Qiymətli daş dəyər itirməz...
Əntiqə Qonaq
Əməkdar journalist
Onunla sosial şəbəkə
üzərindən tanış
oldum. Paylaşdığı
gözəl şeirlər
və məzmunlu statuslar diqqətimi cəlb etmişdi. Qarşıma çıxdıqca
oxuyurdum. Müntəzəm
izləyirdim də. Heç bir paylaşımını qaçırmırdım.
Oxuduqca böyük zövq verirdi mənə. Arada yazışırdıq da. Həmyerlimiz
olduğunu öyrənəndə
daxilimdə bir qürur hissi yarandı. Nədən onu bu qədər
gec tanıdığıma
heyifsiləndim. Nədən
indiyədək onun yaradıcılığı haqqında
söz demədiyimə
görə özümü
qınadım da... Sonra Yazıçılar
Birliyində düzənlənmiş
yubiley tədbirinə
dəvət aldım.
İş yoldaşlarının,
tələbələrinin, dostlarının, tanışlarının,
ədəbiyyatçıların, elm adamlarının onun haqqında söylədiklərindən,
ona verdikləri dəyərdən nə qədər fərəhləndiyimi
izah edə bilsəm...
Elə bu yaxınlarda onun doğulub boya-başa çatdığı
Xaçmaz rayonunda keçirilmiş möhtəşəm
yubiley tədbirində
söylənmiş fikirlər...
Yazıçılar Birliyinin sədri, sevimli Xalq yazıçımız
Anarın onun həm istedadlı şair, məhsuldar yazıçı, fədakar
alim, görkəmli elm fədaisi
olması ilə yanaşı, həm də, intizamlı bir işçi, hörmətli əməkdaş,
yorulmaz ədəbiyyat
adamı, kollektivin sevimli üzvü olması barədə fikirləri onun yaşadığı illərini
son dərəcə məhsuldar,
yaddaqalan etdiyinin daha bir göstəricisi
idi.
Xaçmaz rayon İcra Hakimiyyətinin
başçısı hörmətli
Elnur Rzayevin və digər çıxışçıların bu çəlimsiz, zərif vücudlu, incə ruhlu, xanım-xatın şəxsiyyətin
həyat və yaradıcılığının çoxlarına qaranlıq
qalan tərəflərini
sevə-sevə, böyük
həvəslə təhlil
etmələri onun haqqında təəssüratımı
daha da zənginləşdirdi
və həm də bir yazar
kimi vicdan borcumu mənə xatırlatdı...
Beləliklə, mən də bacardığım qədər
bu fədakar xanımın, dupduru gözləri, dərin müşahidə qabiliyyətinə
malik mənalı baxışları,
hər zaman qarşısındakına
söz deyəcək kimi təsəvvür yaradan üz ifadəsi, sakit duruşu ilə diqqətimi cəlb edən bu əziz
insanın zəngin mədəni və mənəvi irsinə işıq salmaq fikrindəyəm. Buna nə
dərəcədə nail olacağımı
bilmədən belə...
Firuzə
Məmmədli...
İnternetdən də axtarışlar
etdim, Vikipediyaya da baş vurdum. O qədər dolu və məhsuldar bir həyat yolu keçib ki... On cildlik "Seçilmiş
əsərləri"nə, indiyədək çapdan
çıxmış 50-dək müxtəlif janrlarda - şeir, hekayə, monoqrafiya, elmi məqalə, tədqiqat əsəri, araşdırma,
tərcümə, publisistik
və s. yazılmış
kitablarına... daha nələrə, nələrə
nəzər salanda onun elmimiz, təhsilimiz,
ədəbiyyatımız və
gələcək nəsillər
üçün etdiklərinin
nəinki bir məqalə, heç kitaba da sığmayacağından
tam əmin oldum. Və həqiqətən bu cür kitaba
da ehtiyac duyulduğunu
vurğulamaq istəyirəm.
Qismətsə, inşallah.
Firuzə
xanımın tərcümeyi-halını,
keçdiyi həyat yolunu, aldığı təltifləri, elmə verdiyi töhfələri öyrəndikcə düzü,
həm heyran qaldım, həm də təəccüb hissi keçirdim. Bu xanım 15 yaşında ikən Ümumittifaq Kənd Təsərrüfatı
Nailiyyətləri Sərgisinin
bürünc medalına
layiq görülüb.
Fikirləşirəm ki, orta
məktəb illərində
sovxoza məhsul yığımına cəlb
edilərdik. Həmin ərəfədə göstərdiyi
zəhmətkeşliyinə görə ola bilər. Özü də təsdiqləyib əlavə
etdi ki, əla oxuduğum və məktəbyanı tədris-təcrübə
sahəsində yetişdirdiyim
yeni alma növünə görə
təltif olundum. Bağçılıq sahəsini
seçsəydi, çox
təcrübəli aqronom,
həm də alim olardı çox güman ki. Ondan dörd il sonra orta məktəbi yüksək qiymətlərlə
bitirdiyinə görə
gümüş medal qazanıb.
1964-1968-ci illərdə Azərbaycan
Dövlət Pedaqoji Universitetinin (o zamankı adı APİ) dil-ədəbiyyat
fakültəsini fərqlənmə
diplomu ilə bitirib. Daha sonra,
1992-ci ildə Türkiyənin
Bursa şəhərində keçirilən türkdilli
xalqların şeir müsabiqəsində birincilik
qazanaraq qalib kimi "Əlişir Nəvai" mükafatının
sahibi olub. "Rəsul Rza", "Nəsimi", "Qızıl
kəlmə" mükafatları
da onun şeirlərinin
firuzə qaşı kimi hər zaman dəyərini artırmaqdadır.
2012-ci ildə Azərbaycan
Respublikası Prezidenti
cənab İlham Əliyevin
sərəncamı ilə
"Tərəqqi" medalı,
2021-ci ildə lll dərəcəli "Əmək"
ordeni ilə təltif olunub. Prezident təqaüdçüsü
olub. Sadaladıqca bitib-tükənməz
bir uğur yolçuluğu. Və bu nailiyyətləri ömrünün illərinə,
aylarına, günlərinə,
bəlkə dəqiqələrinə
bölsək, yüksüz,
çəkisiz təqvim
tapmaq olmaz. Əlbəttə, mən yalnız mükafatların
ordenlərlə, medallarla,
diplomlarla, fəxri fərmanlarla ehtiva edilən tərəfini düşünmürəm. Bunun insan resursları tərəfi də var. Firuzə xanım düz 50 il bir zamanlar tələbəsi olduğu Azərbaycan Dövlət Pedaqoji Universitetində müəllim
işləyib, 1990-cı ildə
"Yusif Vəzir Çəmənzəminlinin tarixi
romanlarının dil və üslub xüsusiyyətləri" mövzusunda
namizədlik dissertasiyası
müdafiə edərək
filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb. Dilçilik kafedrasının dosenti olub. Dilçilikdən, ədəbiyyatdan dərs deyib tələbələrinə
- gələcəyin müəllimlərinə.
Yəni təcrübəli
və istedadlı müəllim gənc müəllimlər yetişdirib.
Özü də tükənməz bir sevgi ilə, böyük bir şövqlə, məsuliyyət
hissi ilə, peşəkarcasına. Həm
də tələbkar,
qətiyyətli, ciddi,
güzəştsiz bir
pedaqoq. Əslində öncədən sadaladığım
ödüllər ikincilərin
yanında çox sönük görünür.
Məhz ona görə də, Firuzə xanımın yaşadığı həyatın
hər anı böyük anlam daşıyır. Orada boş yer, mənasız
bir an yoxdu. Dərin müşahidə
qabiliyyətinə malikdir.
Təxəyyülü güclüdür.
Səbirlidir, inadkardır,
məqsədinə doğru
irəlilədiyi yoldan
kimsə sapındıra
bilməz onu, fikrindən yayındırmaq
mümkünsüz bir
şey. 78 il bundan öncə birinci sinfə gedərkən əlinə qələm tutub hərfləri yazmağı, tanımağı
öyrənməyə başladığı
gündən ta bu ana qədər oxuyur, mütaliə edir, öyrənir, tətbiq edir. Elm aləminə
yeni-yeni töhfələr verir.
Onlarla elmi məqaləsi, monoqrafiyası,
tədqiqat əsəri,
bədii sənət nümunəsi xalqımızın
mədəni irsinə
verilən ən qiymətli töhfələrdir.
Firuzə
Məmmədlinin tərcümələri
də bir ayrı yazının mövzusudur. Türk, rus, özbək, tacik, fars dillərindən
tərcümə etdiyi
şeir nümunələri
oxucular tərəfindən
maraqla qarşılanır.
Hər tərcümə
əsəri barədə
ayrıca danışsaq,
uzun bir siyahı alınar. Bundan başqa, onun əsərlərinə
xarici ölkələrdə
də maraq çoxdu. Onun müxtəlif janrlarda yazdığı əsərləri,
ən çox da şeirləri ingilis, rus, özbək, türkmən, gürcü,
Ukrayna, polyak, fransız, türk, fars dillərinə tərcümə olunmuşdur.
Türkiyədə və
İranda kitabları dərc olunub. Türkiyədə bir şeirinə musiqi də bəstələnib.
Firuzə
xanımın yaradıcılığının
ən mühüm qollarından biri də şeirlə bağlıdır. 1963-cü ildə
Xaçmaz rayonunda çıxan "Dostluq"
qəzetində çap
olunmuş "Ay həkim"
şeiri ilə ədəbi fəaliyyətə
başlayan Firuzə xanım bu günədək
qələmi əlindən
yerə qoymayıb. Düz on il sonra - 1973-cü
ildə ilk şeirlər
kitabı "Gümüşü
damla" çapdan çıxıb. Daha sonra demək olar hər il, iki ildən bir yeni şeir kitabları ilə oxucuların görüşünə
gəlib. Bu yazıda onun "A dostlar, a tanışlar" adlı
bircə şeirini verirəm. Təbii ki, hər sətri, hər bəndi 85 illik kamil bir
ömrün anlarını
xatırladan bu cür şeirləri yüzlərlədir. Və
bu say bu gün də artmaqda davam edir. Çünki firuzə gözlü Firuzə xanımın ilham çeşməsi bulaq kimi çağlamaqdadır.
Firuzə
xanım vətənpərvər,
qəlbi vətən sevdasıyla dolu bir ziyalımızdır. Hələ 1965-ci ildə
o, tələbə ikən
Bütöv Azərbaycan
uğrunda tələbə
hərəkatına qoşulub
və bu yolda dönməzliyini, iradə və əzmini, mübarizliyini odlu-alovlu çıxışlarında
sərgiləyib. Azərbaycanı
Bütöv görmək,
o taylı bu taylı soydaşlarımızla
yenidən eyni bayraq altında birləşib xoşbəxt
yaşamaq onu bir ziyalı kimi həmişə düşündürüb və
bu arzusuna qovuşmaq üçün
həmişə bir əsgər kimi hazır olub.
Əzizimiz, sevimlimiz, dəyərlimiz,
qiymətlimiz Firuzə
xanım, Sizi ömrünüzə yazılacaq
növbəti illərdə
daha da sağlıqlı,
məhsuldar, fədai,
şeirimizin bayraqdarı
bir xanım kimi görmək diləklərimlə...
A dostlar, a tanışlar
Uzaq sanırdım elə, yaxın bilib gəlmişəm,
İçimdə bardaş quran səbrə gülüb gəlmişəm.
Gözümdə - həsrət yaşı...
sözlə silib gəlmişəm,
Sizə
doğru gəlmişəm,
a dostlar, a tanışlar.
Bəlkə də səhv etmişəm, düz etmişəm, bəlkə
də,
Bildim-bilmədim, elə söz etmişəm, bəlkə
də.
Barışmağı-küsməyi tez etmişəm, bəlkə
də, -
Oğrun-oğrun gəlmişəm, a dostlar, a tanışlar.
Həm mənimmiş, həm sizin, öz izim deyiləmmiş,
El-oba məzəmməti, xoş üzü deyiləmmiş.
Bu nə yeriş, bu nə nitq?!
Mən özüm deyiləmmiş,
Yaman yorğun gəlmişəm,
a dostlar, a tanışlar.
Aylar, illər arxada, fikrim, hissim dolaşıq,
Oğrun
baxışınızda - gəlişimə
yol açıq.
Demirəm ki, gəlirəm, qarşılayın,
qol açın,
Şaxta,
çovğun gəlmişəm,
a dostlar, a tanışlar.
Bir az ömür soyuğu, bir az möhnət soyuğu,
İradə yoxluğunda - bir
az töhmət soyuğu.
Məni
çovğun elədi
bir də şöhrət soyuğu,
Solub, solğun gəlmişəm,
a dostlar, a tanışlar.
525-ci qəzet 2025.- 15 oktyabr
(№187).- S.10.