Oxuyur Mənsum İbrahimov!
İlin-günün bu vədəsi idi. Payız yayı sıxışdırıb
vaxtından bir qədər əvvəl gəlmişdi. Bakı üçün xarakterik olan külək ara vermirdi. İlk
dəfə yağışlı-çiskinli
bir payız axşamı görüşdük.
Bayırda zəhlətökən
hava olsa da, içəridə xoş əhval-ruhiyyə hökm sürürdü.
Onun bulaq kimi qaynayan ecazkar
səsi insanın qəlbini oxşayır, ruhuna sığal çəkirdi.
Mənsum İbrahimov
oxuyurdu...
Ertəsi gün
yenə qarşılaşdıq.
Yenə mahir ifa tərzi, zəngin repertuarı ilə hamını valeh edirdi.
Yaxın qohumumuz
olan toy sahibinin kasıb adam olduğunu bilsəm də, jurnalist marağı güc gəldi: "Adil dayı, Mənsum İbrahimov məclisə neçəyə
gəlib?"
Kişi qalın
qaşlarını çatıb
diqqətlə üzümə
baxdı: "Nə pul a bala?! Qudam
şəhid atasıdır.
Onlar çağırıb,
kişi də gəlib. Mənsum müəllim şəhid
ailələrinin, qazilərin
məclisinə təmənnasız
gedir".
Bu söhbət
təxminən 25 il əvvəl olduğu üçün başqa nədən danışdığımızı
xatırlamıram. Xatırladığım
odur ki, Mənsum İbrahimov indi saçı-saqqalı
ağarmış 50 yaşlı
jurnalistin qəlbində
hələ 25 il əvvəl taxt qurmuşdu. Həm də təkcə sənəti deyil, sadəliyi, səmimiyyəti
ilə...
Xalq artisti,
professor Mənsum İbrahimov xüsusi təqdimata ehtiyacı olmayam mahir muğam
bilicisi, ustad xanəndə, dəyərli
ziyalı, alicənab insandır. Açıq mənbələrdə onun
haqqında minlərlə
məlumat var. Həmin məlumatlarda qeyd olunur ki,
Mənsum İbrahimov
1960-cı il oktyabrın
1-də Ağdam rayonunun
İmamqulubəyli kəndində
anadan olub. Sənətkarın musiqi dünyasına olan sevgisi uşaq yaşlarından özünü
göstərib. Əvvəl
Asəf Zeynallı adına Bakı Musiqi Texnikumunda, sonra isə Azərbaycan Dövlət Mədəniyyət və
İncəsənət Universitetində
təhsil alıb.
Əşşi, Tarixi-Nadir açmağın
nə mənası var?! Bizim Mənsum
müəllimin təqdimata
ehtiyacı yoxdur. Onu təkcə Azərbaycanda sevmirlər.
O, bir çox ölkələrdə konsert
verib; İranda, Türkiyədə, Fransada,
ABŞ-da, yaxın-uzaq
diyarlarda Azərbaycan musiqisini tanıdıb, əvəzsiz ifaları ilə insanların qəlbini oxşayıb, ruhunu qidalandarıb.
Mənsum İbrahimov
təkcə tamaşaçıların
deyil, həm də tələbələrinin
sevimlisidir. O, Azərbaycan
Milli Konservatoriyasında
professor, muğam (xanəndə) kafedrasının
müdiridir. Gənclər
ondan sənətin incəliklərini öyrənir.
İndi o, Azərbaycan
mədəniyyətini öz
sevimli tələbələri
ilə çiyin-çiyinə
təbliğ edir. Obrazlı desək, Mənsum müəllimin əkdiyi ağaclar çoxdan bar verib. Bir müəllim
üçün bundan
böyük xoşbəxtlik
nə ola bilər?!
Mənsum İbrahimov
həm də fəal ictimai xadim, nümunəvi vətəndaşdır. O, səlis
nitqi, mənalı çıxışları sayəsində
jurnalistlərin sevimli
müsahiblərindən birinə
çevrilib. Mənsum
müəllim yaxşı
oxuduğu kimi, həm də yaxşı danışır.
Yəqin jurnalist
dostlarım mənimlə
razılaşarlar: Mənsum
İbrahimov sənəti
ilə zirvədə olsa da, bəzi
məşhurlar kimi heç vaxt özünü çəkib
dağ başına qoymur. Əksinə, əlçatanlığı ilə
seçilir. Hətta mətbuatda ilk addımlarını atan təcrübəsiz jurnalistlərin
dolaşıq suallarına
da təmkinlə, əhatəli cavab verməyə ərinmir. Buna görə də jurnalistlər onu təkcə ustad xanəndə deyil, həm də təmkinli müsahib kimi sevir və hörmət
edirlər. Həm də təkcə jurnalistlər deyil, peşəsindən asılı
olmayaraq musiqini sevən, qiymətləndirən
hər kəs bu sevginin ünvanıdır...
O, Xalq artisti olmazdan
əvvəl xalqın
artistidir. Canı, qanı, ruhu ilə bağlı olduğu xalqın...
65 yaşınız mübarək,
USTAD!
Allah Sizi pənahında saxlasın!
İnşallah, 100 yaşınızda da aparıcıların dilindən
bu sözləri eşidək: Oxuyur Mənsum İbrahimov!
Seymur
VERDİZADƏ
525-ci qəzet .-
2025.- 2 oktyabr (№178).- S.10.