Xalq artisti Ramiz Quliyev vəfat edib
Azərbaycan mədəniyyətinə ağır itki üz verib. Görkəmli tarzən, pedaqoq, Dövlət mükafatı laureatı,
Xalq artisti, professor
Ramiz Quliyev 15 oktyabr
2025-ci il tarixində, 78 yaşında
vəfat edib.
Ramiz Əyyub oğlu Quliyev 30 aprel 1947-ci ildə Ağdam şəhərində anadan
olub.
1960-cı
ildə Ağdam şəhər 7 illik musiqi məktəbini tar ixtisası üzrə bitirib. Həmin ildən Ü.Hacıbəyli
adına Ağdam Orta İxtisas Musiqi Məktəbində təhsilini davam etdirib. 1964 –1969-cu illərdə
Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında
(indiki Bakı Musiqi Akademiyası) tar və dirijorluq ixtisasları üzrə təhsil alıb.
1963–1974-cü
illərdə Ağdam
və Bakıda musiqi məktəblərində
müəllim işləyib.
Daha sonra Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında
Xalq çalğı
alətləri kafedrasında
tar ixtisası üzrə
müəllimlikdən professorluğa
kimi yüksəlib. Ustad tarzən 1990–2002-ci illərdə həmin kafedraya rəhbərlik edib. 2004-cü ildən ömrünün sonunadək
Bakı Musiqi Akademiyasında “Şifahi ənənəli Azərbaycan
professional musiqisi və
onun yeni istiqamətlərinin
tətqiqi: orqanologiya və akustika” elmi-tədqiqat laboratoriyasının
baş elmi işçisi vəzifəsində
çalışıb.
Ramiz Quliyev pedaqoji fəaliyyətlə yanaşı,
tar ifaçılığı sənətinə dair sanballı kitab və dərs vəsaitlərinin
müəllifidir. Müxtəlif
illərdə nəşr
olunan “Azərbaycan bəstəkarlarının əsərlərinin
tar və fortepiano üçün
işləmələri”, “Xarici
bəstəkarların əsərlərinin
tar və fortepiano üçün
işləmələri” dərs
vəsaitləri, eləcə
də “Azərbaycan və xarici bəstəkarların əsərlərinin
iki tar və fortepiano üçün köçürmə
və işləmələri”
adlı ikicildlik kitabı böyük maraqla qarşılanıb
və bu gün də təhsil ocaqlarında geniş tədris olunur.
Ramiz Quliyev eyni zamanda
Heydər Əliyev
Fondu və Mədəniyyət
Nazirliyinin dəstəyi
və təşkilatçılığı
ilə həyata keçirilən yerli və beynəlxalq incəsənət layihələrində
yaxından iştirak edib, bir sıra
müsabiqələrdə, festivallarda müsiflər heyətinin sədri kimi fəaliyyət göstərib.
Sənətkar Türkiyə, Əfqanıstan,
Suriya, İsveçrə,
Almaniya, Pakistan, Əlcəzair,
Tunis, Hindistan, Yaponiya,
ABŞ, Kanada, Polşa,
Danimarka, İran, İraq, Fransa,
İngiltərə, İsrail,
Norvec və digər ölkələrdə
qastrol səfərlərində
və beynəlxalq festivallarda musiqi mədəniyyətimizi yüksək
səviyyədə təmsil
edib.
Ustad tarzənin musiqi mədəniyyətimizin inkişafındakı
xidmətləri dövlətimiz
tərəfindən daim
yüksək qiymətləndirilib.
O, “Əməkdar artist” (1982), “Xalq artisti” (1988) fəxri adlarına, “Şöhrət” (2007) və
“Şərəf” (2017) ordenlərinə,
eləcə də Azərbaycan Respublikasının
Dövlət Mükafatına
(2014) layiq görülüb.
Sənətkar 2004-cü ildən
Prezidentin fərdi təqaüdçüsü idi.
Allah rəhmət eləsin.
525-ci qəzet .-
2025.- 16 oktyabr (¹188).- S.9.