"Qaliley dənizində fırtına
zamanı İsa"
"Bir
rəsmin dedikləri"
rubrikasının budəfəki
qonağı sənətşünas
Nuray Mahmudzadədir. Onunla məşhur Niderland rəssamı Rembrandtın "Qaliley dənizində fırtına
zamanı İsa" əsəri
haqqında danışmışıq.
Rembrandt Harmens van Reyn Niderland rəngkarlığının
"qızıl dövrü"nün
ən görkəmli nümayəndələrindəndir. Onun yaradıcılıq illəri barokko sənətinin ən parlaq və məhsuldar dövrlərindən
sayılır. Rembrandt öz
əsərlərində insanın
hiss və həyəcanlarının
bütün spektrini emosional dolğunluqla ifadə etməyi bacarırdı. Görkəmli
rəssamın əsərləri
janr baxımından
son dərəcə müxtəlifdir.
O, mənzərələr, İncil qəhrəmanları,
mifoloji səhnələr,
portretlər və avtoportretlər yaradıb.
Rəssamın bütün
yaradıcılığı humanizm ruhu və
insan təbiətinin dərin anlayışı
ilə doludur. O, tamaşaçıya insan
duyğularının və
hisslərinin zamanla məhdudlaşmayan mənəvi
aləmini açırdı.
Rembrandt geniş yaradıcılıq
diapazonuna sahib idi. Rəssam hələ sağlığında belə,
Avropa boyunca geniş yayılan qravürləri sayəsində
böyük şöhrət
qazanmışdı. Mənzərələr,
İncil qəhrəmanları,
mifoloji səhnələr,
portretlər və avtoportretlər yaratmışdı.
Onun bütün yaradıcılığı humanizm
ruhu və insan təbiətinin dərin anlayışı
ilə doludur.
Valideynləri onun yaşıdlarından
xeyli fərqləndiyini
görüb əvvəlcə
nüfuzlu bir məktəbə, daha sonra isə Avropanın ən məşhur ali təhsil müəssisələrindən
biri olan Leyden Universitetinə yollamışdılar.
Lakin o, ürəyinin səsini
dinləyərək rəssamlığa
yönəlmək qərarına
gələndə, ailəsi
buna qarşı çıxmadı,
əksinə, qərarını
dəstəkləyərək universitetdən çıxarıb
bir rəssamın emalatxanasına şagird kimi göndərdilər. Sonrakı illərdə
Rembrandt, dövrün işiq-kölgə
ustası hesab olunan Karavaccodan sənət sirlərini öyrənərək öz
üslubuna tətbiq etmişdi. 1631-ci ildə
Rembrandt daimi olaraq
Amsterdam şəhərinə köçür və burada peşəkar portret rəssamı kimi şöhrət qazanır.
- Əsərin yaranması
Rembrandt yaradıcılığının
hansı dövrünə
təsadüf edir?
- Rembrandtın ən məşhur əsərlərindən
biri 1633-cü ildə
çəkilmiş "Qaliley
dənizində fırtına
zamanı İsa"dır.
Bu tablo onun erkən yaradıcılıq
dövrünə aiddir.
Sözügedən əsərin
yarandığı vaxt
29 yaşlı rəssamın
Niderlandın Leyden şəhərindəki
öz studiyasından
Amsterdam şəhərinə köçdüyü dövr
idi. O, aristokratların
portretlərini çəkərək
misilsiz qonorarlar almağa başlamışdı.
Rembrandt bir çox rəssamlar kimi, dini mövzulara böyük maraq göstərirdi. Bu əsər
İncilin Markın Müjdə kitabının
IV fəslindəki "Fırtınanın
səssizləşdirilməsi" mövzusunu təsvir edir. O, burada İsa Məsihin möcüzəsini
və insan təbiətinə təsirini
vizual şəkildə
göstərmək istəyib.
- Əsərin rəng həlli necədir?
- Rembrandtın əsərində
rəng həlli son dərəcə məqsədyönlüdür.
Burada tünd mavi, qəhvəyi və neytral rənglərdən istifadənin
şahidi oluruq. Sol tərəfdəki işıqlı
hissədə günəş
işığın təsiri
ilə daha açıq və isti tonlar - sarı
və açıq qəhvəyi istifadə olunub. Bu hissə dalğaların köpüklü
hərəkətini və
dənizçilərin üz
ifadələrini vurğulayır,
həmçinin hərəkətə
canlılıq və dərinlik verir. Sağ tərəf isə qaranlıq və dramatikdir, tünd mavi və demək olar ki, qara rənglər
dənizin təhlükəsini,
təbiətin gücünü
və qorxu hissini simvollaşdırır.
Bu kontrast işıq-kölgə
oyunu (chiaroscuro) əsərin
əsas emosional təsirini yaradır. Rəng və işıq arasındakı
bu qarşıdurma həm dramaturji, həm də psixoloji təsir yaradır: fırtınalı
və təhlükəli
mühitlə, sakit və əmin olan Xristosun emosional müqayisəsini ön plana çıxarır.
Əsərdə köpüklü
dalğalar və buludlardan süzülən
günəş işığı
mövcuddur. Bu hissə
dənizçiləri, yelkənləri
və hər detalı aydın göstərir: üz cizgiləri və emosiyalar da dəqiq təsvir olunub. Beləliklə, gözlər
instinktiv olaraq sağ tərəfdəki
qorxu və xaosdan sol tərəfə,
işıq və nizamın olduğu hissəyə yönəlir.
Bu rəng harmoniyası
və işıqlandırmadan
ustalıqla istifadə
əsəri statik bir tablo olmaqdan
kənarlaşdıraraq canlı
bir dramatik səhnə kimi göstərir, sanki tamaşaçı hadisələrin
içindədir. Əsər
yağlı boya texnikası ilə hazırlanıb və kətan üzərində
işlənib. Ölçüləri
təqribən 160?128 sm
təşkil edir, yəni orta ölçülü bir tablo sayılır.
- Əsərin kompozisiyası
necədir?
- Tablo həm dini, həm də dramatik kontekstdə böyük əhəmiyyət kəsb
edir. Tabloda kulminasiya nöqtəsi təsvir olunub: qəfildən başlayan sərt fırtına səyahət edənləri
həyat və ölüm arasında mübarizəyə çağırır.
Böyük dalğalar
qayıq burununa çırpılır, güclü
külək qayığı
tərs çevirə
və ya qayalara atacaqmış kimi görünür. Gəmidə xaos hökm sürür; Xristosun şagirdləri təbiətin amansız gücündən dəhşətə
gəlmiş, bəziləri
qayığı suyun
üzərində saxlamaq
üçün canla-başla
çalışır, digərləri
isə qorxu içində donub qalır. Bir nəfər dəhşətə gəlmiş
şəkildə dirəklərə
yapışmış vəziyyətdə
təsvir olunub. Rəssam obrazların psixoloji vəziyyətini tamaşaçıya yüksək
şəkildə çatdırmağı
bacarıb. Əsər
çoxfiqurlu kompozisiyadan
ibarətdir. Rəsmin
dinamik keyfiyyəti, xüsusən də dalğaların və fiqurların hərəkəti,
kompozisiyanın intensivliyinə
töhfə verən ritmik fırça vuruşları vasitəsilə
əldə edilib.
Rembrandt bu əsərində
yaxşı ilə pisin mübarizəsini ustalıqla çatdırır.
Fırtınalı dəniz
və şagirdlərin
panikası bir tərəfdə, İsanın
emosional sakitliyi digər tərəfdədir.
Hər bir detal həm fiqurların bədəni,
həm də üz ifadələri insan zəifliyinin və təbii qüvvəyə qarşı
müqavimət göstərməyin
qeyri-mümkünlüyünü vurğulayır. Bu işıq-qaranlıq
qarşılığı kompozisiyanı iki vizual hissəyə bölür, tamaşaçının
diqqətini eyni zamanda fırtınanın
təhlükəsinə və
ilahi sakitliyə yönəldir. Beləliklə,
dramatikliyi və hadisənin dinamizmi işıq həlli ilə daha da güclənir. Bu rəsmin
Rembrandtın yaradıcılığında
şah əsər hesab olunmasının səbəbi onun dərhal tamaşaçının
diqqətini cəlb etməsidir. Barokk dövrünün şişirdilmiş
dramı realizm duyğusu ilə uğurla birləşdirildiyi
üçün hadisələrin
gedişatını izləmək
daha maraqlı olur. Rembrandt öz portretlərini çəkməyi
sevirdi və 40-dan çox avtoreportaj yaratmışdı. O, həmçinin
çox vaxt özünü əsərlərinə
daxil edirdi; "Qaliley dənizində fırtına zamanı
İsa" da istisna deyildi.
Əsərə diqqətlə
baxsaq, tablonun ön planda, gərilmiş ipə möhkəm yapışmış
və tamaşaçıya
baxan bir heyət üzvünü görmək olar. Rəssam özünü həmin fiqurda təsvir edib. Hadisə dərhal tamaşaçının diqqətini
çəkir, o qədər
dinamik açılır
ki, bunu bir növ bədii film adlandırmaq olar.
- Bir qədər də tablonun başına gələn bəlalardan danışaq.
- Bildiyiniz kimi, 1990-cı ildə tablo, Boston şəhərindəki "Isabella Stewart
Gardner" Muzeyindən digər
12 əsərlə birlikdə
oğurlanmış və
bir daha tapılmayıb. Rembrandtın
bu işi muzeyin ən əsas əsərlərindən
biri idi və oğurlanması böyük şok yaratdı. Bu, ABŞ tarixindəki
ən böyük oğurluqlardan biri hesab edilir. Çoxlarına
maraqlıdır ki, bu
əsərləri divardan
necə çıxarıblar?
Əsərlər divarlardan
çıxarılıb, kadrlarından
kəsilərək götürülüb
və bu günə qədər heç biri geri qaytarılmayıb, boş kadrlar hələ də muzeydə asılıdır.
Oğruları tapmaq məqsədilə istintaqa
başladı, işin
davam etdirilməsinə
kömək edəcək
hər hansı məlumat üçün
5 milyon dollar mükafat
da təklif etdilər.
Təəssüf ki, bu
istintaq uğurla nəticələnmədi və
Rembrandtın əsərinin
və digər oğurlanan əsərlərin
axtarışı hələ
də davam edir. Bu oğurluq bu günə qədər incəsənət
tarixində ən məşhur açılmamış
cinayətlərdən biri
olaraq qalır.
- "Qaliley dənizində fırtına zamanı
İsa" rəssamın digər
əsərləri ilə
hansı ortaq və fərqli xüsusiyyətlərə malikdir?
- Rembrandtın bu əsəri onun yaradıcılığında həm unikaldır, həm də digər əsərləri
ilə bir sıra oxşarlıqlara sahibdir. Əsərin əsas fərqi onun tamamilə hadisə yönümlü
və dəniz mənzərəsi olmasıdır.
Rembrandtın zəngin
portret və dini əsərlər kolleksiyasında dəniz mövzusu yalnız bu tabloda əks
olunub. Bu əsərində
olduğu kimi, digər əsərlərində
də, o özünü
obraz kimi daxil edib. Rembrandt yaratdığı əsərlərdə
- məsələn, "Saskiyanın
portreti", "Saskiya
ilə avtoportret",
"Doktor Tulpun anatomiya dərsi"
(1632), - obrazların xarakteristik
xüsusiyyətlərini və
emosional durumunu incəliklə əks etdirir. Bu, "Qaliley dənizində fırtına
zamanı İsa" əsərindəki
kimi dramatik gərginliyi və insan psixologiyasının təbii ifadəsini canlandırmaqla oxşar cəhət təşkil edir; yəni həm portret, həm də dini səhnələrdə
Rembrandt insanın daxili
dünyasını işıq,
kölgə və ifadələrlə ustalıqla
təqdim edir. O, insan üzlərinin ən incə detallarını - ifadələri,
qırışları, gözlərindəki
parıltını və
hər birinin fərqli xarakter xüsusiyyətlərini məharətlə
təsvir etməyi bacarırdı.
- Sizcə, bu rəsm biz nə deyir?
- Həyatımızın müxtəlif
mərhələlərində hər birimiz fırtınalarla və ya sınaqlarla üzləşirik. Bu fırtınaların
səbəbləri və
müddəti fərqlidir.
Həyat fırtınalarına
nə qədər hazırlıqlı olmağa
çalışsaq da, bəzən
onları sakitləşdirmək
üçün kifayət
qədər daxili gücümüzün olmadığını
görürük. Belə
zamanlarda daha təmkinli qalmaq və hər şeyin düzələcəyinə
dair inam hissinin olması bizi xilas edə
bilər. Fırtınalı
dəniz və panikadakı şagirdlər
insan zəifliyini və təbiətin gücünü göstərir.
İsanın sakitliyi isə iman və
daxili gücün qorxu üzərində üstün gəlməsini
simvollaşdırır. Dalğaların
hiddəti, yelkənin
yellənməsi və
şagirdlərin hərəkəti
izləyiciyə hadisənin
intensivliyini və gərginliyini hiss etdirməyə
xidmət edir. Təbii qüvvələrə
qarşı insan mübarizəsi, eyni zamanda mənəvi və ruhani mövqe arasındakı qarşıdurmanı simvollaşdırır.
Aytac SAHƏD
525-ci qəzet 2025.- 15 oktyabr (№187).- S.14.