"Ana, oğlun elə hərəkət etməz..."
İlkinin ilki Nazlımı qucağında
oxşayaraq "Böyüyərəm
hərbçi olaram, atamı əvəz edərəm. Vətənə
xidmət edərəm"
- söyləyirdi Xanməmməd
babası. Şəhid
olan yeganə oğlunun qız övladı Nazlıma Vətən əsgəri kimi baxırdı böyük ürəkli ata. "Avqustda qızının ad günündə gəlmişdi.
Demə, son gəlişi
imiş. Tez-tez danışırdıq telefonla.
Sentyabrın 26-da danışdıq,
"Uşaqlardan muğayat
ol" dedi. Demə, bu da son zəngiymiş..." Arada
ata göz yaşını gizləyə
bilmir: "Məktəb
illərindən hərbçi
olmağı arzulayırdı.
Hamıya "Hərbçi
olacağam, torpaqlarımızı
azad edəcəyəm
- deyərdi. Mən də "Allah xeyir versin" - deyirdim. Nə deyim? Arzusuydu. Həqiqi hərbi xidmətdən sonra yenidən getdi xidmətə. Gizir kursunu oxudu,
hərbidə qaldı.
Ondan soruşardım
ki, axı sənin işin nədir, neynirsən? Elə cavab verərdi ki, bayrağa and içmişəm,
işlərim haqda heç nə deyə bilmərəm. Bizə heç nə deməzdi. Müharibə başlayandan
hücumda olub. Kənddə başqa yerdəydim, dedilər
"evə get, İlkin
gəlib"... O yol qurtarmadı mənim üçün, ölüm
haqda düşünmək
istəmirdim, amma havam
çatmırdı. Bir də
şəhid kimi döndü doğulduğu
kəndə".
İlkin Xanməmməd
oğlu Kazımov
1995-ci il avqustun 4-də Astaranın
Artupa kəndində doğulub. Yaqub Ağayev adına Artupa kənd məktəbində
təhsil alıb. Hələ şagird ikən hərbçi olmağa qərar verib. 18 yaşından Vətənə xidmət
edib. 7 il ləyaqətli
vətən keşikçisi
- Azərbaycan Silahlı
Qüvvələrinin Quru
Qoşunlarının giziri
olub.
Anası Həlimə
xanım deyir ki: "Hərbçiydi, narahat olurdum. Həmişə məni sakitləşdirərdi,
deyirdi ki, ana, sən narahat olma, bu,
torpaqdır, vətəndir,
müharibə olsa, birinci gedəcəyəm.
Mən getməyim, o getməsin, bəs necə olsun? Torpaqlarımız ermənidə
qalsın? Mən burada rahat yaşaya
bilmirəm onsuz da. Şəhid də ola bilərəm. Şəhid
olsam, ağlama". Məni bu fikirə
alışdırırdı balam... Müharibədən
əvvəl 8 günlüyünə
məzuniyyətə gəlmişdi.
3 gün qalandan sonra gedirəm dedi. Nə olduğunu
soruşdum. Bir problemmi
var? "Ana, oğlun elə
bir hərəkət etməz ki, sən narahat olasan. Sən həmişə başı dik gəzəcəksən oğluna
görə" - dedi.
Həmişə deyərdi
ki, mən hərbiyə
torpaqları azad etməyə getmişəm.
Məzuniyyətini axıra
kimi qalmadı. Vətəni hamıdan çox sevirdi".
Son günəcən müharibə
olacağını deməyib.
Sentyabrın 27-də səhərə
yaxın həyat yoldaşı Aysel xanımla danışıb:
"Özündən, qızımdan
muğayat ol. Əgər oğlum olsa, adını İlkin, qızım olsa, İlkinar qoyarsan" - dedi. Heç nə deyə bilmədim. Dilim söz tutmadı... Üstümə
bir ağırlıq çökdü. Hiss etdim
ki, vəsiyyət edir.
Son arzusunu, vəsiyyətini
yerinə yetirdim. İlkinin heç vaxt görməyəcəyi
qızımızın adını
İlkinar qoydum".
Vətən müharibəsinin
ilk şəhidlərindəndir İlkin Kazımov. Suqovuşan uğrunda Talış kəndi istiqamətində
gedən döyüşlərdə
döyüş tapşırıqlarını
yerinə yetirən
zaman şəhid olub.
"Vətən uğrunda",
"Suqovuşanın azad
olunmasına görə",
"Laçının azad
olunmasına görə"
medalları ilə təltif edilib.
İlkinin ilki - hələ dil açmayan Nazlımın
atasının şəklini
görərkən işıq
saçan gözlərini,
şəkli balaca dodaqlarına aparmasını
unuda bilmirəm. Üzündəki sevinci unuda bilmirəm...
Ürəyimdən bir arzu keçir: Kaş şəhid balalarının gözləri
həmişə belə
işıq saçsın.
Üzlərindəki sevinc
azalmasın. Kaş ki
bu işığı,
bu sevinci qoruya bilək.
Kamalə ABİYEVA
525-ci qəzet. - 2025.- 1 oktyabr
(№177).- S.14.