Əlizadə Nurinin "Ulduz ətri" adlı yeni kitabı çapdan çıxıb
Bu yaxınlarda şair Əlizadə Nurinin "Ulduz ətri" adlı yeni kitabı çapdan çıxıb.
"Adiloğlu" nəşriyyatında
işıq üzü
görən kitabda şairin son dövr yaradıcılığını əhatə edən şeirləri yer alıb.
Qeyd edək ki, bundan öncə Əlizadə Nurinin "Su notu", "Pəncərəmdə
ağlayan yağış",
"Tanrı, gəl tanış olaq",
"Durna lələyidi
bu yağan yağış", "Tənha
şamın kölgəsi",
"Bir eşqin xatirə
muzeyi", "Ulduzların
göz yaşı"
və "Şeirlə
dolu şəhər"
adlı şeirlər
kitabı çap olunub.
Kitab tanınmış şair
və yazıçıların
Əlizadə Nurinin yaradıcılığıa haqqında
fikirləri ilə açılır. Mərhum
Xalq şairi Zəlimxan Yaqubun kitabda yer alan
fikirlərində bildirilir:
"Hər şairə
ürək qızdırıb
"mənim şairim"
demək olmur. Ancaq mən Əlizadə Nuriyə el-obası, ucqar əyaləti, taleyi, tərcümey-halı, şəxsiyyəti
və yaradıcılığı
ilə "mənim şairim" deyirəm".
Azərbaycan Yazıçılar Birliyin sədri, Xalq yazıçısı
Anar qeyd edir ki, Əlizadə Nuri özünün səmimi
obrazlarla zəngin şeirləri ilə müasir şairlər sırasında layiqli yer tutur.
Yarpaq kimi sığalladım xəzəli,
Öz evimdi, öz yaxamdı, öz əlim.
Yaxşı baxsan, qəmin də ən gözəli
Sevgilitək görünəcək dünyada.
...Səni deyib yuxarını gəzirdim,
Ulduzların axarını gəzirdim...
Mən bəxtimin baharını gəzirdim -
Əzilibmiş çiçək-çiçək
dünyada.
Əlizadə Nuri özü isə
deyir ki, şair ədəbiyyata və əbədiyyətə iddialı
olmalı, dünyanı
qələminin ucunda
hiss etməyi bacarmalıdır:
"Şairlikdə birinci
şərt istedad olmalı, amma zəhmət də gərəkdir. Necə deyərlər, zəhmət
istedadın lampasına
neft tökür. Zəhmət deyəndə
ilk növbədə mütaliə
yada düşür. İstedadı
və mütaliəsi
olmayanlar üçün
şairlik seçim də ola bilir. Bir misra gözəl şeir oxuyub bütün günü həzz içində keçirmək olar. Şeir canişünun tapıntıdır. Aqutakava
"heç bir insanın ömrü Bodlerin bir misrasına
dəyməz" deyəndə
nə qədər haqlı imiş. Sanki Tanrı şairlərə
qismət yazanda xəsislik edir. Arzuların boynubükük
qalır. Arzularla imkanlar üst-üstə düşmür. Mən heç maddi mahiyyəti qabartmıram
ki. Qlobal, mənəvi,
psixoloji faktorlar da insan həyatında bir boşluq yaradır. Mən bütövlüyün tərəfindəyəm:
bütöv şəxsiyyətin,
bütöv mahiyyətin.
Amma metamarfozalar, deqradasiyalar
baş alıb gedir. Dik dura bilmir adamlar. Bilmirəm, bəlkə də adamlar ona görə yıxılırlar ki, ayaqlarını
etibar etmirlər. Ancaq göy üzü çox hündürdür axı.
Başı dik saxlayıb yerimək olar. Ömür qısaldıqca adamlar, elə şairlər də sanki bu
çatışmazlıqların yerini doldurmaq üçün çox danışan, mahiyyətcə
xırdaçı olublar.
Söz bir az urvatdan düşüb
sanki. Bu arada polyak şairi Letsin bir fikri
yadıma düşür.
O deyirdi: "Yığcam
danış, yoxsa bir də görərsən
ki, sözün ağzındaykən
zaman dəyişdi". Bax,
bu sadaladıqlarım
insan ömründə
nələrinsə, həm
də elə kimlərinsə çatışmamasına
gətirib çıxarır.
Baxıb görürsən
ki, şair demişkən,
nəsə çatmır
bu Yer üzündə".
Kitabda şairin fərqli mövzuları əhatə
edən "Ömür-yanmış
zəmi kimi",
"Darıxmağın rəsmi",
"Sular zərrin deyilsə", "Mən
bu qəmin mizanıyam", "Sənə
yağış dərirəm",
"Hər gün bir həqiqət ölür dünyada",
"Dünya özü
boyda şirin almadı", "Çətin
səndən sonra bu şəhər qala", "Darıxan gecə üçün nəğmə", "Sənə
ulduzlardan bir ev qurardım", "Bu dərdin başına tac qoymuşam mən",
"Yol", "Mən
də sükunətdəyəm",
"Bu dünyanı belə
görüb gedirəm",
"Mənim pəncərəmdə
ağlayan yağış",
"Kölgədə işıq"
kimi maraqlı və oxunaqlı şeirləri yer alıb.
Sən demə, ölüm də əkinçi imiş -
Torpaq ömürləri xışlayıb
keçir.
Dünyada nə qədər
köçəri qəm
var,
Mənim
ürəyimdə qışlayıb
keçir.
Şeytana daş atan özü də cinmiş,
Sonuncu ümid də dünən keçinmiş.
Göy üzü üstümdən
gəlib keçibmiş,
Heyf ki, yanımda düşməyib
keçib...
Qeyd edək ki, kitaba şairin rus ədəbiyyatından tərcümələrindən
nümunələr də
daxil edilib.
SEVİNC
525-ci qəzet .-
2025.- 15 oktyabr (№187).- S.14.