Nənə Mədinə ilə nəvə Mədinənin
hekayəti...
Bayram
MƏMMƏDOV
Ehtiyatda
olan polkovnik-leytenant, Əməkdar müəllim
Ad insanın tanınma vasitəsidir. İnsan adına görə tanınır, özünə
görə sevilir.
Bəzən ad insana ayrıca ehtiram vasitəsi olur. Ana adı kimi, qardaş, ata adı kimi. Sevdiyi insanın özü ömründə
yaşayır, adını
da dillərdə yaşatmaq
istəyir, hər dəfə adını çəkəndə ruhu
rahatlıq tapsın deyə bu ada
ömür verənlər
də olur. İllər bu sevginin üstündə yel əsdirə bilmir. O ada sevgi
o adı verənin son
nəfəsindən sonra
da yaşayır, yaşadılır...
Atam Heydər dərdəcar adam olub - dörd
yaşında atasız
qalıb, on iki yaşında anasız. Anasızlıq son nəfəsinə
kimi ürəyində
uçunan, çırpınan
bir haraya dönüb: Ana, ay ana! Dili də
Mədinə deyib, ürəyi də. Ürəyi də Mədinə adının
səyyarəsi olub, ömürü də...
Tale atamın da ömürünü
sınaqlarla üzləşdirib.
Ona və bibilərinin
yetim qalmış uşaqlarına əmisi oğlu İsbəndiyar himayədarlıq edib. Gənc yaşlarında yeddi yetimin dayağı
olmuşdu İsbəndiyar.
Zəngilan Maliyyə İdarəsində mühasib
işləyib. Onu da İkinci Dünya müharibəsinə aparıblar.
Döyüşən orduya.
Döyüşdə həlak
olub. Geniş ürəkli bu cavan ömrünü itirib. Yeddi yetim
uşaq qara talenin girdabına düşüb...
Atam kiçik yaşlarından
işləyib, bibisi uşaqları Əli və Mehdi ilə birlikdə kəndin mal-qarasını otara-otara bərkiyib sümükləri.
Ümidləri, zəhmətsevərlikləri
onlara ata olub, ana olub. Ata ruhunun, ana ruhunun xeyir-duasıyla ayları
il eləyiblər...
Bu, onun həyatı dərk etməsində vəsilə olub...
Atamı
da hərbi xidmətə
çağırıblar. "Azərbaycana başucalığı,
üzünü doyunca
görmədiyim atamın,
anamın ruhuna rahatlıq gətirmək istəyirdim. Qayıdanda onun qəbrinə baş qoyub "qayıtdım..." deməyə
üzüm gəlsin deyə..." Atam bizə belə deyirdi. Onun kövrək
xatirələrini ata öyüdü kimi dinləyirdik...
Atam nə atasını unudurdu, nə də anasını; bu yaşda yetim
olmaz deyirdi. Ancaq atasını da həmişə qəhərlə
xatırlayırdı, anasını
da...
Hərbi
xidmətini başa vurduqdan sonra Azərbaycan Daxili İşlər orqanlarında
milis nəfəri kimi işləməyə
göndərilib. 1953-ci ilin
avqustundan ömrünün
sonuna kimi - 1984-cü ilin iyuluna kimi
Zəngilan rayon daxili işlər şöbəsində
milis nəfəri işləyib. Bu xidmətini
onun xarakterinin göstəricisi biliblər.
Xarakteri xidmət illərində təkcə
peşə fəaliyyəti
deyil, həm də layiqli bir vətəndaşın
şərəfli ömürü
olub. Belə ömürlər həmişə
qürur simvolu kimi sevilir, son nəfəsindən sonra belə də xatırlanır...
1983-cü
ildə ikinci övladım oldu. Qızımın dünyaya
gəlişi atamı
kövrəltmişdi. Bir-iki
gündən sonra bildik ki, bu kövrəklik
sevincin yaratdığı
kövrəklik imiş;
atam bəlkə də yeniyetməliyindən
bu günü arzulayırmış: Qız
nəvəm olsun, Allahım, qız nəvəm olsun! Qızım dünyaya gələndə kimsə
görməsin deyə
bir tərəfə çəklib, ağlayıb:
Anam doğuldu!..
Atamın
sevinci yerə-göyə
sığmırdı. Bir neçə
gün sonra evə doğum şəhadətnaməsi ilə
gəldi. Üzündə
bənzəri olamayan bir təbəssüm vardı: "Adını
Mədinə qoydum. Anamın adını... Anamı tapdım!" Otağımız sanki nurlandı. Ağladı atam. Əvvəl için-için, sonra hönkürtüylə. Heç
kimə məhəl qoymadan. Atam ilk dəfə idi ki, bu qədər ağlayırdı. Onun göz yaşları ana sevgisiydi, illərin mənəvi sıxıntılarıydı,
anasızlığın qəhəriydi.
Özünü itirsə
də, adını yaşatma təsəllisiydi...
Qızıma anasının adını
verdi atam: Mədinə...
Qızım ailəmizə işıq
kimi gəldi, nur kimi gəldi,
ömrümüzün ninnisi
kimi gəldi, ürəyimizin diləyi kimi gəldi, gecələrimizin yuxusu kimi gəldi, sabahlarımızın qoxusu
kimi gəldi. Atam hərdən deyirmiş ki, nəvəm
anama bənzəyir. Sevgiyə bax, İlahi, yaratdıqlarına
bax, yaratdıqlarının
sevgisinə bax!..
Anası
haqqında heç
zaman heç birimizlə
kəlmə kəsməyən
atam Mədinəni görəndə göz yaşları yanağını
yandırırdı: "Anam
da sənin kimi gülərüzüydü, ay bala!..."
- deyərdi, bir andaca qəhərlənirdi.
Qəribə idi, biz Mədinə nənəni
görməyə-görməyə elə bilirdik onu görmüşük.
Balaca Mədinənin gözlərini nənəmin
gözlərinə bənzədərdik,
baxışını baxışlarına,
gülüşünü gülüşünə,
sonralar yerişini yerişinə...
Atamın
pıçıltıyla dediyi
kəlmələri bilmirəm
məndən savayı
eşidən olmuşdumu:
Nəvə Mədinəm,
ana Mədinəm, a Yaradan,
hanı Mədinəm?
Atam anasını bu yaşında da qəhərlə xatırlayırdı...
Qızım böyüyürdü, atamın sevgisi də böyüyürdü...
Bir dəfə mənə dedi ki, sən balaca Mədinəni oxşayanda elə bilirəm nənənə
xoş sözlər deyirsən. Onda ürəyim açılır,
üzünü görmədiyin
nənənə bu qədər sevgiyə görə sənə nə qədər alğış edirəm,
kaş biləydin...
Mədinə baba üçün yalnız nəvə deyildi, illərlə xatirələrdə yaşatdığı
anasının özü
idi elə bil...
1984-cü
ilin iyulun sonlarında atam dünyasını dəyişdi.
Ölümündən bir
neçə gün əvvəl ağır xəstə ikən Mədinəni görmək
istədi. Atam son nəfəsində nəvəsinin
balaca barmağını
sıxdı. Belə vidamı olurmuş, İlahi?!.
Mədinə bir nəsilin yenidən yaşam qazanmış davamı idi sanki...
Mədinə baba üçün yalnız nəvə deyildi, illərlə xatirələrdə yaşatdığı
anasının özü
idi elə bil...
Mədinənin taleyində baba taleyinin,
nənə taleyinin izləri vardı.
Nəvə Mədinə də
1993-cü ilin oktyabrında
nənəsinin taleyinə
uyğun tale yaşadı:
nənəsi Mədinə
1918-ci ildə ata yurdunu tərk eləməyə məcbur
olmuşdu. Evi, məktəbi, yoldaşları,
nağılları, düşüncələri,
həyatı dəyişdi
Mədinənin. Bu yaşında
məcburi köçkün
oldu. Qaçqınlıq
ağrıları onun
da dünyanı düz-əməlli
dərk etməyə macal tapmamış ürəyinə yük oldu. Oxudu, soyunu-soyadını
yaşada-yaşada böyüdü,
babasını xəyallarında
yaşada-yaşada tay-tuşları
ilə nəfəs-nəfəsə
böyüdü Mədinə.
Özünün bəyəndiyi
Bakı Slavyan Universitetini bitirdi. Bir dəfə kövrəkliklə,
"Kaş babam yaşayaydı..." dedi.
Uğurunu babasının
da görməsini, babasını
sevindirməyi arzulayırmış.
O günə kimi bu haqda heç
birimizə bircə kəlmə də deməmişdi, bəlkə
də demək istəməmişdi...
Böyük arzularla yaşadı
Mədinə. 2006-cı ildə
ailə həyatı qurdu. Bu ailə ocağı bir çıraq kimi işıq saçmağa
başladı.
Ailənin dirəyi, ocağın
işığı oldu.
Mərifətiylə, mədəniyyətiylə,
insanlara sevgisiylə, ulularına qədərsiz
sədaqətiylə böyümüşdü
Mədinə. Evin xanımı idi, qonaqlarına həmişə
könül süfrəsi
açır. Mədinənin
qonaqpərvərliyi sadəcə
çay süfrəsi
açmaqla bitmir - o, insanlara könül süfrəsi açır.
Geniş ürəkli,
saf niyyətli Mədinəmiz hamının,
onu tanıyanların hamısının əzizi
idi. Həyat yoldaşı Rəşadın
əzizlərini doğma
bilir.
Mədinə alitəhsillidir, Mədinə
geniş dünyagörüşə
malikdir, Mədinə
milli-mənəvi dəyərlərimizə
yaxşı bələddir,
ailəni ömrünün
kiçik dünyası
bilənlərdəndir, davranışları,
qərarları, münasibətləri
dağ səssizliyidi,
bulaq, çeşmə
saflığıdı, ağac
kölgəsidi sanki. Obrazlı şəkildə
desək, xarakteri daş kimi möhkəmdir,
bulud kimi yumşaqdır, ədalət
sevəndir, haqsızlıq
qarşısında geri
çəkilməyəndir, Zərdüşt panteonunu
yaşadanlardandır: yaxşı
(xeyirli, dürüst)
söz, yaxşı (xeyirli, dürüst) davranış, yaxşı
(xeyirli, dürüst)
yol. Belə yeniyetmələşdi, belə
gəncləşdi Mədinə,
arzuladığım övlad
kimi formalaşdı...
Mədinə zəhmətsevər insandır, zəhmət onun üçün yük deyil, yaşam tərzidi. Bəlkə də atamın ara-sıra dedikləri də Mədinənin yaddaşında
qalıb: Zəhmət
ömür deməkdi,
zəhmətsiz ömür
özülsüz divar
kimidi. Zəhməti illərinizin, illərinizi
ömrünüzün özülü
bilin. Uşaq olsam da anam məni
belə böydürdü,
ay bala...
Mədinə ədəbiyyatımızı da sevirdi (sevir), tariximizi də. Mən Birinci Qarabağ müharibəsinin
iştirakçısıyam. Zəngilanda tabor komandiri olmuşam. İşğala
kimi bu taborun
tərkibində düşmənlərə
qarşı vuruşanların
sırasında olmuşam.
Mədinə məndən
həmişə o döyüşlər
haqqında soruşardı,
mövqe qələbələrimizə
görə illər sonra olsa da, sevinərdi, məğlubiyyətlərimizə
görə qəhərlənərdi.
Şəhidlikdən, şəhidlərdən
söz düşəndə
kirpikləri nəmlənərdi.
Mədinə Vətəni sevib,
sevir. Övladlarını
da belə böyüdüb.
Vətəni "Vətəni
sevin" demədən
sevdirib. Övladları
bu sevgi ilə yaşa dolub, Mədinənin arzularının yaşıdı
olub. Mədinə nənəni görməsə
də ona elə gəlir ki, övladları atasının
atasına da bənzəyir,
atasının nənəsinə
də. Ruhun bölünməzliyi var axı.
Həm də ömürləşən illərdən
dünənlərə baxanda
görünənlərin xatirə
kaftanının doğmalığına
kövrəlirsən. Mədinənin
də kövrəldiyi
belə anlar, belə günlər çox olub. Hərdən atamla xəyalən kəlmələşib
də, ona sorğular da ünvanlayıb:
Mədinə nənənin
ruhuna yaraşan ömür yaşayırammı,
baba? Əsaslı, əsassız
gümanlarım deyir
ki, atamın əlləri
xəyalən onun ipəcik tellərinin sığalına dönüb...
Mədinənin böyük oğlu
Ramal Azərbaycan Diplomatiya
Akademiyasında hüquq
fakültəsində oxuyur.
Kiçik oğlu
Malik həmin akademiyada
iqtisadiyyat ixtisası üzrə təhsil alır. Evin sonbeşiyi Nərgiz 9-cu sinifdə oxuyur. Hərdən Mədinədən
soruşur ki, ay ana, sən
Mədinəyəmi çox
oxşayıram, yoxsa atanizin nənəsi Mədinəyəmi? Mədinə
gülümsünür, Mədinə
nənəm haqqında
qızına danışdıqlarını
xatırlayır, mənim
atamı xatırlayır,
Mədinə adının
yeni yaşamını xatırlayır:
Baba deyirdi ki, sən Mədinə nənənə
oxşayırsan. Onda sən mənə oxşamaqla Mədinə nənəyə də oxşayırsan, qızım.
Nənəmizin də,
babamızın da ruhu
şad olsun...
Mən bir babanın yaşantılarını, bir
babanın niyyətini,
gerçəkləşən istəyini, bir nəvənin bu istəyi dürüstlüklə,
istiqanlılıqla, səmimiyyətlə,
sədaqətlə doğrultduğunu
xatırladım, bir oğul olaraq, bir ata olaraq
yaşadıqlarımı yaşatmaq
istədim. Ata sevgisinə
görə, övlad sevgisinə görə...
525-ci qəzet 2025.- 14 oktyabr
(№186).- S.15.