məlum olur. Həm də dəcəl
və ərköyün.
- Mən sadə bir ailədə böyümüşəm.
Atam müəllim, anam həkim olub. Dayılarım alim idi. Məsələn,
birinci "Arşın mal alan" filmini mənim dayım Rza
Təhmasib çəkib. Digər dayım Əli Sultanlı
Azərbaycanda antik ədəbiyyat tarixinin tədqiqi istiqamətində
mühüm işlər görüb. Onların söhbətləri,
kitabları ilə böyümüşük. Burada ərköyünlüyə
yer yox idi. Ancaq müəllimlərim həmişə dəcəlliyimdən
şikayət edərdilər. Əgər şeir yazıb,
onları çıxıb tədbirlərdə oxumasaydım,
direktorumuz Sona müəllimə məni dəqiq məktəbdən
qovardı. Maraqlı uşaqlıq keçirdiyimi deyə bilərəm.
Balaca, dar küçələrdə xeyli futbol oynayardıq.
Əvvəl Mirzə Fətəli küçəsində
yaşamışıq, sonra Dağlı məhləsinə
köçmüşük. Əsas formalaşma dövrüm
də bura düşüb.
- Dağlı məhəlləsi kimi mühafizəkar
bir yerdə böyüyən adam necə oldu ki, multikultural dəyərlərin
təbliğatçısına çevrildi?
- Bilirsiniz, multikulturalizm bizim istəyimizdən
asılı olmadan içimizdə ya var, ya da yoxdur. Multikultural
təhlükəsizlik deyilən bir anlayış mövcuddur.
Bu o deməkdir ki, ölkədə heç bir xalqın
nümayəndəsinə başqasından fərqli
baxılmır. Qida, enerji, hərbi təhlükəsizlik kimi
multikultural təhlükəsizliyin də böyük əhəmiyyəti
var. Ancaq bütün ölkələrdə bu belə deyil. Məsələn,
mən Almaniyada, İngiltərədə olanda dəfələrlə
görmüşəm ki, sinaqoqların qarşısında
polislər növbə çəkir, oranı yerli gənclərin
hücumundan qoruyurlar. Ravvinlərlə söhbətim
zamanı onlar deyirdilər ki, Fransanın bəzi yerlərində
öz kipalarında gəzməyə cəsarət etmirlər.
Azərbaycan bu kimi şeylərdən yan keçə bildi.
Dövlət müşaviri işlədiyim dövrdə Azərbaycanın
bütün rayonlarını gəzmişəm. Bunu mənə
həmin vaxt bir ravvin danışmışdı. Deyir, 2000-ci
illərin əvvəllərində onu Azərbayana ezam edirlər.
Bu xəbəri eşidəndə dəhşətə gəlir.
Çünki həmin dövrdə dünya mətbuatında
Azərbaycan vəhşi müsəlman ölkəsi kimi qələmə
verilirdi. Ravvin yalvarır ki, məni Azərbaycana göndərməyin.
Onun göz yaşlarına baxmayaraq, göndərirlər. O da
ailəsi ilə birgə qorxa-qorxa gəlməyə məcbur
olur. Təsəvvür edin, illər sonra sözügedən
ravvin Azərbaycan vətəndaşı olmaq
üçün ərizə verir və məndən də
xahiş edir ki, bu işdə ona köməklik edim. Prezident
İlham Əliyev həmin ravvinə Azərbaycan vətəndaşı
adını verdi. Budur Azərbaycanda multikulturalizm.
- Qeyd etdiniz ki, rayonlarımızın hamısında
olmusunuz. Multikultural dəyərlərə münasibət
baxımından hansı bölgəmizi fərqləndirərdiniz?
- Səfərlər zamanı mən həm rayon
ağsaqqalları, həm də din xadimləri ilə
görüşürdüm. İnanın ki, ölkənin hər
yerində multikulturalizmi yüksək şəkildə dəyərləndirirdilər.
Ona görə də bu suala cavab vermək çətindir.
Bilirsiniz, Azərbaycan cəmiyyəti bütöv cəmiyyətdir.
Gözlə görülən inkişafla yanaşı, Azərbaycan
insanı da zamanla dəyişir. Bu insan artıq ictimai mənafeni
şəxsi mənafeyindən üstün tutur. Sizə bir
nümunə deyim. Mən bir neçə dəfə cənab
Prezidentin vəkili olmuşam. Xatırlayıram ki, ilkin
dövrlərdə vətəndaşlarla görüşlərimiz
zamanı hamı özünə nəsə istəyirdi - biri
damının dağıldığını deyirdi, digəri
evinin problemlərindən danışırdı. Ancaq vaxt
keçdikcə belə görüşlərdə insanlar
bağçalar tikilməsini, yollar salınmasını istəməyə
başladılar. Biz bunun çox vaxt üzərindən
keçirik, ancaq olduqca həssas və vacib məqamdır.
- "Unutmağa kimsə var..." memuarınızda
bir cümlə diqqətimi çəkmişdi: "Mənə
sonralar aydın oldu ki, məktəb konsertdən əvvəl
orkestr ifaçılarının öz musiqi alətlərini
yoxlaya-yoxlaya çalmaq üçün hazır vəziyyətə
gətirməsidir". Eyni perspektivdən baxsaq, onda universitetə
necə tərif vermək olar?
- Universitet uverturadır - əsərin
başlanğıcı. Biz məktəbi bitirib universitetə
qədəm qoyan 17-18 yaşlı gənclər əslində
Azərbaycanı tanımırdıq. Vətən haqqında
şeirlər, hekayələr oxuyub, mahnılar dinləmişdik
ancaq. Bizim üçün bu adın mahiyyəti universitetdə
açıldı. 75 nəfərlik kursda ölkənin hər
yerindən gənclər toplaşmışdılar. O gənclərlə
təmas bizə imkan verdi ki, ölkəmizi tanıyaq,
onların simasında vətəni sevək.
- Yəqin ki, tələbəlik dönəmində
xeyli dostlar qazanmısınız.
- Əslində, o adamlarla universitet illərinin
dostları olsaq da, bizi daha çox çayxanalar birləşdirdi.
Məhz o çayxanalardan yavaş-yavaş meydan hərəkatı
doğdu. Biz çayxanalarda bir-birimizlə söhbətlərdən
doymurduq. Bu söhbətlər həm ədəbi, həm
ictimai, həm siyasi ola bilərdi. Biz beləcə bir-birimizə
alışdıq.
- Çayxanalarda alışıb, meydan hərəkatında
soyuduğunuz adamlar oldumu?
- Yaxşı sualdır. Anarın bir sözü var,
deyir, dostların bəzisini bizdən ölüm aldı, bəzisini
həyat. Bizim də dostlarımızın çoxu ilə
yollarımızı həyat ayırdı.
- Həmişə deyirsiniz ki, dost sarıdan bəxtiniz
gətirib.
- Bəli. Çox gözəl dostlarım olub və
var. Məndəki bu əminlik hissini yaradan Azərbaycan
ziyalılığının gözəl nümayəndələri
- Azad Mirzəcanzadə, Həsən
Turabov, Vaqif İbrahimoğlu, Niyazi Mehdi kimi adamlarla
dostluğum olub. Məktəb yoldaşlarım var ki, sağ
qalanları ilə indiyə kimi də münasibətimiz var. Həyatda
mənim həm dostum, həm müəllimim, həm də
qohumum olan insanlar da olub. İlk növbədə bizim
böyük alimlərimiz Yəhya müəllim Məmmədov,
Ağamusa Axundovun adını çəkə bilərəm
ki, onlar böyük şəxsiyyətlər olub və mən
onlardan çox şey öyrənmişəm. Bu gün də
mən dostlarımla fəxr edirəm. Görkəmli alimlərimiz
Rafiq Əliyev, Nazim İmanov, görkəmli şairimiz Ramiz
Rövşən əziz dostlarım, mənim
üçün çox doğma və çox dəyərli
insanlardır.
- İllər öncə "Unutmağa kimsə
yox" kitabınızın təqdimat mərasimində
iştirak edirdim. Orada bir tələbə sizdən niyə əsərdə
baş qəhrəmanın adı əvəzinə yalnız
bir hərf yazdığınızı soruşmuşdu. Siz də
cavab vermişdiniz ki, bunun xüsusi sirri yoxdur. Həmin vaxt tələsik
sadəcə baş hərfləri yazmısınız, sonra
da o cür qalıb. Bu xatirənin fonunda mənə
maraqlıdır, yazı prosesiniz necədir?
- Beynimdə mətni uzun müddət hazırlasam da,
yazı prosesi çox sürətli gedir. Mənə elə gəlir
ki, bu tezliyə nail ola bilərəmsə, o tezliyin təsvir
etdiyi hadisəni daha dəqiq göstərə bilərəm.
Ona görə də beynimdən keçəni tez yazıram
ki, ikisinin arasında böyük fərq olmasın.
- Yaradıcı Kamal Abdulla vəzifə sahibi Kamal
Abdulla ilə necə yola gedir?
- İnsanlarda belə bir fikir formalaşıb ki, əgər
yaradıcı adamsansa, deməli, vəzifədə sənin
yerin yoxdur. Ancaq bunun ən parlaq nümunəsi Hötedir. O, həm
görkəmli şair idi, həm də vəzir. Belə
çox adlar çəkə bilərik. Qalstuk heç nəyi
həll etmir. Mən hansı işi görürəmsə,
özümü tamamilə o işə həsr edə bilirəm.
- Bəs yaradıcılığınızı vəzifənizə
görə mədh edənləri tanıya bilirsiniz?
- Əlbəttə. Düzü, belə hallar
aparıcı deyil. Kimsə məndən nəsə umub
yazırsa, ona ciddi baxmıram. Əsasən qələminə,
vicdanına inandığım adamların fikirləri mənə
maraqlıdır.
- Pedaqoji fəaliyyət Kamal Abdullanın həyatının
harasındadır?
- Mərkəzində. Pedaqoq olmaq təkcə öyrətmək
deyil, həm də öyrənməkdir. Mən tələbəmdən
də öyrənməyə çalışıram. Onun
dediklərimə reaksiyasından, üzündəki ifadədən
də nəsə öyrənirəm. Pedaqoji proses ikitərəflidir,
qətiyyən birtərəfli ola bilməz.
- Umberto Eko ilə görüş. Necə
xatırlayırsınız dahi yazıçını?
- Eko ilə görüş son dərəcə
gözəl xatirədir. İllər öncə o, məni və
italyan naşirimi evində qəbul etdi. İki saata yaxın
davam edən görüş zamanı çox maraqlı
söhbətlərimiz oldu. Ümumiyyətlə, mənim bir
çox görkəmli ədəbiyyat adamları ilə
ünsiyyətim olub. Onlar mənim haqqımda yazıblar da.
Onların yazıları Amerika, Almaniya, Fransa, Rusiya və
Türkiyədə çap olunub.
- Yaradıcılığınızın maraqlı tərəflərindən
biri də "Kitabi - Dədə Qorqud" dastanının qəhrəmanlarına
fərqli rakursdan yanaşmanızdır.
- Bizim həyatımız yalnız qütblərdən
ibarət deyil, həm də qütblərarası keçidlər
var. Onları görməyə
çalışmalıyıq. Aristotel deyirdi ki, ya ağ var,
ya qara. Bu, formal məntiq kimi əsrlərlə insan cəmiyyətində
gedən prosesləri ümumiləşdirib. Ancaq qeyri-səlis
məntiq deyir ki, ağla qara arasında sonsuz sayda keçidlər
var - ağımtıl kimi. Bu məntiq dastanda da öz əksini
tapır.
Məsələn, siz kimdən soruşsanız, deyəcək
ki, Aruz Qoca mənfi obrazdır. Çünki İç
Oğuzla Dış Oğuz arasına nifaq salıb, Beyrəyi
öldürüb, sonra da özü öldürülüb.
Ancaq bu obraza bir qədər fərqli rakursdan baxanda
görürsən ki, əslində, Aruz Qoca qədim əcdadlarımızın
həyatında olan demokratik prinisipi qorumaqla məşğul
olub. Deməli, Salur Qazan ildə bir dəfə İç və
Dış Oğuzu yığıb evini yağmaladardı. Bu,
ilkin demokratik üsuldur. Ancaq bir dəfə Salur Qazan
yağmalamağa İç oğuzu çağırıb
dış Oğuzu çağırmır. Aruz Qoca da
dış oğuz bəyi olduğu üçün bu, ona
toxunur. Çünki demokratik prinsip pozulub. Buna görə də
onu demokratiya uğrunda mübarizə aparan ilk mücahidlərdən
biri kimi dəyərləndirmək olar. Necə mübarizə
aparması isə başqa məsələdir artıq. Deməli,
mənfi obrazda belə müsbət bir çalar görmək
mümkündür.
- Həyatı bu qədər şaxələndirmək
insanı çaşdırmaz ki?
- Çaşdıra bilər, lakin bundan sonra o, öz
həqiqi nöqtəsini tapacaq. Heç kim nə tam müsbət,
nə də tam mənfidir. Sən insanın yaxşıya,
yaxud pisə yaxın cəhətlərini düzgün qiymətləndirməsən,
münasibət qurarkən yanıla bilərsən. Bu
yanaşma obyektiv aləmdəki rəngarəngliyi görmək
imkanı verir.
- Kamal müəllim, yaşadığınız
ömür yaşamaq istədiyiniz ömür idi?
- Heç kim yaşamaq istədiyi həyatı
yaşamır. Hamı yaşadığıdan daha gözəl,
daha uğurlu bir həyat arzulayır. Fikrimcə, yazan adama nə
lazımdırsa, onları edə bilmişəm. Mənim
yazı-pozumu qiymətləndirənlər məni anlayan
adamlardır. Özüm haqqında danışmağa həmişə
bir qədər çətinlik çəkirəm. Hər
halda deyə bilərəm ki, ləyaqətlə
yaşamağa çalışmışam.
Aytac SAHƏD
525-ci qəzet .- 2025.- 29 noyabr (№218).- S.11;12.