Gizli Kamal - Aysel Əlizadə yazır

(İkinci hissə)

 

Onu deyirdim, axı, dərinlik... Qara-qışqırığın, parazit gündəmin içində əlinə qədimliklə müasirliyin elmləşdiyi kitab düşür. Ayrı bir pəncərə, ayrı ekran.

 

Keçən yazıda Kamal bəyin kosmik dolanbaclarından yazmışdım. Xaosdan kosmosa, bəzən kosmosdan xaosa get-gəllərlə xoşbəxt olduğunu düşünürəm. O, eyni mövzunu həm öldürücü istehza ilə yaza bilər, həm çox ciddi dramatikləşdirə. Elə - GizliDədə Qorqudkitabında da öydüyü Oğuz bəylərini kitabın Dədə Qorqud hissəsində bir cümlə ilə alt-üst edib. Ora gələcəyik...

 

Hələlik, Kamalın dərinliklə əlləşməsindən danışaq. Nədir?

 

Kantsayağı yanaşsaq, dərinliyi iki cür görmək olar - hisslərlə, ağılla. Məntiq elminə görə bir doğru bir yalanla birləşirsə, cavab yalan olur. Sual yaranır, niyə yalan doğrunu aparır, doğru yalanı yox? Bu, yalanın qələbəsi deyilmi? Cavabım var. Doğru elə bir ciddi qavramdır ki, ona yalan qarışanda korlanır. Doğrunun içində yalan ola bilməz. Mövzunun içində sənin öz, mənim öz doğrum ola bilər, amma yalan yox.

 

Dastanın özündə hardansa islami detalların peyda olması doğruya yalan qatmaq kimidir. Məsələn, ağacın təsvirində: “Ağac, Ağac deyirəmsə çəkinmə, Ağac. Məkkə ilə Mədinənin qapısı ağac”. Bu, sonradan əlavə kimi görünür. Mətnə yalan qatır, sadəcə mətnin doğrusu elə güclüdür ki, iti göz bu əlavə qatqını görə bilir. Yaxud da “Qazan xan alnını yerə qoydu, iki rükət namaz qıldı, adı gözəl Məhəmmədi yada saldı”.

 

Bunu təkcə mən demirəm, alimlərin arasında əlavəni görənlər var. Elə Kamal bəy öz kitabının bir neçə yerində başqa mövzuyla bağlı bunu qeyd edib. “Ordun üstünə kim qorsan” - bölümündə deyir: “Əl gəzdirmə”ni görməmək mümkün deyil.

 

Dədə Qorqud dastanı başdan-başa türk dili, türk gündəliyidi. Oğuz xanları, bəyləri şərab içir, onların bir qadını var. Amma hardansa belə bir cümlə qarşımıza çıxır. “Bəylər namaz qıldılar”.

 

Bu eposda bircə ərəb adında bəy yoxdur, amma mətndə anidən Həsən Hüseyn adı peyda olur.

 

Bir qadın... Beyrəyin atası necə bir qızla evlənmək istədiyini soruşduqda o deyir: Ata, mənə bir qız alıb ver ki, mən yerimdən durmadan o, durmuş olsun, mən qaracıq atıma minmədən o, minmiş olsun. Mən döyüşə getmədən o, mənə

baş gətirmiş olsun. Atası Baybura xan cavab verir: Oğul, sən qız yox, özünə silahdaş istəyirsən.

 

Qanturalının evlənmə səbəbi Beyrəklə eynidir. Kamal Qanturalını Parislə tutuşdurub, fərqlərini isə belə yazır: “Parisdən fərqi budur ki, Paris üstünlüyü gözəlliyə, Qanturalı isə hünərə, şücaətə verir”.

 

Sevgini – o çiçək duyğusunu da unutmur: “Məhz Yelena Troya müharibəsinin əsl mifoloji səbəbkarına çevrilir. Yəqin ki, bunun ictimai-siyasi əsası da var. Amma bu gün məhəbbət alovunda qovrulan hər adam üçün Troya müharibəsinin səbəbkarı Yelenadır. Sevgi yolunda müharibə aparmağa dəyər”.

 

Dədə Qorqud qadınıXatundu (Khatun, katın, qadın... Şahzadə anlamında, Katun yüksək qatda olan, kraliça - A.Ə.). Yaşmaqlıdı, hicablı deyil. Kişisinin həyatında tək qadındı. Onunla döyüşmədən, onunla at yarışdırmadan könül vermir. Bütün bəşəriyyətin qız övladlarını öldürdüyü vaxtlarda Dədə Qorqud dastanında Baybicən bəy qız atası olmağı arzulayır. Bəylərdən qızı olması üçün alqış etmələrini istəyir. Bəylər edirlər.

 

Ol zaman bəylərin alqışı alqış, qarğışı qarğış idi”. Bəyliyin ucaldığı yerə baxsanıza. Necə bir bəy olmalısan ki, Tanrı sənin sözünü, alqışını ciddiyə alsın. Sözün söz, əməlin əməl...

 

Kamal da deyir:

 

Oğuz cəmiyyətinə üzv olmağın əsas şərtlərindən biri sözə ehtiram itaətdir. Sözlə qeyri-ciddi, istədiyin kimi davranmaq, onu havaya atmaq, boş-boşuna işlətmək, nəhayət, Yalana tapınmaq Söz tərəfindən, deməli, Mif tərəfindən bağışlanmır”.

 

Kamal bəy Tanrıya Mif deyir. Onun Mifi - var olmayan deyil, olub gözəgörünməyən Mifdir. Var, həm yoxdur. Bilinir, görünmür. Dədə Qorqudun tənhalığı kimi...

 

Mənim üçün Kamal Abdullanın kitabının tac məqamı bu bölümdür: Qorqudun tənhalığı. Onu belə anıb: “Hərdən gələsən, istəyəndə çıxıb gedəsən. Yenə yox olasan. Havada əriyəsən. Gözdən, könüldən itəsən. Hörmətin qalar, sözünün kəsəri . Hətta səndən bir gördün qorxmağa başladılar. Elə bunda deyilmi ən ağır, kədərli həqiqət? Gedər-gəlməz yollara (Təpəgözlə danışığa) Dədə Qorqudu zor, yaxud qılıqla göndərən həşəmətli Oğuz bəyləri onu yenidən sağ-salim görməkdən həqiqətənmi məmnunluq duydular? Söyüşə, hədyana düçar olduğu zaman (Dəli Qacaq tərəfindən) bundan həzz alanlar olmadımı?”

 

Bayaq dediyim bəyləri alt-üst etmə məqamı budur. Onları öyür-öyür birdən "saxtasız" deyir. Yenə xaosla kosmos arasında gedib gəlir, gəlib gedir.

 

Həm mənə elə gəldi ki, o, bu yerləri kövrələ-kövrələ yazıb.

 

Kitabın Everesti isə Dədə Qorqud tənhalığını açdığı hissədi: “Əsl tənhalar heç vaxt özlərinə tənha demədilər. Kim deyər ki, tənhalıq ona yaraşmadı? İntihar etməyi arzuladımı, arzulamadımı? Bəlkə intihar edənlər zaman-zaman dirilir, Allahın onlara bağışladığı ömrü tamamlamağa çalışırlar? Heç kim deyə bilməz ki, tənhalıq ona yaraşmadı. Heç kim deyə bilməz...”

 

Buradakı Tənha Dədə Qorqud elə Gizli Dədə Qorquddumənə görə. Qorqud atanın gizli tərəfi onun yalqızlığıdı – Kamala görə. Bu sətirlərin dərinliyindən mənə onun özü - yalqız tərəfi boylandı - Gizli Kamal...

 

Aysel ƏLİZADƏ

 

525-ci qəzet $g 2025.- 2 oktyabr (¹178).- S.13.