Naməlum
(Əslində,
bu cür hüznlü, cansıxıcı başlayan hekayələrdən
xoşum gəlmir. Amma neyləmək olar, faciə həmişə
hüznlü olur...)
...Hərbi
maşın keçilməz dağ yolları ilə
sürüşə-sürüşə, yeri
cırmaqlaya-cırmaqlaya üzü yuxarı
dırmaşırdı. Ala-çalpov yağan qar havadaca əriyirdi.
Payızın ortaları olsa da, görünür, yay hələ
ayağını buralardan kəsməmişdi. Hərbi səyyar
hospital yuxarıda, meşəliklərin arasındaydı...
Hava
ovqatına uyğun gəlirdi. Qaşqabaqlı, küskün,
kədərli. Yox, o, belə fikirləşmirdi, onda fikirləşməyə
hal nə gəzirdi? Mən sizdə tam təsəvvür
yaratmaq üçün deyirəm...
Kabinada
oturmuşdu. Kələ-kötürdə atılıb
düşməyini, maşının sürüşməyini
belə hiss eləmirdi. Fikri naməlum əsgərin
yanındaydı. Ürəyi döyünür, ağzı
quruyurdu. Hərdən maşının pəncərəsini
aşağı endirib, çöldə yağan qardan ovcuna
yığıb, ağzına-üzünə sürtmək
istəyirdi. Amma buna ürək eləmirdi. Elə bilirdi ki, pəncərəni
açsa, düşüncələri də, oğlunun
tapılmasına olan ümidlər də kabinadan
çıxıb qaçacaq.
Sürücü
bir siqaret çıxarıb yandırdı. Tüstüsü
kabinəni bürüdü. Onun da ürəyindən siqaret
çəkmək keçdi. Çəkən deyildi, amma kədərli
vaxtlarında kimdənsə bir siqaret alıb dodağına
qoymuş, ya da əlində fırlatmışdı. Siqaret
çəkməkdən qorxurdu. Bu qorxu uşaqlıqdan
qalmaydı. Onu bir dəfə aldatmışdılar. O da
siqaretin tüstüsünü nəfəsinə çəkmiş
və rəngi göyərənə qədər
öskürmüşdü. İndi də əsgərdən
almaq istədi, amma qıymadı, əsgərdə pul
hardandı, duruxdu, eləcə pəncərəni
aşağı saldı ki, tüstü çıxsın.
Tüstü yuvasından uçan quş kimi pırr eləyib
çıxdı, içəri qar dənələri
düşdü, tezcə də əridi. Ondan olsaydı, pəncərə
açıq qalardı, çünki canı
qızışırdı, bədəni od tutub
yanırdı, sanki ocağın üstündə
oturmuşdu. Əsgərə baxdı, soyuqlayıb eləyərdi.
Onun da gözləyəni var axı. Pəncərəni
yuxarı qaldırdı.
Əsgər
kişinin ona baxdığını görəndə
çaşan kimi oldu:
-
Ağsaqqal, sizə pis təsir edirsə, çəkməyim?
- ədəblə soruşdu.
Əsgərin
dilimi dolaşdı, yoxsa anadan gəlmə pəltək idi,
bilmədi. Çünki sözlər ağzından
qırıq-qırıq çıxdı.
- Yox,
işində ol, - dedi və başını soyuq pəncərəyə
söykədi...
Bir xeyli
sakitcə getdilər. Amma kiminləsə danışmağa,
ürəyini açmağa ehtiyac duyurdu. Ona görə də:
- Necə
bilirsən, görən odur? - deyə maşını sürən
əsgərdən xəbər aldı, yazıq və müti
görkəmlə cavabı gözlədi. Ona elə gəldi
ki, indi oğlunun taleyi sürücünün verəcəyi
cavabdan asılıdır.
Əsgər
cavan idi, mürdiklik yaşına hələ çox
vardı, elə cavansayağı da cavab verdi:
- Nə
deyim, ağsaqqal, - kişinin
tük basmış sir-sifətinə, çuxura
düşmüş gözlərinə baxıb
etinasızcasına dilləndi, - ora çox adam
aparmışam, hərə bir söz deyib: biri deyib ki, onun
oğluna oxşayır, amma filan nişanəsindən ona bənzəmir,
bir başqası, yaralının vəziyyətini eşidəndə
baxmaq da istəməyib, qaçıb otaqdan çıxıb
ki, mənimki deyil. Bilirsən, ağsaqqal, deyirlər ki,
üz-gözü çox pis vəziyyətdədir. Nə mərmidirsə,
zirehli maşının güzgüsünü dəlib
keçib, qəlpələri üz-gözünü
dağıdıb. Özü də zəhərlidir, deyirlər,
bütün bədəni yara töküb. Yazıq neçə
gündür komadadır.
Əsgərin
bu sözlərindən sarsıldı, üzünü
qatı duman bürüdü. Bununla belə, özünü ələ
aldı, dərindən ah çəkərək dedi:
- Təki
mənim oğlum olsun, dözərəm!
Əslində,
o da naməlum əsgərin öz oğlu olmasını istəmirdi,
amma evdəkilər başqa cür
düşünürdülər. Qonum-qonşu,
bacı-qardaş - hamı ayaq üstə idi. Bacıları
madar qardaşlarından ötrü dil deyib
ağlayırdılar...
Oğlu
iki həftə idi ki, itkin düşmüşdü.
Döyüşçü yoldaşlarının sözlərinə
görə, onun yaralandığını görüblər,
amma hara aparıldığını bilmirlər.
Ölkədəki
hospitalların, xəstəxanaların hamısını
axtarmışdlar, amma oğlunun nə ölüsünü,
nə də dirisini tapmışdılar. Bircə ümid indi
getdiyi səyyar hospital idi. Orda naməlum bir yaralının
olduğunu demişdilər.
Evdən
çıxanda arvadı, az qala, ayağına
düşüb göz yaşları içində
yalvarmışdı:
-
Ölüsünü də olsa, tap gətir, özünü
olmasa da, heç olmasa başdaşını qucaqlayım,
üz tutduğum, tapındığım bir məkan olsun!
Bilim ki, balam ordadır!
Telefonla
ona zəng edən adam:
-
Yuxarıdakı hospitalda bir naməlum əsgər var,
komadadır, sir-sifəti tanınmaz haldadır, bəlkə
sizin uşaqdır! - demişdi.
"Lap
şikəst olsun, təki nəfəsi gəlsin" - ürəyində
fikirləşmişdi.
Oğluna
adı özü qoymuşdu: Qəhrəman. Ona görə
yox ki, gələcəkdə onun qəhrəman
olmasını istəyirdi. Sadəcə bu, taleyin qismətiydi.
İllər öncə arvadı altı qızdan sonra yeddinci
uşağa hamilə qalanda onu məktəbə
aparmışdı. Özünün köhnə
"jiquli"sində. Arvadı ibtidai sinif müəlliməsiydi.
Həmin gün də, indiki kimi, ala-çalpov qar
yağırdı. Külək də bir tərəfdən
göz açmağa imkan vermirdi. Taleyin qismətiymiş, yəqin...
Arvadı
ayaqlarını zorla ata-ata, sürüşməmək
üçün havanı tuta-tuta gedirdi. Bir-iki dəfə də
sürüşdü, amma yıxılmadı. Başqa vaxt
olsaydı, yıxılardı, yəqin. Qarnındakından
qorxdu.
O,
arvadına baxır, bir tərəfdən ürəyində
onu acılayır, oğlan doğmadığına görə,
o biri tərəfdən isə halını yadına
salır, köməksizliyinə, əlacsızlığına
görə yazığı gəlirdi. Arvadı danlananda
ürkək dovşanlar kimi bir küncdə
büzüşüb oturur, əsim-əsim əsir,
başını aşağı dikib qalır, ya da
özünü qızlarına cehizlik
hazırlayırmış kimi göstərirdi. Əri
yanından keçəndə özündən asılı
olmadan əlini başına aparırdı. Bax onda
özünü dünyanın ən alçaq adamı hesab
edirdi.
Bütün
kişilər kimi, o da oğlan istəyirdi. Oğlan mərdiməzar
çəpəridir, evin dayağıdır. Hirslənəndə
bunu arvadına da deyir, üstünə
qışqırır, hətta bir-iki qapaz da ilişdirirdi...
Arvadı
məhəccərdən tuta-tuta məktəbin pillələrini
qalxdı, qorxusundan geri də baxmadı. Amma dəqiq bilirdi ki,
əri onun arxasınca baxır.
Maşını
döndərib geri qayıtmaq istədi. Bu zaman hardansa -
qarın, küləyin içindən bir səs qopub onun
qulaqlarına sırğalandı: Qəhrəman!
Kimsə
oğlunu haraylayırdı.
"Qəhrəman!"
- deyə düşündü. Deməli, oğlum olacaq.
Adı da olacaq Qəhrəman. Ürəyi rahatlandı, isindi.
Sanki küləkli, qarlı hava yoxa çıxdı, əvəzində
isə qıpqırmızı Günəş doğdu.
Kəsdiyi
qurbanlar Günəşə doğru qaçdılar.
Tanrını müjdələdilər...
Həmin
günləri fikirləşə-fikirləşə,
arvadının indiki halını çək-çevir edə-edə
oğlunun yaralı olduğu hospitala
yaxınlaşırdı.
Naməlum
əsgərin yanına adam gəldiyini eşidəndə
növbətçi həkim çölə çıxdı.
Yenə də
ala-çalpov qar yağırdı. Düşündü ki,
bu, yaxşı əlamətdir. Oğlunun adını eşidəndə
də hava beləydi axı. Ürəyi sakitləşən
kimi oldu.
Səyyar
hospitalda kiminsə gələcəyini bilirdilər. Hərbi həkim
onu görən kimi məsələni başa
düşdü:
- O əsgər...
- zabit susdu, sözünün
dalını gətirməyə cürəti çatmadı.
Həkimin
üzündəki tutqunluğu görəndə dalağı
sancdı.
- O
hardadır? - deyə titrək səslə soruşdu, əslində
soruşmaq istəmirdi, söz ağzından qeyr-ixtiyari
çıxdı.
-
Ordadır, - zabit başı ilə içəriyə
işarə elədi.
Bir
müddət dayandı, onu gətirən əsgərin
sözləri qulağında cingildədi, içəri girməyə
ürək eləmədi... Bir addım atmışdı ki, həkimin
sop-soyuq səsini eşitdi. Elə bil onun səsini don
vurmuşdu:
- Amma o...
O daha yoxdur, dünən gecə keçindi. Nə qədər
çalışsaq da, həyatda saxlaya bilmədik, - həkim
kinodan eşitdiyi təsəlli sözləri
mızıldandı.
Bu
sözlərdən tutuldu, rəngi qapqara qaraldı. Yerində
donub qaldı. Handan-hana arxaya dönüb:
- Bəlkə
heç mənim oğlum deyil?! - deyə ona bu kədərli xəbəri
verən hərbi həkimin üzünə yazıq-yazıq
baxdı.
- Gödəkcəsinin
döş cibinin üstündə sizin oğlunuzun adı,
soyadı yazılıb, - həkim həyatdan bezmiş adamlar
kimi candərdi dedi, sonra isə əlavə elədi: - Bəzən
olur belə şeylər. Əsgərlər tələsəndə
bir-birilərinin gödəkcəsini səhv salırlar. Dəfələrlə
şahidi olmuşam. - İnanmırsınızsa,
özünüz ona baxa bilərsiniz, amma sifətdən
tanıya bilməzsiniz. Bəlkə hansısa nişanələrindən...
Ayaqları
əsə-əsə naməlum əsgərin
uzandığı çarpayıya yaxınlaşdı.
İçəri qaranlıq idi, amma çöldən
düşən işıqda meyiti görə bilirdi.
Baş tərəfdən
yox, ayaq tərəfdən başladı, əllərilə
meyitin buz kimi ayaqlarını sığalladı,
üzünü isə açmadı. Bəlkə sifətini
görməkdən qorxdu.
Bir xeyli
dayandı. Nə edəcəyini, nə deyəcəyini bilmədi.
Qulağına arvadının, qızlarının vay-şivəni,
dil deyib ağlamaları, qonum-qonşunun mənasız təsəllisi
gəldi...
Ağır-ağır
çölə çıxdı. Üzündə heç
bir ifadə yox idi.
- Odur? - həkim
astadan, az qala, pıçıltıyla xəbər aldı.
Bir
anlığa duruxdu, handan-hana başı ilə təsdiqlədi.
Oğlunun
cənazəsini getdiyi maşınla və bir neçə əsgərlə
birlikdə kəndə gətirdi.
Ağlayıb
eləmirdi. Gözlərini bir nöqtəyə zilləyib
durmuşdu. Sürücü də
dinib-danışmırdı. Yəqin məsələdən
xəbərdar idi.
Karıxdığından
çevik (mobil) telefonunu da evdə unutmuşdu. Yola
düşməzdən qabaq həkimin telefonunu alıb,
qardaşına zəng eləmiş, bircə kəlmə
demişdi:
-
Hazırlıq görün, gətiririk.
Qardaşı
da məsələni anlamış, heç nə deməmişdi.
Kəndə
gecəyarısı çatdılar. Qohum-əqrəba,
qonum-qonşu hələ də onların həyətindəydi.
Çadır da qurulmuşdu. Oğlunun şəklini mərasim
çadırının baş tərəfindən
asmışdılar. Oğlu həmin şəkli orta məktəbi
qurtaranda, son zəngdə çəkdirmişdi...
"Başın
sağ olsun! Vətən yolunda şəhid olub!" kimi təsəlli
sözləri güclə eşidirdi, elə bil, bu səslər
lap uzaqlardan, bayaq getdiyi dağlardan da o tərəfdən gəlirdi...
Dinməzcə
qoyun ağılına yaxınlaşdı. Qara erkək
toğlunu çölə çıxardı. Evə
keçdi, qırmızı lent gətirib toğlunun
boğazına bağladı, qardaşını səslədi,
özü də həyətin aşağısına endi.
Qardaşının təəccübünü görüb:
- Bunu Qəhrəmana
qurban demişdim, qayıdanda kəsəcəkdim, - soyuqqanlıqla dedi və mərasim
iştirakçılarının yanına qayıtdı.
Arvadı,
qızları, uşağın xalaları dil deyib
ağlayırdılar. O da ağlayırdı, amma öz
oğlunun aqibətinə, bəxtsiz taleyinə yox, arvadını
aldatdığına və hardasa qar altında
çürüyən, ya da əsirlikdə olan oğluna
görə...
...Uşaq
vaxtı oğlunun baldırını velosipedin pedalı
cırmışdı və çapıq yeri indiyə qədər
dururdu. Naməlum əsgərin ayağında belə bir
nişanə yox idi...
Oktyabr
2025
Elçin
Hüseynbəyli
525-ci qəzet 2025.- 17 oktyabr (№189).- S.14.