Qəhrəmanlığın səhnə
salnaməsi
Ədəbiyyat
bəzən tarixin yaddaşından da dərin iz buraxır -
çünki o, faktları deyil, ruhları yaşadır.
Abdulla Qurbaninin "Məbəddə döyüş"
pyesi də məhz bu ruhu yaşadan sənədli-bədii xatirədir.
Bu əsər Azərbaycanın Milli Qəhrəmanı Natiq
Qasımovun həyatına, onun döyüş yoluna, fədakarlığına
və şəhidliyinə həsr olunub. Pyes sənədli
olsa da, hadisələri quru faktlar kimi yox, bədii emosiyanın
dili ilə təqdim edir. Əsərin əsas ideyası bir
insanın, bir əsgərin timsalında Azərbaycan əsgərinin
mənəvi portretini yaratmaqdır. Burada qəhrəman təkcə
düşmənə qarşı döyüşmür - o, həm
də qorxu, ölüm, taleyin sükutu ilə
döyüşür. N.Qasımov və onun döyüş
yoldaşları "silahı yerə qoymamaq"
anlayışını yalnız əmrlə deyil, vicdan borcu
ilə yaşadırlar. Bu baxımdan pyes təkcə hərbi
dram deyil, həm də mənəvi döyüş
meydanıdır.
Məsələn,
rabitəçi əsgərin "Qaqa, mən qorxmuram
ki..." sözləri sadə xalq danışığı
ilə səslənsə də, bu sadəliyin arxasında
ölümə hazırlığın, Vətənə sədaqətin
dərin mənası gizlənir. Əsgərlərin
döyüşdən əvvəl himni oxuması səhnəyə
dua və müqəddəslik çaları gətirir. Sanki
pyesin qəhrəmanları artıq insan deyil, simvola
dönür: onlar torpaqla, bayraqla, vətənlə birləşirlər.
Növbəti
şəkildə rabitəçi, arxasınca digər
yoldaşları da şəhid olur və Natiq tək qalır.
Burada A.Qurbaninin ən güclü dramaturji seçimlərindən
biri qəhrəmanı təkliyin içində sınağa
çəkməkdir. Natiq qorxuya məhəl qoymur,
özünü itirmir; o, pəncərədən-pəncərəyə
keçərək həlak olmuş əsgərlərin
silahından atəş açır və məbədin
içini "çoxluq" təsiri yaradacaq şəkildə
doldurur. Bu səhnə həm fiziki qəhrəmanlıq, həm
də səhnədə təsir üçün ideal bir
mexanizm yaradır, şəhidlik estetikasını pafossuz təqdim
edir. Müəllifin dili burada qısa, kəskin cümlələrlə
işləyir - səhnə nəfəs kəsir, ritm
artır, oxucu/tamaşaçı Natiqin hər atəşində
həm fiziki, həm də mənəvi bir
"hesablaşma" hiss edir.
Dialoqların
ikinci böyük bloku - səhra komandiri ilə kapitan, baş
leytenant arasındakı mübahisə müharibənin idarə edilməsindəki
əxlaqi və əməli boşluqları göstərir:
kilsəni ələ keçirmək üçün verilən
tapşırıqlar, psixoloji yorğunluq, bölgəyə gətirilmiş
döyüşçülərin, xüsusən Xocalıdan
gətirilənlərin davranışı və nəticələr.
Komandir və
kapitanın dialoqları müharibənin təkcə hərbi
deyil, mənəvi səviyyədə də gərginliyini
göstərir. Burada həm Xocalı travmasının izləri,
həm də əmrlə vicdanın toqquşması
açılır. A.Qurbani göstərir ki, döyüş
yalnız tanklardan və pulemyotlardan ibarət deyil, o,
yaddaş, danılmaz günah və gələcək siyasətin
formalaşmasıdır.
Sənədli
pyes olaraq "Məbəddə döyüş" faktlara
söykənir: real adlar, hadisə məkanları, konkret
taktiki məqamlar. Amma Qurbani bu faktları soyuq reportaj yox, hissli
mətn halına gətirir. Komandirin əmri, kapitanın
izahı, əsgərlərin danışığı -
hamısı həm informativ, həm rezonanslıdır. Dil səhvlərinə
və bəzən dialekt/şivə notlarına görə səhnələr
daha inandırıcı görünür; xalq nitqi əsərdə
real atmosfer yaradır. Himn səhnəsi, son atışma,
komandirin təcili qərar çağırışı
pyesin ritmini tənzimləyir və kulminasiyanı gücləndirir.
Üçüncü
şəkil pyesdə emosional zirvə nöqtəsidir. Burada
döyüş səngiyir, sükut çökür və səhnə
qəhrəmanlıqdan ilahi mərhəmətə keçir.
Natiqin pəncərədən baxaraq düşməni izləməsi,
lakin silahı bir anlıq yerə qoyub şəhid
yoldaşlarının gözlərini sığaması,
onların üzlərini Qibləyə çevirməsi
müharibə səhnəsində imanın öncəliyi
kimi oxunur.
Rabitəçi
əsgərin ruhu ilə danışması səhnəni simvolik səviyyəyə
qaldırır: burada ölüm yox, şəhidliyə
yüksəliş var. Bu səhnə həm də pyesin əsas
fəlsəfi ideyasını açır: ölüm yox,
şəhidlik var; itki yox, zirvəyə yüksəliş
var.
N.Qasımovun
məktub səhnəsi sənədli və poetik qatın birləşdiyi
yerdir. Bu məktub həm qəhrəmanın vəsiyyəti,
həm də Azərbaycan əsgərinin kolektiv səsi kimi səslənir.
O, təkcə ailəsinə deyil, bütöv millətə
müraciət edir: "Öləndə üstümə
bayraq sarın ki, torpağın altında rahat yatım".
Bu cümlə pyesin və artıq ümumən Qarabağ
müharibəsi ədəbiyyatının simvolik
sitatlarından birinə çevrilmişdir.
Dördüncü
şəkil isə pyesin ən sərt sənədli hissəsidir.
Burada hadisə düşmən tərəfdən - Əsgəran
milis şöbəsinin həyətindən təsvir olunur.
Müəllif bu səhnədə qəhrəmanlığı
bir kənara qoyur, insanlıq ölçüsünü
sınağa çəkir.
Erməni
komendantın və səhra komandirinin davranışları,
girovların işgəncəsi, qadın və
uşaqların təhqir olunması müəllifin sənədli
araşdırma ruhunu göstərir.
O, hadisəni
təsvir yox, sənət dili ilə çatdırır.
-
"Qarabağ kimindir?"
-
"Qarabağ Azərbaycanındır".
Bu dialoq
sadə bir sual-cavab deyil, milli kimliyin möhkəmliyi,
inamın sınmazlığı səhnəsidir. Gəncin
boğazına torpaq basılması və onun bu torpağı
udaraq "Qarabağ Azərbaycandır" deməsi həm
fiziki, həm də rəmzi mənada torpağa qovuşmaq,
şəhidliklə birləşməkdir.
Səhra
komandiri və beynəlxalq müşahidəçilərin gəlişi
isə hadisənin propaqanda və reallıq arasındakı
uçurumu açır. Komandirin "bizə vəhşi deməsinlər
deyə, yaralıları gizlədin" sözləri,
yalançı humanizmin pərdəsini qaldırır. Burada
A.Qurbani təkcə müharibəni yox, müharibə
yalanını ifşa edir.
Səhra
komandirinin dilindəki "biz insansevər xalqıq"
cümlələri isə ironiyanın zirvəsidir.
Tamaşaçı həmin an artıq onun insanlığa yad
olduğunu bilir. Bu, sənədli pyesin ən təsirli
üsullarından biridir - müəllif heç nəyi şərh
etmir, hadisənin özü özünə hökm
çıxarır.
Beşinci
şəkildə hadisələrin mərkəzinə yenə
Səhra komandiri çıxır. O, zahirən təmkinli,
"mədəni", "humanist" obraz kimi təqdim
olunur, amma bu sakitliyin altında saf və sistemli yalan mexanizmi
gizlənir. Əslində bu səhnə "yalanın
teatrı"dır. Burada hər kəs rol oynayır: komandir
"humanist", Sarzinin və Smirnov "neytral jurnalist", əsirlər
isə "təhlükəsiz qonaqlar" kimi göstərilir.
Onlar Qərbin
vicdanını təmsil edir, amma bu vicdan kor və kar vəziyyətdədir.
Sarzinin
"üz-gözlərindən bəllidir, çox
yaxşı baxırsınız" sözləri kinayə
kimi səslənmir, bu, həqiqətən də onun görmək
istədiyi mənzərədir. A.Qurbani burada publisistik
baxımdan çox vacib bir mesaj verir: "Dünyanın
baxış bucağı çox vaxt ədalətin deyil,
marağın istiqamətində olur".
Jurnalistlər
pyesdə informasiya daşıyıcısı deyil, mənəvi
məsuliyyətdən qaçan tamaşaçıdırlar.
Onlar baxırlar, amma görmürlər.
Cəfər
müəllimin könüllü irəli çıxması
pyesin sarsıdıcı anlarından biridir. O, sadəcə
bir əsir deyil - xalqın mənəvi yaddaşıdır.
Onun dedikləri artıq fərdi dialoq deyil, tarixin içindən
gələn ittiham aktıdır:
"1988-ci
ildə Sumqayıt hadisələrindən qabaq Xankəndidə
Tibb İnstitutunun iki azərbaycanlı qız tələbəsinə
kim təcavüz etdi?" "Xocalıda diri-diri
yandırılan günahsız insanların qatilləri kimlərdir?"
Bu suallar
tarixin içindən səslənən sənədlərdir.
Müəllif burada bir tədqiqatçı kimi davranır və
pyesin sənədli təməlini bədii dramaturgiyaya
çevirir.
Komendantın
"Sarı gəlin"i zümzümə etməsi pyesdə
simvolik final kimi səslənir. Bu mahnı Azərbaycan
xalqının həm sevgisini, həm də kədərini
daşıyır. Onu düşmənin oxuması isə
sevgini də, kədəri də təhqirə çevirir. Beləcə,
müəllif bircə səhnədə həm Qarabağ həqiqətini,
həm də insanlığın yalan üzərində
qurulan müasir dünyasını ifşa edir.
"Məbəddə
döyüş" pyesinin II hissəsində səhnə
tamamilə başqa bir ton alır: müharibənin səhnəsindən
evin səhnəsinə, ölümün sükutundan ümid
və sevginin işığına keçir.
Əvvəlcə
səhnədə "Qonşu qız" mahnısı səslənir.
Bu, sadəcə musiqi deyil - xatirələrin,
uşaqlığın, itirilmiş sülhün səsidir.
A.Qurbani burada çox incə bədii paralellik yaradır: hələ
bir az əvvəl "kilsə döyüşü" səhnəsində
insanlıq məhv olurdu, indi isə bu evdə ana ilə
qızın dialoqunda o insanlıq yenidən dirilir.
"Bilmirəm
balamın başında nə qəza var. Öldüsü,
qaldısı da bilinmir... Natiq əsir düşəsi
oğul deyil". Burada Dursun ana həm xalqın
inamını, həm də Azərbaycan əsgərinin əxlaqını
təcəssüm etdirir.
Qonşu
qız obrazı pyesin poetik və simvolik fiqurlarından biridir.
O, müharibənin içində belə sevginin və
ümidin sağ qalmasını təmsil edir. "Bu səmənini
özüm göyərtmişəm. Su əvəzinə
göz yaşlarımla sulamışam" - deyir. Göz
yaşları ilə sulanan səməni xalqın öz
ağrısından həyat yaratmaq bacarığıdır.
Pyesdə
Novruzun gəlişi təsadüfi deyil. Bu, müəllifin
dramaturji fəlsəfəsində ölümlə həyatın
bir araya gəldiyi andır.
"Dağlar
lala boyanır, yaşıl-ala boyanır. Hər obada, hər
eldə Novruz tonqalı yanır..." misraları müharibənin
qaranlığına qarşı qoyulmuş işıq
simvollarıdır.
Altıncı
şəkil pyesin mənəvi kulminasiyasıdır. Burada
Natiq artıq təkdir, halsızdır, lakin silahını yerə
qoymayıb. Natiqin məbəddən çıxarkən son
sözləri: "Bayrağımla birgə ölümün
üstünə gedirik!" Burada pyes öz zirvəsinə
çatır: məbəd - döyüş - şəhid -
bayraq zənciri tamamlanır.
Pyesin son
iki - yeddinci və səkkizinci şəkli Abdulla Qurbaninin sənədli-bədii
dramaturgiyasının zirvəsidir. Hadisələr o qədər
canlı, o qədər reallıqla yazılıb ki, oxucu bu səhnələrdə
Natiqin yanında, onun şəhidlik anının şahidi kimi
hiss edir özünü.
Səhnə
"Səhra komandiri"nin təkəbbürlü, təhqiramiz
replikaları ilə başlayır. Müəllif burada erməni
işğalçısının mənəvi
deqradasiyasını çox incə üsulla göstərir:
o, "çörəyi ver çörəkçiyə"
deyib öz barbarlığını "peşəkarlıq"
kimi təqdim edir. Bu səhnə Natiqin
qarşısındakı düşmənin yalnız silahla
deyil, həm də mənəviyyatsızlıqla
silahlandığını göstərir.
Ancaq
Natiqin bir baxışı - "düşmənə elə
qəzəblə baxır ki, onlar qorxaraq geri çəkilirlər"
- artıq göstərir ki, ruh qalib gəlmişdir. Bu, pyesin həlledici
dönüş nöqtəsidir: güc silahda deyil, dəyanətdə
və vicdandadır.
Əsərin
ən güclü, ən yaddaqalan replikası yenə qəhrəmanın
dilindən gəlir: "Onlar ölü deyillər, onlar şəhidlərdir.
Ölü isə insanlığa qənim kəsilən,
faşist xislətli insanlardır. Sizlər sağ ikən
ölülər, məbəddəkilər isə
ölümlərindən sonra yaşayacaq dirilərdir".
Bu sətirlər
Abdulla Qurbaninin dramaturji imzasıdır. Burada həm Azərbaycan
şəhidliyinin fəlsəfəsi, həm insan və
qeyri-insan arasındakı fərq, həm də bədii ədalət
ifadə olunur.
Səhra
komandiri Qasımova iki yol təklif edir: "Ya bu yolu seç,
ya da gedər-gəlməz uzun bir yolu". Qasımovun
cavabı bəşəri və poetikdir: "Vətən
xaini olmaq istəmirəm! Bundan dəhşətli, ağır
cəza yoxdur!" Bu, bəlkə də bütün pyesin fəlsəfi
mərkəzidir. Burada Vətən məfhumunun əxlaqi
çəkisi ön plana çıxır: Vətən
yalnız torpaq deyil, həm də vicdanın yeridir.
Finalda
Natiqin bayrağı verməməsi, "Mənim
bayrağıma atılan güllə, mənim ürəyimə
sancılacaqdır!" cümləsi, pyesin emosional
kulminasiyası və ideya yekunudur.
Natiqin son
baxışı - "məbədə doyunca baxmaq istəyi"
şəhidliyin poetik anıdır. Sanki o, yalnız daş
binaya deyil, öz ruhunun, xalqın imanının, şəhid
dostlarının ruhunun məbədinə baxır. Müəllif
burada bayrağı insanın ürəyi ilə birləşdirir:
artıq bayraq maddi parça deyil, insanın canı kimi təqdim
olunur.
Səkkizinci
şəkil Natiq Qasımovun edam səhnəsi - bir tərəfdən
düşmənin vəhşiliyinin ifşası, digər tərəfdən
Azərbaycan əsgərinin mənəvi
ucalığının zirvəsidir.
Natiqin
"Mən öz əsgər andıma sadiq qalaraq postumu tərk
etmədim" sözləri yalnız fərdi and deyil, bir millətin
əsgər andına çevrilir.
Səhra
komandiri, düşmən kütləsi, ağlayan analar - bu səhnədə
bir qaranlıq fon kimi görünür, onun ortasında isə
Natiq işıq kimi ucalır. O, ölümün içində
də nur saçır. Söylədiyi şeir "Mənim
bayrağım, Azərbaycan bayrağım..." pyesin musiqi
kimi səslənən son notasına çevrilir. Artıq o,
danışmır, o, dua edir.
Finalda səslənən
Prezidentin səsi, real bir dövlət sənədinin səsləndirilməsi
- sənədli pyesin janr sadiqliyinin ən parlaq nümunəsidir.
Lakin bu sənəd sadəcə hüquqi sənəd kimi
deyil, ədalətin bədii təsdiqi kimi səslənir.
Adilə
NƏZƏROVA
Filologiya
üzrə fəlsəfə doktoru
525-ci qəzet 2025.- 16 oktyabr (№188).- S.13.