Yubiley təntənəsi

 

Azərbaycan teatr tarixində ilk yubiley təntənəsi (mətbuatda yomi ali yazılırdı) Cahangir Zeynalov üçün keçirilib. Yubileyin təşkilati işlərini maddi xərcləri "Nicat" cəmiyyəti öz öhdəsinə götürmüşdü. Tağıyev teatrı binası icarəyə alınmışdı 1910-cu il noyabr ayının 30-da, Qurban bayramı günündə sənətkarın səhnə fəaliyyətinin 25 illiyinə həsr olunmuş yubiley təntənəsi reallaşıb. Yubiley rəsmi bədii hissələrdən ibarət idi. Bədii gecədə Cahangir Zeynalovun öz quruluşunda Mirzə Fətəlinin "Lənkəran xanının vəziri" komediyası göstərilib. Yubilyar Vəzir Mirzə Həbib rolunu ifa edib. 4 pərdədən ibarət komediyanın fasilələrində "sazəndə nəvazəndə çalıb-oxuyub".

Yubileyin təntənəli keçməsi üçün 19 noyabrda "Nicat"ın iclası çağırılıb orada yubiley komissiyası yaradılıb. Q.Mirzəzadə komissiyaya sədr seçilib. Yubiley komitəsinin sədrliyi isə Əlimərdan bəy Topçubaşova tapşırılıb. Bakıdakı bütün mədəni-maarif təşkilatlarına dəvətnamələr göndərilib. "Lənkəran xanının vəziri" tamaşasının rus Azərbaycan dillərində olan proqramı çap edilib. Proqramın yuxarı hissəsində rus türk mətnlərinin arasında yubilyarın böyük portreti verilib. Rollarda Hüseyn Ərəblinski (Teymur ağa), Mehdi bəy Hacınski (Xan), M.Şahnəzərova (Ziba xanım), Mixaylova (Şölə xanım), Xumara (Nisə xanım), Stepanova (Pəri xanım), Hüseynqulu Sarabski (Hacı Salah), Mirmahmud Kazımovski (Ağa Bəşir), Ağadadaş Həsənov (Nökər), Rüstəm Kazımov (Xacə Məsud), Məhəmməd Əlvəndi (Səlim bəy), Ağalar Gəraybəyov (Qədir bəy), Sidqi Ruhulla (Səməd bəy), Məmmədbağır Əlinski (Əziz ağa), Ələkbər Hüseynzadə (Əli bəy), Əhməd Qəmərli, Murad Muradov, Əliş Haqverdiyev Qulamrza Şərifzadə (şikayətçilər) çıxış ediblər.

Bayram təntənəsi saat 9-da Topçubaşovun giriş sözü ilə başlayıb. "Nicat" mədəni-maarif cəmiyyəti tərəfindən Səməd bəy Acalov danışıb. Gürcü "Nəşri-maarif" cəmiyyətindən Nasidze, fəaliyyətdə olan Azərbaycan dram dəstələri adından Qulamrza Şərifzadə, "Prosvita"nın nümayəndəsi Semyonov, yəhudi ədəbiyyat cəmiyyəti tərəfindən M.Trop, "Səda" qəzetinin redaktoru Haşım bəy Vəzirov, Bakıdakı "Boyarski truppası"ndan Vyaçeslov, "Füyuzat" jurnalından Əhməd Kamal danışıblar. Həmçinin "Günəş" qəzetinin əməkdaşı, Tağıyevin toxuculuq fabrikinin teatr dəstəsinin (Rza Zaki), "İttihad" məktəbinin nümayəndələri təbrik sözləri söyləyiblər. "Yeni Füyuzat"ın naşiri məşhur turançı Əli bəy Hüseynzadə şəxsi hədiyyəsini yubilyara təqdim edib. Tiflisdən "Molla Nəsrəddin" məcmuəsi idarəsindən, Tiflis cəmiyyəti-xeyriyyəsinin sədri polkovnik İbrahim Vəkilovdan, Baxçasaray Krım tatarları adından "Tərcüman"ın müdiri naşiri İsmayıl bəy Qaspiralıdan (Qaspirinski kimi yazılırdı) gələn təbrik teleqramları oxunub. Qaspiralının məktubunda deyilirdi: "Baxçasaray teatr həvəskarları bütün Krım türkləri adından onlara doğma olan səhnə aşiqi Cahangir Zeynalovu 25 illik çox ağır, ancaq milli mədəniyyətin tərəqqisinə xidmət edən şərəfli yaradıcılıq yubileyi münasibətilə təbrik edir. Yaşa, Cahangir!"

Yubiley münasibətilə "Günəş", "Kaspi", "Nicat", "Səda", "Bakı", "Bürhani-Tərəqqi", "Qafqazskaya kopeyka" qəzetləri məqalələr Nəriman Nərimanovun, Mehdi bəy Hacınskinin, Boyarski truppası aktyorlarının, müxtəlif redaksiya heyətlərinin təbriklərini çap etmişdi. Yubiley gecəsi "Nicat" tərəfindən Səməd bəy Acalov, "Kulturnıy soyuz", Malorus cəmiyyətinin "Prosvita" təşkilatı, "Nəşri-maarif", "İttihad", "Yəhudilər" cəmiyyətləri (Abezqauz, Vitşal, Dimbo), Ukrayna cəmiyyəti, "Yeni Füyuzat", "Molla Nəsrəddin" məcmuələrinin, "Səda", "Tərcüman" qəzetlərinin nümayəndələri aktyoru təbrik etmiş, ona qiymətli hədiyyələr bağışlamışlar. Səməd bəy Acalov yubilyara zər-ziba ilə bəzənmiş qiymətli təbrik albomu, Qulamrza Şərifzadə gümüş lira, "Günəş" qəzetinin nümayəndəsi Məmmədsadıq Axundov qızılla yazılmış ziqiymət ünvan, "Nəşri-maarif" cəmiyyətindən İsgəndər bəy Məlikov gözəl albom təqdim ediblər.

Yubiley təbriklərindən müəyyən sətirləri oxucuların nəzərinə çatdırmaq istəyirəm. Təqdim edəcəyim mətnlər Qulam Məmmədlinin "Cahangir Zeynalov" kitabından götürülüb.

"Günəş" qəzetinin təbrikindən: "25 il bundan əqdəm müsəlmanların ən cahil nadan olduqları bir zamanda sair gözüaçıq ibarətli müsəlman tərəqqipərvərləri ilə bərabər Siz Cahangir millətin aynası olub onun ziştlərini (nöqsanlarını - İ.R.) göstərmisiniz.... Nadan, cahil müsəlmanlar arasında artistlik - oyunbazlıq məsxərəçilik adlanmış bir sənət olduğu halda, Siz onun ən həqiqi ən qiymətli bir vəzifə müqqəddəsliyini anlayıb da artistliyin millətimiz arasında vüsətlənməsinə ən birinci rəhbər olmuşsunuz...

Sizin bərəkətiniz sayəsində olaraq hazırda müsəlmanların iftixarı olan kamil layiqli artistlərimiz səhnəmiz vardır. Cahangir! Yəqin ediniz ki, millətimizdə, Vətənimizdə müşahidə olunan mədəniyyət, tərəqqinin bir vəsiləsi həmin mübarək səhnə olmuşdur. Siz bu səhnənin birinci xadimlərindənsiniz.

Sağ olunuz. Millət Sizi unutmaz, Siz öz müqəddəs məsləkinizdə davam edib bundan sonra da səhnədən əl çəkməyiniz, çalışınız! Millət səhnənin daha da vüsətinə çalışır. Səhnə aynadır, ayna qədər böyük geniş olar isə, o qədər artıq nafe olar. O qədər artıq nöqsanlarımızı müşahidə edəcəyik. Siz əmin olunuz ki, Sizin xidmətləriniz unudulmayacaqdır...

Cahangir, çox yaşa".

"Nicat" cəmiyyətinin təbrikindən: "1885-ci il tarixdə səhnəyə gəldiniz. Axırda qəvi vəzifələr ifa etməyə müqtədir oldunuz. Bu müddətin ərzində hər növ töhmətlərə, sərzənişlərə əziyyətlərə dözüb, tutduğunuz yolda sabit oldunuz, sevdiyiniz səhnədən əl çəkmədiniz. Yalquz səhnə aşiqi olduğunuz yerdə məktəblərdə, darülfünunlarda oxuyan fəqir, yetim ac millət balalarını dəxi yaddan çıxarmadınız. Hansı bir yerdən "kömək" səsi qulağınıza çatsa idi, güman yeriniz bircə idi - səhnə. Tamaşa düzəldib yolda qalan gözləri şad edərdiniz. Bu yolda göstərdiyiniz xidmət elə böyük qulluqdur ki, tarixlər səhifəsinə yazılmağa layiqdir. Şübhə yoxdur ki, elə belə olacaqdır. Səhnə bir mirat - həqiqidir ki, orada hər bir şəxs öz surətini görər. Siz isə bu yolda 25 il xidmət edib, bu müddət ərzində səhnədə üz qaraltmısınız (yəni qrim etmisiniz - İ.R.). etməli, millətin üzünü istəyənin öz üzü qara gərəkdir.

"Nicat" maarif cəmiyyəti həmişə tərəqqiyi-millət tərafdarı olduğundan millət xadimlərinə layiqincə mükafat verməyi özünə borc bilir. O cəhətə Sizə yomi ali düzəldib Sizi təbrik etmək istəyir. Bu niyyət ilə ürəkdən Sizə gözaydınlığı verib deyir: Yaşasın Cahangir! Yaşasın səhnə xadimi!"

"Bürhani-Tərəqqi" qəzetinin 5 dekabr 1910-cu il tarixli sayında dərc olunan təbrikdən: "Biz səsimizi maarifpərəst müsəlmanların səslərinə qoşub, möhtərəm artist Cahangir Zeynalovu ürəkdən təbrik edirik. Afərin, qardaşımız Zeynalov! Bu iyirmi beş ildə milli teatr səhnəmizdə çəkdiyiniz zəhmətlər millətin boynuna bir böyük haqdır. Təşəkkürlər olsun. Xudavəndi aləm ömrünüzü uzatsın, tainki milli teatrımız Siz kimi qeyrətli qardaşların səbəbinə artıq tərəqqi edər".

Yubiley keçiriləndə, dramaturq ictimai xadim Nəriman Nərimanov Hacıtərxanda (Həştərxanda) sürgündə idi. Ona göndərilən dəvətnamə ünvanına gec çatmışdı. Onsuz da o, yubileydə iştirak edə bilməzdi, çünki sürgün cəzasının müddəti hələ başa çatmamışdı. Nəriman Nərimanovun 10 dekabr 1910-cu il tarixli "Bürhani-Tərəqqi" qəzetində çap edilmiş "Açıq məktub"undan: "Əzizim! Milli teatr yolunda etdiyiniz xidmət heç vaxt unudulmayacaq. İstiqbalda milli teatrımız barəsində yazılan tarixlərdə Sizin isminiz söyləniləcək. Söylənib gələcək balalarımıza yadigar qalacaq. Onlar oxuyub da düşünəcəklər: artistdən "oyunbaz" namini götürmək üçün uzun müddət, zəhmətlər, məşəqqətlər!..

Ümid edirəm bu yubiley günündə cəmaətin Sizə alqışları, gələcəkdə milli teatrımıza dair dəyanətinizin qüvvətlənməyinə, qeyrətinizin artmağına məsləkinizin üstə davam etməyə səbəb olacaq.

Teatr tərəqqisinə çalışmalı! Çünki "dinini, millətini sevən şəxs milli teatrını da gərək sevsin". Afərinlər olsun Sizə, əziz, möhtərəm yoldaş!"

Ukrayna truppasının rəhbəri Q.Danilçenko öz təbrik məktubunda sənət dostu Cahangir Zeynalovun 25 illik yaradıcılığını "inam həqiqət" carçısı kimi qiymətləndirmişdi. Xalqın maariflənməsi yolunda fədakarlıqla çalışan insanın qarşısında baş əyməyi özünə fəxarət sayan Danliçenko təbrikini Cahangir Zeynalova həsr etdiyi şeirlə bitirmişdi.

"Bürhani-Tərəqqi" qəzeti 1906-1911-ci illərdə müəyyən fasilələrlə Hacıtərxanda Azərbaycan türkcəsində çap olunub. Naşiri baş redaktoru soydaşımız Mustafa Lütfi İsmayılov Şirvanski idi. Mirzə Ələkbər Sabirin, Məhəmməd Hadinin şeirlərini, Nəriman Nərimanovun siyasətə, elmə, dinə, tibbə mədəniyyətə aid məqalələrini, Bakıda Rusiyada yaşayan ziyalılarımızın müxtəlif mövzulu yazılarını çap edən qəzetin Azərbaycanda xeyli oxucusu vardı. Cahangir Zeynalovun evində bu qəzetin komplekti olub. Sovet hökuməti 1920-ci ildə özü iki il əvvəl rəhmətə getmiş Kərbalayı Cahangirin mülkünü malını amansızcasına müsadirə edəndə, onun şəxsi kitabxanasındakı "Tərcüman", "Bürhani-Tərəqqi", "İqbal", "Açıq söz", "Kaspi"... qəzetlərinin ayrı-ayrı illərə aid komplektlərini götürmüşdü.

Yekaterina Mixaylovna Boyarskinin Bakıda fəaliyyət göstərən truppasında çalışan artistlərin yubiley təbrikindən: "Sizin simanızda fədakarlıqla mübarizə apardığınız möhtəşəm işdə - səhnə xidmətində sizin nisbətən cavan müsəlman teatrınızı təbrik etməyi fəxrlə özümüzə borc bilirik. Əminik ki, sizin kimi müqtədir, parlaq sənət dühalarının fədakarlıqları nəticəsində milli səhnə sənətiniz maarifçilik qüdrəti ilə Avropa mədəniyyətində layiqli yerini tutacaq".

"Nicat" qəzetinin 4 dekabr 1910-cu il tarixli sayında Seyirçi imzası ilə "Yomi-ali şənlikləri" adlı bir yazı verilib. Yazıda deyilir: "1910-cu sənəsi, noyabrın 30-u səşənbə günü tarixi milliyəmizdə qızıl hürufat ilə qeyd olunmağa şayistə bir gündür... İştə əzəmət ülviyyəti heç bir vəchlə inkar olunmayacaq bu günün qəhrəmanı bu nami haqqı ilə ehraz etmiş olan artist Cahangir Zeynalov cənabları idi.

Bu zat o gün elə bir müvəffəqiyyətlə nəticəpəzir olan teatr səhnəsi uğrunda 25 sənə əlləşmiş, çalışmış bu müddət içərisində maddi mənəvi heç bir fədakarlıqdan geri durmadığı kimi, rəhgüzarında təsadüf edən ənvai məvane, müşkülat müzahimə, minlərcə tən sərzənişlərə baxmayaraq, bir dəfə qədəm qoyduğu yolu başa çıxarmaq üçün əzmində sübut etmiş bu sayədə yalnız öz millətini deyil, elm sənaye mühüobi olan bütün millətlərin məzhər - təqdir təhsin - binəhayəsi olmuşdur...

Mərasim-təbrikin xitamında Cahangir Zeynalov özü haqqında göstərilmiş olan asar-məhəbbət qədirşünasidən dolayı qayət mütəəssir olaraq ağladı dedi: "Burada gördüyüm bu şeylər mənə röya kimi görünür. 25 il mütəmadiyən ənvayi həqarət təcavüzətə düçar oldum isə , əlhəmdölillah axırda millətimin mən kimi acizi bir bu qədər təqdir etdiyini gördüm. Mənim üçün bundan böyük ənam olmaz! Kaş ki, min canım olaydı da hamısını millətimə qurban etmiş olaydım!"

 

İlham RƏHİMLİ

 

525-ci qəzet. - 2025.- 1 oktyabr (№177).- S.11.