Başına dönməli şeirlər
"Ədəbiyyat qəzeti"nin
29 avqust 2025-ci il nömrəsini
alıb nəzərdən
keçirəndə, tanınmış
şair, özünə
də, sözünə
də hörmət bəslədiyim Nazim Əhmədlinin
şeirlərinə rast
gəldim. Nazim Əhmədli
özünə məxsus
və heç kimə bənzəməyən
şairdir. Sosial şəbəkələrdə paylaşdığı elə
bir şeiri yoxdur ki, adamı heyrətləndirməsin, silkələməsin.
Bu dəfə isə
on şeiriylə baş-
başayam. Biri birindən
gözəl olan on şeirin hansının başına dönəsən,
dolanasan, bilmirsən. Görün, "Bu ömür
gün yuxudu" şeirində şair nə deyir:
baxın,
hara yurd düşüb,
könlümə qurut düşüb;
dağda
qara qurd düşüb,
hələ qalır, üç
ildi;
nə vardı, nə yoxuydu,
fələk hördü, toxudu.
bu ömür-gün yuxudu,
sonrası bir şəkildi.
Misraların qanadlarının səsində
pərvazlanmaya bilmirsən.
Ruhuna qəribə bir
rahatlıq gəlir. Hər bir şairin
psixoloji dəyərlər
sisteminə özünün
münasibəti olmalıdır.
Şairin şeirləri
oxucunun qəlbini oxşamırsa, ruhunu təzələmirsə, qələmindən
vaz keçməlidi, sərsəm söz yığınıyla oxucunun
zəhləsini tökməməlidir.
Şeirlərində özünə
məxsus poetik çəkini hiss etməmək
mümkün deyil. Bu yerdə bir vacib məqamı qeyd etmək istəyirəm. Mən
Nazim Əhmədlinin şeirlərini
oxuyub necə sevinmişdimsə, hətta
feysbuk səhifəmdə
bir bəndlik şeirimi paylaşmışdım.
Axtarıb tapmadım özümə
bir tən,
Mənimdir hər kəsin
toyu, bayramı.
Nə çıxar könlümün
sevinməyindən,
Özgə uğuruna sevinsin
hamı.
Mənim
qənaətimə görə
ürək sevgi istehsal eləməlidir. Ürəkdə kinə, küdurətə, paxıllığa
yer olmamalıdır.
Bir ürəyə yatımlı,
adamın hisslərini
tarıma çəkən
şeir oxuyanda uşaq kimi sevinirəm. Özümə
yer tapmıram. Həmin şairin telefon nömrəsini axtarıb tapandan sonra zəng edib duyğularımı, sevincimi çatdırandan
sonra rahatlıq tapıram. Oxuduğum bu on şeirin hər biri, əslində ədəbi
və həm də təbiət hadisəsidir. Hiss olunur ki,
Nazim Əhmədli sözün,
hissin, duyğunun incəliklərinə varmağı,
qəvvas kimi dayazda yox, dərində
üzməyi sevir. Hansı şeirini oxuyursan, içindən bir duyğu keçir. Düşünürsən
ki, axı bu hisslər içimdən keçib, niyə yazmamışam. Sənin yaza bilmədiyini özgə yazanda şeir doğulur. Bir də şeirlərində
xoşuma gələn
bir cəhəti də qeyd etmək
istəyirəm. Poeziyası
cəsarət poeziyasıdır,
yəni nəyi qələmə alırsa,
əminliyini ifadə edir. Qorxmur, çəkinmir. Tərəddüd
olanda şeir doğulmur, ya da ölü doğulur.
"Unutdum o baharı"
şeirində insan necə də təbiətlə həmahəngdi.
Bir çəhrayı yuxudan,
yıxıldım yer üzünə;
buludlar ağladılar,
hönkür-hönkür üzümə;
nə saxladım, sirr kimi,
qalmışam əsir kimi;
dumanı
həsir kimi,
dağlar
çəkib üzünə.
Bu şeirdə uğurlu təşbehlər, metaforalar
şeirə bir az da gözəllik qatır, insanı ilkinliyinə, adət- ənənələrinə qaytarır.
Bu mənada qeyd etdiyim kimi, şeir
təbiət hadisəsidir.
Şəlalə kimi çağlayıb doğulur,
şimşək çaxışında
misralanır. "Adsız
liman" şeirində
səni düşündürən
misraların sehrinə
düşürsən. Nazim Əhmədli "Adsız
liman şeirində yazır:
buludların səsindən,
qulağımda küy qalıb;
ötən eşqin odundan,
canımda kösey qalıb.
Şeirin
başqa iki misrasında deyir:
hər göyün öz Tanrısı,
hər köyün öz adı var;
hələ yağışlar yağır,
qurumayıb buludlar
könlümə qubar düşüb,
baxışımda duman var;
orda bir adsız şəhər,
bir adsız da liman var.
- deyəndə adamı təbiətlə üz- üzə qoyur.
Nazim Əhmədlinin yaradıcılığı ilə şəxsiyyəti üst-üstə düşür. Doğulub boya-başa çatdığı Laçın rayonunun Əhmədli kəndi əsl ziyalılar yetişdirən kənddir. Tənqidçi, ədəbiyyatşünas, filologiya elmləri doktoru Şirindil Alışanlı, mərhum tanınmış şairimiz Hüseyn Kürdoğlu, psixologiya elmləri doktoru Muxtar Həmzəyev və adını unutduğum neçə dəyərlimiz o kəndin havasını udmuş, suyunu içmişlər. Təbii ki, belə bir mühitdə Nazim Əhmədli öz poetik yolunu, səmtini tapmaya bilməzdi. Mən hörmətli şairimizə indən belə də yazacağı gözəl şeirləri ilə oxucularını heyrətləndirməyi arzulayıram. Gümrah və sağlam olmaq şərti ilə
Fəxrəddin TEYYUB
525-ci qəzet.- 2025.- 2 oktyabr (¹178).- S.14.