Pulu hansı sahəyə
yatırmalı?
QAZANILAN PULU ƏLDƏ SAXLAMAQ ONU QAZANMAQDAN DAHA
ÇƏTİNDİR
Bu gün insanların əksəriyyəti əllərində
olan pulu gəlir mənbəyinə çevirmək
üçün hansı sahələrə yatırım etmək
haqqında fikirləşirlər. Maliyyə bazarlarının
tez-tez dəyişkənliyə məruz qaldığı bir
dövrdə əldə olan pulun dəyərini qorumaq və
artırmaq üçün ağıllı yatırım
strategiyası zərurətə çevrilir. Doğru
seçilmiş investisiya alətləri yalnız gəlir gətirmir,
həm də uzunmüddətli maliyyə təhlükəsizliyini
təmin edir.
Ekspertlərin fikrincə, hər kəs
üçün vacib bir həqiqət var. İnvestisiya
emosional qərar deyil. Çünki kapitalist sistemdə bu məsələlərdə
iki çətin amil var - bunlardan biri pul qazanmaq, digəri
qazanılan pulu əldə saxlamaqdır.
Sərvəti qorumaq sistem və intizam tələb edir
Pul qazanmaq üçün cəsarət
lazımdır, risk lazımdır, özünü ortaya qoymaq
lazımdır. Amma pulu qorumaq üçün bunun tam əksi
lazımdır. Pulu qorumaq üçün ilk növbədə
emosional qərarlardan uzaq durmaq, riskləri düzgün qiymətləndirmək,
sərvəti müxtəlif alətlər arasında
bölüşdürmək, hərəkət tələskənliyini
cilovlamaq və bazarın psixologiyasına uymadan strateji
düşünmək vacib şərtdir. Qazanc şansdır,
sərvəti qorumaq isə sistem və intizam tələb edir.
İnsanlar bəzən elə düşünürlər
ki, uğur həmişə davam edəcək, bazar həmişə
yüksələcək, imkanlar həmişə açıq
qalacaq. Halbuki həyat da, iqtisadiyyat da göstərir ki, ən
böyük yanlışlıq məhz bu düşüncədir.
Heç nə davamlı deyil. Odur ki, investisiya qərarı
verərkən ən vacib şey təkcə qazanc əldə
etmək deyil, ayaqda qala bilməkdir. Əldə etdilən sərvət
düzgün idarə olunmadıqda eyni sürətlə də
əldən çıxa bilər.
Hər kəs bir şeyi bilməlidir ki, pulun ilk və
əsas missiyası öz dəyərini qorumaqdır. Qazanmaq
ikinci mərhələdə gəlir. Qalan hər şey risk
seçiminə bağlıdır.
İnvestisiya və vəsaitlərin yerləşdirilməsi
imkanları
İqtisadçı ekspert Rəşad Həsənov
deyir ki, əmanət faizləri vətəndaşların vəsaitlərini
tam olaraq inflyasiyadan qoruya bilməsə də, böyük bir
qismini neytrallaşdırır. Azərbaycan vətəndaşları
vəsaitləri evdə, yoxsa bankda saxlamaq seçimi
qarşısındadır. Bankda saxlamaq daha düzgün qərardır.
Onu da nəzərə almaq lazımdır ki, Azərbaycanda
investisiya və vəsaitlərin yerləşdirilməsi
imkanları geniş deyil. Maliyyə, səhm, qiymətli
kağızlar bazarı inkişaf etməyib. Bu baxımdan, vətəndaşların
vəsaitlərini evdə saxlamaq yerinə, əmanət yerləşdirmələri
ən azından onların zərərini kompensasiya edir.
Evdə saxlanılan pulun dəyəri azalır
Bankda pul saxlamaq insanların maliyyə
davranışını daha nizamlı edir, qənaət vərdişini
gücləndirir və planlı xərcləməni təşviq
edir. Banklar nəzarət olunan qurumlardır və depozitlərin
əksəriyyəti dövlət tərəfindən
sığortalanır. Bu isə vəsaitin oğurluq,
yanğın, itki kimi risklərdən qorunmasını təmin
edir. Bankda yerləşdirilən pul faiz gəliri gətirir və
bu, inflyasiyanın təsirini müəyyən dərəcədə
kompensasiya edir. Evdə saxlanılan pulun dəyəri
azalır, bankda saxlanılan pul isə heç olmasa gəlir gətirir.
Uzunmüddətli sərmayə üçün başqa
yatırım vasitələri də əlavə edilə bilər,
lakin əsas ehtiyat fondu və yığım bankda
saxlanılmalıdır.
Daşınmaz əmlak bazarı likvid bazar deyil
Ekspertin sözlərinə görə, daşınmaz
əmlak bazarında fürsətlər nisbidir:
"Daşınmaz əmlak bazarında gəlir məsələsi
bir çox amildən asılıdır. Binalar yeni inşa
olunanda qiymətlər aşağı olur, tikinti başa
çatdıqdan sonra isə qiymətlər artır. Vətəndaşlar
bu amili qısamüddətli faydaya çevirə bilərlər.
Bundan başqa, daşınmaz əmlakın harada
alınması da vacib məqamdır. Rayonlarda daşınmaz əmlakın
qiymətinin artması imkanları məhduddur. Vətəndaş
regionda öz vəsaitlərini tikintiyə xərcləsə,
hətta çəkdiyi xərcdən də aşağı
qiymətə sata bilər. Çünki rayonlarda likvidlik
aşağıdır. Bakı və Abşeron
yarımadasında isə likvidlik rayonlara nisbətən
yuxarıdır. Buna görə də, bu ərazilərdə
tikintiyə xərclədiyi vəsaitlərdən daha çox
mənfəət əldə edə bilər. Daşınmaz əmlak
bazarı ümumilikdə, likvid bazar deyil".
Seyfdə saxlanılan pul insanları puldan ötrü
çalışmağa məcbur edir
İqtisadçı ekspert Xalid Kərimlinin dediyinə
görə, pul hər ay, hər rüb və ya il ərzində
faiz şəklində gəlir gətirir və o pullar
insanların hesabına əlavə olunur. Əldə edilən
faizləri depozitin əsas məbləği üzərinə
əlavə etmək olar. Bu zaman gəlirlər daha çox
olacaq. Banklarda qarət ehtimalları olduqca azdır. Amma hətta
belə bir hal baş verərsə, insanlar yenə də
öz əmanətini itirmir. Belə ki, depozit müqaviləsi
imzalanan zaman bank insanların pullarını qaytarmaq ilə
bağlı öz üzərinə öhdəlik
götürür və onların təhlükəsizliyinin təmin
edilməsi onun borcudur, əsas vəzifəsidir: "Əgər
bank iflas olarsa, dövlət sizin əmanətinizin təhlükəsizliyinin
təminatçısıdır. Əmanətlərin
sığortalanması sistemi məhz bundan ötrü nəzərdə
tutulub. Əgər hər hansı bir təcili hal yaranarsa,
insanlar əmanətlərini bankdan götürə bilərlər.
Bu zaman faizlərin bir qismi itiriləcək. Amma elə əmanət
növləri də var ki, əmanətin bir hissəsini itki
olmadan götürmək mümkündür. Bütün
sadalanan nüanslardan sonra rahatlıqla belə bir nəticəyə
gəlmək olar ki, evdə, hər hansı bir suvenirdə və
ya seyfdə saxlanılan pul insanları məcbur edir ki, onlar
puldan ötrü çalışsınlar".
Bu məbləğlə vətəndaşın
hansısa mülk alması real deyil
İqtisadçı ekspert Natiq Cəfərli deyir ki,
yatırım etmək hər kəsin öz gələcəyini
qorumaq və maliyyə imkanlarını artırmaq
üçün düşündüyü addımlardan
biridir. Xüsusilə də vətəndaşların əlində
müəyyən məbləğdə vəsait olduqda, bu
pulları necə dəyərləndirmək sualı
aktuallaşır: "Əldə az məbləğ olanda
"nəyə yatırım etmək olar" sualı daha
çox insanları düşündürür. On min, on
beş min manat böyük məbləğ hesab olunmur. Bu məbləğlə
vətəndaşın ev alması və ya ilkin ödəniş
etməsi real deyil. Belə halda ən məqsədəuyğun
addım valyuta zənbili formalaşdırmaqdır. Bu zənbil
avro, dollar, funt-sterlinq və ya İsveçrə frankından
ibarət ola bilər. Valyuta zənbilinin
üstünlüyü ondadır ki, bir valyutanın dəyəri
enəndə, digəri qalxa bilər və bu, balans yaradaraq vətəndaşın
itki riskini minimuma endirir. Qızıla yatırım etmək də
mümkündür. Son aylarda qızılın qiymətində
artım müşahidə edilsə də, bu bazarda kəskin
enmələr də ola bilər. Bu səbəbdən
qızıl uzunmüddətli saxlanıldıqda sərfəli
sayılsa da, qısamüddətli dəyişkənlik
investor üçün risk yarada bilər".
Daha geniş perspektivdə qızıla yatırım
məqsədəuyğun hesab olunur
İqtisadçı-ekspert Razi Abbasbəyli isə
bildirib ki, insanlar əsasən iki istiqamətə -
daşınmaz əmlak və qızıla yatırım etməyə
çalışırlar: "Azərbaycanda vətəndaşlar
ən çox daşınmaz əmlaka yatırım etməyə
üstünlük verirlər. Çünki daşınmaz əmlak
daha az riskli hesab olunur və sabit qiymətini qorumaqla
yanaşı, zaman-zaman dəyər qazanır. Bu, ən
azı 30-40 il üçün planlaşdırılan
uzunmüddətli investisiya formasıdır.
Daha geniş perspektivdə isə qızıla
yatırım məqsədəuyğun hesab olunur. Azərbaycanda
da bu tendensiya getdikcə güclənir. Qızıl nisbətən
az riskli və sabit dəyər qazanan kapital forması kimi qəbul
edilir. Buna görə də insanlar əsasən iki istiqamətə
- daşınmaz əmlak və qızıla yatırım etməyə
çalışırlar. Bu, həqiqətən də daha məqsədəuyğun
sayılır".
Restoran şəbəkələrinə kiçik
investisiya yatırımları artıb
Ekspert qeyd edib ki, restoran şəbəkələrinə
kiçik investisiya yatırımları artıb: "Eyni
zamanda, kiçik biznes subyektlərinin
formalaşdırılması istiqamətində də müəyyən
təşəbbüslər müşahidə olunur.
Xüsusilə restoran şəbəkələrinə
kiçik investisiya yatırımları artıb. Restoran
sektoruna yatırım etmək potensial olaraq yüksək gəlir
gətirə bilsə də, bu biznes yüksək riskli sahələrdən
biri sayılır. Restoranların uğuru yalnız kapitala
deyil, düzgün idarəetməyə, bazarın öyrənilməsinə
və müştəri davranışının dəqiq
analizinə bağlıdır. Qida sektoru iqtisadi
dalğalanmalardan daha az təsirlənən sahələrdən
biridir. İnsanlar həmişə yemək yeyir - bu, restoran
biznesinə stabil bazar təmin edir. Restoranın uğuru 70 faiz
idarəetmədən asılıdır. Buna görə də
konsepsiya, seqment, rəqiblər və müştəri
davranışı əvvəlcədən ölçülməlidir.
Ölkədə eyni tip restoranların sayı çoxdur.
Ekspertlərin fikrincə, unutmamaq lazımdır ki, konsepsiya
unikallığı olmayan restoran bazarda 3-6 ay ərzində
görünməz olur".
İqtisadçının sözlərinə görə,
son zamanlar elektron ticarət sahəsində də aktivlik nəzərə
çarpır. Məsələn, 10 min manatlıq və ya
daha az məbləğlə belə elektron ticarətdə
iştirakçıya çevrilmək mümkündür.
Ümumilikdə, mövcud faktorları nəzərə alanda,
Azərbaycanda ən təhlükəsiz və gəlirli
yatırım istiqamətləri daşınmaz əmlak və
qızıl hesab olunur".
Sevinc QARAYEVA
525-ci qəzet .- 2025.- 29 noyabr (№218).- S.8.