İdeallara sədaqət
"Əsl namuslu insan ailəsini özündən, vətəni ailəsindən, bəşəriyyəti vətənindən üstün tutmalıdır" - deyirdi Fransanın böyük ensiklopediyaçı-alimi, maarifçi-filosofu Jan Leron Dalamber. Bəşəri ideallara sadiqlik nümunəsi göstərən hər bir insan üçün əslində bu deyim həyat devizinə çevrilməlidir. Çünki ailədən başlanan vətən, bəşəriyyətin əmin-amanlığı təmin olunmadan həmin ailə üzvlərinin arzularının həyata keçməsinin təminatçısına çevrilə bilməz. Vətənləşən, bəşəriləşən ömür payını xırda hisslərə yox, böyük ideallara həsr edənlərin ümummilli ideyaların təminatçısına çevriləcəyi şəksizdir. Bu da qəbuledilən həqiqətdir ki, həyatını sevib-seçdiyi peşəsinə sərf edən, onu sənət səviyyəsində görüb, duyub o səviyyəyə qaldıran insanlar vətəninə, ümumilikdə bəşəriyyətə göstərdikləri təmənnasız və vicdanlı xidmətləri ilə bütövlükdə götürdükdə, xoşbəxt insanlardır. Əlbəttə ki, belələri çox deyil. Amma nə yaxşı ki, vardır onlar, olublar, olacaqlar!
Bugünkü yazımın qəhrəmanı Həsən bəy Zərdabinin yaratdığı milli mətbuat yolunu, "Əkinçi" ənənələrini ləyaqətlə davam etdirən, özünə, sözünə, qələminə, jurnalistlik ideallarına hər zaman sadiqlik nümunəsi nümayiş etdirən sevimli yazıçı-jurnalistimiz, pedaqogika üzrə fəlsəfə doktoru Zemfira xanım Məhərrəmlidir.
"...Azərbaycan
Yazıçılar Birliyinin Natəvan zalı.
İstedadına, ləyaqətinə,
ziyalılığına, gözəlliyinə, əsil-nəcabətinə
həmişə heyran kəsildiyim, bir böyük bacı
kimi özümə mənəvi örnək
götürdüyüm, hər telefon zəngindən sonra o
şirin, məhrəm danışığının uzun
müddət təsirindən çıxa bilmədiyim əziz,
sevimli Zemfira xanımın yubiley yaşının və
biri-birindən gözəl üç kitabının təqdimatındayıq.
Çoxdandır görüşmürük. Hətta bir dəfə
danışdıq ki, zəngləşib görüşək,
qayğıların, işlərin çoxluğu səbəbindən
alınmadı. Yubileylə bağlı dəvətə
uça-uça gəlsəm də, əvvəlcədən
də özünə dediyim kimi, olduqca vacib bir məsələyə
görə yenə bu möhtəşəm tədbirində
sonacan qala bilməyəcəkdim əzizim Zemfira
xanımın...
Həyatda
çox az insanlar var ki, böyük əksəriyyətin
sevimlisinə çevrilir: yaşadığı ömür
yolu ilə kimlərəsə örnək, kimlərəsə
yol bələdçisi olmaq səadətinin
daşıyıcısıdır onlar. Bu da bir tale qismətidir
ki, Azərbaycan Yazıçılar Birliyində
"Ömür bitər, yol bitməz", "Oyuncaq",
yubilyarın özü haqda yazılmış məqalələr
toplusundan ibarət "Söz adamı" kitablarının
təqdimat mərasimindən özüm də istəmədən
ayrılmalı olacağam..."
Kompüterimin
saxlancında qalan bu yarımçıq yazını
haçan yazmışam, yaxud yazıya girişi nə zaman qələmə
almışam, bilmirəm. Amma görünən odur ki,
hansısa səbəbdən əzizim, sevimlim, ustadım
saydığım qüdrətli qələm dostum, görkəmli
yazıçı-jurnalist həmkarım Zemfira Məhərrəmlinin
təqdimat mərasimini yarıda qoymalı olduğum kimi, bu tədbir
barədə yazacağım yazı da həmin taleyi
yaşamalı olub.
Mən hər
zaman əlimə qələm götürüb Zemfira Məhərrəmli
şəxsiyyəti, onun özünəxas zərifdən-zərif,
ötkəmdən-ötkəm yaradıcılığı
haqqında nəsə yazmaq istəsəm, mütləq şəkildə
hamımızın sevimlisi, Azərbaycan jurnalistikasının
sayılan, seçilən, sevilən imzası - professor Qulu Məhərrəmlidən
ayrı nəsə yazmağım alınmır. Zemfira
xanımın adının, imzasının yanında mütləq
şəkildə Qulu müəllimin pozulmaz imzasının
olması həm arzuedilən, həm gözlənilən, həm
də zərurətə çevrilən bir könül istəyimizə
çevrilir. Və... nə yaxşı da ki belədir!
Bu gün
Azərbaycan jurnalistikasının aparıcı simaları
Zemfira və Qulu Məhərrəmlilər cütlüyündən
öyrənəcəyimiz, uğurlarına sevinib, ölkəmizin,
dövlət və millətimizin işıqlı sabahına
verdikləri töhfədən yararlana biləcəyimiz
çox böyük nəsnələr var. Ləyaqətli
insanlardır onlar! Səmimiyyət, mehribanlıq,
ağır-ağayanalıq, əyilməzlik, vicdan simvoludurlar
müasirləri və özlərindən sonrakı epoxa
üçün!
Qələmini
Vətən, Millət, Torpaq, Bayraq kimi milli dəyərlərimizin
qeyrətdən yonulmuş qılıncına çevirmiş
Zemfira xanımın vətənpərvərlik mövzusunda
yazdığı bir-birindən oxunaqlı əsərləri
Döyüş və Zəfər ruhlu jurnalistika və nəsrimizin
sevilən, seçilən və ən çox oxunan nümunələri
sırasındadır.
Zemfira Məhərrəmli
öz adına etiketlənmiş imzasının müqəddəsliyini,
saflığını və toxunulmazlığını necə
qoruyub saxlaya bilibsə, həmin imza da bu gözəl,
dürüst və vicdanlı xatunun - Zemfira xanım Məhərrəmlinin
jurnalistika və nəsr tariximizdəki bəlirlənmiş
yerinin möhürlənməsini həmin ucalıqda, həmin
boy-biçimdə təmin edəcəkdir.
Zemfira Məhərrəmlini
bu gözəl yubiley yaşı münasibətilə
özüm və ailəm adından sidq-ürəkdən təbrik
edir, barlı-bərəkətli, xoşbəxt və
sağlam ömür arzulayıram.
Qiymət
MƏHƏRRƏMLİ
525-ci qəzet
$g 2025.- 2 oktyabr (№178).- S.14.